Azərbaycan
   
   4 iyul 1928 - Tarixçi-alim, professor, Əməkdar elm xadimi Kamran Nəbi oğlu Rəhimov anadan olub. Respublikanın maarif naziri, Ali Sovetin deputatı olub.
   4 iyul 1956 - Teatr xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının rejissoru işləyib. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktorudur.
   
   5 iyul 1851 - Publisist, alim və ictimai xadim İsasultan Nəcəfqulu oğlu Şahtaxtinski (1851-1894) İrəvanda anadan olub. "Tiflisski vestnik" qəzetində şöbə müdiri, "Kavkazski almanax"ın təsisçisi, naşiri və redaktoru, Türkiyədə "Qars" qəzetinin (rusca) əməkdaşı olub.
   5 iyul 2002 - Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan dövlətinin xaricdəki soydaşlarımızla əlaqələrini tənzimləyəcək qurum - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Prezident İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli fərmanı ilə qurum Diaspora ilə İş üzrə Dövlət Komitəsinə çevrilib.
   
   6 iyul 1918 - Yazıçı-tərcüməçi Şəfiqə Ağayeva (1918-1983) anadan olub. Azərbaycan uşaq ədəbiyyatının inkişafına töhfələr verib. Rus yazıçılarının (A.P.Çexov, M.Prilejayeva, K.Komarovski, Y.Koşevaya, A.Kononov və s. ) uşaq və yeniyetmələr üçün hekayə və povestləri Ş.Ağayevanın tərcüməsində işıq üzü görüb.
   
   7 iyul 1939 - Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova anadan olub. Rus və Azərbaycan dilində yazdığı elmi-fantastik əsərləri bir sıra ölkələrdə çap olunub. "Yeraltı dünya", "Həyat naminə. Qarabağ - xoşbəxtlik və kədərim", “Vaxtdır, qardaşım” və s. əsərlərin müəllifidir.
   
   Dünya
   
   4 iyul 1676 - İspan dramaturqu Xose Kanisares (1676-1750) anadan olub.
   4 iyul 1815 - Rus rəssamı Pavel Andreyeviç Fedotov (1815-1852) anadan olub. Əsərləri: “Mayorun elçiliyi”, “Dul qadın”, “Ankor, yenə ankor!” və s.
   4 iyul 1918 - Rus filosofu, kulturoloq, «Mədəniyyətlərin dialoqu» konsepsiyasının müəllifi Vladimir Solomonoviç Bibler (1818-2000) anadan olub.
   4 iyul 1927 - Amerika dramaturqu və ssenaristi Nil Saymon (Neil Simo) anadan olub.
   4 iyul 1957 - İspan aktrisası Viktoriya Abril (Victoria Abril - əsl adı Victoria Merida Rojas) anadan olub.
   
   5 iyul 1812 - İspan yazıçı-dramaturqu Antonio Qarsiya Qutteres (Antonio Garcia Gutierrez; 1812-1884) anadan olub. Dramaturqun “Trubadur” pyesi əsasında italyan bəstəkarı Cüzeppe Verdi eyniadlı opera yazıb.
   5 iyul 1841 - İngilis səyyahı və iş adamı Tomas Kuk (Thomas Cook; 1808-1892) ilk turist agentliyini açıb. Dünyada mütəşəkkil turizmin başlanması bu tarixdən hesablanır. Tomas Kukun əsasını qoyduğu müəssisə “Thomas Cook Group” adı altında indi də fəaliyyət göstərir.
   5 iyul 1889 - Fransız yazıçısı, rəssam, rejissor, teatr nəzəriyyəçisi Jan Kokto (Jean Maurice Eugene Clement Cocteau; 1889-1963) anadan olub. Dadaizm və sürrealizm üslubunda şeirlər yazıb. "Əllamə Toma", "Ədəbsiz uşaqlar" romanlarının, antik miflər mövzusunda "Antiqona", "Orfey" pyeslərinin müəllifi, "Orfey" və "Orfeyin vəsiyyəti" filmlərinin rejissorudur.
   5 iyul 1897 - İsrail musiqi mədəniyyətinin banilərindən biri, bəstəkar, pedaqoq Paul Ben-Haim (Frankenburger; 1897-1984) anadan olub.
   5 iyul 1901 - SSRİ Xalq artisti, rejissor, aktyor, rəssam, yazıçı Sergey Vladimiroviç Obrazsov (1901-1992) anadan olub. Uzun illər Moskvada Mərkəzi Kukla Teatrına rəhbərlik edib.
   
   6 iyul 1859 - İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1916) laureatı Karl Qustav Verner fon Heydenstam (Carl Gustaf Verner von Heidenstam; 1859-1940) anadan olub. Əsərləri: “Endimion”, “XII Karlın döyüşçüləri” və s.
   6 iyul 1865 - İsveçrə bəstəkarı Emil Dalkroz (Emile Jaques-Dalcroze, 1865-1950) anadan olub.
   6 iyul 1887 - Yəhudi əsilli rus-fransız rəssamı, XX əsr təsviri sənətində avanqard cərəyanın tanınmış nümayəndəsi Mark Şaqal (Xaskeleviç, 1887-1985) anadan olub.
   6 iyul 1893 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (Henry-Rene-Albert-Guy de Maupassant ; 1850-1893) vəfat edib. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” və s. romanlar, “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” və s. novellalar.
   6 iyul 1927 - Amerika aktrisası Canet Li (Canet Elen Morrison, 1927-2004) anadan olub.
   6 iyul 1943 - SSRİ Xalq artisti, Rusiyanın məşhur opera müğənnisi Tamara Sinyavskaya anadan olub. Dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin (1942-2008) həyat yoldaşı olub.
   6 iyul 1946 - Amerika kinoaktyoru, Hollivud ulduzu Silvestr Stallone (Sylvester Gardenzio Stallone) anadan olub.
   
   7 iyul 1860 - Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler, 1860-1911) anadan olub.
   7 iyul 1882 - Belarus ədəbiyyatının görkəmli nümayəndəsi, şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç Luseviç; 1882-1942) anadan olub.
   7 iyul 1883 - Finlandiya bəstəkarı Toyvo Kuula (Toivo Kuula, 1883-1918) anadan olub.
   7 iyul 1884 - Yəhudi əsilli məşhur alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger, 1884-1958) anadan olub. «Qoyya», «İspan balladası», «Lautenzak qardaşları» və s. tarixi romanların müəllifidir.
   7 iyul 1899 - Amerika kinorejissoru Corc Kyukor (George Dewey Cukor; 1899-1983) anadan olub. Filmləri: “Adəmin qabırğası”, “Romeo və Cülyetta”, “Mənim gözəl ledim” - 1964-cü il “Oskar” mükafatı”) və s.
   7 iyul 1901 - İtalyan aktyoru, kinorejissor, 4 dəfə «Oskar» mükafatının laureatı Vittorio De Sika (Vittorio De Sica, 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayağı nikah” və s.
   7 iyul 1922 - Dünya şöhrətli fransız modelyer Pyer Karden (Pierre Cardin) anadan olub.
   7 iyul 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun barabançısı Rinqo Star (Ringo Starr) anadan olub.
   7 iyul 1943 - Məşhur italyan müğənnisi və bəstəkarı Toto Kutunyo (Salvatore (Toto) Cutugno) anadan olub.
   7 iyul 1930 - Məşhur ingilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle; 22.5.1859 - 1930) vəfat edib. Xəfiyyə Şerlok Holmsun macəralarından bəhs edən detektiv əsərlərin müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan