Kabus illərin salnaməsi
   
      
   Ötən əsrin 30-cu illərində quduz repressiya burulğanına düşən, taleyinə qan-qadalar yazılan minlərlə qurbanlar arasında qadınlar az olmayıb. İmperiya maşını onların gözəl arzuları, məhrəm duyğuları üzərindən də keçdi. Günahı vətənini tərəqqiyə aparmaq, qəbahəti millətini sevmək, ölüm fərmanına səbəbi qadınları elm, ürfan məşəli ətrafına toplamaq, qayəsi sadəcə xalqına xidmət olan bu yüksək amallı insanlardan biri də Mədinə Qiyasbəyli idi. 

   Azərbaycan qadını adını daim uca tutan ilk maarif xadimi, zəhmətkeş pedaqoq, mütərəqqi düşüncəli jurnalist, istedadlı tərcüməçi. Millətinin müqəddəratını elmdə, təhsildə, yüksək mədəni dəyərlərə köklənmədə görən parlaq düşüncə sahibi. Xalqa və dövrün rejiminə xidmətlərinə rəğmən həyatının ən qaynar məqamında həbslərə, təqiblərə, təhqirlərə məhkum insan. Gözəl qadın, sevimli ana, istəkli həyat yoldaşı. Ağlagəlməz ittiham və bəhanələrlə «xalq düşməni» kimi damğalanaraq güllələnən həmvətənimiz.
   
   Qazaxlı maarifpərvər
   
   Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, görkəmli pedaqoq və ictimai xadim kimi sonralar adı dillər əzbərinə çevrilən Mədinə xanım Qiyasbəyli (Vəkilova) 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində dünyaya gəlib. Maarifpərvər Vəkilovlar nəslində, Mehdi ağa Vəkilovun ailəsində doğulan Mədinə ağlı kəsəndən elmə, biliyə, zəkaya meyl edib. Atası ali təhsilli meşəbəyi olsa da, maarifə, mədəniyyətə marağı olan bir şəxs idi. Anası Gülzar xanım da ali təhsil görmüş qadın idi. Tiflisdə Nəcib Qızlar İnstitutunda oxumuşdu. İlk təhsilini də elə valideynlərindən alan Mədinə təbii ki, bu məhdud biliklərlə kifayətlənməyərək sonralar Tiflisdəki məşhur “Müqəddəs Nina” pedaqoji məktəbini bitirmişdi. Öz ətrafına qadınları toplamaq, onlara təhsil vermək arzusu ilə yaşayan gənc qız bu məqsədlə 1905-ci ildə birillik pedaqoji kursu bitirərək müəllimlik şəhadətnaməsi almışdı.
   Təhsilini başa vurduqdan sonra doğma Salahlı kəndinə qayıdaraq yaşadığı evdə ilk kənd qız məktəbini açmağa müvəffəq olmuşdu. 60 nəfər şagirdi olan bu təhsil ocağında ana dilini o dövrün maarifpərvər ziyalılarından Əhməd Gülməmmədov, rus dilini isə Mədinə xanım özü tədris edirdi. Onun bu addımı həm böyük maraqla qarşılanmış, həm də cəsarətli gəncə daha böyük işlər üçün stimul olmuşdu. Ömrü boyu maarif və mədəniyyətin inkişafına çalışan Mədinə xanım Qazax və Gədəbəy bölgələrində məktəblərin təşkilinə də nail olmuş, Salahlı kəndində ilk rus qız məktəbinin yaradıcısı kimi adını ilklər sırasına yazmışdır. Maarifçilik fəaliyyəti ilə məşhurlaşan gənc pedaqoq bir müddət (1918-ci ilədək) Qazax qəzası kənd məktəblərinin inspektoru vəzifəsində işləmişdi.
   
