Azərbaycan
  
   22 iyul Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günüdür. 1875-ci il iyulun 22-də Azərbaycan milli mətbuatının müjdəçisi olan “Əkinçi” qəzetinin ilk sayı çapdan çıxıb. Həsən bəy Zərdabinin rəhbərliyi ilə iki il ərzində cəmisi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti xalqımızın milli oyanışında mühüm rol oynayıb. Qəzetin maarifçi ideyaları çar Rusiyası hakim dairələrini narahat etmiş və o, 1877-ci ildə bağlanmışdı. "Əkinçi"dən sonra milli mətbuatımızın yeni səhifələrini açan “Ziya", “Kəşkül", “Kaspi" və digər qəzetlər nəşrə başladı.
   22 iyul 1928 - Azərbaycan SSR Mərkəzi İcraiyə Komitəsi və Xalq Komissarlığı Soveti yeni - latın qrafikalı əlifbaya keçilməsi haqqında qərar qəbul edib. Latın qrafikalı əlifbaya keçid 1929-cu il yanvarın 1-də rəsmən gerçəkləşdi.
  
   23 iyul 1883 - Ədəbiyyatşünas və publisist Abdulla Sur (Abdulla Tofiq - Abdulla Ağa Məhəmməd oğlu Məhəmmədzadə; 1883 - 8.5.1912) anadan olub.
   23 iyul 1916 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Maral Rəhmanzadə (1916 - 16.3.2008) anadan olub. Əsərləri Moskvada Tretyakov qalereyasında, digər xarici muzeylərdə saxlanılır.
   23 iyul 1941 - Tanınmış müğənni, Xalq artisti Flora Ələkbər qızı Kərimova anadan olub. Bir çox bəstəkar mahnıları onun ifasında populyarlıq qazanıb. “Qanun naminə" (1968) filmində (Züleyxa) çəkilib. “Alma almaya bənzər”, “Gün keçdi”, “Həyat bizi sınayır”, “Onun bəlalı sevgisi” və s. filmlərdə, televiziya tamaşalarında (“Səni axtarıram”) mahnıların ifaçısı olub.
  
   25 iyul 1935 - Nasir, ədəbiyyatşünas Vasif Nəsiboğlu (Əfəndiyev; 1935-1997) anadan olub.
   25 iyul 1935 - Şair, publisist Məstan Günər (Məstan Rəsul oğlu Əliyev) Tovuz rayonunda anadan olub.
  
   Dünya
  
   22 iyul 1889 - Amerika rejissoru, qorxu filmlərinin yaradıcılarından Ceyms Ueyl (James Whale; 1889-1957) anadan olub. Filmləri: “Köhnə qaranlıq ev” (Con Boynton Pristlinin əsəri üzrə), “Gözəgörünməz adam” (Herbert Uellsin əsəri əsasında), “Dəmir maskalı adam” (Aleksandr Dümanın əsəri üzrə) və s.
   22 iyul 1896 - Rus kinorejissoru Vladimir Petrov (1896-1966) anadan olub. “Günahsız müqəssirlər”, “Birinci Pyotr”, “Kutuzov” və s. filmlərin müəllifidir.
   22 iyul 1926 - Rus yazıçısı Sergey Baruzdin (1926-1991) anadan olub. Əsərləri: “Qadınlar haqqında povest”, “Yarpaq tökümü” və s. Uşaqlar üçün kiçik hekayələrin müəllifidir.
   22 iyul 1946 - Məşhur fransız estrada müğənnisi Mirey Matye (Mireille Mathieu) anadan olub.
   22 iyul 1946 - Amerika yazıçısı, kinorejissor Pol Şreder (Paul Joseph Schrader) anadan olub. “Göy yaxalıqlar”, “Pişik adamlar” filmlərini çəkib.
   22 iyul 1951 - Rus estrada müğənnisi Oleq Qazmanov anadan olub.
   22 iyul 1955 - Amerika kinoaktyoru Uilyam Defo (Willem Dafoe) anadan olub. Filmləri: “İsanın sonuncu günahı”, “Taqım”, “Missisipi od içində”, “Sürət-2” və s.
  
