Mədəniyyət tariximizdə həyatı, sənəti rəvayətlərlə bağlı görkəmli sənətkarlar çox olub. Ömrü əfsanələr haləsinə bürünmüş həmin sənətkarlardan biri də qarmonçu Abutalıb olub...
Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov 1884-cü ildə Şuşada anadan olub. Xalq musiqisinə erkən yaşlarından maraq göstərib. Bu da təsadüfi olmur. Çünki atası Kərbəlayı Muxtar Qarabağda tanınmış mərsiyəxan və xanəndə idi. Tarzən Əli Əsgər ilə Qarabağda və İranın bəzi şəhərlərində xeyli məclislər yola vermişdi. Böyük oğlu Behbudun gözəl səsi vardı. Kiçik oğlu Abutalıbın da musiqiyə həvəsini görüb ona qarmon alır. Beləliklə, qardaşlar ataları ilə birgə xalq şənliklərində iştirak edirlər. Behbudun incə və məlahətli səsi, balaca Abutalıbın isə şirin çalğısı dinləyicilərdə maraq doğurur. Xalq arasında bu ailə üçlüyünə böyük rəğbət və məhəbbət yaranır...
Onu da deyək ki, Kərbəlayı Muxtar həm də zərgər olub. Onun zərgər dükanı və şagirdləri varmış. Zərgər Kərbəlayı Muxtar bir müddət dükana gec, həm də çox yorğun gəlir. Bunu görən şagirdlər bir-biri ilə pıçıldaşırlar ki, yəqin usta yenə gecəni toy məclisində keçirib, ona görə çox yorğundur... Ancaq bu, belə deyildi. Ustanın işə gec və yorğun halda gəlməsinin başqa bir səbəbi vardı...
Belə deyirlər ki, zərgər Muxtarın ikinci oğlu dünyaya gələndən sonra 5-6 aylığında qəribə hadisə baş verir. Uşaq yatmır, elə hey ağlayır. Onu şəhərin bütün həkimlərinə göstərirlər. Amma onların yazdıqları dərmanların bir təsiri olmur. Bir gün Kərbəlayı Muxtar evdə tək olan zaman ağlayan oğlunu sakitləşdirmək istəyir. Çox çalışır, heç bir şey alınmır. Çətin vəziyyətə düşən ata, körpəni qucağına alır və başlayır astadan “Segah” üstə layla çalır... Uşaq atasının laylasından xoşhallanıb yuxuya gedir. O sevindiyindən bilmir nə etsin. Uşağın anası evə gələndə deyir:
- Uşağın dərdinə çarə tapıldı.
- A kişi, uşağın dərdi nədir?
- Heç nə, çarəsi “Segah”dır. Sən eşiyə çıxan kimi uşaq qəfildən yenə çığırıb ağladı. Nə qədər yüyrüyü tərpətdim, yellədim, bir şey alınmadı. Sonra layla çala-çala oxumağa başladım. Bir az keçməmişdi ki, uşaq gözlərini yumub yatmağa başladı... Həmin gündən uşağın “dərd”inə çarə tapılır. Gecələr körpə ağlayan kimi Kərbəlayı Muxtar “Segah” üstündə layla çalır. Məhz buna görə gecələr yuxusuz qalan zərgər işə gec gəlir və iş vaxtı mürgüləyir... O zaman ağıla gəlməzdi ki, “Segah”la yuxuya gedən bu körpə gələcəkdə “Segah” ustası kimi Qafqazda məşhur olacaqdır...
Abutalıb öz üzərində çox çalışır. Şuşanın görkəmli sənətkarlarından Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Sadıqcan, Məşədi Zeynal, qarmonçalan İsi bəy və başqalarının yaradıcılığından bol-bol bəhrələnir. İsi bəy bu istedadlı gəncin sənətə hədsiz həvəsini nəzərə alır. Şəhərin böyük toy məclislərində yanında əyləşdirir. Gənc Abutalıb qarmonda “İnnabı”, “Vağzalı”, “Mirzəyi”, “Tərəkəmə” və başqa oyun havalarını zövqlə ifa edir.
Beləliklə, o, iyirmi yaşında kamil qarmonçalan kimi şöhrət tapır... Eyni zamanda tar çalmağı da öyrənir. El şənliklərində olarkən qarmonda oyun havalarını çalır. Sədəfli tarında isə xanəndələri müşayiət edir. O dövrün gənc müğənniləri Abutalıbla məclislərdə çıxış etməyi şərəf hesab ediblər. Abutalıb gözəl tar çalmağı bacarsa da, xalq arasında əvəzsiz qarmonçu kimi daha çox məşhur olub.
