Azərbaycan
15 iyul 1915 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış rəssam və heykəltəraş Cəlal Məhərrəm oğlu Qaryağdı (1915-2001) Şuşada anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.
15 iyul 1925 - Azərbaycanın Xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.
15 iyul 1926 - Xalq artisti Sədayə Mustafayeva (1926- 13.8.2004) Şəkidə anadan olub. Şəki, Ağdaş, Göyçay, Gəncə teatrlarında çalışıb, bir sıra filmlərdə ("Mən ki gözəl deyildim" - Gözəl, "Qayınana" - Mülayim, "Şərikli çörək" - Şamama, "Ölsəm, bağışla" - Ana, "Ağ atlı oğlan" - Nənə, "Həm ziyarət, həm ticarət" - Ana və s.) yaddaqalan obrazlar yaradıb.
15 iyul 1930 - Bəstəkar, Xalq artisti, professor Azər Hüseyn oğlu Rzayev anadan olub. “Bakı-90” simfoniyası, Skripka, viola və simfonik orkestr üçün ikili konsert, Kamera orkestri üçün “Noktürn” və s. əsərlərin müəllifidir. Dövlət Filarmoniyasında bədii rəhbər, Akademik Opera və Balet Teatrının direktoru olub.
15 iyul 1952 - “Kirpi” satirik jurnalı nəşrə başlayıb.
16 iyul 1913 - Xalq artisti, müğənni Mirzə Babayev (1913 - 13.1.2003) anadan olub. Onun ifa etdiyi “Uzaq, yaşıl ada”, “Liman”, “Saçlarına gül düzüm” və s. mahnılar bu gün də sevilir. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dan çox filmdə (“Telefonçu qız” - Qulam, “Qaraca qız” - Səlim bəy, “Dəli Kür” - kəndli kişi, “Dərviş Parisi partladır” - dərviş Məstəli şah, “Bəyin oğurlanması” - Amanoğlu və s.) maraqlı rollar oynayıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. İxtisasca memar olub, Nizami adına Ədəbiyyat Muzeyinin layihə çəkilişində iştirak edib.
16 iyul 1934 - Azərbaycanın Əməkdar memarı, Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rasim Həsən oğlu Əliyev anadan olub.
17 iyul 1487 - Azərbaycan Səfəvilər dövlətinin banisi, görkəmli sərkərdə, şair Şah İsmayıl Xətai (1487-1524) Ərdəbildə doğulub. 1501-ci ildə Təbrizi paytaxt elan etməklə Səfəvi dövlətini qurub. Dövrünün tanınmış şairi kimi «Xətai» təxəllüsü ilə əsərlər yazıb. 1524-cü il mayın 23-də qəflətən vəfat edib, Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.
17 iyul 1926 - Görkəmli pedaqoq, professor, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki Hüseyn Mustafa oğlu Əhmədov Göyçə mahalının Toxluca kəndində anadan olub. Azərbaycan pedaqoji fikir tarixinin tanınmış tədqiqatçısı, "Pedaqogikaya giriş", "Pedaqogika tarixindən mühazirələr", "XIX əsr Azərbaycan məktəbi" və s. kitab və dərsliklərin müəllifidir.
17 iyul 1935 - Ədəbiyyatşünas, tərcüməçi Xəlil Həmid oğlu Yusifli anadan olub.
17 iyul 1939 - Aktrisa Zemfira Sadıqova anadan olub. 1974-cü ildən "Azərbaycanfilm"də işləyir. “Dəli Kür” (Mələk), “Alma almaya bənzər” (Haşımın arvadı), “Tütək səsi” (Xədicə) “Torpaq. Dəniz. Od. Səma” (Leyla), “Bağ mövsümü (Ağabacı) və s. filmlərdə maraqlı obrazlar yaradıb.
17 iyul 1939 - Etnoqraf, folklorşünas Hikmət Əhməd oğlu Əbdülhəlimov anadan olub.
17 iyul 1945 - Ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Timuçin İlyas oğlu Əfəndiyev anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur.