   Böyük şəhərə daha böyük arzularla
   
   1919-cu ilə qədər Qazax qəzasının müxtəlif kəndlərində yaşayaraq kurslar təşkil etdi. Nəhayət, vaxt-vədə yetişdi, o da ailə qurdu, Dağ Kəsəmən kəndinə gəlin köçdü. Dünyaya üç övlad - iki qız (Gülzar, Güləndam), bir oğlan (Əziz) gətirdi. Amma nə ər, nə də ailə qayğıları onun həyatını, ictimai fəaliyyətini məhdudlaşdırmadı. Doğma el-obasına məhəbbəti onu ictimai həyata daha möhkəm bağladı. O, xalqını cəhalətdən qurtarmaq üçün zəhmətə qatlaşdı.
   Mədinə xanımın sonrakı həyatı Bakı ilə bağlı olmuşdur. 1919-cu ildə paytaxta köçəndən sonra pedaqoji işini dayandırmamış, Bakıdakı kiçik mənzilində də qadınlar üçün axşam kursları təşkil etmişdi. Burada o, Üzeyir Hacıbəyli, Xədicə Ağayeva, Şəfiqə Əfəndizadə ilə birlikdə dərs deyirdi. Həmin il Azərbaycan Xalq Maarif Komissarlığının tövsiyəsi və köməyi ilə Mədinə xanım keçmiş Marinskaya gimnaziyasının binasında Azərbaycan qızları üçün Darülmüəllimat təşkil etdi. Məktəbin açılışı oktyabr ayında oldu. Bu, respublikada yeni açılan qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağı idi. Məktəbin müdiri Mədinə xanım, müavini isə Gövhər Usubova oldu. Darülmüəllimatda qızların təhsili üçün hər cür şərait yaradılmışdı. İkinci mərtəbədə sinif otaqları, üçüncü mərtəbədə qızların yataqxanası, alt mərtəbədə yeməkxana, həkim məntəqəsi, əmək təlimi emalatxanası yerləşirdi. Məktəbin öz geyim forması da vardı.
   120 nəfər qızın oxuduğu pedaqoji məktəbə Dağıstandan, Gürcüstandan, Türkmənistandan da qızlar təhsil almağa gəlirdi. İlk buraxılış (16 nəfər) 1925-ci ildə oldu. 1926-cı ildə bu nümunəvi təhsil ocağı darülmüəlliminlə (oğlanlar üçün pedaqoji məktəb) birləşdirildi. Mədinə xanım sonralar Bakıdakı 33 saylı məktəbdə, Sənaye Texnikumunda, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətini davam etdirmişdir. O, "Şərq qadını" jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizədə də yaxından iştirak etmiş, yazılarında insanları cəhalətdən qaçmağa, elm, təhsil yoluna baş vurmağa, mədəniyyətə, teatra, mütaliəyə səsləmişdir. Ziyalı xanım özünü tərcüməçilikdə də sınamış, bu sahədə də uğur qazanmışdı. Rus oxucuları onun tərcüməsində M.S.Ordubadinin "Dumanlı Təbriz", Əbülhəsənin "Yoxuşlar" romanı ilə tanış olmuşlar.
   
   Bu da məşum dalğa
   
   Əslində təqiblər, qaralamalar çoxdan başlamışdı. Aktiv ictimai fəaliyyətdə olan qadın kimi sovetləşmənin ilk illərindən milli ruhlu, milli düşüncəli ziyalı kimi rəhbər dairələrin gözünə batmağa başlamışdı. Amma onu gözü götürməyənlər hələ ki məqam gözləyirdilər. Soyuq bir qış günü o məqam da yetişdi. Mədinə xanım 1936-cı ilin dekabr ayının 8-də 1747 N-li orderə əsasən həbs edildi və 8 sentyabr 1937-ci ilədək 12 dəfə dindirildi. Heç bir əsas, dəlil-sübut olmadan. Sadəcə, cəfəng ittihamlar və böhtan xarakterli ifadələrlə. Bunu dindirilmə mətinləri bir daha təsdiqləyir.
   1936-cı ilin 10 dekabrında leytenant Platonov və serjant Oqanezov tərəfindən keçirilən dindirilmədən bir epizod.
   Sual: İstintaq müəyyən edir ki, siz qeyri-leqal əksinqilabçı müsavatçı təşkilatının üzvüsünüz. Bunu boynunuza alırsınız?
   Cavab: Yox, boynuma almıram.
   Sual: Siz şəxsən müsavatçılardan kimi tanıyırsınız?
   Cavab: Müsavatçılardan aşağıdakıları tanıyıram: Vəkilov Rəhim - dayım oğlu, Müsavat parlamenti üzvü idi. Əksinqilabçı müsavatçı fəaliyyətinə görə sürgündə idi, 1934-cü ildə Solovki konslagerindən qayıdandan sonra özünü öldürdü; Vəkilov İsfəndiyar - atamın əmisi oğlu, Solovki konslagerində sürgündə idi, 1936-cı ilin noyabrında qayıdıb; Vəkilov Zəkəriyyə - dayımdır. Konslagerdə idi, sürgündən 1936-cı ildə qayıdıb; Vəkilov (Baharlı) Məmməd Həsən, sürgündə idi; Rəhimov Əbdülhəsən - müəllimdir.
   Fevralın 8-də keçirilən yeddinci dindirmə.
   Sual: İstintaq müəyyən edib ki, siz həbs olunduğunuz günədək əksinqilabçı mövqedə olaraq sovet hakimiyyəti əleyhinə mübarizə edirdiniz.
   Cavab: Bunu rədd edirəm.
   Sual: Sizi müsavatçılarla nə bağlayırdı?
   Cavab: Bizim bir millətçi nəzərimiz, qohumluğumuz və bu adamların mədəniyyəti...
   1937-ci il sentyabrın 8-də Mədinə xanım axırıncı on ikinci dindirilmə zamanı müstəntiqin: “İzah edin görək, Azərbaycan əksinqilabi millətçi təşkilatla sizin əksinqilabi əlaqəniz konkret olaraq nədən ibarət idi?” sualına yenə də rədd cavabı vermişdir.
   Həmin gün istintaqın bitməsi haqda protokol tərtib olunanda Mədinə xanım ona qarşı irəli sürülən ittihamları rədd etdiyini, hər hansı əksinqilabi millətçi təşkilatla əlaqəsinin yoxluğunu rəsmi elan etsə də, bunun köməyi olmadı.
   
