Hələ sadalanası neçə-neçə Qara Qarayev sədaları!
   
   Qışın oğlan çağında doğulan (5 fevral 1918) bu dahi Vətən oğlu gənc yaşlarından başlayaraq, “Odlar yurdu” kimi tanınan Azərbaycanı dünyaya alovlu sənət məmləkəti kimi də notlandırmağa başladı...
   
   Deyilənlərə görə, uşaqlıq çağlarında nadinclik cızığından çox qırağa çıxan Qara, öz Qara Qarayev (!) erasında - hamımızın dediyimiz kimi - bizim sənət istedadımızı bütün Azərbaycan və Şərq cızıqlarından büsbütün qırağa - öz bəşəriyyət aləminə çıxardı...
   
   Dahilər - dünyaya məxsuslar...
   
   Bu qəzetin gedib çıxacağı haralardasa “öz bəşəriyyəti”nin ifadəsinə hansısa bir əcnəbinin təəccüblənəcəyi gümanındayam. Amma təəssüf. Burada, olsa-olsa, balaca bir milli eqo ehtimalı ola bilər ki, bunu üst bir ştrixlə Bethovenə, Vivaldiyə, Rossiniyə, Şopenə, Motsarta, Çaykovskiyə... də verməklə konsensuslaşdıra bilərik. Ancaq adlarını tam sadalamadığım bu nəhənglərin hər biri, doğrudan da, təkcə öz xalqının deyil, həm də öz bəşəriyyətinin fəxri, major ovqatıdır.
   
   Dahi Qara Qarayev...
   
   Böyük çaylar, dənizlər, okeanlar yalnız bir xalqa, bir qitəyə mənsub olmadığı kimi, dahilər də - bütün bunların şəriksiz sahibi olan dünyaya məxsusdur. Siyasi-strateji qaliblik atributu olan böyük sulardan söz düşmüşkən, deyək ki, dahisi olmayan millətin dünyaya, bəşər mədəniyyətinə çıxışı yoxdur. Hansı sənətkar ki milli çəpərləri aşıb dünyəviləşir, ümumbəşəri qidaya çevrilir, o müsafir - daha heç bir səfər etmədən - bütün ölkələrin fövqələbədi səfiri olur.
   
   “Adi” Qara Qarayev?..
   
   Deyirlər, sovet günlərinin bir günü “bizim kənd”dən Bakıya gəlmiş aydan arı, sudan duru bir qarı nənə(m) insan və maşın basırığına düşüb, ömrü uzunu “manqa başçılığı”na işlətmiş başını necə itirirsə, “Kommunist” küçəsini keçmək üçün yanından ötən bir topa qıza “Ay yeddi gözəl”lər, məni də bu “ildırımlı yollar”dan keçirin” - deyə, şəhərə düşdüyü andan ətrafdan ona “kəndçi” kimi baxanların gözünə “diplomatik” diribaşlıq külü üfürmək istəyir...
   
   Korifey Qara Qarayev!..
   