Kərbəlayı Muxtar vəfat etdikdən sonra Abutalıb məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevlə Gəncəyə, sonra Tiflisə gedir. Tanınmış musiqiçilərlə görüşür. Bir qədər sonra Tiflisdə yaşayıb-yaradan azərbaycanlı ziyalılarla, o cümlədən Eynəli Sultanov, Cəlil Məmmədquluzadə, Zülfüqar bəy Hacıbəyov, İbrahim İsfahanlı, Mustafa Mərdanov, Mirzağa Əliyev, Məşədi Zeynal, Məcid Behbudov və başqaları ilə yaxından tanış olur. Onlarla birlikdə Azərbaycan milli mədəniyyətinin tərəqqisinə çalışır, bu yolda əlindən gələni əsirgəmir. Tiflisdə verilən teatr tamaşalarında, “Şərq konsertləri”ndə, ədəbi gecələrdə yaxından iştirak edir. Çoxmillətli Tiflis tamaşaçılarının hədsiz hörmət və rəğbətini qazanır.
“Qafqaz” qəzeti 1911-ci il 2 avqust tarixli nömrəsində teatr elanlarının birində yazıb: “3 mart 1911-ci ildə “Gürcü dvoryan teatrı”nın binasında Zülfüqar bəy Hacıbəyovun “Əlli yaşında cavan” operettası tamaşaya qoyulacaqdır. Tamaşada ilk dəfə olaraq Münəvvər xanım Məmmədquluzadə və opera artisti Mirzağa Əliyev iştirak edəcəklər. Tamaşanın musiqisini qarmonçu Abutalıbın iştirakı ilə Şərq çalğı alətləri orkestri ifa edəcəkdir”.
Mütəxəssislər qeyd edirlər ki, Abutalıbın çalğısı üçün dərin lirizm, zərif duyğu, incə zövq, zəngin xallar, şirin barmaqlar ən səciyyəvi cəhət olub. Onu həmkarlarından fərqləndirən cəhət xalq musiqisinin dərin məna çalarlarını bilməsi və yüksək səhnə mədəniyyətinin olması idi. O həm də milli muğam ifaçılığı üsuluna möhkəm yiyələnmiş sənətkar olur. “Segah” , “Bayatı-Qacar”, “Şikəsteyi-fars” muğamlarını çalanda adamlar onu dinləməkdən doymamışlar.
Seyid Şuşinski onun haqqında xatirələrində yazır: “Üzeyir bəy konservatoriyanın rektoru olanda bir gün mənə dedi: “Ağa, bu qarmonçalanlar məni cana gətiriblər. O deyir “məndən olmaz”, bu deyir “mən hamıdan yaxşı çalıram”. Bu məsələyə son qoymaq üçün gərək konkurs keçirək”. Bir az sonra elan verdik. Konkurs keçirilən günü Azərbaycanın hər yerindən əlliyə qədər qarmonçu gəmişdi. Üzeyir bəy səhnəyə çıxdı. Stulun üzərinə 14 dilli bir qarmon qoydu və dedi: - Konkursun bircə şərti var. Kim bu qarmonda “Orta mahur” çala bilərsə, xahiş edirəm, səhnəyə çıxsın. Bu elandan sonra qarmonçular arasında bir sükut yarandı. Bir çoxları da təəccüb edib bir-birinin üzünə baxdı. Nəhayət, Abutalıbdan başqa səhnəyə çıxan olmadı... Bunu görən Üzeyir bəy təzədən səhnəyə çıxıb dedi:
- Hə, qocaqlar, necəsiniz?...
Sonra üzünü mənə tutub dedi:
- Ağa, məsələ aydındır, yığıncağı bağla.
Mən bir daha ondan soruşdum:
- Bəs Abutalıb çalmayacaq?
- Ağa, Abutalıbın çalğısına ehtiyac yoxdur.
O gün mən də bir daha “Abutalıbdan başqa qarmon çalan tanımıram” qənaətinə gəldim”.
Abutalıb bir tarzən kimi uzun illər Segah İslam, Seyid Şuşinski, Mehralı oğlu Bahadır və Xan Şuşinski kimi məşhur xanəndələri müşayiət edir. Dəfələrlə musiqi müsabiqələrində iştirak edir və fəxri yerlərə layiq görülür. Otuz il öz gözəl çalğısı ilə Azərbaycan mədəniyyətinə xidmət edir. Onun xalq arasında Kor Əhəd, Kərbəlayı Lətif, Məşədi Əli və Teyyub Dəmirov kimi görkəmli yetirmələri olub.
Hələ gənc ikən adı rəvayətlə bürünən görkəmli sənətkar - Abutalıb Yusifov 1937-ci ildə Ağdamda vəfat edir.
Savalan Fərəcov