17 iyul 1953 - Tanınmış aktyor, Xalq artisti Telman Adıgözəlov (1953 - 15.4.2010) Balakən rayonunda anadan olub. Teatr və televiziya (“Evləri köndələn yar”, "Yaşıl eynəkli adam", “Nigarançılıq”, “Yarımştat”) tamaşalarında maraqlı obrazlar yaradıb, “Yol əhvalatı”, "Anlamaq istəyirəm", “Günaydın, mələyim!” və s. filmlərdə çəkilib.
17 iyul 1958 - Şair, publisist, tərcüməçi Mahir Niyazi oğlu Qarayev anadan olub.
17 iyul 2001 - Görkəmli tarixçi alim, şərqşünas, akademik Sara Balabəy qızı Aşurbəyli (27.1.1906 - 2001) vəfat edib. Orta əsrlər Azərbaycan şəhərlərinin tarixinə dair dəyərli araşdırmalar aparıb, əsərləri ingilis, fransız dillərində çap edilib. Azərbaycan Rəssamlar İttifaqının üzvü olub, boyakarlıq əsərlərinin müəllifidir.
18 iyul 1018 - Böyük türk yazarı və dövlət xadimi Nizamülmülk (tam adı Əbu Əli Əl-Həsən ət-Tusi Nizamülmülk, 1018 - 14.10.1092) anadan olub. Səlcuq sultanları Alparslan va Məlikşahın vəziri olub, məşhur "Siyasətnamə" kitabının müəllifidir.
18 iyul 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, SSRI Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədov anadan olub. Bakıda Üzeyir Hacıbəylinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin (Ömər Eldarovla birlikdə) heykəllərinin müəllifidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi kimi gənc heykəltəraşların yetişməsinə öz töhfəsini verib.
Dünya
15 iyul 1606 - Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn, 1606-04.10.1669) anadan olub. Məşhur əsərləri: “Samson və Dalila”, “Lazarın dirilməsi”, “Valtasar qonaqlığı”, “Danaya”, “Avropanın oğurlanması”, “Azğın oğulun qayıtması” və s.
15 iyul 1901 - İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano, 1901-1990) anadan olub. Əsərləri: “Fəlsəfənin müdrikliyi və həyatımızın problemi”, “Həyatın müdrikliyi” və s.
15 iyul 1904 - Görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (29.1.1860 -1904) vəfat edib. “İtgəzdirən qadın”, “6 nömrəli palata”, “Qılaflı adam” və s. hekayələrin, “Qağayı”, “Vanya dayı”, “Üç bacı”, “Albalı bağı” pyeslərinin müəllifidir.
15 iyul 1910 - Yaponiya kinorejissoru Satsuo Yamamoto (Satsuo Yamamoto, 1910-1983) anadan olub. Filmləri: “Hərb və sülh”, “İmperatorsuz avqust” və s.
15 iyul 1919 - İngilis yazıçısı Ayris Merdok (Jean Iris Murdoch; 1919-1999) anadan olub. “Tor altında”, “Yabanı qızılgül”, “Dəniz, dəniz”, “Mələklər zamanı”, “Qara şahzadə” və s. romanların müəllifidir.
15 iyul 1924 - Məşhur çeçen rəqqası, SSRİ Xalq artisti Mahmud Esembayevin (1924-2000) doğum günüdür. "Azərbaycanfilm" kinostudiyasında məşhur rəqqasa həsr olunmuş “Əmək və qızılgül” (“Mən rəqs edəcəyəm”) filmi (1962, rejissor Tofiq Tağlzadə) çəkilib. Baş rolda M.Esembayev özü çəkilib.
15 iyul 1946 - Amerika pop-müğənnisi, 11 dəfə «Qremi» musiqi mükafatının laureatı Linda Ronstadt (Linda Marie Ronstadt) anadan olub.
15 iyul 1962 - Danimarkalı aktrisa və fotomodel Brigitta Nilsen (Brigitte Nielsen) anadan olub.
