Fərdi aktyor plastikası, yaraşıqlı sifət cizgiləri və obraza girmək bacarığı aktyor üçün başlıca şərtlərdəndir. Sadaladığımız bu keyfiyyətlər Mustafa Mərdanovun sənətkar simasında öz ifadəsini tapmışdı...
Mustafa Həşim oğlu Mərdanov 1894-cü il fevralın 28-də Cənubu Azərbaycanın Mərənd şəhərində günyaya göz açır. O hələ uşaq ikən ailələri Tiflis şəhərinə köçür. Şəhərin mədəni mühiti onun həyata baxışlarına böyük təsir göstərir. Gimnaziyada oxuya-oxuya teatra da böyük maraq göstərir. 1910-cu ildən şəhərin müsəlman dram dərnəklərində yaxından çıxış edir. Çox keçmir, bir aktyor kimi tanınır.
1921-1922-ci illərdə Tiflis Azərbaycan Dövlət Teatrının direktoru işləyir. Sonra ali təhsil almaq məqsədilə Moskvaya gedir. Sənədlərini Dövlət Teatr Sənəti İnstitutuna verir və qəbul olunur. Təhsilini başa vurub Bakı şəhərinə gəlir. Azərbaycan Dövlət Dram Teatrında aktyorluq fəaliyyətini davam etdirir. Yüksək aktyorluq texnikası, obrazı qavramaq, obraza girmək bacarığı və yumşaq yumor onun sənəti üçün çox xarakterik olan cizgilər olur. Dövrün böyük aktyorları ilə birgə işləmək onun üçün əsl təcrübə məktəbinə çevrilir. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov və digər sənət korifeylərindən öyrəndikləri bu aktyorun sənət yoluna işıq tutur.
Tiflis teatrında “Hacı Qara"da Kərəməli, "Yağışdan çıxdıq, yağmura düşdük"də Qəmbər kimi daha çox komik rollar oynayan M.Mərdanov Bakı teatrında daha ciddi obrazlar yaradır: İmamverdi ("Sevil"), Luka ("Həyatın dibində"), Şmaqa ("Günahsız müqəssirlər"), Poloni ("Hamlet") və s. Onun teatr yaradıcılığı böyük bir dövrü əhatə edir. O, milli aktyorluq sənətimizi öz gəlişi ilə zənginləşdirir və ona yeni rənglər, çalarlar gətirir.
M.Mərdanov teatrda işləməklə bərabər filmlərə də çəkilməyə dəvət olunur. İlk rolu “Bismillah” (1925) filmində muzdur Qulu olur. Bu film səssiz kinomuzun dəyərli nümunələrindən hesab olunur. Görkıəmli aktyorun kinoda ilk baş rolu "Hacı Qara" filmindəki Kərəməli olur. O, nökər obrazını çox istedadla ifa etmişdi. 1929-cu ildə "Sevil" filmində Atakişi rolunu oynayır. Bu, çox mürəkkəb bir xarakterdir. Çünki o, çox ciddi psixoloji vəziyyətlərlə qarşılaşır. Düşdüyü mühit, oğlu Balaşın azğınlığı onu sarsıdır. Aktyor öz oyununda bu detalları bacarıqla çatdırır.
1932-ci ildə kinorejissor Nikolay Şengelaya "Azərfilm"də çəkdiyi “İyirmi altı komissar” filmində Mustafa Mərdanovu menşevik roluna çəkir. Bu rol kinoda epizodik olsa da, öz hərəkətləri, jestləri ilə yadda qalır.
Səsli kino yarandıqdan sonra aktyor yeni filmlərə çəkilir. 1940-cı ildə "Yeni horizont” (trest müdiri), 1941-ci ildə "Səbuhi" (akademiya rəisi) filmlərində maraqlı rollar oynayır. Sonra bir müddət kinoya dəvət olunmur. 1955-ci ildə "Görüş" filminə (kolxozçu) dəvət olunur. Bir il sonra "Qara daşlar"da Dəmirov kimi çox ciddi rolda çəkilir.
Böyük sənətkarın kinomuzda ən uğurlu rollarından biri "O olmasın, bu olsun" filmindəki "intellegent" Həsən bəydir. Bu obraz onun yeni aktyorluq keyfiyyətlərini üzə çıxarır. O, filmdəki çox güclü aktyor ansamblı içərisində öz ifa tərzi ilə seçilib. Xüsusilə qonaqlıq səhnəsində Məşədi İbadla dialoqu tamaşaçıda xoş əhvali-ruhiyyə yaradır. Aktyor filmdə tamamilə özgələşir, istedadlı ifası tamaşaçını, sözün əsl mənasında, heyrətləndirir.
"Əhməd haradadır?" filmində Məhəmməd kişi rolu da onun yaradıcılığında özünəməxus yer tutur. Bu, aktyorun ömrünün yetkin çağında yaratdığı son rollardan biri olur. Bundan sonra o, 1968-ci ildə "Qanun naminə" filmində müstəntiq Murtuzov roluna çəkilir. Filmdə müstəntiq Murtuzov çox böyük səylə Mehmandan qisas almağa çalışır. Çünki bu rüşvətxor müstəntiqin əməllərinə Mehmanın gəlişi ilə son qoyulur. Doğrudan da, Mustafa Mərdanov bu rolu çox təbii yaradıb. O, mənfi tip-rol olsa da, tamaşaçıların diqqətini çəkmiş və yaddaşlara köçmüşdür. Bu rol ilə aktyor sənət ömrünün son akkordlarını vurur.
Xalq artisti Mustafa Mərdanov 1968-ci il dekabrın 12-də dünyasını dəyişir.
Savalan Fərəcov