Həbib bəy Kərim bəy oğlu Kərimov (təxəllüsü Köçərlinski, yaxud Köçərli). Bu şəxsin kimliyi təbii ki, çoxlarına məlum deyil. Amma onu dövrünün ziyalıları yaxşı tanıyıblar. Savadlı, bilikli, geniş dünyagörüşünə və mədəniyyətə malik bir insan kimi, ziyalı kimi.
   
   Həbib Köçərlinski 1890-cı ildə Şuşada doğulub. İlk təhsilini də burada alıb. Şuşa realnı məktəbini bitirib. Sonra təhsilini Tiflisdə davam etdirib. I Tiflis gimnaziyasına daxil olub və 1913-cü ildə təhsilini başa vurub. Daha sonra Almaniyada, Leypsiq şəhərində kommersiya institutunu bitirib və doğma Azərbaycanda işləyib.
   Bununla yanaşı, Həbib Köçərlinski həm də teatr həvəskarı olmuş, Tiflis Azərbaycan teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. Tədqiqatçıların yazdığına görə, onun ilk dəfə bu teatra gəlişi 1905-ci ildən sonrakı dövrə təsadüf edir. Tiflis teatrının tarixinə nəzər salarkən Həbib Köçərlinskinin məhz bu illərdə göstərilən tamaşalarda çıxış etdiyinin şahidi oluruq. Müasirlərinin yazdıqlarından o da məlum olur ki, aktyorluğa başlayan bu gimnaziya şagirdi xüsusi aktyorluq təhsili görməmiş, müxtəlif tamaşalara baxaraq təcrübəli aktyorlardan öyrənmiş, teatr sənətinə aid əlinə keçən kitabları oxumuşdu. Həbib Köçərlinskinin səhnə uğurları, eyni zamanda, teatra olan sonsuz məhəbbəti və təbiətin bəxş etdiyi fitri istedadı ilə bağlı idi.
   O, müxtəlif vaxtlarda «Ağa Məhəmməd şah Qacar», «Nadir şah», «Qaçaqlar», «Dağılan tifaq», «Bəxtsiz cavan», «Arşın mal alan», «O olmasın, bu olsun", «Hacı Qara», «Yağışdan çıxdıq, yağmura düşdük», «Zorən təbib», «Müsyö Jordan və dərviş Məstəli şah» və bir çox başqa tamaşalarda aktyor, bəzən rejissor kimi çıxış etmişdir.
   Həbib Köçərlinskinin gimnaziya yoldaşı və dostu, eyni zamanda, gənc aktyor Həbibin pərəstişkarı olmuş görkəmli ədəbiyyatşünas, professor Əziz Şərifin xatirələrində bu aktyorla bağlı maraqlı məqamlar vardır.
   Əziz Şərifin sistemli şəkildə qələmə aldığı gündəliyində onun Həbib Köçərlinskini ilk dəfə səhnədə görməsi barədə qeyd 1909-cu il oktyabrın 5-də edilmişdir. Aktyor həmin gün türk dramaturqu Namiq Kamalın «Vətən» dramında baş rolu oynamışdır. Professorun xatirələrində oxuyuruq: «Eyni tamaşa bir ay sonra, noyabrın 7-də yenə Həbib Köçərlinskinin iştirakı ilə təkrar edilmişdi. Onun son dərəcə müvəffəqiyyətlə oynaması bu gün də mənim yadımdadır. Həbib Köçərlinski, demək olar ki, səhnədə yaşayır və təsvir etdiyi qəhrəmanları yaşadırdı».
   Əziz Şərif, eyni zamanda, Həbib Köçərlinskinin Fəxrəddin («Müsibəti- Fəxrəddin») və Fərhad («Bəxtsiz cavan») rollarını da «böyük məharət və ehtirasla» oynadığını xüsusi qeyd etmişdir.
   Tədqiqatçılar onun «Otello» tamaşasında yaratdığı Yaqo obrazını yüksək qiymətləndirmişlər. Həmin tamaşada Həbib Köçərlinskinin tərəf-müqabili Otello rolunun ifaçısı - görkəmli aktyor Mirzəli Abbasov olmuşdur. 1911-ci ildə göstərilən bu tamaşaya o vaxtlar Tiflisdə müalicə olunan böyük şairimiz Mirzə Ələkbər Sabir də baxmış və xeyli təsirlənmişdir. Qeyd edilməlidir ki, həmin illərdə Tiflisdəki Azərbaycan teatrının öz binası yox idi. Azərbaycanlı artistlərin hazırladığı tamaşalar ayrı-ayrı teatrlara məxsus binalarda göstərilirdi. Belə vəziyyət isə bu teatrın inkişafına, tamaşaların keyfiyyətinə, xüsusən tamaşaçı toplamasına mənfi təsir göstərirdi. Buna görə də yerli ziyalılar şəhərin azərbaycanlılar yaşayan «Şeytanbazar» məhəlləsində teatr üçün xüsusi bina ayrılmasına səy göstərirdilər. Bu ideya 1912-ci ildə reallaşdı - elə həmin məhəllədə teatr üçün «Auditoriya» açıldı.
