1 oktyabr Beynəlxalq Ahıllar günüdür. Bu münasibətlə mədəniyyətimizə öz töhfələrini verən iki qocaman sənətkarla görüşüb keçdikləri həyat yoluna birgə nəzər saldıq. Onları oxucularımıza təqdim edirik.
Həbibə Bəhri, rəssam
- Ömrün 75-ci baharını yola salmışam. Bu yaşa çatmaq mənə nəsib olduğu üçün Tanrıya minnətdaram. Dönüb arxaya baxarkən əziyyətli, amma şərəfli həyat yolu keçdiyimi bir daha yəqin edirəm. Atam 1938-ci ildə repressiya olunmuşdu, onda iki yaşım vardı. Biz dörd qızı anam Həzrə xanım təkbaşına böyütdü. O, həmişə övladlarına yaxşı oxumağı, dərslərə səy göstərməyi aşılayırdı: “Atanız günahsız olduğunu sübut edib üzüağ dönəcək yanımıza. Onda sizin yaxşı oxuduğunuzu görüb fəxr edəcək”. Atam bəraət alıb evimizə qayıdanda mən artıq 20 yaşında idim. Uşaqlıqdan qarşılaşdığım bu haqsızlıq, nisgil mənə rahatlıq vermirdi, ürəyimi çəkdiyim şəkillərdə boşalda bilirdim. 1957-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdim. Tanınmış rəssamlar Böyükağa Mirzəzadə, Hafiz Məmmədov, Lətif Feyzullayev, Eyyub Hüseynov və başqaları bizə dərs deyirdilər. Xalq rəssamı Vəcihə Səmədovanın sinfində oxuduğum üçün həmişə fəxr etmişəm. Onlar həm də sözün əsl mənasında böyük insan, əsl ziyalı idilər. Təhsili başa vurduqdan sonra məni “Azərinform”a (indiki AzərTAc) işləməyə göndərdilər. İstedadlı jurnalistlərlə yaxından tanış oldum, bilmədiklərimi onlardan öyrəndim, sonralar SSRİ Jurnalistlər İttifaqına qəbul edildim.
Burada 10 il işlədikdən sonra “Azərbaycan qadını” jurnalına bədii redaktor vəzifəsinə dəvət aldım. Jurnalın redaktoru gözəl tərcüməçi Şəfiqə Ağayeva idi. Sonra redaktorumuz tanınmış yazıçı Xalidə Hasilova oldu. Yaxşı yadımdadır, jurnalın 50 illik yubileyi münasibətilə keçirilən böyük tədbirdə ümummilli lider Heydər Əliyev də iştirak edirdi. O, jurnalın ünvanına xoş sözlər söylədi. Jurnalda çalışdığım 28 il müddətində çoxlu diplomlar, fəxri fərmanlarla mükafatlandırıldım, redaksiyanın kollegiya üzvü seçildim, xarici səfərlərdə oldum. Təvazökarlıqdan kənar olmasın, bunların hamısının arxasında böyük zəhmət dururdu. Bədii tərtibat bədii zövqdür, gözəl forma ilə gözəl məzmunun vəhdətidir. Materialların səhifələrdə zövqlə yerləşdirilməsi, arakəsmə materiallarından, klişelərdən, şəkillərdən düzgün istifadə edilməsi jurnalın lazımi səviyyədə çıxmasını təmin edir. Bu, böyük məsuliyyət, daim axtarışda olmağı tələb edirdi. İşimin çox olmasına baxmayaraq, axşamlar təhsilimi Politexnik İnstitutunun arxitektorluq fakültəsində davam etdirdim. Sonralar Layihə İnstitutunda işləməyə dəvət alsam da, redaksiyadakı işimdən ayrıla bilmədim. Hər gün redaksiyamıza gələn maraqlı, cəmiyyətdə hörmət qazanmış adamlarla ünsiyyətdə olurdum.
Ailəyə, evə bağlı insan olmuşam. Həyat yoldaşım Fuad Abaszadə turizm sahəsində çalışırdı, incəsənətə çox meyilli insan idi, gözəl piano çalırdı. İndiki MDB ölkələrinə turist səfərlərinin reallaşmasında az zəhmət çəkməmişdi. Hər uğurundan fərəhlənirdi (təəssüf ki, indi onun haqqında keçmiş zamanda danışırıq). Qızım Mələk incəsənət sahəsini seçdi və indi Əməkdar artistdir. Onun bütün uğurlarına ürəkdən şadam. Arzulayıram ki, nəvələrim Mikayıl, Cavanşir əsl vətəndaş kimi böyüsünlər.
