Azərbaycan
  
   19 iyul 1915 - Tanınmış opera müğənnisi, Xalq artisti Ağababa Balağa oğlu Bünyadzadə (1915 - 17.12.1974) Bakıda anadan olub. Moskvada Qnesinlər adına Musiqi Məktəbinin vokal şöbəsində təhsil alıb. Opera və Balet Teatrında Azərbaycan və dünya bəstəkarlarının operalarında əsas partiyaları ifa edib: Üzeyir Hacıbəyli, "Leyli və Məcnun" (Nofəl), "Koroğlu" (Həsənxan və Alı); Reynqold Qlier, “Şahsənəm" (Xan); Coakkino Rossini, "Sevilya bərbəri" (Fiqaro); Jorj Bize "Karmen" (Eskamilyo); Cüzeppe Verdi, "Otello" (Yaqo) və s.
   19 iyul 1945 - Professor, musiqişünas, ilk azərbaycanlı qadın - violonçel ifaçısı Nəzmiyyə Müzəffər qızı Abbaszadə anadan olub. 1990-1999-cu illərdə Bakı Musiqi Akademiyasının simli alətlər kafedrasının müdiri olub, ifaçılıq fakültəsinin dekanıdır. 1998-ci ildən BMA-nın professorudur.
  
   20 iyul 1938 - Ədəbiyyatşünas, tərcüməçi, professor Akif Əmirxan oğlu Bayramov anadan olub.
   20 iyul 1946 - Rejissor Rafiq Dadaşov anadan olub. Bir sıra filmlərin ikinci rejissoru olub: “De ki, məni sevirsən!” (1977), “Dantenin yubileyi” (1978), “Yol əhvalatı” (1980), “Ötən ilin son gecəsi” (1983), “Qəm pəncərəsi” (1986), “Qətl günü” (1990) və s. Sənədli filmlər çəkib.
   20 iyul 2001 - Prezident Heydər Əliyev Milli Mətbuat, Teleradio və İnternet Şurasının yaradılması barədə fərman imzalayıb. Fərmana əsasən, yeni təsisat ölkədə kütləvi informasiya fəaliyyətinə ictimai nəzarəti təmin etməli idi. Sonradan beynəlxalq ekspertlərin (Avropa Şurası) tövsiyəsi ilə dövlət tərəfindən yalnız Teleradio Şurasının yaradılması qərara alındı. Mətbuat Şurası isə 2003-cü ildə qeyri-hökumət qurumu kimi təsis edildi.
  
   21 iyul 1938 - Yazıçı-dramaturq Marat Haqverdiyev anadan olub. “Məhəbbət, şeytan və lambada”, “Ox, qadınlar, qadınlar”, “Qısqanc ürəklər”, “Səninlə və sənsiz”, “Amerikalı kürəkən” və s. pyeslərin müəllifidir.
   21 iyul 1950 - Tanınmış müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (1950 - 30.10.2005) Bakının Nardaran kəndində doğulub. Xalq və bəstəkar mahnılarının unudulmaz ifaçısı, bir sıra populyar mahnılarının (“Kimlərə qaldı dünya?”, “Belə qəmli dayanma”, “Yadıma düşdü”) müəllifi olub.
  
   Dünya
   
   19 iyul 1834 - Fransız rəssamı və heykəltəraşı Edqar Deqa (Edgar Degas - Hilaire Germain de Gas; 1834-1917) anadan olub.
   19 iyul 1893 - Məşhur rus şairi Vladimir Vladimiroviç Mayakovski (1893 - 14.4.1930) Gürcüstanın Kutaisi bölgəsinin Baqdadi kəndində doğulub. 1906-cı ildə ailəsi Moskvaya köçüb. Poemaları: “Şalvarlı duman”, “150 000 000”, “Vladimir İliç Lenin”, “Yaxşı” və s. Satirik pyesləri: “Misteriya Buff”, “Birə”, “Hamam” və s. 1930-cu il aprelin 14-də intihar edib.
   19 iyul 1898 - Alman filosofu və sosioloqu Herbert Markuze (Herbert Marcuse, 1898-1979) anadan olub. Qərbdə sol ekstremist cərəyanların ideoloqu, marksist, freydist, ekzistensialist kimi tanınıb.
   19 iyul 1934 - Rusiyanın Xalq artisti, məşhur aktyor Aleksandr Şirvindt anadan olub. Filmləri: “Xoş təsadüf və ya həmişə təmizlikdə”, “On iki stul”, “Fleyta üçün unudulmuş melodiya”, “Arvadbaz” və s.
   19 iyul 1938 - Məşhur gürcü müğənnisi, bəstəkar, aktyor Vaxtanq Konstantinoviç Kikabidze anadan olub. İlk dəfə G.Daneliyanın “Qəm yemə” filmində (1969) çəkilib. 1977-ci ildə həmin rejissorun “Mimino” filmində baş rolu oynamaqla geniş şöhrət (SSRİ Dövlət mükafatı) qazanıb.
   