   «Auditoriya»nın təntənəli açılış mərasimi həmin il aprelin 1-də olmuşdur. Bu mərasimdə görkəmli Azərbaycan ziyalıları, digər xalqların nümayəndələri iştirak etmişlər. Onların sırasında Həbib Köçərlinski də vardı. «Auditoriya» açıldıqdan sonra Mirzəli Abbasovun rəhbərlik etdiyi «Dram cəmiyyəti» ilə Həbib Köçərlinskinin başçılıq etdiyi «Səadət» teatr cəmiyyəti birləşdilər. Nəticədə daha səriştəli teatr truppası yarandı.
   «Auditoriya»da tamaşalar göstərilməklə yanaşı, konsertlər verilir, bəzən mühazirələr də oxunurdu. 1912-ci il aprelin 29-da Hüseyn bəy Mirzəcamalov («Mədəniyyət»in oxucuları onu Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşkil olunan İstiqlal Muzeyinin yaradıcılarından biri kimi tanıyırlar) və Həbib Köçərlinski də mühazirə oxumuşlar.
   Həbib Köçərlinskinin 1911-ci ildə rus bəstəkarı Mixail Qlinkanın «Ruslan və Lyudmila» operasından iqtibas etməklə «Mehr və Mah» adlı opera yazdığı da məlumdur. Operanın tamaşaya qoyulmasına rəsmi razılıq da verilmişdi. Bu əsərin sonrakı taleyi barədə məlumat yoxdur.
   Həbib bəy 1913-cü ildə Tiflisdən və teatrdan ayrılır, gimnaziyanı bitirərək təhsilini davam etdirmək məqsədilə Almaniyaya - Leypsiq şəhərinə gedir. Əlbəttə, mən burada «teatrdan ayrılır» kəlmələrini şərti işlədirəm. Onun həyatının Almaniya dövrü barədə heç bir məlumatım yoxdur. Ancaq bir şeyə qəti əminəm: bu «teatr məftunu və səhnə yaradıcısı» ola bilməzdi ki, həmin illərdə Almaniyanın qaynar teatr həyatı ilə təmasda olmasın, burada tamaşalara baxmaqla mənən zənginləşməsin.
   Həbib bəyin 1914-cü ildə Tiflisdə olması (çox güman ki, tələbələrin tətili vaxtı) və aktyor kimi səhnəyə çıxması barədə faktlar vardır.
   Əziz Şərifin öz dostu ilə bağlı xatirələri 1971-ci ildə tamamlanır. O, həmin il Azərbaycan yazıçılarının Y qurultayında iştirak etmək üçün Bakıya gələndə fədakar teatr tədqiqatçısı Qulam Məmmədli vasitəsilə Həbib bəyi tapır və dostlar 57 illik ayrılıqdan sonra görüşürlər.
   Əziz Şərifin xatirələrində oxuyuruq: «Qapıda bizi qoca Həbib bəy qarşıladı. Sifətindəki cizgilər mənimlə bir neçə il Tiflis gimnaziyasının pansionunda yaşayıb oxumuş, teatr məftunu və səhnə yaradıcısı gənc gimnazisti, mənim yoldaşım və dostum Həbib Kərimovu - Köçərlinskini xatırladırdı. O da məni xatırladı, tanıdı... Mən onun üzünə, danışığına, gülüşünə, hərəkətlərinə diqqət edir, gimnazist Həbibi, gənc artist Köçərlinskini xatırlayırdım...»
   Dostlar bu görüşdə gimnaziyada onlara dərs demiş müəllimləri, pansionda xidmət etmiş qulluqçuları, gimnaziya yoldaşlarını və bir də, təbii ki, ötən dövrün teatr tamaşalarını, ayrı-ayrı aktyorları xatırlamış, doyunca şirin söhbət etmişlər.
   Əziz Şərifin 1972-ci ildə qələmə aldığı və 1977-ci ildə nəşr olunmuş kitabına daxil etdiyi xatirəsində Həbib Köçərlinskini «Həbib bəy» kimi təqdim etməsi də nəzərimdən yayınmadı.
   Təəssüf ki, bu çox maraqlı insan, ziyalı Həbib Köçərlinski barədə bildiklərim bunlardır. Bu insanın sonrakı fəaliyyəti və taleyi ilə bağlı araşdırmamı davam etdirəcəyəm. Belə adamları tanımalı və tanıtmalıyıq. Unutmağa haqqımız yox!
   Sağlıq olsun...
   
   Adilxan Bayramov,
   filologiya elmləri doktoru