16 iyul 1486 - İntibah dövrünün italyan rəssamı Andrea del Sarto (Andrea del Sarto, 1486-1531) anadan olub.
16 iyul 1723 - İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds, 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranın kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.
16 iyul 1858 - Belçika bəstəkarı, dirijor Gjen İzai (Eugene Ysaye, 1858-1931) anadan olub.
16 iyul 1911 - Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocers (Ginger Rogers - əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.
16 iyul 1928 - Məşhur rus şairi Andrey Dementyev anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəllifidir. Müğənni və bəstəkar Polad Bülbüloğlu da şairin sözlərinə bir neçə mahnı (“Dostlar”, “Mən insanlarda yalana nifrət edirəm”) yazıb.
16 iyul 1928 - Amerika fantast-yazıçısı Robert Şekli (Robert Sheckley, 1928-2005) anadan olub. Əsərləri: “Mütləq silah”, “Planetə bilet”, “Fikrin qoxusu” və s.
17 iyul 1797 - Fransız rəssamı, tarixi naturalist rəngkarlığın banisi Pol (İppolit) Delaroş (Hippolyte (Paul) Delaroche, 1797- 1856) anadan olub.
17 iyul 1846 - Rus alimi, səyyah və etnoqraf Nikolay Nikolayeviç Mikluxo-Maklay (1846-1888) anadan olub. Cənub-şərqi Asiyanın, Avstraliyanın müxtəlif xalqlarının etnoqrafiyasını tədqiq edib.
17 iyul 1888 - İsrail yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1966) laureatı Samuel (Şmuel) Aqnon (Samuel Josef Agnon; 1888-1970) anadan olub. “Toy talvarı” və “Gecə qonağı” romanlarına görə Nobel mükafatı alıb.
17 iyul 1889 - Amerika yazıçısı, detektiv əsərlərin müəllifi Erl Stenli Qardner (Erle Stanley Gardner; 1889-1970) anadan olub. 100-dən artıq romanın (o cümlədən vəkil Perri Meysonun baş qəhrəman olduğu 80-dək əsər) müəllifidir.
17 iyul 1935 - Məşhur kanadalı aktyor və prodüser Donald Sazerlend (Donald McNichol Sutherland) anadan olub. «Epidemiya», «Virus», «Kosmik kovboylar» və s. filmlərdə çəkilib.
18 iyul 1610 - Dahi italyan rəssamı, Avropa realist rəngkarlığının banisi, barokko üslubunun parlaq nümayəndəsi Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 28.9.1573 - 1610) vəfat edib. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.
18 iyul 1811 - İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.
18 iyul 1821 - Məşhur fransız opera müğənnisi, rus yazıçısı İvan Turgenevin «İlham pərisi» Polina Viardo-Qarsia (Pauline Viardot-Garcia, 1821-1910) anadan olub.
18 iyul 1900 - Rus əsilli fransız yazıçısı Natali Sarrot (Nathalie Sarraute - Nataliya İvanovna Çernyak; 1900-1999) anadan olub. Psixoloji hiss və duyğuları geniş təsvir edən “Naməlum şəxsin portreti”, “Martero”, “Həyat və ölüm arasında” və s. romanların müəllifidir.
18 iyul 1925 - Rus yazıçısı Anatoli Ananyev (1925-2001) anadan olub. Əsərləri: “Tanklar romb şəklində gedirlər”, “Müharibəsiz illər”, “Məhəbbət yolları” və s.
18 iyul 1938 - Holland əsilli Amerika rejissoru Pol Verxuven (Paul Verhoeven) anadan olub. “Robot-polis”, “Hər şeyi yada salmalı” (baş rolda Arnold Şvarsnegger), “Əsas instinkt” (Maykl Duqlas və Şaron Stoun) filmləri ilə məşhurlaşıb.
18 iyul 1942 - Dünya şöhrətli ingilis müğənnisi və bəstəkarı, «The Beatles» qrupunun yaradıcılarından biri Ceyms Pol Makkartni (James Paul McCartney) anadan olub.
Hazırladı: Vüqar Orxan