Flora Xəlilzadə,
   yazıçı-publisist

   
   Qarabağ hökmdarı Pənahəli xan tərəfindən inşa edilən Şuşa özü nəhəng bir sənət abidəsidir. Uca dağların zirvəsində qartala bənzəyən bu gözəllik guşəsindən təkcə musiqiçilər, incəsənət xadimləri, şairlər, xanəndələr, rəssamlar pərvazlanmamışdı. Şuşa həm də Azərbaycan memarlığının şah sütunlarını yaradan heykəltəraşların vətənidir. 
      
   Dünya şöhrətli, Şərqin böyük memarı Kərbəlayi Səfixan Qarabağinin təfəkküründən su içmiş abidələr nəinki Azərbaycanda, eyni zamanda, qonşu ölkələrdə də bu günədək öz əzəmətini saxlamaqdadır. 122 il ömür sürmüş bu məşhur memarın bütün həyat və yaradıcılığı Şuşa ilə bağlı olmuşdur.
   Arxiv materiallarından məlum olur ki, Səfixanın valideynləri iqtisadi-siyasi vəziyyətlə bağlı Şuşadan Cənubi Azərbaycana gediblər. Əhər şəhərində məskən salıblar. Səfixan da 1788-ci ildə burada doğulub, boya-başa çatıb. Gözəl əl qabiliyyətinə malik olan atası Sultan Hüseyn bənna idi. Hələ kiçik yaşlarından atasının yanında tikinti işlərinə meyil göstərən Səfixan dərin zəkaya, ağıla, düşüncəyə malik olduğunu büruzə verirdi. Deyilənə görə, Əhər şəhərində, eləcə də ətraf qəsəbə və kəndlərdə tikilən bir çox binalarda məhz Səfixanın imzası - daş möhürü indiyədək qalmaqdadır.
   XIX əsrin ortalarında Şuşanın gündən-günə çiçəklənərək inkişaf etməsi Sultan Hüseynin ailəsi ilə birlikdə yenidən doğma Şuşaya qayıtmasına səbəb olub. Həmin vaxt Kərbəlayi Səfixanın şöhrəti hər yana yayılmışdı. Bu səbəbdən də onun Şuşaya dönməsi həmyerlilərini çox sevindirdi. Ailəni hörmət və qonaqpərvərliklə qarşıladılar. O vaxtdan da Qarabaği təxəllüsünü götürən Kərbəlayi Səfixan doğma vətənində sənətini davam etdirdi.
   O, Təbrizdən Şuşaya gələrkən özü ilə bir qrup sənətkar - bəzək ustaları, nəqqaşlar da gətirmişdi. Şuşanın yenidən bərpa olunması məhz Səfixan Qarabağinin adı ilə bağlıdır. Onun işləri getdikcə genişlənirdi. 1868-ci ildə Bərdə qəbiristanlığında Şeyx İbrahim sərdabəsi üzərində tikilmiş İmamzadə məscidi Azərbaycanda ilk dördminarəli məbəddir. Beləliklə, Kərbəlayi Səfixan Qarabağ memarlığında özünün ilk imzasını yazdı. 1870-ci ildə Ağdamda ucaldılan qoşa minarəli məscid də onun yadigarı idi. Məscidin mehrabındakı bəzək işlərini isə təbrizli dostu nəqqaş Məhəmməd Şükuhi naxışlamışdı.
   1883-cü ildə Şuşadakı məşhur Gövhər Ağa məscidinin bərpasına, daha doğrusu, yenidən tikintisinə başlanıldı. Kərbəlayi Səfixan məscidə yeni həyat, yeni nəfəs verdi. Məscidin ibadət zalındakı minarələrin naxışlarını və başqa bəzək işlərini isə məşhur rəssam və nəqqaş Mir Möhsün Nəvvab işləmişdi. Tikilinin xonçaşəkilli kitabəsində bu sözlər yazılmışdı: “Qarabağlı memar Kərbəlayi Səfixanın işidir (1883)”.
   Kərbəlayi Səfixan haqqında tədqiqatlar aparan alim Şamil Fətullayevin yazdığına görə, şuşalı memar 1870-ci ildə Odessada «Tatarlar», 1880-ci ildə Aşqabadda «Qarabağlar» məscidlərini tikmişdi. Dövrünün ən məşhur memarlarından sayılan Kərbəlayi Səfixan Qarabağinin Orta Asiyada da yadigarları çoxdur. O, 1910-cu ildə Şuşada vəfat etmişdir. Saatlı məscidini təmir edərkən minarədən yıxılaraq vəfat edən qoca memarı Şuşadakı «Mirzə Həsən» məzarlığında dəfn ediblər.
   
