Azərbaycan
15 avqust 1784 - Məşhur şair, Azərbaycan realist və satirik poeziyasının banilərindən biri Qasım bəy Zakir (1784-1857) Şuşada anadan olub.
15 avqust 1832 - Görkəmli şair, rəssam Xurşidbanu Natəvan (1832-1897) Şuşada doğulub (bəzi mənbələrdə doğum günü 6 avqust göstərilir). İbrahimxəlil xanın nəvəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızıdır. Natəvan poetik istedadı ilə yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
15 avqust 1867 - Cənubi Azərbaycan türklərinin mübariz lideri Səttarxan (1867-1914) anadan olub. 1905-1911-ci illərdə İranda şah üsul-idarəsinə qarşı Məşrutə (Konstitusiya) inqilabına rəhbərlik edib. İnqilabda oynadığı rola görə şah rejimi devriləndən (1979) sonra İranda “Milli sərdar” adına layiq görülüb.
15 avqust 1930 - Yazıçı Nəriman Qoca oğlu Süleymanov (1930-1995) anadan olub.
15 avqust 1955 - Xalq artisti, tanınmış aktrisa Afaq Bəşirqızı anadan olub. Lənkəran, Sumqayıt teatrlarında çalışıb. Vaqif Səmədoğlunun "Bəxt üzüyü" əsərinin tamaşasında Söylü obrazı ilə məşhurlaşıb. 1989-cu ildən Musiqili Komediya Teatrında fəaliyyət göstərir. Televiziya tamaşalarında (“Yaşıl eynəkli adam”, “Bala - başa bəla”, “Yarımştat” və s.), filmlərdə (“Bəxt üzüyü”, “Girov”) yaddaqalan obrazlar yaradıb.
16 avqust 1925 - Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925 - 13.2.2009) Şəkidə anadan olub. İkiyə bölünmüş Azərbaycanın tarixi faciəsindən bəhs edən "Gülüstan" poeması (1959) şairə məşhurluq gətirib. Yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri (“Vicdan”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya?”, “Özümüzü kəsən qılınc”, “Dar ağacı” və s.) yazıb. Azərbaycan Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, «Şöhrət» və «İstiqlal» ordenləri ilə təltif edilib.
16 avqust 1925 - Yazıçı-dramaturq, şair, ədəbiyyatşünas, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (1925-24. 5.1967) Bakıda doğulub. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Sənsiz” pyeslərinin, poema, şeir və hekayələrin müəllifidir. Azərbaycan KP MK-nın katibi olub.
16 avqust 1998 - Xalq yazıçısı Yusif Səmədoğlu (Yusif Səməd oğlu Vəkilov; 25.12.1935 - 1998) vəfat edib. «Ulduz”, “Azərbaycan» jurnallarının baş redaktoru, Milli Məclisin deputatı (1995-1998) olub. «Qətl günü» romanı, «220 saylı otaq», «Qalaktika» kitablarının, “Yeddi oğul istərəm, “Qətl günü” filmlərinin ssenari müəllifidir.
Dünya
15 avqust 1771 - Şotland yazıçısı, şair, tarixçi Valter Skott (Walter Scott, 1771-1832) anadan olub. Tarixi roman janrının banisidir. Əsərləri: “Edinburq həbsxanası”, “Rob Roy”, “Ayvenqo”, “Kventin Dorvard”, “Marmion” (ilk mənzum roman) və s.
15 avqust 1879 - Amerika kinoaktrisası Etel Berrimor (Ethel Barrymore, 1879-1959) anadan olub. Filmləri: “Rasputin və imperatriçə” (“Oskar” mükafatı), “Spiralvari pilləkən” və s.
15 avqust 1890 - Fransız bəstəkarı Jak İber (Jacques François Antoine İbert; 1890-1962) anadan olub. Əsərləri: “Anjelika”, “Kral İveto” operaları, “Səyyah cəngavər” baleti və s.
16 avqust 1645 - Tanınmış fransız yazıçısı və mütəfəkkiri Jan de Labryuer (Jean de La Bruyere: 1645-1696) anadan olub. Əxlaq və fəlsəfi dəyərlərdən bəhs edən “Xarakterlər” əsərinin müəllifidir.
16 avqust 1902 - Rus şərqşünas alimi, sənətşünas və etnoqraf Yuri Rerix (1902-1960) anadan olub.
16 avqust 1934 - Fransız aktyoru, komik rolların ifaçısı Pyer Rişar (Pierre Richard - Pierre Richard Maurice Charles Leopold Defay) anadan olub. Filmləri: “Çətirin ucu ilə”, “Oyuncaq”, “Bəxti gətirməyənlər”, “Liftdən solda”, “Atalar” və s.
16 avqust 1954 -Amerika-Kanada kinorejissoru Ceyms Kemeron (James Francis Cameron) anadan olub. Filmləri: “Terminator” (1-2), “Özgələr”, “Doğru yalan”, “Titanik” (11 “Oskar” mükafatı), “Avatar” (3 “Oskar”) və s.
16 avqust 1958 - Amerika müğənnisi Madonna (Luiza Veronika Çikkone) anadan olub. Musiqi albomlarının satışına görə (300 milyondan çox) qadın müğənnilər arasında dünya lideridir. 9 dəfə “Grammy”, 20 dəfədən çox “MTV Video Music Awards” mükafatı qazanıb.
16 avqust 1987 - Görkəmli rus aktyoru Andrey Mironov (8.3 1941-1987) vəfat edib. “Brilyant əl”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları”, “12 stul” (1976, rej. Mark Zaxarov) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
Hazırladı: Vüqar Orxan