Azərbaycan
   
   19 iyun 1900 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 - 11.2.1981) Tiflisdə doğulub. Yeniyetmə yaşlarında Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Kəndlilər”, “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Bizim küçə”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.
   19 iyun 1924 - Ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev anadan olub.
   
   20 iyun 1898 - Xalq artisti, aktyor Əli Mirzə oğlu Qurbanov (1898 - 14.10. 1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə Tiflis Azərbaycan Dram Teatrında başlayıb, 1925-ci ildə Bakıya gələrək ömrünün sonunadək Dövlət Akademik Dram Teatrında çalışıb. "Bəxtiyar" (Qurban), "Qızmar günəş altında" (Əli dayı), "Qara daşlar" (usta Ramazan), "Bir qalanın sirri" (Kamran baba) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   20 iyun 1915 - Xalq artisti, tanınmış aktyor Süleyman Ağababa oğlu Ələsgərov (1915 - 10.12.1998) Bakıda anadan olub. Ən populyar ekran obrazı "Bizim Cəbiş müəllim" filmində Cəbiş müəllim roludur. “Bəxtiyar” (klub müdiri), “Dağlarda döyüş” (mayor Poladov), “Babamızın babasının babası” (professor), “Babək” (əyan) və s. filmlərdə çəkilib.
   20 iyun 1921 - Görkəmli bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 - 25.3.1992) Bakının Balaxanı kəndində doğulub. Xor üçün işlənmiş “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, «Sabir», «Hüseyn Cavid» oratoriyaları, “Azad”, “Xanəndənin taleyi” operalarının, “Təzə gəlin” operettasının, çoxsaylı mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” kimi filmlərə musiqi yazıb.
   20 iyun 1924 - Biblioqraf, ədəbiyyatşünas, professor Nazim Fərrux oğlu Axundov (1924-10.3.1994) anadan olub.
   
   21 iyun 1794 - Görkəmli tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakı şəhəri yaxınlığında Əmircan (Xilə) kəndində anadan olub. Atası Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. 1819-cu ildə Bakıxanov çar Rusiyasının Qafqaz canişini general Yermolovun dəvəti ilə Tiflisə gedərək Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi vəzifəsinə qəbul olunub. Bu vəzifədə 26 il işləyib. İranla Rusiya arasında Türkmənçay müqaviləsinin (10 fevral 1828) imzalanmasında tərcüməçi kimi iştirak edib. «Gülüstani-İrəm» əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb. 1847-ci ildə Məkkə ziyarəti zamanı vəfat edib.
   21 iyun 1992 - Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub.
   
   Dünya
   
   19 iyun 1623 - Məşhur fransız filosofu, fizik, riyaziyyatçı, ədəbiyyatşünas Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. Riyazi analizin banilərindən biri, “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.
   19 iyun 1920 - Fransız kinorejissoru İv Robber (Yves Robert, 1920-2002) anadan olub. “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s. komediyaların müəllifidir.
   19 iyun 1921 - Fransa və Amerika kinoaktyoru Lui Jordan (Louis Jourdan) anadan olub. Filmləri: “Səkkizayaq”, “Qraf Monte-Kristo”, “Kolonmo” serialı və s.
   19 iyun 1924 - Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov”, “Sübhədək yaşamalı” və s. Bir çox əsərləri əsasında filmlər çəkilib.
   
   20 iyun Dünya qaçqınlar günüdür (World Refugee Day). BMT Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 4-də təsis edilib.
   20 iyun 1819 - Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach; 1819-1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.
   20 iyun 1932 - Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub”, “210 addım” poemaları və s.
   20 iyun 1933 - Amerika aktyoru, ssenarist Danni Ayello (Danny Aiello) anadan olub. “Bir dəfə Amerikada”, “Qahirənin al qızılgülü”, “Leon” və s. filmlərdə çəkilib.
   20 iyun 1941 - İngilis kinorejissoru Stiven Frirz (Stephen Arthur Frears) anadan olub. Filmləri: “Təhlükəli əlaqələr”, “Şeri” və s.
   20 iyun 1967 - Məşhur Avstraliya kinoaktrisası, “Oskar” mükafatı laureatı Nikol Kidman anadan olub.
   
   21 iyun 1840 - Gürcü şairi, yazıçı, ictimai xadim Akaki Rostomoviç Sereteli (1840- 8.2.1915) anadan olub. Məşhur gürcü xalq mahnısı “Suliko”nun sözlərinin müəllifidir.
   21 iyun 1905 - Fransız yazıçı-dramaturqu, görkəmli filosof Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905-1980) anadan olub. 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, lakin mükafatdan imtina edib. Əsərləri: “Ürək bulanması”, “Azadlıq yolları” romanları, “Milçəklər”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” pyesləri, “Varlıq və yoxluq”, “Ekzistensializm - humanizmdir” fəlsəfi traktatları və s.
   21 iyun 1910 - Rus-sovet şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin”, “Uzaqlardan uzaqlara” poemalarının müəllifidir.
   21 iyun 1935 - Məşhur fransız yazıçısı Fransuaza Saqan (Françoise Sagan; 1935-2004) anadan olub. Əsərləri: “Salam, kədər” (30-dan çox dilə tərcümə olunub), “Soyuq suda bir az günəş”, “İtmiş sima”, “Əlvida, qüssə” romanlarının müəllifidir.
   
   Hazırladı: Vüqar Orxan