Gənclərə tövsiyəm budur ki, valideynlərinin, ahıl insanların hörmətini saxlayıb qədrini bilsinlər. Yaşlıların məsləhətləri, duaları gənclərimizə hər işdə dayaq olsun.
Solmaz Abdullayeva (solda), xalçaçı
- Əslən qubalıyam, Qonaqkənddən. Kiçik yaşlarımdan orada hər evdə cəhrə, hana görmüşəm. Quba qədim ticarət yollarının, Böyük İpək yolunun kəsişməsində yerləşdiyi üçün tarixən sənətkarlıq mərkəzi olub. Quba xalçaları zərif və parlaq yunu, yüksək sıxlığı, rəngarəng bədii tərtibatı, ecazkar naxışları ilə hələ orta əsrlərdə dünya miqyasında şöhrət qazanıb. Sözsüz ki, Azərbaycanın bütün rayonlarında toxunan xalçaların öz gözəlliyi var. Mən də gözümü açıb Quba xalçalarını görmüşəm. Ailəmizdə nənəm Gülxanım, anam Mərziyə, xalam Gülbiçə, əmimin həyat yoldaşı Güllü xanım, dayımın yoldaşı Ayxanım (ruhları şad olsun) yaxşı xalça toxuyurdular. Nənəmin yaşı 100-ü keçsə də, gözündən bir ilmə belə yayınmırdı. Mən də 10-12 yaşımdan onlara qoşulub xalça toxumağa başlamışam. Onların gözəl əl qabiliyyəti vardı ki, məşhur xalçaçı rəssam Lətif Kərimov da onların işini bəyənirdi. Bakıdakı evimizin həyəti bir növ xalça emalatxanasını xatırladırdı. Anamgil işi götürüb hananı burda qururdular. Biz Lətif müəllimdən başqa, digər tanınmış rəssamlar Kazım Kazımzadə, Eldar Mikayılovla da işləmişik. Sovet dövründə uzun illər keçmiş Lenin Muzeyində (indiki Muzey Mərkəzi - red.) nümayiş etdirilən böyük ölçülü “Lenin Oktyabrda”, kosmonavtlar Y.Qaqarin, V.Tereşkova, G.Titov, bəstəkar A.Skryabin, akademiklər Y.Məmmədəliyev, Ə.Əlizadə, Ə.Sumbatzadə (hamısı L.Kərimovundur) və s. portret xalçaları toxumuşuq. Onu da deyim ki, hər kəs belə xalçalar toxumağın öhdəsindən gələ bilmir. Bunları ortaya çıxarmaq üçün yüksək professionallıq tələb olunur. Çox baməzə, zarafatcıl insan olan Lətif müəllim toxucularının qədrini yaxşı bilirdi. Əgər anamgil deyirdilər ki, bu işi götürüb öz həyətimizdə toxuyacağıq o, buna qarşı çıxmaz, razılaşırdı. Bilirdi ki, həyətimizdə yunun daranması, əyrilməsi, kələf edib boyanması üçün yaxşı şərait var. Lətif müəllimgillə demək olar ki, bir ailə kimi idik. O, ensiklopedik biliyə malik, təvazökar, son dərəcə mədəni, sadə insan idi. Heç kəsin qəlbinə dəyməzdi. Ədəbiyyatı, musiqini də xalça qədər gözəl bilirdi. Onun söhbətlərindən, söylədiyi şeirlərdən doymaq olmurdu. Allah ona qəni-qəni rəhmət eləsin. Onu şəxsən tanıdığım, ünsiyyətdə olduğum üçün özümü xoşbəxt sayıram.
Xalça toxuyarkən insan hər şeyi yaddan çıxarıb fikrini ancaq ona yönəldir, sanki başqa - ilmələr aləminə düşürsən. İşi başa çatdırıb ona kənardan tamaşa edəndə fərəh, sevinc hissi keçirib qürrələnirsən - bu dünyada mənim əməyimdən də nələrsə qalacaq!.. Qeyd edim ki, hazırda L.Kərimovun adını daşıyan Xalça muzeyində bizim “komandamızın” ərsəyə gətirdiyi bir neçə ornamentli xalça qalmaqdadır. Xalça bizim tariximiz, mədəniyyətimizdir. İnsan dünyaya gələndə də xalçanın üstünə qoyulur, dünyadan köçəndə də. Ona görə də xalçaya müqəddəs bir şey kimi baxıram. 65 yaşım olsa da, hələ xalçadan doymamışam. Hər dəfə Xalça Muzeyi üçün tikilən yeni binanı görəndə sevinirəm. Arzum budur ki, gənclərimiz də bu peşəyə həvəslə yiyələnib onu layiqincə gələcək nəsillərə ötürsünlər.
İradə Əsədova