   Bəli, yuxarıda “baş vurduğum” siyasi-strateji qaliblik göstəricilərindən - su, hava, quru kimi təbii-fiziki çıxışlardan daha uzun, daha uca - gömrüksüz, vergisiz, tufansız (olsa-olsa, melodik “ildırımlı”) mənəvi yollar açan korifeyimiz! O, hələ çox az təşbeh etdiyim xüsusiyyətləri, hələ xeyli bənzətmələr edəcəyim elementləri və heç vaxt heç birimizin qədərincə ifadə edə bilməyəcəyimiz ilahi musiqi taktları ilə öz mükəmməl “avtoportret”ini yaradıb; fırçasız və heç bir ərazi-əhatə ehtiva edə bilməyəsi çərçivəsiz!..
   Onun - başqaları tərəfindən fırça və sözlə yaradılmış portretləri də az deyil. Xüsusən, T.Salahovun «Bəstəkar Qara Qarayevin portreti»! Amma rəssamlar - görünənləri hamıdan yaxşı görüb, hamıdan yaxşı göstərə bilənlər - adama “gəl-gəl” simfoniyası çalan bu əsər-surəti bizlərə - yəni adi görənlərə böyük orkestrlər səviyyəsində göstərməlidirlər. Bu, əlbəttə, milli bir sifariş, xəlqi bir arzudur. Təəssüf ki, (T.Salahov istisna edilməklə) bu ecazkar sifət-surət obrazının ən kamil “ustadı” hələ də öz dövrünün güzgüləri, fotoobyektivləri və kino-tele lentlər olaraq qalır. Rəssamlardan, qələm əhlindən fərqli olaraq, olanı ola bilən kimi yox, məhz olan kimi təqdim edən əşyalar. Sənətçilər yox, sənədçilər. Bəyəm sənətçiləri də sənədçilərlə “kolleqa”laşdırmaq üçün bundan da artıq vizual energetikaya malik olmalısan?!
   Siz bir onun fotolardakı baxışlarına baxın, kadrlardakı jestlərini xatırlayın. Sakit... sakit... Asta baxın, bəstə xatırlayın və usta düşünün... Şax-şahanə duruşunda bir vuruş. Geniş və hər iki mənada açıq alnı sanki tale və sənət ekranı. Bətndə yalnız sənət vulkanizmi, batində isə humanizm şölələri də saçan gözlər. Bir qulağı həmsöhbətində, o biri - tanımadığı, üzlərini görmədiyi müasir milyonların, gələcək milyardların yeni gözləntilərində; hay-küysüz, «darı dələn» nisbətində. Yenidən xatırlayın. O heç vaxt heç kimə, heç nəyə baxmır; nə adamlara, nə obyektivlərə. «Ağac bar gətirdikcə...» məsəli. Amma bir fərqlə: başını yox, baxışlarını aşağı dikir. Yəqin, belə bir duyğu ilə ki, birdən, onsuz da bəlli böyüklüyünü, kadr arxasındakı qlobal populyarlığını “lal ladla qarşısındakılara duyurur” təhlükəsi yarana bilər. Bəs necə, hədsiz populyarlıq, mayak böyüklük bu sayaq “kiçik” xətalardan nəm çəkə bilər...
   Və “avtoportret” yaradıcılığı hər rəssamın kiçik bir dövr işidirsə, digər sənət sahəsi adamlarının bütün ömür işləridir...
   