   Yalanlar və doğrular arasında qovğa qurbanı
   
   1937-ci il sentyabrın 23-də tərtib olunmuş ittihamnamədə aşağıdakılar yazılmışdı: “Azərbaycanda sovet hakimiyyəti hələ bərqərar olmamışdan əvvəl Mədinə Qiyasbəyli “Müsavat” partiyasının fəal üzvü olub, M.Ə.Rəsulzadə və partiyanın başqa görkəmli başçıları ilə sıx əlaqəsi var idi. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Qiyasbəyli yenə də müsavatçı mövqeyində qalıb, Bakıda olan qeyri-leqal əksinqilabi təşkilatlara daxil idi və Baharlı Məmməd Həsən, Vəkilov Rəhim və başqaları tərəfindən rəhbərlik edilən qeyri-leqal mərkəzlə əlaqə saxlayırdı. Həmin təşkilatın 1927-ci ildə ləğv olunmasından sonra Mədinə Qiyasbəyli öz ətrafına əksinqilabi ruhda gəncləri toplayırdı. 1930-33-cü illərdə Qiyasbəyli İranda olan müsavatçılarla qeyri-leqal əlaqə saxlayırdı. Həbs olunana kimi Qiyasbəyli Mədinə xanım sovet hökuməti ilə mübarizə mövqeyində qalıb, əksinqilabi-millətçi təşkilatın üzvləri Ruhulla Axundov, Bəkir Çobanzadə və başqaları ilə əlaqə saxlayırdı. Göstərilənlərə əsasən Qiyasbəyli Mədinə xanım Mehdi qızı, 1889-cu ildə bəy ailəsində doğulmuş, dul, Tibb İnstitutunun müəlliməsi, Azərbaycan SSR CM 72 və 73-cü maddələri ilə təqsirləndirilir. 13506 N-li istintaq bitmiş hesab edilsin, iş Azərbaycan XDİK nəzdində olan Xüsusi üçlüyə verilsin”.
   Azərbaycan SSR XDİK nəzdindəki üçlüyün 1937-ci il sentyabrın 26-da keçirilən iclasının protokolundan çıxarış.
   Eşidildi: Azərbaycan SSR CM-in 72 və 73-cü maddələri ilə təqsirkar sayılan Qiyasbəyli Mədinə Mehdi qızının 13506 N-li cinayət işi.
   Qərara alındı: Qiyasbəyli Mədinə Mehdi qızının əmlakı müsadirə edilsin, güllələnsin. 13506 N-li cinayət işinin 202-ci vərəqəsindəki aktdan çıxarış: “Azərbaycan SSR XDİK Xüsusi üçlüyün 1937-ci il 26 sentyabr tarixli, 45 yaşında olan Qiyasbəyli Mədinə Mehdi qızının güllələnməsi haqda qərarı 1937-ci il sentyabrın 28-də gecə saat 01.25-də yerinə yetirilmişdir. Baş leytenant Suxanov”.
   
   Gecikmiş bəraət
   
   Beləcə, bir taleyin, bir parlaq ömrün, bir arzularla dolu həyatın da üzərindən qara xətt çəkildi. Vətən, millət sevdalısı bir ürək də susduruldu. Mədinə xanım Qiyasbəyli haqqında çıxarılmış ədalətsiz hökm 24 avqust 1956-cı ildə Azərbaycan Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyası tərəfindən ləğv edildi və ona ölümündən sonra (?) bəraət verildi...    

  Həmidə Nizamiqızı