   * * *
   
   Azərbaycan monumental heykəltəraşlığının görkəmli nümayəndəsi Cəlal Qaryağdı 1915-ci ildə Şuşa şəhərində anadan olub. İlk təhsilini doğma şəhərdə aldıqdan sonra Azərbaycan Rəssamlıq Məktəbində və Tbilisi Rəssamlıq Akademiyasında oxuyub. Heykəltəraşlığın müxtəlif janrlarında əsərlər yaradan Cəlal Qaryağdı müxtəlif barelyeflərin, muzeylərin yaradılmasında yaxından iştirak edib. Bakıda Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qərb fasadının lojasında Molla Pənah Vaqifin heykəli Cəlalın ilk monumental əsərlərindən sayılır. İkinci Dünya müharibəsi illərində cəbhə qəzetlərində siyasi karikaturalarla çıxış edən heykəltəraş müharibədən sonra bədii obrazlar üzərində çalışmışdır. Sovet İttifaqı qəhrəmanlarının büst və barelyeflərini hazırlayırdı. Onun əsərləri həm dərin ifadəliliyi və dinamikliyi ilə fərqlənir, həm də orijinal kompozisiyaya malik olurdu. 1949-cu ildə hazırladığı Xan qızı Natəvanın büstü də bu cür orijinal əsərlərdən sayılırdı.
   Monumental dekorativ heykəltəraşlıq Cəlal Qaryağdının yaradıcılığında əsas yer tuturdu. Mirzə Ələkbər Sabirin, Nəriman Nərimanovun heykəlləri, Qara Qarayevin, Fikrət Əmirovun, Bülbülün, Niyazinin, Cahangir Cahangirovun büstləri, Səməd Vurğunun qəbirüstü abidəsi və Qazaxdakı heykəli, Yusif Məmmədəliyevin Ordubaddakı abidəsi və s. əsərlər Cəlal Qaryağdıya məxsusdur.
   1960-cı ildə Azərbaycanın Xalq rəssamı adına layiq görülən Cəlal Məhərrəm oğlu Qaryağdı Qırmızı Əmək Bayrağı və «Şərəf nişanı» ordeni və medallarla təltif edilmişdi.
   
   * * *
   
   Ötən əsrin 30-cu illərində Azərbaycanda heykəltəraşlıq sənətinin formalaşmasında Cəlal Qaryağdı ilə bərabər Hüseyn Əhmədovun da adı çəkilir. Cəmi 40 il yaşamış bu nakam ömürlü memar da şuşalı idi. Vaxtilə Qarabağı bürümüş qırmızı terrorun caynaqlarından qurtulmaq üçün ailələri Şuşadan Bakıya pənah gətirdi. O vaxt Hüseyn lap balaca idi. Yaşı az olsa da, ailələrinə kömək etmək üçün zavodların birində fəhlə işləyirdi. Bununla bərabər ali təhsil almaq istəyi də onun ürəyində iz salmışdı. Nəhayət, o öz əsl həyat yolunu seçdi. Uğurla imtahan verib Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil oldu. Hələ tələbə ikən çəkdiyi rəsmlər, eskizlər, çertyojlar, düzəltdiyi fiqurlar əvvəlcə məktəb sərgilərində, sonra isə gənclərin müxtəlif janrlı əsərlərindən ibarət ekspozisiyalarda nümayiş etdirildi. Onun ilk irihəcmli əsəri Şərq poeziyasının görkəmli nümayəndəsi Əbülqasım Firdovsinin büstü olub. 1934-cü ildə böyük şairinin 1000 illiyinə həsr edilmiş əsər mütəxəssislər tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, tələbə heykəltəraş ilk yaradıcılıq uğurunu qazandı. Texnikumu bitirdikdən sonra ali təhsil almaq məqsədilə 1936-cı ildə Leninqrada (indiki Sankt-Peterburqa) yollanan Hüseyn Əhmədov İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun heykəltəraşlıq fakültəsinə daxil oldu. Məşhur sənətkarların sinfində dərs aldı, Avropa, rus klassik sənətinə yaxından və dərindən yiyələndi. 1940-cı ildə ali məktəbi bitirərək Bakıya döndü.
   Azərbaycan heykəltəraşları arasında Sovet İttifaqının qurucusu Vladimir Leninin büstünü ilk hazırlayan məhz Hüseyn Əhmədov olmuşdu. O illərdə müxtəlif barelyefləri yaradan gənc heykəltəraş Mirzə Ələkbər Sabirin büstünü də hazırladı.
   1941-ci ildə Böyük Vətən müharibəsi başlayandan sonra cəbhəyə yollandı. Müharibədən sinəsi orden və medallarla dolu qayıtdı. Müharibə mövzusunda ən məhsuldar işləyən heykəltəraşlardan biri kimi Sovet İttifaqı qəhrəmanları Qafur Məmmədovun, Gəray Əsədovun, Xəlil Məmmədovun və başqalarının büstlərini yaratmaq ona həvalə olundu. Əmək qəhrəmanlarının (Şamama Həsənova, Bəsti Bağırova, Bayram Əliyev, Baba Əmiraslanov və digərlərinin) portret-büstləri müəllifə böyük şöhrət gətirdi. Eləcə də Abbas Səhhətin, Abdulla Şaiqin, Nazim Hikmətin büstlərini hazırlamaq da ona qismət oldu. Qəlbi yaratmaq eşqi ilə çırpınan Hüseyn Əhmədov sənət xəzinəsinə qiymətli töhfələr vermək üçün çox işləyirdi. Təəssüf ki, arzu və istəkləri yarı yolda qırıldı. 1955-ci ildə dünyasını dəyişən sənətkar yaratdığı abidələrin sayəsində əbədi bir ömrün sahibi oldu.
   
