Qanlı soyqırımının 20-ci ildönümü ilə bağlı müxtəlif ölkələrdə tədbirlər keçirilir
Xocalı faciəsinin 20-ci ildönümü dünyanın dörd bir yanında yaşayan həmvətənlərimiz tərəfindən müxtəlif tədbirlərlə qeyd edilir, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar, kütləvi aksiyalar təşkil edilir.
Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycanlıları Konqresi və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təşkilatçılığı ilə “dəyirmi masa” və konfranslar keçiriləcək, Xocalıda dinc əhalinin qətlə yetirilməsini əks etdirən fotosərgilər, sənədli filmlər nümayiş etdiriləcək. Fevralın 26-da Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı tərəfindən “Xocalıya ədalət” kampaniyası çərçivəsində tədbirlər təşkil olunacaq.
* * *
İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə Ukraynada fevral ayı “Xocalı ayı” elan olunub. Bu çərçivədə ilk tədbir Xarkov şəhərində keçirilib. Xarkov vilayət administrasiyası rəsmilərinin, Azərbaycan icması fəallarının, KİV nümayəndələrinin iştirak etdikləri anım mərasimində faciədən 20 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımına hüquqi qiymət verilməməsi tarixi ədalətsizlik kimi dəyərləndirilib.
Fevralın 25-də Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyevdə, fevralın 26-da Belarus Azərbaycan İcmaları Konqresi tərəfindən Minskdə, ayın 27-də isə Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişinyov şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək, yerli kütləvi informasiya vasitələrində soyqırımı ilə bağlı materiallar dərc olunacaq. Fevralın 24-də Vilnüsdə Litva Azərbaycanlıları Cəmiyyəti, fevralın 25-də Tallində “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq.
* * *
Avropanın ayrı-ayrı ölkələrində, o cümlədən Almaniya, Fransa, İtaliya, Danimarka, İsveç, Niderland, Polşa, Rumıniya, Macarıstan, Finlandiya, Çexiyada keçiriləcək tədbirlərdə bu ölkələrdəki azərbaycanlılarla yanaşı, türk, yəhudi icmalarının, eləcə də adıçəkilən ölkələrin ictimai-siyasi təşkilatlarının, parlamentlərinin nümayəndələrinin qatılacağı gözlənilir.
Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurası tərəfindən fevralın 10-dan başlayaraq Berlində “Biz sülh istəyirik” adlı rəsm müsabiqəsinə start verilib. Fevralın 11-də Almaniyanın Hamburq şəhərində Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş boks turniri keçirilib, yarışı izləyən 600-dən artıq tamaşaçıya Xocalı soyqırımı haqqında məlumat verilib. Fevralın 17-də Maqdenburq şəhərində Almaniya Sosial-Demokrat Partiyasının toplantısında Xocalı soyqırımına dair məruzə təqdim olunub, fevralın 18-də soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş avtomobil yürüşü keçirilib. Fevralın 26-da isə alman yazıçısı Rolf Kunşun alman dilində nəşr olunmuş “Xocalı” kitabının təqdimat mərasimi keçiriləcək. Bundan əlavə, fevralın 24-də Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin və Atatürkçü Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş “Qafqazda sülhün qorunması və Türk-Azərbaycan münasibətləri” mövzusunda konfrans keçiriləcək.
Ayın 25-də Berlin-Bakı Qalereyası Bakı Pantomima Teatrı ilə birgə Berlində Xocalı soyqırımına həsr olunmuş foto və rəsm sərgisi təşkil edəcək, tamaşaçılara Xocalı soyqırımından bəhs edən ədəbi-bədii kompozisiya təqdim ediləcək. Həmin gün Berlində Azərbaycan Evi, Alman-Azərbaycan Həmrəylik Cəmiyyəti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə etiraz aksiyası olacaq.
Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş tədbirlər Drezden, Kassel, Hannover və Mayns şəhərlərində də keçiriləcək.
* * *
Böyük Britaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə silsilə tədbirlər nəzərdə tutub. Fevralın 22-də Londonda Xocalı soyqırımına həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi açılacaq.
Benilüks Azərbaycanlıları Konqresi tərəfindən fevralın 22-də Amsterdamda azərbaycanlı uşaqların Xocalıya aid əl işləri və rəsmlərindən ibarət sərgi, fevralın 23-də Haaqada “Uşaq rəsm sərgisi” təşkil ediləcək. Ayın 28-də Belçikanın paytaxtı Brüsseldə soyqırımının 20-ci ildönümü ilə bağlı mitinq keçiriləcək. Şuman meydanında, Avropa Komissiyasının önündə keçiriləcək “İnsanlıq ayıbı Xocalıya ədalət mitinqi”ndə azərbaycanlı və türk diaspor təşkilatlarının, siyasi partiya və ictimai təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılıb.
