Kabus illərin salnaməsi
      
   
   Və ya zəncirlənmiş son ümid
   

   Stalin repressiyasının qurbanlarından biri də o idi. Sarışın, uzun saçlı, mavi gözlü gözəl qadın. Acar knyazının sevimli qızı. Övladları ilə qürrələnən 4 oğul anası. Yaşadığı şəhərin ictimai-mədəni həyatında kübarlığı ilə seçilən və çox vaxt da həsədlə süzülən xanım. Sürgünlərdə viran olan ömrünün acı illərinə, sonsuz məşəqqətlərinə rəğmən «Təşəkkürlər, Tanrım» - deyən möhtəşəm insan. Böyük istiqlal şairimiz Əhməd Cavadın əbədi sevdası, ömür-gün yoldaşı, sevimli Şükriyyə Axundzadəsi...
   
   Səninlə gəzərəm eldən-elə mən,
   Bataram, çıxaram seldən-selə mən,
   Düşərəm ağıza, dildən-dilə mən
   Yaşaya bilmərəm, bir kərə sənsiz!
- deyə vəsf etmişdi şair sevdasını.
   
   Şükriyyə taleyim, şükür xudaya...
   
   Şükriyyə Süleyman qızı Axundzadə 1902-ci ildə Gürcüstanın Batumi şəhərində anadan olmuşdu. Qızlar gimnaziyasında oxuyurdu. Şair də onu gimnaziyada görmüşdü. Belə ki, 1914-cü ildə I Dünya müharibəsi başlandı. Osmanlı dövləti bu savaşda iştirak etmək istəmirdi. Amma həmin dövrdə Osmanlı ordusunda yüksək vəzifələr tutan alman generalları cəbhədə Almaniyanın vəziyyətini yüngülləşdirmək məqsədilə türk dövlətini Rusiya ilə mənasız müharibəyə cəlb edə bildilər. Nəticədə, müharibə Osmanlının sərhədlərindən onun içərilərinə keçdi. Rusiya ilə müharibə zamanı Sarıqamışda baş verən faciə, minlərlə mehmetciyin dağlarda donaraq ölməsi, rus qoşunlarının Ərzurumu işğal etməsi, Qars və Batumda (1878-ci ildə Rusiya-Osmanlı müharibəsi nəticəsində ruslar tərəfindən işğal edilmişdi - red.) erməni və ruslar tərəfindən türklərə qarşı törədilən qırğınlar...
   Nəticədə minlərlə insan qətlə yetirildi. Qətllərdən qaçan çoxlu sayda insan isə aclıq və xəstəlikdən tələf olmağa başladı. Baş verənləri ürəkağrısı ilə izləyən Əhməd Cavad qan qardaşlarımıza yardım göstərmək üçün xeyriyyəçilik fəaliyyətinə başladı. Onun səyləri nəticəsində qısa müddətdə erməni vəhşiliyinin və rus işğalının qurbanı olmuş minlərlə insana ərzaq, paltar, dava-dərmanla yardım göstərildi. Vəziyyətlə daha yaxından tanış olmaq üçün Batumiyə gedən Əhməd Cavad orada gördüklərindən, qaçqın və məcburi köçkünlərin ağır vəziyyətindən dəhşətə gəlmiş və bunu ömrünün sonuna kimi unuda bilməmişdi.
   O ağrılı günlərdən tək sevinci isə tapdığı əbədi sevgisi, Şükriyyəsi idi. Hətta o, sevdiyi xanımı hər gün görsün deyə Şükriyyəgillə üzbəüz ev tutub yaşayırmış. Şükriyyə xanım türk əsilli acar Süleyman bəy Bejanoğlunun qızı idi. Çox sərt və zəhmli kişi olan Süleyman bəy dostları ilə onlara elçi gələn Cavadın təklifini rədd edir və qızını gözündən uzaq qoymaq istəmədiyini bildirir. Son sözü də bu olur: “Cavadı tanıyıram, gözəl şairdir, amma mən qızılbaşa qız vermərəm!”.
   Pərt halda evdən çıxan Əhməd Cavad isə gələcək qayınatasına «Verməzsən qaçırdaram...» deyir və elə də edir. Şükriyyəni Gəncəyə gətirir. Burada el adəti ilə toy edirlər. Toydan bir neçə gün sonra Şükriyyə xanımı Gəncədən Şəmkirə aparır. Bir müddət Seyfəlidə, ata yurdu Mehrilidə qalır. Sonra onlar yenidən Gəncəyə qayıdırlar. Əhməd Cavad bu qənirsiz gözəli tükənməz məhəbbətlə sevirdi. Ömrünün axırına kimi ona etibarlı ömür-gün yoldaşı, sədaqətli ər olur. Türk-acar gözəli şairin ilham mənbəyi idi. Ona yazdığı bir sıra şeirlər, eləcə də "Şükriyyənamə" indi də dillər əzbəridir. Şükriyyənin atası ötkəm adam idi. Qızına vaxtında xeyir-dua verməmişdi. Lakin aylar-illər keçdikcə ata ürəyi dözmür və nəhayət, 20 ildən sonra - 1936-cı ildə qızının sorağı ilə Gəncəyə gəlir. Şükriyyə xanımla, kürəkəni Əhməd Cavadla, nəvələri ilə görüşür. Bir neçə gün Gəncədə qonaq qalandan sonra evinə qayıdır. Beləcə yollar açılır, gediş-gəliş başlanır.
   
