Kəlbəcərin işğalının 19-cu ildönümü ilə bağlı tədbir keçirildi
   
   Aprelin 2-də Beynəlxalq Mətbuat Mərkəzində “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi Kəlbəcər rayonunun işğalının 19-cu ildönümü ilə bağlı tədbir keçirdi. Tədbiri birliyin nümayəndəsi Həbib Misirov açaraq Kəlbəcər rayonunun tarixi, 1993-cü ilin 2 aprelində erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi, işğalçılar tərəfindən bölgənin tarixi-mədəni irsinin talan edilməsi barədə danışdı.
   Şair Adil Cəmil qeyd etdi ki, Kəlbəcər rayonu bu gün işğal altında olsa da, ona coğrafi olaraq əlimiz çatmasa da, bu torpaq mənən kəlbəcərlilərin könlündə daimi yaşayır: “Kəlbəcər nisgili bu bölgənin hər bir yetirməsinin qəlbindədir”.
   Şair İlyas Tapdıq qeyd etdi ki, Kəlbəcər təkcə kəlbəcərlilərə deyil, bütövlükdə Azərbaycana şəfa vermiş bir torpaq, əsrarəngiz təbiətə malik yurd yerimizdir.
   Filologiya elmləri üzrə fəlsəfə doktoru İlham Məmmədli çıxış edərək bildirdi ki, bu gün dünyanın böyük bir hissəsi şirin su problemi ilə üz-üzədir: “Azərbaycanda isə ən böyük şirin su mənbəyi məhz Kəlbəcər rayonundadır. Bu torpaq yeraltı, istərsə də yerüstü sərvərləri ilə çox zəngindir”.
   Daha sonra ziyalılar Ələmdar Cabbarlı, Əlövsət Ağalarov, Vəlyəddin İsmayılov və başqaları çıxış etdilər. Tədbirdə Kəlbəcərlə bağlı videoçarx nümayiş etdirildi, rayonun işğal tarixindən bəhs edən bukletlər təqdim olundu.
   Xatırladaq ki, Kəlbəcər rayonu inzibati ərazi vahidi kimi 1930-cu il avqustun 8-də təşkil edilmişdi. Əhalisi işğaldan öncə 61 min nəfər idi. Rayonda 1 şəhər (Kəlbəcər), 1 şəhər tipli qəsəbə (İstisu) və 128 kənd vardı. İşğal nəticəsində rayonda 200-dək mədəniyyət ocağı, 90 məktəbəqədər uşaq müəssisəsi, 115 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 107 xəstəxana və tibb müəssisəsi dağıdılıb, onlarla tarixi-mədəniyyət abidəsi, muzey, "İstisu" sanatoriyası xarabazara çevrilib.   

   S.Fərəcov