   23 iyul 1884 - Alman aktyoru, «Oskar» mükafatının ilk əcnəbi laureatı Emil Yanniqs (Emil Jannings; 1884-1950) anadan olub.
   23 iyul 1888 - Amerika yazıçısı Reymond Çandler (Raymond Chandler; 1888-1959) anadan olub. Detektiv Filip Marlounun baş qəhrəman olduğu romanların müəllifidir. Əsərləri əsasında “Dərin yuxu”, “İkiqat sığorta” və s. filmlər çəkilib.
   23 iyul 1901 - Rus əsilli Fransa rəssamı Jorj Annenkov (Yuri Annenkov; 1901-1974) anadan olub.
   23 iyul 1915 - Rus-sovet şairi, bir çox populyar mahnıların sözlərinin müəllifi Mixail Matusovski (1915-1990) anadan olub.
  
   24 iyul 1802 - Fransız yazıçısı, məşhur tarixi və macəra romanlarının müəllifi Aleksandr (ata) Düma (Alexandre Dumas, pere; 1802 - 5.12.1870) anadan olub. Əsərləri: "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq", “Kraliça Marqo” romanları, “III Henrix və onun sarayı” dramı və s.
   24 iyul 1803 - Görkəmli fransız bəstəkarı Adolf Adan (Adolphe Charles Adan, 1803-1856) anadan olub. «Jizel» və «Korsar» baletlərinin müəllifidir.
   24 iyul 1828 - Rus yazıçısı və ədəbiyyatşünası Nikolay Qavriloviç Çernışevski (1828-1889) anadan olub. Əsərləri: “Nə etməli” (romanı), “İncəsənətin gerçəkliyə estetik münasibəti” (kulturoloji tədqiqat) və s.
   24 iyul 1857 - Danimarka yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1917) laureatı Henrik Pontoppidan (Henrik Pontoppidan; 1857-1943) anadan olub. Əsərləri: “Müqəddəs torpaq”, “Xoşbəxt Pyotr”, “Ölülər çarlığı”.
   24 iyul 1905 - Rus operatoru və kinorejissoru Vasili Pronin (1905-1966) anadan olub. Filmləri: “Alay oğlu”, “Üç dəniz arxasına səyahət”, “Kazaklar”, “Bizim ev” və s.
   24 iyul 1931 - İtalyan rejissoru Ermano Olmi anadan olub. Filmləri: “Başmaqlar üçün ağac” (Kann kinofestivalı qalibi, 1978), “Müqəddəs işçi düşkünü haqqında əfsanə” (Venesiya kinofestivalının qalibi, 1988) və s.
   24 iyul 1969 - İspan əsilli Amerika müğənnisi və aktrisası Cennifer Lopesin doğum günüdür.
  
   25 iyul 1893 - Rus rəssamı Boris Vladimiroviç İoqanson (1893-1973) anadan olub. Sovet tarixinə dair əsərlərin (“Kommunistlərin istintaqı”, “V.İ.Leninin komsomolun III qurultayında çıxışı” və s.) müəllifidir.
   25 iyul 1905 - Yəhudi əsilli Avstriya yazıçısı, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1981) laureatı Elias Kanetti (1905-1994) Bolqarıstanın Ruse şəhərində anadan olub. F.Kafkanın ənənələrini davam etdirərək ətraf dünyanın absurdluğundan bəhs edən əsərlər yazıb: “Göz qamaşma” romanı (Nobel mükafatı), “Şöhrətpərəstlik komediyası”, “Kütlə və hakimiyyət” və s.
   25 iyul 1929 - Rus yazıçısı, kinorejissor, aktyor Vasili Makaroviç Şukşin (1929 - 2.10.1974) anadan olub. “Sizə azadlıq verməyə gəlmişəm” romanının (üsyançı Stepan Razindən bəhs edir), hekayələrin müəllifidir. Filmləri: “Belə bir oğlan yaşayır”, “Qəribə adamlar”, “Qırmızı Kalina” (hər üçündə ssenarist, rejissor, sonuncu filmdə həm də baş rolun ifaçısı); “Ağaclar böyük olanda”, “Komissar”, “Onlar Vətən uğrunda vuruşublar” (aktyor).
   25 iyul 1980 - Məşhur rus bard müğənnisi, şair, bəstəkar, teatr və kino aktyoru Vladimir Semyonoviç Vısotski (25.1.1938 - 1980) vəfat edib. 1987-ci ildə, ölümündən sonra “Görüş yerini dəyişmək olmaz” filmindəki Qleb Jeqlov roluna görə SSRİ Dövlət mükafatına layiq görülüb.
  
   Hazırladı: Vüqar Orxan