   Hamının və hər kəsin Qara Qarayevi
   
   Qara Qarayevin xalqiçi-könüllərdaxili portretləri də az deyil. Fakturaca abstrakt, istək-arzuca göy qurşağı qədər folkloranə, Motsart-Bethovenlər sayağı ultra-eleqant görünüşlü bu xəyali “portret”lər, şəkil və “şikil”lər müxtəlif «janr»lardadır; “xəyal-duyal”, “real-irreal”, “coşu-qoşu” və sair “növ”lərdə. Bunlardan ikisi mənimçün daha maraqlıdır; biri sənətkaranə «dəcəllik»lə bağlıdır, o biri - bütün korifeyləri müşayiət edən “qara camaat” ayama-sayamaları, rəngarəng, çoxahəng xalq münasibətlərilə.
   İşə baxın, onun pəncərə şüşəsi sındırmasını da məqbul hesab etməmək olmur: bir səhər indiki İqtisad Universitetinin yanından ötən Üzeyir bəy görür ki, bir uşaq üçüncü mərtəbədəki taybatay açılı pəncərəyə dalbadal daş atır. Soruşur ki, niyə belə edirsən, dillənmir. Qeyri-adi fəhmə malik Üzeyir bəy uşağın gözlərində nə görürsə, yaxınlaşıb başını sığallayır və bir də soruşur. İçində gələcək dahi gizlənmiş uşaq millətin bu sənət babasının sığalındakı səmimiyyətə güvənib, fikrini bir nəvə sadəlövhlüyü ilə bəyan edir; “...mən sınan şüşə cingiltisini çox xoşlayıram...”
   Onun haqqında söyləyəcəyim ikinci xəlqi rəvayət-“portret”in isə şəxsən şahidiyəm. On il əvvəl, bir dostumun maşınında Qara Qarayevin “Vals”ını dinləyib təəssüratlarımızı bölüşürdük. Onun 7-8 yaşlı nəvəsi “baba, imkan verin qulaq asaq də!” - deyə, bizim müzakirəmizə çılğınlıqla etirazını bildirdi. Sonra bu yaşıdım 60-cı illərlə bağlı bir hekayət söylədi. Dedi ki, indi işğal altındakı rayonumuza yenicə radio qovşağı çəkilmişdi və muğamatdan, aşıq mahnılarından başqa heç nəyi dinləməyə səbri çatmayan nənəm tez-tez gileylənir, simfoniya, ariya (öz təbirincə “arya-zarya”) səslənəndə biz nəvə-nəticələrinə “onun səsini kəsin!” əmri verirdi. Qərəz, bir gün o 105 yaşlı nənə 15-16 yaşlı mənə bir saçaqlı konfet verib dilə tutdu ki, onun adından “radyo-ustudya”ya bir məktub yazım. Yazım ki, o Qara Qarayevləri tez-tez səsləndirsinlər. Ucqar bir kənd ağbirçəyinin müasir musiqi zövqünə məəttəl qalan radio işçilərindən bir qrupu iki-üç həftədən sonra bizim kəndə gəldi. Xoş-beş, çay-çörəkdən sonra bunun səbəbini soruşdular. Nənəm nə cavab versə yaxşıdır? Dedi, ay bala, mən bir xəstə qarıyam, başım səs-küy götürmür, o cürənə musiqilər veriləndə isə uşaqlar özləri bağlayır radionu...
   Sonra dostum əlavə etdi ki, indi mənim nəvəm, o vaxt nənəmə şərik çıxıb yol verdiyim o gənclik zövqümün “qisasını” alır məndən. Bir kərə də qayıdasan ki, baba, “dərslərinə fikir ver” deyib, mənə belə musiqilərin disklərini almırsan, barı radioya məktub yaz ki, indicə mənim ürəyimi oynadan bu musiqiləri tez-tez səsləndirsinlər...
   
   Səsə nə qaldı?
   
   Yəni, bircə notunu belə ifadə edə bilməyən bu sözlərdən o kompleksal-total Səsə qənimət olaraq nə qaldı - vurğunluqdan savayı? Nə bu saya sözlər o şedevr Səsə adekvatdı, nə sağlığında aldığı sayagəlməz mükafatlar o korifey Kəsə...
   Amma bu xalqa, dünyaya mükafat olanlarımızdan birisinin təltif və mükafatlarını sadalamağa nə ehtiyac? SSRİ Xalq artisti, bir dəfə “Lenin”, iki dəfə “Stalin” mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, akademik... Bu adlar çoxdur, say, həcm və vəzncə böyükdür, lakin onun təkrarsız əsərlərinin böyüklüyü ilə o qədər də proporsional deyil. Musiqisini yazdığı filmlərin hər birində ikinci baş qəhrəman mütləq mənada onun notlarıdır. Baletlərindəki parçaların hər biri həm də müstəqil sənət nümunələridir. Simfonik poemaları dünyanın bütün könül “nəşriyyat”larında eyni dildə, lakin məhz Azərbaycan imzası ilə səslənib-oxunan bəşəri partitura-romanlar, epoxal epopeyalardır.
    ... Və yəqin ki, on il öncə dostumun maşınında «Vals» davası edən o uşaq indi ordudadır. Sözsüz ki, o oğlan bu Vətənin tək elə torpağını, maddi varidatını yox, hələ o yaşda ikən o qədər sevdiyi o «Vals» da daxil olmaqla, mənəvi nemətlərini də qoruduğunun fərqindədir və bu ölkənin o «Vals» parçasının da şərəfini, müəllifinin məlum “iyirmi faiz”lik şöhrət kəm-kəsirini də düşməndən azad etmək qabiliyyəti və səviyyəsində döyüşəcək...
   
    Tahir Abbaslı