Ağlıma da gətirə bilməzdim ki, günün birində “Fayis dayı yoxdur... öldü” xəbərini eşidə bilərəm. Bu xəbəri Azərbaycandan çox-çox uzaqlarda eşitdim. Mənim üçün çox çətin idi. Çünki onun yoxluğunun acısını dostlarımız Bakıda bir-birilərinə sarılıb ağlayaraq yaşadılarsa, mən bu sarsıntını tək yaşadım.
   
   İlahi, bu, nə gecə idi! Sabahı dirigözlü açdım. Həm də bir ümidlə gözlədim ki, bəlkə kimsə zəng edib eşitdiyim xəbərin yalan olduğunu deyər. Amma...
   Bilirsənmi məni daha çox nə üzür, dayıcan? Dəfnindən 6 saat sonra çatdım Bakıya. Yəqin məni bağışlayarsan? Axı sən hər zaman mənə dəstək olmusan. Çətin anlarımda səndən məsləhət almışam. Biz həmkar yox , dayı-bacıoğlu olmuşuq. Hətta bir dəfə dedin ki, deyəsən, bir gün gerçək bacıoğlular inciyəcək.
   Qəribədir! Bizim məsləyimiz insanları istədiyi zaman istədiyi məkana çatdırmaq olduğu halda, qismət məndən sənin heç olmasa cansız simanı son dəfə görmək və dəfninə acı şahidlik etmək istəyimi də ürəyimdə qoydu. Məni gətirən təyyarə Bakıya gecikdi.
   Həyatın ən ağır məhrumiyyətlərini belə, xüsusi nikbinlik parçalarına bürüyüb daha böyük dəyərləri özünə dərd eləyən adamlar var. Şəxsi problemlərini dünyanın ən xırda qayğıları sırasında təxirə salmağı bacarıb da, daha iri dərdləri içindən keçirən, onların haqqında danışmağı xoşlayan insanlar var və belə adamlara ZİYALI deyilir. 20 illik müstəqillik tariximizin turizm səhifəsinə sənin əvəzsiz töhfələrin oldu. Amma bunu heç bir zaman etiraf etmədin. Deyirdin ki, gün gələcək Azərbaycan turizm səltənətinə çevriləcək.
   Sən bizə biznes mədəniyyətini, sağlam rəqabət hissini, peşəkarlığı aşıladın. Gənclərin dostu idin, amma işdə prinsipial idin. Səndə kin yox idi, hətta günahkara da yaxşılıq edirdin. Mən bunun hər zaman şahidi olmuşam.
   Bir dəfə sənə telefon etdim. Dedim: “Fayis müəllimi olar?” Dedin: “Kimdir danışan?” Mən: “Day-day, tanımadın?” Sən: “Hə, bacıoğlu, bax indi tanıdım!” Hətta bir dəfə zarafatla dedin ki, görəsən, elə bir idarə varmı ki, bizim dayı-bacıoğlu olmamızı rəsmiləşdirsin? Bəli, belə ürək oxşayan zarafatların var idi.
   Mənə hər zaman yaxşılıq etdin! Qarşılığını gözləmədən. İşimi itirəndə sənə gəldim! Yaxınımı-əzizimi itirəndə sənə sığındım! Mənə o qədər enerji verdin ki... Buna bir Allahım şahid oldu.
   
   Bir arzum var, ay adamlar, qoyun deyim,
   Sağlığında qiymət verin insanlara,
   Yaxşılara sağlığında yaxşı deyin,
   Üz tutaram uşaqlara, qocalara, cavanlara...
   
   Deyirdin ki, bizim qonaqlar külli Azəbaycanımızın qonağıdır. Bu isdə mənim, sənin yoxdur. Öz firavanlığın üçün yaşamırdın həyatda. Havan-suyun TURİZM idi. İki arzun vardı. Torpaqlarımızın bütövlüyü və Azərbaycanın turizm kəhkəşanına çevrilməsi. Turizm sənin silahın idi. Londonda, Parisdə, Berlində, Moskvada və daha haralarda mənfur düşmənlərimizin torpaqlarımızı öz adlarına sırıyaraq, turizm marşrutu təqdimatları ilə barışa bilmədin, etiraz səsini ucaltdın. Uğurlu layihələrinlə Azərbaycan adının, qayəsinin, sözünün, gerçəkliyinin dünya insanlarına tanıdılmasına həyatını həsr etdin. Heyf, çox heyf... Hələ nə qədər işlər görəcəkdin. Bu yolda canını, sərmayəni belə əsirgəmədin. 2012 sənin ilin idi! Deyirdin ki, inşallah, o qədər layihələrimiz olacaq ki...
   Hər şeyi xalq üçün, millət üçün etdin... Təmənnasız.... Qarşılıqsız.....   

   Bu sərdabə sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
   İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
   Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...
   Diri üçün iynə boyda hörməti mən
   Ölü üçün min heykələ dəyişmərəm...

   Mən səni diri, dipdiri bir adam kimi tanıyıram. Sonuncu dəfə biz bir yerdə olanda əməkdaşların sənə bir sənədi təcili imzalamalı olduğunu bildirdi. Dedin ki, bazar ertəsi işə çıxanda imzalayaram. Ancaq haradan biləydin ki, bu şənbə sənin son həftəndir. Ən xoş və ən ərkyana bir yumora bürüyüb təqdim elədiyin söhbətlərinlə, dərdin-sərinlə başqalarının zəhləsini tökmək istəmədiyin və buna görə də hamını birləşdirən qayğılarınla, çox şirin bir optimizmlə və canlı-canlı müzakirə etməkdən usanmayan bir insan kimi sənin yoxluğun bir gerçəkdir.
   
   Düz deməsəm, onda məni bağışlayın,
   Üz tutaram uşaqlara, qocalara, cavanlara,
   Sağlığında qiymət verin insanlara,
   Yaxşılara sağ olanda yaxşı deyin.
   
   Bəlkə bu xitabımda nəyi isə unutdum və ya şişirtdim. Hər şeyə rağmən məni bağısla! Haqqını halal et, əziz dayı, həmkar və dəyərli dost! Sənin keçdiyin həyat yolundan bir kitab yazsaq, bu hər bir gənc turizm işçisinin stolüstü kitabı olmağa layiqlərin layiqidir. İnşallah, sənin iki arzun mütləq həyata keçəcək!
   Torpaqlarımız azad olacaq, Azərbaycan turizm səltənətinə çevriləcək.
   Allah sənə rəhmət eləsin.
   
    Ruslan Quliyev