Azərbaycan kinosu tarixən görkəmli aktyorlarla yanaşı, korifey rejissorların sayəsində inkişaf tapıb. İstedadı, əməyi örnək olan, rejissor işində məktəb yaradan böyük sənətkarlardan biri də Əjdər İbrahimovdur.
   
   O, əslən təbrizlidir. Valideynləri ötən əsrin əvvəllərində Türkmənistana köçmüş və Əjdər 1919-cu ildə Aşqabadda dünyaya gəlmişdi. Onun uşaqlığı Türkmənistanda keçir. Uşaqlıq illərindən valideynləri ona Azərbaycan nağıllarını öyrədir, kiçik Əjdər muğamlarımızı həvəslə dinləyir, milli-mənəvi dəyərlərin sehrinə düşür.
   On üç yaşında olanda səhnədə ilk rolunu oynayır. Sonra Aşqabad Teatr Məktəbində oxuyur, 1940-cı ildə təhsilini başa vurur. Teatr təhsili alsa da, kinoya hədsiz marağı vardı. Bu həvəslə də Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. 1952-ci ildə təhsilini başa vurur. Təyinatını Aşqabad kinostudiyasına alır. Bir müddət orada çalışır.
   1954-cü ildə Bakıya gəlir və onun kino sənətinin yüksəliş dövrü məhz burada təşəkkül tapır. Həmin il Lətif Səfərovun quruluş verdiyi “Mahnı belə yaranır” və Tofiq Tağızadənin 1955-ci ildə çəkdiyi “ Görüş ” filmlərində ikinci rejissor kimi çalışır. 1957-ci ildə Bakı kinostudiyası ilə “Mosfilm”in (rejissor İ.Turin) birgə ekranlaşdırdığı “Bir məhəlləli iki nəfər” filmini çəkir.
   Əjdər İbrahimov 1958-ci ildə sərbəst şəkildə öz böyük filmini - “Onun böyük ürəyi”ni çəkir. Əsərin ssenarisini yazıçı İmran Qasımov qələmə alır. Film Sumqayıt haqqında, burada gedən nəhəng quruculuq işlərindən bəhs edir. Süjetdə Böyük Vətən müharibəsi, ondan əvvəlki və sonrakı dövrlər əhatə olunur. Burada rejissor özü də Rəsulov rolunda çəkilir. Əjdər İbrahimov bu filmlə təsdiq edir ki, onun rejissor kimi imkanları olduqca böyükdür. Filmə tamaşa edən Vyetnam mədəniyyət xadimləri Sovet İttifaqının müvafiq qurumlarına müraciət edərək rejissorun Vyetnam kinematoqrafiyasının formalaşdırılmasına yardım üçün onların ölkəsinə göndərilməsini xahiş edirlər. Əjdər İbrahimov Hanoyda kino məktəbinin açılmasında iştirak edir. Vyetnamın ilk peşəkar kinoaktyor və rejissorları burada yetişir. Əjdər İbrahimovun bədii rəhbərliyi ilə “İki əsgər”, “Acgöz quş”, “Bir payız günündə” filmləri yaradılır.
   Bakıya qayıtdıqdan sonra burada “26 Bakı komissarı ” filminin istehsalına başlayır. Yazıçı İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi bu film bütün ideoloji təfərrüatlarına rəğmən sovet kinosunun ən qiymətli əsərlərindən hesab olunur. Film Moskvada keçirilən Ümumittifaq festivalında mükafata layiq görülür. Daha sonra rejissor “Ulduzlar sönmür” tarixi kino əsərini yaradır. Nəriman Nərimanovun həyat və fəaliyyətini əks etdirən bu film kinomuzun qiymətli nümunələrindən biri kimi bu gün də maraqla baxılır.
   Əjdər İbrahimov sonralar “Mosfilm”də rejissor kimi fəaliyyətini davam etdirir. Onun “Ürək əhvalatları”, “Məhəbbətim mənim, kədərim mənim” (Hindistan kinematoqrafçıları ilə birgə) filmləri rejissorun şöhrətini daha da artırır. Müxtəlif ölkələrdə çalışır, kino sənətinin inkişaf tapmasında əvəzsiz xidmətlər göstərir. Ancaq heç zaman Azərbaycanı, doğma torpağını unutmur.
   Rejissor eyni zamanda “Vyetnamda gördüklərim”, “Günəş ağlayır”, “Döyüşən Vyetnamın kino sənəti” və s. kitabların müəllifidir.
   Böyük sənətkar 1993-cü il sentyabrın 20-də dünyasını dəyişir. Onun xatirəsi kinosevərlərin qəlbindən heç zaman silinməyəcək. Çünki onun yaradıcılığı insanları daima parlaq və xoş günlərə səsləyir. O çalışdığı hər bir ölkədə milyonlarla kino həvəskarının sevimlisi olub. 

   Savalan Fərəcov