Qacar eli Azərbaycan xalqına tarixən bənzərsiz siyasi xadimlər, tarixi şəxsiyyətlər və görkəmli hərbçilər bəxş edib. Bəhmən Mirzə Qacar (1811-1884) da onlardan biridir...
   
   İran-Rusiya müharibəsi başa çatdıqdan sonra şahzadə Abbas Mirzə Yəzd, Kirman şəhərlərində baş qaldıran qiyam və üsyanları yatırır. Daha sonra Fətəli şahın göstərişi ilə Herata doğru hərəkət edir. Bir neçə hücumla Heratı mühasirəyə alır. Şəhərin alınmasına az qalmış Abbas Mirzə bərk xəstələnir və Məşhədə qayıtmaq məcburiyyətində qalır. Vəziyyətinin pisləşdiyini hiss edir. Ölüm ayağında Qaimməqamı (vəziri) yanına çağırır. Vətən qarşısında öz vəzifəsini yerinə yetirə bilmədiyinə təəssüf edir və deyir:
   - İndiyə qədər mənə hər cür fədakarlıq göstərmisən. Əminəm ki, bundan sonra da xidmətini tamamlayıb Məhəmməd Mirzəni şahlığa çatdıracaqsan.
   Qaimməqam bərk kədərlənir və deyir:
   - Məhəmməd Mirzə mənimlə yola getmir.
   Abbas Mirzə oğlunu yanına çağırtdırır və deyir:
   - Yanımda hər ikiniz bir-birinizə xəyanət etməyəcəyinizə, var qüvvənizlə İrana xidmət edəcəyinizə and için! Onlar hər ikisi bir-birilərinə sədaqətli olacaqlarına and içirlər. Qaimməqama “artıq ölümdən qorxmuram, rahat öləcəyəm!”, - deyə 46 yaşında (1833) gözlərini əbədi yumur. Vəliəhd Abbas Mirzənin ölümündən sonra Fətəli şah da çox yaşamır. Bir il sonra (1834) vəfat edir...
   Abbas Mirzənin oğlu Məhəmməd Mirzə şah taxtında oturur. Özündən kiçik qardaşı Bəhmən Mirzə Qacar (1811-1884) isə Azərbaycanın hakimi, eyni zamanda İran ordusunun baş komandanı olur. Bir müddət ölkəni beləcə idarə edirlər. Ancaq işlər belə çox davam etmir. Saray fitnə-fəsadları baş qaldırır. Vəzir Hacı Ağası xan Bayatın təhriki ilə o, qardaşına qarşı çıxır. Hətta onun gözünü çıxartdırmaq qərarına gəlir. Vəziyyətin elə ciddi olduğunu görən Bəhmən Mirzə Qacar rus səfirliyinə müraciət edir. Ruslardan sığınacaq istəyir. Gizlin dəniz yolu ilə Lənkərana gəlir. Oradan da Tiflisə gedir. Rus hökuməti onu dəbdəbə ilə qarşılayır. Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Bəhmən Mirzə isə Şuşada (1851) yaşamaq istədiyini bildirir. Hökumət onu ailəsi, yaxın əhatəsi ilə birlikdə, eyni zamanda kitabxana və xəzinəsini də Şuşaya köçürür. Bəhmən Mirzə Rusiyanın ən yaxşı imtiyazlı məktəblərində oğlanlarına və nəvələrinə Avropa təhsili verir. Özü isə siyasətdən uzaqlaşır. Azərbaycan tarixinə dair “Təzkireyi-Məhəmmədşahi” və “Şükürnameyi-Şahənşahi” adlı əsərlər yazır...
   Onun otuz bir oğlunun əksəriyyəti hərbçi olur. I Dünya müharibəsi ərəfəsində onların arasından altı general, bir neçə müxtəlif dərəcəli yüksək çinli zabit çıxıb. Əmir Kazım Mirzə Qacar (1853-1920) və Amanulla Mirzə Qacar (1862-1937) general, Seyfulla Mirzə Qacar (1864-1926) və Məhəmməd Mirzə Qacar (1872-1920) polkovnik, Port-Arturun müdafiəsi zamanı ağır yaralanan Əli Qulu Mirzə Qacar (1854-1905) rus ordusunun podpolkovniki rütbələrini almışlar. Böyük qızı Dilşad xanım imperatriçənin saray xanımı adına layiq görülmüşdü...
   Bəhmən Mirzənin övladları sovet hökumətini qəbul etmir. Bu yolda bir çoxları hətta canlarını belə qurban veriblər...
   Onu da qeyd edək ki, Azərbaycanın Marağa (XIII əsr, məşhur astronom Nəsrəddin Tusinin kitabxanası), Təbriz (XIII-XIV əsrlər, alim və dövlət xadimi Rəşidəddin Fəzlullahın kitabxanası), Ərdəbil (XV-XVI əsrlər, Şah İsmayıl Xətainin saray kitabxanası), Şamaxı (XII əsr, şair Xəqaninin əmisi Kafiyəddinin kitabxanası) və s. şəhərlərindəki tarixi kitabxanalarla yanaşı, Şuşada da tarixçi və ədəbiyyatçı Bəhmən Mirzə Qacarın kitabxanası zamanında geniş tanınıb. Bəhmən Mirzə Qacar Şuşaya köçəndə özü ilə 95 dəvə yükü qiymətli əlyazma və kitab gətiribmiş... Bəhmən Mirzə Qacar kitabsevərlər arasında ən çox kitab nişanı olan şəxsdir. Onun bizim dövrə 9 kitab nişanı gəlib çatmışdır...
   İstedadlı sərkərdə və alim olmuş Bəhmən Mirzənin xatirəsi onun əsərlərində, Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstanın muzey və kitabxanalarına səpələnmiş əlyazmalarında, habelə onun zəngin kolleksiyasına məxsus tətbiqi sənət nümunələrində yaşamaqdadır...
   
   Savalan Fərəcov