Hər kəs bu dünyaya bir alın yazısı, tale qisməti ilə gəlir. Bu kəşməkəşli, sevinc, kədər, nailiyyət və uğursuzluqlarla dolu dünyada önəmli olan həyatı layiqincə yaşamaqdır. Kimliyimizdən asılı olmayaraq bu dünyadan köçdüyümüzdə insanlığımız, gördüyümüz işlərin dəyəri bizim yerimizə danışacaq. Bəlkə də yaşamın mənası elə bundadır.
   
   Əməkdar mədəniyyət işçisi Akif Hacıbaba oğlu Musayev 70 illik ömrünün 40 ildən çoxunu incəsənətimizə, kinoya həsr edib. 1942-ci il iyunun 26-da Ağdaşda anadan olub. Rayon mərkəzindəki 2 saylı orta məktəbi bitirib. Bakı Texniki Texnikumunda təhsil alıb. Sonra incəsənətə marağı onu Azərbaycan Dövlət İncəsənət İnstitutuna gətirib. Burada teatrşünaslıq ixtisası üzrə təhsil almasına baxmayaraq, tale onu kino sənətinə bağlayıb. 1969-cu ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işə düzələn Akif Musayev ömrünün sonuna qədər burada müxtəlif vəzifələrdə çalışıb. Moskvada SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin nəzdində fəaliyyət göstərən ikiillik kino üzrə iqtisadçı kurslarını bitirib. Bir sıra ekran əsərlərinin direktoru olan A.Musayev 1973-cü ildən kinostudiyada bədii filmlər üzrə direktor müavini vəzifəsinə təyin edilib. 1978-ci ildən bədii filmlər üzrə direktor, 1995-2002-ci illərdə kinostudiyanın direktor müavini, 2002-ci ildən icraçı prodüser, 2010-cu ildən isə iqtisadçı vəzifəsində çalışıb.
   Kinostudiyada çalışdığı ilk ekran əsəri “Sevil” film-operası (1970) olub. Sonra “Yeddi oğul istərəm”, “Qatır Məmməd”, “Axırıncı aşırım”, “Dədə Qorqud”, “Gecə qatarında qətl”, “İki sahil”, “Qara Volqa”, “Biz qayıdacağıq”, “Bəxt üzüyü”, “Yalan”, “Ümid” və s. filmlərin çəkilişində müxtəlif vəzifələrdə (o cümlədən filmin direktoru) çalışıb.
   İctimai işlərdə də yaxından iştirak edən Akif Musayev uzun illər kinostudiyanın həmkarlar ittifaqı komitəsinin sədri olub. İyunun 26-da 70 yaşını qeyd edəcəkdi. İş yoldaşları, yaxınları da bu yubileyi səbirsizliklə gözləyirdi. Lakin ömür vəfa etmədi, yubileyi ərəfəsində dünyasını dəyişdi.
   Akif Musayevlə uzun illər birgə işləyən, onunla dostluq edən sənət adamları da onun vəfat xəbərini üzüntü ilə qarşıladılar.
   Rejissor, aktyor, Xalq artisti Ramiz Əzizbəyli:
   - Akif Musayev uzun illər kino sahəsində çalışıb, işinə, peşəsinə sədaqətli insan idi. 70 illik ömrünün 40 ildən çoxu kino ilə bağlı olub. Həyatının ən çətin günlərində, kinomuzun ağır vaxtlarında belə bu sahədən üz çevirməyib. Neçə-neçə bədii filmin çəkilişində inzibati işlərdə işləyib. Kino yaradıcı sahə olmaqla yanaşı, həm də sənayedir. Böyük iqtisadi biliklər tələb edir və bu cəhətdən Akif Musayevin Azərbaycan kinosunda layiqli yeri var. İnsan kimi mülayim, savadlı, mədəni insan idi. Onunla birgə üç filmdə işləmişik. “Pirverdinin xoruzu”, “Bəxt üzüyü” filmlərinin direktoru olub. İqtisadiyyatı yaxşı bildiyindən işlədiyi filmlərdə maliyyə israfına yol verməzdi. 2005-ci ildə “Yalan” bədii filmində də birgə işlədik. Filmin icraçı prodüseri idi. Çəkilişlər çox çətin keçdi. Ucqar bölgələrdə çəkilişlər aparıldı. Akif Musayev çəkiliş prosesi boyunca bizimlə birgə olub və hər zaman qrupa köməyini göstərirdi. Allah ona rəhmət eləsin.
   Əməkdar artist, rejissor Elxan Qasımov mərhumla dostluq münasibətlərindən söhbət açdı:
   - Dost itkisi ağır olur. 45 ildir ki, biz Akiflə dostluq edirdik. Azərbaycan kinosunda tanınmış şəxsiyyət idi. Mənim xatirimdə o, həyatı sevən bir insan kimi qalıb. Gülərüz, mehriban və gözəl sözlər deməyi bacaran insan idi. Onun bir çox sözləri kinostudiyada zərb-məsələ çevrilib. Yubileyinə hazırlaşırdıq. Ölümündən əvvəl mənə zəng vurub dedi ki, yubileyi qəbiristanlıqda keçirəcəyik. Təbii ki, bunu zarafata salıb güldük. Ölümə də sarkazmla yanaşırdı. Onunla sonuncu işim “Biz qayıdacağıq” filmində olub. Həmin filmin direktoru idi. Kinostudiyanın ictimai işlərində də yaxından iştirak edirdi. Belə bir dostu, həmkarı itirmək mənim üçün çox ağırdır. Onun yeri hər zaman aramızda görünəcək.
   
   Reyhan İsayeva