Mədəniyyət tariximizdə elə sənətkarlar olub ki, onların yaradıcılığı bir neçə mədəniyyəti, ənənəni, dili özündə birləşdirib. Belə görkəmli sənətkarlardan biri də Hindistanda yaşayıb-yaratmış azərbaycanlı şair Mirzə Əsədulla xan Qalib olub. Jurnalist-etnoqraf Ənvər Çingizoğlu şairin həyat və yaradıcılığı barədə dəyərli tədqiqatlar aparıb. Bu barədə onunla söhbət etdik.
   
   Həmsöhbətim bildirdi ki, Mirzə Əsədulla xan Qalib 1797-ci ildə Hindistanın Əkbərabad (Aqra) şəhərində Qalamahal məhəlləsində anadan olub. Abdulla xan və əmisi Nəsrulla xan Aləm şahın (1759-1806) hakimiyyəti dövründə Təbrizdən Hindistana köçüblər. Hərbi əyan silkinə mənsub olduqlarından hərbi xidmətə qəbul ediliblər. 1806-cı ildə atası Abdulla xan döyüşlərin birində həlak olur. Mirzə Əsədullanı əmisi saxlayır, təlim-tərbiyəsi ilə ciddi məşğul olur. O, mükəmməl mədrəsə təhsili alır. Erkən yaşlarında poeziyaya maraq göstərir. Bundan əmisinin də xoşu gəlir. Ona bir çox işlərdə mənəvi dəstək olur. Gənc şair tez bir zamanda tanınır. Şeirləri nəinki müsəlmanlar, eləcə də hindlilər arasında geniş yayılır. Məhz bu səbəbdən Mirzə Əsədulla türk əsilli olsa da, hind şairi, daha doğrusu, Hindistanın sonuncu klassik şairi hesab edilib.
   Mirzə Əsədulla Hindistanda geniş şöhrət qazansa da, Azərbaycanda çox-çox sonralar tanınıb. Əvvəllər adına bir-iki təzkirədə rast gəlinib. Təzkirəçi Mirzə Məhəmmədəli Tərbiyət onu gözəl təbli və şirin ləhcəli şair kimi səciyyələndirərək bir məsnəvisini də təqdim edir:

   Bax bu sözümə zahid, gəl sən də xərəbata,
   Qaldır qədəhi, baxma danlaqla xürafata.

   
   Əvvəlcə sən et tövbə nəfsinə itaətdən,
   Olmaz səməri yoxsa heç zaman nədamətdən.
   