   Birdən qara rüzgar əsir
   
   Eh nə gözəl dövran, necə də xoşbəxt illər idi. Təmtəraqlardan, dedi-qodulardan uzaq səmimi, sevgi dolu ailə mühiti, şeir-sənət dünyası, Tanrının lütfü gözəl övladlar... Bu səadətin içində insan taledən başqa nə istəyərdi ki?! Amma heyhat, bu da nə vaxtsa çox göründü, istiqlal şairi Əhməd Cavadın özü, sözü və sevdikləri quduz imperiyanın gözünə «çöçün» oldu. Və Bakı şəhərinin adi sakinlərindən biri, orta təhsilli, mağazalardan birində təsərrüfat işləri üzrə müdir işləyərək ailəsinə maddi dəstək verən, vətən, millət üçün 4 oğul (Niyazi 21, Aydın 16, Tuqay 14, İlmas 2 yaşında) yetişdirən qadının da taleyindən qara xətt keçdi. Səbəb? Səbəb bəlli və çox sadə, sadə olduğu qədər də məşəqqət soraqlı, əzab dilli idi: o, millətçi, pantürkist, panislamçı Əhməd Cavadın, «vətən xaini», «xalq düşməni» damğası vurulan şairin həyat yoldaşı idi. Bu səbəb bir qadın ömrünün 8 ilinin uzaq məmləkətlərdə, soyuq sürgün düşərgələrində, həsrətdə, göz yaşlarında keçməsi üçün «tutarlı»və kifayət qədər yetərli səbəb idi.
   Əhməd Cavadın 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi millətçilik fəaliyyətinə görə güllələnməsi ilə ailənin də qara günləri başladı.
   
   Armağanım yaslı nəğmə...
   
   Qərar çox gecikmədi. «Axundzadə Şükriyyə Süleyman qızı vətən xaininin həyat yoldaşı kimi həbs edilsin, mənzilində axtarış aparılıb, əmlakı müsadirə edilməklə dövlətin hesabına keçirilsin».
   Beləliklə, SSRİ Xalq Daxili İşlər Komissarlığının (XDİK) Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qərarına əsasən (order 1887) Axundzadə Şükriyyə Süleyman qızı cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilir. Onun həbsxana illəri əvvəlcə Bakıda Bayıl həbsxanasında, sonra Qazaxıstanın Akmolinsk və Karaqanda düşərgələrində keçir.
   Bu azmış kimi övladları da təqiblərdən yaxa qurtara bilmir. Neft Kimyası İnstitutunun tələbəsi olmuş Niyazi 1938-ci ilin fevralında həbs edilir, amma hər hansı cinayət məsuliyyəti olmadığına görə həmin ilin axırlarında azad olunur. Aydın isə Keşlə həbsxanasına salınır və 8 aydan sonra azadlığa buraxılır. Tuqay vətəndən və qardaşlarından çox uzaqlara, Novoçerkask şəhər uşaq evinə göndərilir və 1939-cu ilə kimi orada saxlanılır. Balaca İlmas isə yaşlı nənəsinin himayəsinə verilir. Beləcə, bir ailənin faciəsi, əzablarla dolu illəri davam edir.
   