Niderlandın Assen şəhərində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı tədbirdə Azərbaycan diasporunun fəallarından olan pianoçu, bəstəkar Firəngiz Bağırovanın təşəbbüsü ilə hazırlanmış “Dünya uşaqların gözü ilə” adlı ədəbi-bədii proqram təqdim olunub.
Fevralın 25-də İsveçin Malmö şəhərində İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalıya həsr olunmuş konfrans, fevralın 26-da Stokholmda Azərbaycan Federasiyası İsveçin təşkilatçılığı ilə seminar və kütləvi aksiya keçiriləcək.
* * *
Azərbaycanın Macarıstandakı səfirliyi Budapeştdə yerləşən Soyqırımı və Kütləvi Qırğının Beynəlxalq Səviyyədə Qarşısının Alınması üzrə Fond ilə birgə “Təcrübədə soyqırımı və kütləvi qırğının qarşısının alınması: Qərbi Balkanlarda və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın rolu” adlı beynəlxalq konfrans olub.
Fevralın 25-də Danimarka və Rumıniyada, fevralın 26-da Finlandiya və Macarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri olacaq. Fevralın 25-də Çexiyanın paytaxtı Praqanın Sülh meydanında “Azər-Çex” Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində kütləvi etiraz aksiyasının keçirilməsi planlaşdırılıb.
Fevralın 26-da Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun təşkilatçılığı ilə Böyük Britaniya, Misir, İtaliya, Fransa, Niderland və Kanadada Xocalı soyqırımına həsr olunmuş tədbirlər olacaq.
Fevralın 26-da Qazaxıstanın paytaxtı Astanada Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının təşkilatçılığı ilə “Xocalı soyqırımı - XX əsrin dəhşətli faciəsi” mövzusunda konfrans keçiriləcək. Anım Gürcüstan, Özbəkistan, Qırğızıstanda da təşkil olunacaq.
* * *
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə Türkiyənin bir sıra şəhərlərində tədbirlər keçiriləcək. Fevralın 26-da İstanbulun Taksim meydanında Türkiyədə təhsil alan azərbaycanlı tələbələr, İstanbul Türkiyə-Azərbaycan Dərnəyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Azərbaycan və Türkiyə qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin iştirakı ilə “Türkiyə bunu tanı, unutma Xocalını” adı altında izdihamlı yürüş-mitinqin keçirilməsi planlaşdırılıb.
Türkiyənin Giresun Universitetində Xocalıya həsr olunmuş konfrans keçirilib. Ölkəmizin Türkiyədəki səfirliyi, Giresun valiliyi və Giresun Universitetinin təşkilatçılığı ilə keçirilən konfransda universitetin professoru Aygün Attar Xocalı soyqırımı və Dağlıq Qarabağda ermənilərin törətdikləri digər qətliamlardan danışıb. Tədbirdə Türkiyə Nazirlər Kabinetinin Dövlət Arxivləri İdarəsinin müdir müavini Mustafa Budak, Türk Tarix Qurumunun erməni araşdırmaları bölməsinin müdiri, professor Kamal Çiçək ermənilərin Anadolu və Azərbaycanda törətdikləri qətliamlardan sənədlər əsasında bəhs ediblər.
* * *
Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə tədbirlər ABŞ-ın Nyu-York, Los-Anceles, San-Fransisko, Hyuston şəhərlərində də keçiriləcək. Amerika-Azərbaycan Şurası, Amerika-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Nyu-York Assosiasiyası, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək mərasimlərdə azərbaycanlı icması ilə yanaşı, türk, yəhudi və digər icmaların nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada və Meksikada da yad ediləcək. Fevralın 26-da Avstraliya-Azərbaycan-Türk Dostluq Birliyi təşkilatı tərəfindən Sidney sakinlərinə üzərində “Xocalı faciəsi - 1992-ci il” yazısı olan köynəklər paylanacaq, Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti tərəfindən anım mərasimi keçiriləcək.
Kanadanın Ottava və Kalqari şəhərlərində Kanada-Azərbaycan Təşkilatlar Assambleyası, Kanada Azəri-Türk Assosiasiyası, Alberta Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı anım mərasimləri olacaq. Xocalı soyqırımı qurbanlarının xatirəsi Meksikada fəaliyyət göstərən Latın Amerikasındakı Azərbaycan Assosiasiyası tərəfindən təşkil olunmuş mərasimdə anılacaq.
Fevralın 26-da Qahirədəki Ayn-Şəms Universitetində Qahirə-Türk Araşdırmalar Mərkəzinin və Azərbaycanın Misirdəki səfirliyinin təşkilatçılığı ilə konfrans, Dubayda “Azərbaycan” cəmiyyətinin təşkilatçılığı ilə elmi-praktiki konfrans, Küveytdə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə anım mərasimi keçiriləcək.
Mehparə