   Tədqiqatçı həmkarımızın sözlərinə görə, Mirzə Əsədulla xan Qalib kəşməkəşli ömür yaşayıb. Bir müddət əmisi Nəsrulla xana görə dövlətdən təqaüd alır. O da müəyyən vaxtdan sonra kəsilir. Ağrılı-acılı həyatında maddi və mənəvi sıxıntı keçirir. 1828-ci ildə Kəlküttəyə gedir. Fikirləşir ki, bəlkə ingilis general-qubernatoru (Hindistan o zaman ingilis müstəmləkəsi idi) ona yardım edər. Ancaq bu ümidi boşa çıxır. İmkansızlıq onu bəd əməllərə də yönəldir. Qumar oynadığına görə, 1847-ci ildə həbs edilir. Bir neçə ay zindanda yatır.
   Nəhayət, 1850-ci ildə tale yenidən onun üzünə gülür. Mirzə Əsədulla xan Qalib bir tarixçi kimi II Bahadur şahın (1775-1862) sarayına dəvət edilir. Sonra müxtəlif vəzifələrə təyinat alır. 1854-cü ildə vəzir vəzifəsinə yüksəlir.
   Ancaq onun saray həyatı da uzun sürmür. 1857-ci ildə Dehlidə ingilislərə qarşı qiyam baş verir. Qiyam yatırılandan sonra şəhərin müsəlman elitasına divan tutulur. Digər saray adamları ilə yanaşı, Mirzə Əsədulla xan Qalibin də bütün əmlakı əlindən alınır. Şəhərdə müsəlmanlara aid, xüsusilə tarixi-memarlıq abidələri tamam məhv edilir. Şair həmin talan və dağıntını belə təsvir edib: “Mən Dehlinin bir-birinin ardınca dağıdılan binalarını gördüm. Məşhur bazarlar gözümün önündə məhv edildi, məhəllə və küçələr tamam dağıdıldı". 1859-cu ildə yazdığı məktubunda bu barədə bir daha qeyd edir: “Dehli qalası dağıdıldı, Cümə məscidi, Çandri Çovk məscidi uçuruldu, hanı bizim gördüyümüz Dehli..?"
   Onun Dehli qiyamından sonrakı həyatı daha çox silsilə məktublarında öz əksini tapıb. Onun poetik məktublarından görünür ki, ingilislər Dehlini səhraya çevirib, sonra da yerində hərbi düşərgə salıblar. 1863-cü ildə yazdığı məktubunda sanki haray çəkir: "O gələn Mir Mehdidir, Yusuf mirzədir, Mirandır və Yusufəli xandır. Allah, Allah, mən minlərcəyə göz yaşı axıdıram. Mən öləndə, kim ki, mənə göz yaşı axıdacaq, onlar məhv olub gedirlər".
   Mirzə Əsədulla xan Qalib "Dastanbu", "Kaviyanların bayrağı", "Beşlik" adlı tarixi əsərlər yazıb. 1859-cu ildə qələmə aldığı "Şərhi-Qate" adlı bir tənqidi əsəri də var. Bu, həmyerlisi Mövlanə Məhəmmədhüseyn Təbrizinin yazdığı "Bürhani-Qate" əsəri haqqındadır. O, standart lüğət kimi qiymətləndirilən "Bürhane-Qate"dəki səhvləri göstərir... Qalib bu əsərlə özünü cəncələ salır. Çünki Hindistan, Orta Asiya və İranda Məhəmmədhüseyn Təbrizinin ardıcılları, sevənləri çox olur. Bunun cavabında onlar Qalib haqqında çox ağır tənqidlər yazır, hətta onu kafir elan edirlər. Qalibin Hali adlı bir şagirdi sonralar qeyd edib ki, ustadının başı bu yazıdan çox bəlalar çəkdi. O hər gördüyünə danışırdı ki, mən Allahın təkliyinə inanıram...
   Mirzə Əsədulla xan Qalib 1810-cu ildə Lohar zadəganlarından (əslən buxaralı) Nəvvab İlahibəxş xan Məərufun qızı ilə ailə qurub. Yeddi övladı olsa da, onlar kiçik ikən dünyalarını dəyişiblər. Bu itki şairin yaradıcılığında da dərin izlər qoyub.
   Onu da qeyd edək ki, şeirlərini əvvəl farsca yazıb, ancaq sonra urdu dilinə üstünlük verib. Hər iki dildə də gözəl şeir nümunələri yaradıb. Onun dövründə hakimiyyətdə moğollar olub. Ancaq onlar fars dilində danışıblar. Bu dil dövlətin rəsmi dili olub... Bütün bunlara baxmayaraq, Qalib xalq şairi olur. Dehlidə geniş xalq kütləsi urdu dilində danışdığından o da, bu dildə yazmağa üstünlük verib. 1850-ci ildən sonra fars dili, demək olar ki, Hindistanda unudulur. Mənbələrdə Fətullah bəy adlı bir ədib öz əsərində yazır: "Qalibin müasirləri Zauq, Ələvi, Azurda, Nəyyar, Aiş, Mömün, Şəfta, Cövhər, Səhbai, Nazir Əkbərabadi və Tufla kimi ədəbi simalar urdu dilini seçmişdilər. Onların bir çoxu Qalibin şagirdləri idilər. Hətta Moğol imperatoru Bahadur şah Zəfər təxəllüsü ilə hərdən urdu dilində şeir yazır. O, bununla urdu dilinin çiçəklənməsinə rəvac verdi. Ümumiyyətlə, urdu dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Qalibin əvəzsiz zəhməti olub”.
   Mirzə əsədulla xan Qalibin 1841-ci ildə urdu, 1845-ci ildə isə fars dilində divanı çap olunub. Şair ömrünün müdrik çağında, 1869-cu ildə Dehlidə vəfat edib.
   
   Savalan Fərəcov