   Baxma, o qatarın dalınca, baxma...
   
   ...1937-ci ilin sonunda bir qatar üzü Qazaxıstan çöllərinə doğru şütüyürdü. Bu dəmir parçalarının içində acar knyazının nazlı qızı, Əhməd Cavad şeirinin ilhamı da uzaq yol gedirdi. Bu uzun və sonu bilinməyən yolda onunla bərabər düz 47 nəfər “xalq düşməni” arvadları, yaxud “ingilis casusu”, “fransız kəşfiyyatçısı”, “pantürkist” adları ilə damğalanmış insanlar gedirdi. Üç gün idi ki, ac-susuz yol gedir, hər stansiyada da döyülür, nəzarətçilərin ağır təhqirlərini eşidir və ... dözürdülər. Vahiməli və uzun-uzadı fit verən qatar “ALJİR”-ə tərəf şütüyürdü. Həbs düşərgəsi belə adlanırdı - “Akmolinskiy Laqer Jen İzmennikov Rodinı” (“Akmolinsk Vətən Xainləri Arvadlarının Düşərgəsi”).
   Əzablı, məşəqqətli, məhrumiyyətli ünvan. Əslində, zərif Şükriyyə bu əzablara tablaşmaya da bilərdi. Belə ki, o ya atasının yanına qayıda bilər, ya da ona təklif olunan məsələ ilə razılaşıb rahat yaşaya bilərdi. Amma o bunları etmədi və taleyin Əhməd Cavadın qadını olmanın əzablarına sinə gərməyi bacardı. Ona «Əriniz onsuz da güllələnəcək. Ondan boşanmaq üçün ərizə versəniz, balalarınıza qovuşa bilərsiniz», - deyildikdə, “Mən Acarıstanın ən nüfuzlu adamı olan atam Süleyman bəyi atıb Cavadı tutdum. İndi Cavadımı atacağam? Siz də ərizəni Cavada göstərib ona daha bir əzab verərək öldürməkmi istəyirsiniz?..”, cavabını sillə kimi müstəntiqin üzünə çırpır. Və elə bu sözlərə görə də ömrünün bir neçə ilini uzaq Qazaxıstanın həbs düşərgələrində keçirməli olur.
   
   Bir yorğun pəri var, bir az uyusun...
   
   1945-ci ildə Şükriyyə Axundzadə barəsində nüfuzdan sala biləcək məlumat aşkar edilmədiyindən, Azərbaycan SSR XDİK onun islah-əmək düşərgəsindən azad edilməsi və cəza müddətinin qalan hissəsinin götürülməsi haqqında qərarı işlə birlikdə baxılmaq üçün SSRİ XDİK-ya göndərilir. SSRİ XDİK Xüsusi Müşavirəsi Axundzadə Şükriyyə Süleyman qızının işinə yenidən baxır və o, qanunsuz həbs edildiyi üçün azad olunur. Artıq əzablar geridə qalmışdı, o yenidən doğmalarının yanına qayıdıb, balalarını başına yığacaqdı. Oğlanları üçün çox darıxmışdı, xüsusən də yaş yarımlıq qoyub getdiyi Yılmazı üçün. Yol boyu onlarla görüş anını təsəvvür edir və həyəcanlanırdı. Nəhayət, bu görüş baş tutdu. İllər əvvəl gördüyü və xatırlamadığı anasının ona sarılıb ağlayaraq öpdüyündən sıxılan Yılmaz utanaraq ondan qaçır, evin bir küncündə gizlənərək bənizi solğun, saçları ağarmış, əlləri qabarlı kədərli qadını izləyirdi...
   O, sürgündən qayıtdıqdan sonra Şəmkirin Seyfəli kəndində məskunlaşmışdı. 8 illik sürgün həyatından sonra da ona Bakıda yaşamaq icazəsi verilməmişdi. Amma bütün bunlar əzəmətli qadını sındırmırdı. Çünki o, bu kənddə, Cavadlı günlərin xatirəsində xoşbəxt idi. Ömrünün sonunda Əhməd Cavadın doğulduğu torpaqda yaşamaq və həyata vida demək onun son səadəti idi...
   
   Həmidə Nizamiqızı