   20 iyul 1304 - İtaliya intibahının görkəmli nümayəndəsi, şair Françesko Petrarka (Francesco Petrarca; 1304-1374) anadan olub.
   20 iyul 1656 - Avstriya memarı, arxitekturada imperiya üslubunun banisi Yohann Bernhard Fişer fon Erlax (Johann Bernhard Fischer von Erlach; 1656-1723) anadan olub.
   20 iyul 1864 - İsveç şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1931) laureatı Erik Karlfeldt (Erik Axel Karlfeldt, 1864-1931) anadan olub.
   20 iyul 1882 - Alman filosofu Nikolay Hartman (Nikolai Hartmann; 1882-1950) anadan olub. Fəlsəfədə yeni (tənqidi) ontologiyanın banisi sayılır.
   20 iyul 1890 - İtalyan rəssamı və heykəltəraşı Corco Morandi (Giorgio Morandi; 1890-1964) anadan olub.
   20 iyul 1895 - Macar və amerikan rəssamı, fotoqraf və bəstəkar, konstruktivizm cərəyanının parlaq nümayəndəsi Laslo Mohoy-Nad (Laszlo Moholy-Nagy; 1895-1946) anadan olub.
   20 iyul 1924 - Görkəmli rus rejissoru, SSRİ Xalq artisti Tatyana Mixaylovna Lioznova anadan olub. Filmləri: “Baharın on yeddi anı” teleserialı (1973), “Biz, aşağıda imza edənlər” (1980), “Karnaval” (1981) və s.
   20 iyul 1940 - Rusiyanın Xalq artisti, bəstəkar David Fyodoroviç Tuxmanov anadan olub. Məşhur estrada mahnılarının (“Qələbə günü”, “Təmiz gölməçələr”, “Damda durna” və s.) müəllifidir.
   20 iyul 1941 - Tanınmış rus aktrisası, SSRİ Xalq artisti Lyudmila Alekseyevna Çursina Düşənbədə doğulub. Filmləri: “Uqryum-çay”, “Qalxan və qılınc”, “Lyubov Yarovaya” və s.
   21 iyul 1816 - Dünya şöhrətli «Röyter» informasiya agentliyinin yaradıcısı Paul Yulius Röyter (Paul Julius Reuter - əsl adı Israel Beer Josaphat; 1816-1899) anadan olub.
   21 iyul 1893 - Alman yazıçısı Hans Fallada (əsl adı Rudolf Wilhelm Friedrich Ditzen; 1893-1947) anadan olub. Əsərləri: “Anton və Herda”, “Sonra nə, balaca adam?”, “Canavarlar içində canavar” və s.
   21 iyul 1898 - Rus yazıçısı Leonid Sobolev (1898-1971) anadan olub. Dəniz mövzusunda əsərlərin (“Əsaslı təmir”, “Dəniz qəlbi” və s.) müəllifidir.
   21 iyul 1899 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Heminquey (Ernest Miller Hemingway; 1899 - 2.7.1961) anadan olub. Əsərləri: "Kişisiz qadınlar" (1927), "Əlvida, silah" (1929), "Əcəl zəngi kimin üçün çalınır" (1940) romanları, "Qoca və dəniz" povesti və s.
   21 iyul 1910 - Rus-sovet rəssamı Vladamir Serov (1910-1968) anadan olub. Tarixi mövzuda monumental rəsmlərin müəllifidir: “Buz döyüşü”, “Qış Sarayının alınması”, “Lenin sovet hakimiyyətini bəyan edir” və s.
   21 iyul 1911 - Kanada yazıçısı, filosof, ədəbiyyatşünas Marşall Maklyuen (Herbert Marshall McLuhan; 1911-1980) anadan olub. Elektron kommunikasiya vasitələrinin insan və cəmiyyətə təsirinə dair tədqiqatlarla məşhurlaşıb: “Mexaniki gəlin: sənaye insanının folkloru”, “Qutenberq qalaktikası: çap edən insanın yaranışı”, “Qlobal kənddə hərb və sülh”.
   21 iyul 1933 - Amerika yazıçısı Con Qardner (John Champlin Gardner; 1933-1982) anadan olub. “Qrendel” romanı ilə məşhurlaşıb, yazıçılıq peşəsini öyrənənlər üçün “Ədəbiyyat sənəti” əsərinin müəllifidir.
   21 iyul 1938 - Tanınmış gürcü müğənnisi, SSRİ Xalq artisti Nani Breqvadze anadan olub.
   21 iyul 1956 - Amerika yazıçısı, detektiv romanlar müəllifi Maykl Konnelli (Michael Connelly) anadan olub.
      
   Hazırladı: Vüqar Orxan