Azərbaycan
   
   24 yanvar 1905 - Ədəbiyyatşünas alim Məmmədkazım Ələkbərli (1905-1938) Dərbənd şəhərində anadan olub. ADU-nun rektoru, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin ilk sədri olub. «Yeni əlifba və orfoqrafiya», «Azərbaycan ədəbiyyatı» və s. kitabların müəllifidir. 1938-ci ildə repressiya edilərək güllələnib.
   24 yanvar 1909 - Xalq artisti, professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri Əşrəf Həsən oğlu Həsənov (1909-9.8.1983) anadan olub.
   24 yanvar 1941 - Xalq artisti, məşhur qarmon ifaçısı Avtandil İsrafilov anadan olub.
   24 yanvar 1961 - Əməkdar artist Sabir Novruz oğlu Məmmədov Qazax rayonunun Poylu kəndində doğulub. 1989-cu ildən Akademik Milli Dram Teatrında çalışır.
   
   25 yanvar 1984 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (4.8.1915, Gəncə - 1984) vəfat edib. “Bəxtiyar”, “Bir qalanın sirri”, “Qatır Məmməd”, “Nəsimi”, “Əhməd haradadır”, “Tütək səsi” filmlərində yaddaqalan obrazlar yaradıb.
   25 yanvar 2001 - Azərbaycan Avropa Şurasına tamhüquqlu üzv olub. Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısındakı flaqştoka Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib.
   
   26 yanvar 1863 - Maarifçi alim, ədəbiyyatşünas və publisist Firudin bəy Köçərli (1863-1920) Şuşada doğulub. Qori Müəllimlər Seminariyasında dərs deyib, 1906-cı ildə seminariyanın Azərbaycan bölməsinin Qazaxa köçürülməsinə nail olub və ömrünün sonunadək ona rəhbərlik edib. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü olub. 1920-ci ilin mayında Gəncədə anti-sovet üsyanı zamanı bolşevik ermənilər tərəfindən güllələnib.
   26 yanvar 1971 - Xalq artisti Aygün Kazımova anadan olub.
   26 yanvar 2006 - Görkəmli xanəndə, Xalq artisti İslam Tapdıq oğlu Rzayev (11.11.1934, Füzuli - 2006) vəfat edib. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində Azərbaycan mədəniyyətini uğurla təmsil edib. Bir sıra mahnılar (“Gəl inad etmə”, “Dağlar başı” və s.) bəstələyib. Müğam Teatrının yaradıcılarından biri və 20 ilə yaxın bədii rəhbəri olub. 100-dən çox ifaçı yetişdirib. “Şöhrət” ordeni ilə təltif olunub.
   
   Dünya
   
   24 yanvar 1732 - Fransız dramaturqu Pyer Bomarşe (Pierre-Augustin Caron de Beaumarchais; 1732-1799) anadan olub. “Sevilya bərbəri”, “Fiqaronun evlənməsi” komediyalarının müəllifidir.
   24 yanvar 1776 - Alman yazıçısı, bəstəkar, rəssam Ernst Teodor Vilhelm Amadey Hofman (Ernst Theodor Amadeus Hoffmann; 1776-1822) anadan olub. Əsərləri: “Şeytan eliksiri”, “Birələr hökmdarı” romanları, “Qızıl qazan” povesti, “Fındıqqıran və siçanlar kralı” nağılı (P.İ.Çaykovski nağıl əsasında “Fındıqqıran” (“Şelkunçik”) baletini yazıb).
   24 yanvar 1848 - Rus rəssamı Vasili İvanoviç Surikov (1848-1916) anadan olub. Məşhur rəsmləri: “Strelets edamının səhəri”, “Suvorovun Alp dağlarını aşması”, “Stepan Razin” və s.
   24 yanvar 1901 - SSRİ Xalq artisti, görkəmli kinorejissor Mixail İliç Romm (1901-1971) anadan olub. “Lenin Oktyabrda” bədii, “Adi faşizm” sənədli filmlərinin müəllifidir.
   
   25 yanvar 1743 - Alman yazıçısı və filosofu Fridrix Yakobi (Friedrich Heinrich Jacobi, 1743-1819) anadan olub. “Voldemar” romanının müəllifidir.
   25 yanvar 1759 - Məşhur şotland şairi Robert Berns (Robert Burns; 1759-21.7.1796) anadan olub. Bernsin şərəfinə 25 yanvar Şotlandiyada milli bayram günü kimi qeyd olunur.
   25 yanvar 1831 - Rus filosofu, yazıçı, ədəbiyyatşünas Konstantin Nikolayeviç Leontyev (1831-1891) anadan olub. “Öz diyarında” romanının müəllifidir.
   25 yanvar 1832 - Məşhur rus rəssamı, peyzaj ustası İvan Şişkin (1832-1898) anadan olub. Məşhur əsərləri: “Ağcaqayın meşəsində səhər”, “Çovdar tarlası” və s.
   25 yanvar 1874 - İngilis yazıçısı Uilyam Somerset Moem (William Somerset Maugham, 1874-1965) anadan olub. “Ehtiraslar yükü”, “Ay və quruş” romanlarının, “Teatr”, “Ülgücün tiyəsi” povestlərinin müəllifidir.
   25 yanvar 1882 - İngilis yazıçısı, modernist ədəbiyyatın nümayəndəsi Virciniya Vulf (Virginia Woolf, 1882-1941) anadan olub. Romanları: “Missis Delloey”, “Mayaka doğru”, “Orlando” və s.
   25 yanvar 1938 - Məşhur rus şairi və müəllif mahnılarının ifaçısı, aktyor Vladimir Semyonoviç Vısotski (1938-25.7.1980) anadan olub. “Görüş yerini dəyişmək olmaz” filmində Jeqlov rolu ilə şöhrət qazanıb. “Kiçik tragediyalar”, “İntervensiya”, “Tayqanın sahibi”, “Çar Pyotr ərəbi necə evləndirdi” filmlərinə çəkilib.
   
   26 yanvar 1921 - SSRİ Xalq artisti, kinorejissor Yuri Nikolayeviç Ozerov (1921-2001) anadan olub. Böyük Vətən müharibəsinə həsr olunmuş kinoepopeyaların (“Azadlıq”, “Moskva uğrunda döyüşlər”, “Stalinqrad”) müəllifidir.
   26 yanvar 1925 - Amerika aktyoru, rejissor, prodüser Pol Nyuman (Paul Leonard Newman: 1925-2008) anadan olub. Filmləri: “Fırıldaqçı”, “Soyuqqanlı Lük”, “Pulların rəngi” (“Oskar” mükafatı, 1986) və s.
   26 yanvar 1944 - Amerikalı kommunist təmayüllü yazıçı Ancela Devis (Angela Yvonne Davis) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan