Şuşada ifaçılıq sənətinin əsasını qoyanlardan biri olan Hacı Hüsü XIX əsrin ən böyük və məşhur xanəndəsi olub. Bir çox mənbələrdə və müasirlərinin xatirələrində XVIII əsrin axırları - XIX əsrin əvvəllərində Şuşada - Qarabağda sevilən sənətkarların adları çəkilir: Mirzə Hüseyn, Qaraçı Əsəd, Kosa Məhəmməd bəy, Mirzə İsmayıl... və bu nəsillərin davamçısı Hacı Hüsü.
Görkəmli musiqi tədqiqatçısı Firudin Şuşinski bu sənətkar haqqında belə yazırdı: «Azərbaycan vokal incəsənətinin ən görkəmli nümayəndələrindən biri olan Hacı Hüsü, sözün həqiqi və tam mənasında, böyük xanəndə idi. O, xanəndəlik sənətində yeni bir dövr açmaqla, eyni zamanda bu sənəti yüksək bir pilləyə qaldırmışdır. Hacı Hüsü nəinki muğam oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün sahələrində böyük ustad idi. O, qədim xalq musiqisini sonsuz bir məhəbbətlə sevirdi. Şərq, eləcə də Azərbaycan səhnəsi Hacı Hüsünün səsindən də qüvvəli, lirik dramatik, tenor tipli səslər çox görmüşdür. Lakin bütün Şərqdə Hacı Hüsünün səsi kimi hərtərəfli tembr gözəlliyinə malik olan ikinci bir incə və təravətli səs olmamışdır».
Hacı Hüsü 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində anadan olub. Atası Niftalı kişi Şuşanın məşhur papaqçılarından idi. Qarabağ bəyləri adətən Niftalı kişinin əl qabiliyyətini daha çox bəyəndiklərindən ona papaq sifariş verərdilər. Bu səbəbdən də Hüsünün atası, demək olar ki, həmişə əsilzadələrlə durub-oturardı. Bəlkə də bu ünsiyyətin təsiri idi ki, həmin sənətkar ailəsində yüksək ədəb-ərkan mühiti var idi. Hələ uşaqlıqdan Hüsünün məlahətli səsə, qeyri-adi oxu tərzinə malik olduğu hiss edilirdi. Niftalı kişinin dostları da məsləhət görüblər ki, onunla mütləq bir ustad sənətkar məşğul olsun. O dövrdə Şuşada özünün məktəbini yaratmış Xarrat Qulu Hüsünün gözəl səsini və oxumaq qabiliyyətini yoxladıqdan sonra ona müəllimlik etdi. Hüsü öz müəllimindən musiqi sənətini və klassik Şərq muğamlarını mükəmməl öyrənməyə başladı. Hacı Hüsünün müəllimlərindən biri də Şərq muğamlarının dərin bilicisi, böyük ədib Yusif Vəzir Çəmənzəminlinin atası Mirbaba Mirabdulla oğlu olub.
Mənbələrdən bəlli olur ki, Xarrat Qulu məclislərə gedəndə Hüsünü də özü ilə aparardı. Adətən Xarrat Qulu məclislərə tək gedərdi. Hüsü yeganə şəyird olub ki, müəllimi ona böyük etimad göstərib. Kiçik xanəndənin özünəməxsus ifa tərzi hamını heyrətə gətirərdi. O vaxt onun zil və incə səsinə vurğun kəsilən Cabbar Qaryağdıoğlu «Keçmiş Azərbaycan musiqisi haqqında xatirələrim»də yazırdı: «Hacı Hüsünün səsi elə qüvvətli, elə cazibəli idi ki, hər bir muğamı başlayıb oxuyanda tarın bütün pərdələrini gəzib son pərdədən bir qədər də zilə qalxardı. O, «Orta Mahur» oxuyanda bütün musiqiçiləri heyrətdə qoyardı».
Firudin Şuşinskinin verdiyi məlumata görə, Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə «Xandəmirov teatrı»nda təşkil olunan xeyriyyə gecəsində çıxış edib. Həmin mərasimdə Hacı Hüsü tarzən Sadıqcanın müşayiəti ilə «Çahargah» muğamını oxuyub. O gecənin şöhrəti Qarabağın sərhədlərindən də kənara çıxıb. Hacı Hüsünü Azərbaycanın müxtəlif bölgələrinə, eləcə də Cənubi Qafqazda toy şənliklərinə tez-tez dəvət edərdilər. Artıq Yaxın və Orta Şərqin də tanıdığı Hacı Hüsü kübar ailələrin, varlı əyanların arzulanan qonağı olardı. Əsilzadələrin elə bir ziyafəti, toy məclisi olmazdı ki, oraya Hacı Hüsü dəvət almasın. 1880-ci ildə İranda şahzadə Müzəffərəddinin toy məclisində Hacı Hüsü məşhur tarzən Sadıqcanla birlikdə elə bir möcüzə yaratdı ki, onların şöhrəti Təbriz şəhərinin bütün sənətsevərlərini, musiqi vurğunlarını heyrətə gətirdi. Həmin toyda İranın məşhur oxuyub-çalanları da Hacı Hüsünü dinləmək üçün məclisə toplaşdılar. İran hakimi Nəsrəddin şah həmin məclisdə müğənninin gözəl oxumasını, muğamları qeyri-adi ifa etməsini dəyərləndirərək ona mükafat verdi. Hacı Hüsü ən yaxşı xanəndə, Sadıqcan isə ən gözəl tarzən sayılaraq «Şiri-Xurşid» qızıl medalı ilə təltif olundu. Burada bir məsələni də yada salaq ki, o məclisə qədər İranda tar həmişə diz üstündə çalınardı. Məhz Sadıqcanın tarı sinəsi üstə çalması bütün məclisi heyrətə gətirdi.
O, sadəcə xanəndə deyildi. Musiqişünas və gözəl bir müəllim kimi də fəaliyyət göstərirdi. Mənbələrdən bəlli olur ki, Hacı Hüsü Mir Möhsün Nəvvabla birlikdə Şuşada ilk «Musiqişünaslar məclisi»nin əsasını qoyub. Hətta sevimli müəllimi Xarrat Qulu dünyasını dəyişəndən sonra bir müddət özünə gələ bilməyən Hacı Hüsü qərarlaşdırıb ki, ustadının ənənəsini yaşatsın, xatirəsini tez-tez yad etsin. Ona görə də Qarabağın çalıb-oxuyanlarını başına yığaraq «Xanəndələr məclisi» yaratdı. Bu məclisin işi isə sadəcə çalıb-oxumaqdan ibarət deyildi. Hacı Hüsünün məqsədi bu idi ki, ardıcıllarını yetişdirsin. Muğamlarımızın daha da inkişafı üçün onu nəinki Azərbaycanda, eləcə də Cənubi Qafqazda, hətta Şərq dünyasında yetərincə təbliğ edə bilsin. Doğrudan da onun yaratdığı bu məclis əsl musiqi məktəbi missiyasını uğurla yerinə yetirə bildi. Hətta bəzi mütəxəssislər deyirlər ki, Hacı Hüsü Azərbaycanda ilk dəfə olaraq məhz Şuşada «Xanəndələr İttifaqı» yaratmışdır. Onun üzvləri arasında dövrünün çox məşhur ifaçıları var idi: Keçəçi oğlu Məhəmməd, Dəli İsmayıl, Malıbəyli Cümşüd, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları.
Hacı Hüsü muğamlarımızı dərindən bilirdi. Onun hər pərdəsinə, guşəsinə bələd idi. O, təkcə muğamların gözəl ifaçısı deyildi, sadəcə misilsiz oxumurdu, eyni zamanda onun təkmilləşdirilməsi üzərində işləyərək nəfəsi ilə can verdiyi bu milli sərvətimizə yeni variantlar, guşələr əlavə edirdi. Eyni muğamı onunla bahəm başqa xanəndə də oxuyurdu. Amma Hacı Hüsünün nəfəsində bir başqa aləmdə səslənirdi bu klassika... «Rast», «Şur», «Mahur» və başqa muğamlara onun gətirdiyi yeniliklər haqqında musiqişünaslar dəfələrlə söz açıblar. O, nəinki təkmilləşdirirdi, yeniləşdirirdi, həm də muğamların əsasında qəlbə yatımlı, ürəyi titrədən təsnif və mahnılar yaradardı. Elə buna görə də Hacı Hüsü mədəniyyət tariximizdə muğamların yaradıcısı kimi də öz adını həkk etdirib. Bu barədə yenə də Firudin Şuşinskinin kitabında oxuyuruq: «O, «Kürdü» müğamına «Şahnaz»ı əlavə edərək birlikdə «Kürdü-Şahnaz» oxumuşdur». Bu da maraqlıdır ki, Hacı Hüsü Azərbaycanda tarın atası sayılan Sadıqcanın müşayiəti ilə oxumağa daha çox üstünlük verirmiş. Bu iki virtuoz sənətkarın birləşməsi musiqi aləmində yeni bir ab-hava yaradırdı.
Hacı Hüsünü Qarabağda hamı çox sevirdi. Kiminsə toyunda Hacı Hüsü oxusa, o gün o mərasimə dəvətsizlər də gələrdi. Hətta belə bir ifadə işlədirdilər ki, Hacı Hüsü oxuyanda meşələrdən quşlar, dağlardan qaçaqlar o səsin başına yığışardı. Bu ifadə də elə-belə yaranmayıb. Bu hadisəni gözləri ilə görənlərin xatirələrindən öyrəndik ki, Hacı Hüsü Sadıqcanla birlikdə İsa bulağında çalıb-oxuyarkən ətrafa yayılan məlahətli səsi qəribə bir mənzərə yaradıb. Bülbüllər gəlib onun çiyninə, papağına, tarın üstünə qonaraq hər iki sənətkarla ağız-ağıza veriblər. Nəğmə nəğməyə qarışıb. Bu cür qeyri-adi «musiqi «ansamblı»nın dirijoru olmağı Hacı Hüsylə Sadıqcan bənzərsiz ifaları ilə bacarırdılar. Bu faktı çox eşitmişik ki, xanəndələr oxuyanda bülbüllərin bağrı çatlayıb, haradasa səs də veriblər, amma qoşalaşıb birlikdə «xor dəstəsi» yaratmaq nadir hadisədir.
Qaldı qaçaq məsələsinə, deyilənə görə, el qəhrəmanı Qaçaq Nəbi Hacı Hüsünün aşiqi olub. Hansı toyda, el şənliyində bu böyük xanəndə iştirak edərmişsə, bu düyündən hali olan Qaçaq Nəbi də həmin məclisə təşrif buyurarmış. Belə bir hadisə də danışırlar ki, günlərin birində pristavların, bəylərin, tacirlərin qənimi kəsilən Qaçaq Nəbinin qulağına xoş avaz gəlib. Dərhal igidlərini başına toplayaraq deyib: «Oxuyan Hüsüdür, fikir verin, görün, hansı tərəfdən gəlir? Sonra atları yəhərləyin, gedək». Toy da şuşalı Bala Hacısadığın olub. Hacı Hüsünün zəngulələri dağda-daşda əks-səda verərək Qaçaq Nəbini yerindən oynadıb. Məclisin şirin yerində bir də kimsə xəbər gətirib: «Qaçaq Nəbi gəlir». Təbii ki, məclisdə əyləşən tacirlər, bəylər, xüsusilə də pristav qulluğunda olanlar həyəcanlanaraq təşvişə düşüblər. Amma Nəbi məclisə daxil olaraq halını pozmadan təmkinlə bildirib: «Hüsünü dinləməyə gəlmişəm». Vahimə də çəkilib gedib. Qaçaq Nəbinin ən çox sevdiyi muğam «Bayatı-Kürd» olub. Bu muğamı da Hacı Hüsü bir özgə nəfəsdə oxuyarmış.
Xurşidbanu Natəvan da Hacı Hüsünün səsini çox sevərdi. Onun sarayında qurulan bütün məclislərin bəzəyi məhz Hacı Hüsü olardı. Şamaxıdan, Bakıdan da ona dəvətlər gələrdi. Hacı Hüsü Şərq klassiklərinin qəzəllərini elə ilham və məhəbbətlə oxuyardı ki, onu «gözəllik aşiqi» adlandırardılar. Bəlkə də buna görə onun yaradıcılığı, həyatı ilə əlaqədar el arasında əfsanə və rəvayətlər yaranmışdı. Zəngin və hərtərəfli yaradıcılıq diapazonuna malik olan Hacı Hüsünün improvizə qabiliyyətini heç kimlə müqayisə etmək mümkün deyildi.
Mədəniyyət xadimi Cəlilbəy Bağdadbəyov «Qarabağ xanəndələri haqqında xatirə»sində yazırdı: «Qış mövsümü, yuxunun şirin olmasına baxmayaraq, Hacı Hüsü oxuyarkən uzaq məhəllələrdən yüzlərlə adam gəlib bu cazibəli səsə qulaq asardı. Hacı Hüsünün uzun nəfəsi olmaqla bərabər, zənguləsinin tayı-bərabəri yox idi. O, ən çox da Qövsi Təbrizinin bir qəzəlini tez-tez oxuyardı:
Sınıq səbudə su tutmaz qərar, mey durmaz,
Şikəstə könlümə böhtəm ki, qan ilən doludur».
Təəssüf ki, bu görkəmli sənətkarın həyatının son illəri o qədər də xoş keçməyib. O, Ərəbistandan Həcc ziyarətindən qayıtdıqdan sonra cahil mollaların təzyiqinə tuş gəlib. Yalançı zahidlər onun Hacı olduğu üçün oxumasını günah sayıblar. Dinini də, dilini də, vətənini də ürəkdən sevən Hacı Hüsü sənətini də çox istəyirdi. Onun üçün oxumamaq ölümə bərabər idi. O, səsinə görə tanınmışdı, sevilmişdi, ellər arasında, uzaq-uzaq ölkələrdə böyük hörmət-izzəti var idi, məclislər yaraşığı idi. Amma dövrün, zamanın xurafatı onun qarşısına ağır sədlər çəkdi. Çıxış yolunu başqa cür gördü. Uzun illər Şuşada Gövhər Ağa məscidində minacat verməli oldu. Doğrudur, o, içindəki yanğını minacatla söndürə bilirdi və səsindəki cazibə nəinki Şuşa camaatını, hətta ətraf bölgələrdə yaşayanları da özünə çəkərdi. Amma muğam ustadı üçün bu, çox az idi. O, hərdən əlini qulağının dibinə verib əvvəlki tək «Segah» oxumaq, zilə qalxmaq, zəngulələri ilə bülbülləri dəli etmək üçün əzab çəkirdi. Bir şam kimi yanırdı, pərvanələri də çox idi, onu söndürməyə can atanlar da. Odla su arasında qalmışdı. Bütün bu ziddiyyətli münasibətlərə dözüm gətirə bilməyən Hacı Hüsü sonradan Aşqabada köçməli olub. Elə dünyasını da qürbət eldə dəyişib. Atalar doğru deyib: kiminin əvvəli, kiminin axırı. Vaxtilə Hacı Hüsü pis yaşamamışdı. Səsinin sayəsində dolanışığı da gözəl idi. Vurğunları onu sevirdi. Günü toylarda, el şənliklərində keçirdi. Yeri gələndə kimsəsizlərə, köməyə ehtiyacı olanlara əl tuturdu. Böyük ürəyi və səxavətli əli vardı. Amma Firudin Şuşinskinin yazdığına görə, həyatının sonu ehtiyac içində keçib.
Cəmi 59 il yaşayan unudulmaz sənətkarın ən böyük arzusu muğamlarımızın daha da çiçəklənməsini, inkişafını görmək olub. O, başdan-ayağa musiqiyə bağlı, onunla nəfəs alan bir xanəndə idi. İndi Azərbaycan muğamları özünün yeni yüksəliş mərhələsini yaşayır. Milli sərvətimizin xoş sorağı dünya ölkələrinin möhtəşəm konsert salonlarından gəlir. Hacı Hüsü kimi muğam ustadlarının yolunu ləyaqətlə davam etdirən cavanların sırası çoxalmaqdadır. Bütün bu xoş məqam və uğurlu anların müjdəsi yəqin ki, onun ruhuna çatır...
İllər əsrlərə çevrildi. Şuşanın başına çox qovğalar gəldi. Bu təzadlı dünyada dəyişməyənsə Hacı Hüsü kimi sənətkarlara olan el məhəbbətidir. Həqiqətən də Hacı Hüsü Azərbaycan muğam ifaçılığının ustad sənətkarlarından biri kimi daim yaşamaqdadır!
Flora Xəlilzadə,
yazıçı-publisist