   * * *
   
   Xalq rəssamı Nadir Əbdürrəhmanov sənətə çox erkən həvəs göstərib. Əvvəlcə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub. 1947-ci ildə İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna daxil olub. 1953-cü ildə ali məktəbi bitirdikdən sonra Bakıya dönən Nadir Əbdürrəhmanov rəssamlıq məktəbində müəllim kimi çalışaraq gənc kadrların yetişməsində böyük əmək sərf edib. 1984-cü ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi fəaliyyət göstərmiş, Rəssamlıq Akademiyasında yaradıcılıq emalatxanasının rəhbəri olmuşdur.
   Mahir fırça ustası kimi tanınan Nadir Əbdürrəhmanovun yaradıcılığına xas yeni forma axtarışları, sərt realist üslub və miniatür sənəti ilə səsləşən orijinal dəst-xətti onun formalaşmasında mühüm rol oynamışdır. O, təsviri sənətdə dekorativliyə və kolorit zənginliyinə xüsusi diqqət yetirərdi. Bu səbəbdən də müxtəlif janrlarda yaratdığı iri formatlı süjetli lövhələri qiymətli sənət nümunələri kimi incəsənət tariximizə daxil olmuşdur. Tanınmış fırça ustası müstəqil respublikamızın yüksək mükafatı olan «Şöhrət» ordeninə layiq görülmüşdür. Ömrünün ahıl çağında doğma vətəni Şuşanın ermənilər tərəfindən işğal edilməsi məşhur rəssamın könlünə sağalmaz yaralar vurmuşdu. 2008-ci ildə dünyasını dəyişən sənətkarın ən böyük arzusu Şuşa azad edildikdə bir “Qalibiyyət” əsəri işləmək idi.
   
   * * *
   
   Əməkdar incəsənət xadimi heykəltəraş Münəvvər Rzayeva 1929-cu ildə Şuşada anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil aldıqdan sonra Moskvada Surikov adına Rəssamlıq Akademiyasında oxuyub. Hələ Moskvada tələbə ikən yaradıcılığa başlayan heykəltəraş irili-xırdalı 100-dək işin müəllifidir. Əsasən sənət adamlarının (şair və yazıçıların) heykəllərini yaradan Münəvvər Rzayevanın Bakıda və Azərbaycanın digər bölgələrində ucaldılmış abidələri çoxdur. Bakıda - Sevil Qazıyevanın barelyefi, Mikayıl Müşfiqin, Sergey Yeseninin, Ayna Sultanovanın, Gəncədə - Məhsəti Gəncəvinin, Nigar Rəfibəylinin heykəllərini yaratmışdır.
   Münəvvər xanımdan danışarkən onun böyük türk şairi Nazim Hikmətlə olan dostluğuna toxunmamaq olmaz. Bu söhbəti məhz mənə heykəltəraş özü danışmışdı. Söyləyirdi ki, Moskvada Rəssamlıq Akademiyasında oxuyanda onun portretini işləyərkən tanış olub. Nazim Hikmət ona həqiqətən atalıq edib. Dəyərli məsləhətlər verər, yaxşı oxuması, öyrənməsi üçün əlindən gələni əsirgəməzmiş. Münəvvər xanıma Nazim Hikmətin sağlığında onun portretini işləmək nəsib olub. Bakıya sonuncu gəlişində şair Münəvvər xanıma bir xahişini yetirib: “Qızım, bilirəm, mən öləndən sonra abidəmi işləyəcəksən. İki arzum var. Onun birini sən yerinə yetir, abidəmin üstündə uzaqda qalmış bir qadın surəti, mənimsə gözlərimi işlə. Yalnız iki gözlərimi. Elə canlı, elə diri ki bilinsin, mənəm baxan. Ona görə ki ölmək yox, yaşamaq istəyirəm. Mən vətənimdə ölməliyəm”.
   Onun arxivində Nazim Hikmətlə birlikdə çəkdirdiyi fotolar, məktublar vardı. Şairin vəfatından sonra Münəvvər xanım uzun müddət özünə gələ bilməyib. Rəhmətlik söyləyərdi: «İnanın, elə bir gün, elə bir saat olmur ki, Nazim əmini yada salmayım. Ömrüm boyu onu unutmayacağam».
   Çox təəssüf ki, «Cıdır düzü» kompozisiyası üzərində işləyən Münəvvər Rzayeva Şuşanı yenidən azad və bəxtiyar görmək arzusuna yetmədi.