Şərqin ilk mesenatı, Azərbaycan milli burjuaziyasının ən parlaq simalarından biri, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ölümündən 88 il keçir.
   
   1917-ci ilin axırlarında Hacı Zeynalabdin Tağıyevin şəxsi kapitalı 30 milyon manata çatırdı. Uzun illərdən sonra bir sual insanları düşündürürdü: adi bir bənna köməkçisi, təhsilsiz və kasıb bir insan bütün bunlara necə sahib olmuşdur? Onlar bir həqiqəti unudurdu: Tanrı səhv etmir. O, Zeynalabdin adlı bəndəsini seçmişdi və seçim bir xalqın taleyində mühüm rol oynayacaqdı. Buna baxmayaraq dünənki palçıq daşıyan həyatın hər üzünü görməli, müxtəlif sınaqlardan keçməli, sonradan ağıllı kapitalist kimi Şərqin böyük mesenatı olmalı idi...
   
   “Millətin atası”
   
   ... O, 1872-ci ildə neftçıxarma işinə sərmayə qoymuş və sahibkarlıq fəaliyyətinə başlamışdı. Əvvəllər payçı olmuş, 1886-cı ildə isə firmanın vahid sahibkarına çevrilmişdi. 1897-ci ildə Bakıda “Tağıyev H.Z. lifli maddələrin emalı üzrə Qafqaz Səhmdar Cəmiyyəti”ni, 1900-cü ildə toxuculuq fabrikini, 1911-ci ildə “Xəzər Manufaktura Cəmiyyəti”ni, 1916-cı ildə “Tağıyev Balıq Sənayesi Cəmiyyəti”ni təşkil etmişdi. Bundan əlavə, Tağıyevin Azərbaycanda və Dağıstanda balıq emalı, çəllək zavodları, vətəgələri, ticarət gəmiləri, müəssisələri vardı. O, yerli sahibkarlarla 1914-cü ildə Bakı Ticarət Bankını yaratmış və Bank Şurasının ilk sədri seçilmişdi.
   Bütün bunlar öz yerində. Tağıyevin sərvəti artdıqca bir əlinə gələn varı o biri əlindən paylanırdı. Milyonçu Hacı Zeynalabdin hər əl açana pul verib yola salmırdı, imkansız soydaşlarına iş təklif edib ömürlük çörək verirdi. Hələ sağlığında haqqında əfsanələr dolaşan milyoner millətin nicatını təhsildə görürdü. Məhz buna görə də Azərbaycanda müxtəlif təmayüllü məktəblər (həmçinin Bakıda müsəlman qızlar üçün ilk gimnaziya) açdırmış, gəncləri öz vəsaiti hesabına təhsilə cəlb etmiş, xaricə oxumağa göndərmiş, ilk milli teatrın binasını tikdirmiş, “Kaspi”, “Həyat”, “Füyuzat” kimi qəzet və jurnalların nəşrinə, mədəni-maarif cəmiyyətlərinə, milli kadrların hazırlanmasına xeyli vəsait sərf etmişdi. Bütün bu əməllərinə görə “millətin atası” kimi ad qazanmış, şöhrətlənmişdi.
   O, neft maqnatı kimi ad çıxarsa da, digər sahələrdə də böyük işlərə imza atmış, Bakı şəhərində əvəzolunmaz arxitekturalara və dizayna malik binalar inşa etdirmişdir. Onlardan bir neçəsinə nəzər salaq.
   
   111 yaşlı Tağıyev sarayı
   
   Tarixin yaddaşında Tağıyev sarayı kimi əbədiləşən və hazırda Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi binanın 111 yaşı var. Saray 1895-1901-ci illərdə inşa olunub. Bakının baş memarı İosif Qoslavskinin layihəsi əsasında tikilən Tağıyev sarayı dövrünün ən gözəl binalarından biri idi. Sarayın inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışıb. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilib. Məlumata görə, təkcə binanın tikintisinə 1,2 milyon rubl vəsait xərclənib.
   1920-ci ilin aprelində Azərbaycanda hakimiyyəti ələ keçirmiş bolşeviklər Tağıyev sarayını müsadirə etmiş və bir qədər sonra da onun bir hissəsində Dövlət Tarix Muzeyi fəaliyyətə başlamışdı. 1941-ci ildə Tarix Muzeyi Şirvanşahlar sarayına köçürülmüş, Tağıyev sarayında isə Azərbaycan SSR Xalq Komissarları Soveti yerləşdirilmişdi. 1954-cü ildə binanın ikinci mərtəbəsi yenidən Tarix Muzeyinə qaytarıldı.
   Nəhayət, 2000-ci ildə Tağıyev mülkü bütövlükdə Azərbaycan Tarixi Muzeyinin ixtiyarına verildi. Tağıyev sarayı bir neçə dəfə rekonstruksiya olunub. 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə əsaslı təmir-bərpa olunaraq yenidən ziyarətçilərin üzünə açılan bina möhtəşəmliyi ilə diqqət çəkir.
   Bu gün burada Tağıyevin ev-muzeyi də fəaliyyət göstərir. Azərbaycan və İtaliya mütəxəssisləri Tağıyevin ailə fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə biliblər. Ev-muzeyi 9 otaqdan ibarətdir: Tağıyevin iş kabineti, Şərq zalı, kitabxana, bilyard otağı, yemək otağı, məlumat otağı, Sona xanım Tağıyevanın bəzək otağı (buduar), yataq otağı və təmizlik otağı.
   Muzeydə Tağıyevin portreti də var. Bu portret Bakıda orta texniki məktəbin binasının tikilməsində göstərdiyi xidmətlərə, maddi yardıma görə Bakı Şəhər Dumasının sifarişi ilə 1912-ci ildə görkəmli rəssam İ.Brodski tərəfindən çəkilib. Şərq zalı gözəlliyi və möhtəşəmliyi ilə seçilir. Zalın tavanına qızıl işləmələrlə Quran ayələri yazılıb.
   
   Tağıyev teatrı
   
   Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binanı (hazırda Musiqili Komediya Teatrının yerləşdiyi bina) 1883-cü ildə özünün taxıl anbarının özülü üzərində tikdirib. Tikintiyə mühəndis-memar Lemkul başçılıq edib. Bina bir neçə dəfə yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının 17-dən 1960-cı ilin avqustuna qədər bu binada fəaliyyət göstərib. 1960-cı ildən teatr indiki binasına (Füzuli meydanına) köçüb. Tağıyev teatrı binası isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verilib. 1980-ci illərin sonunda uçmaq təhlükəsi olduğuna görə, həmin bina söküldü. Fasad görkəmi ilkin şəkildə saxlanılmaqla Tağıyev teatrı yenidən, müasir memarlıq üslubunda yenidən tikildi.
   Tağıyev teatrı bir müddət qəzet məlumatlarında, afişa elanlarında, tamaşaların məramnamələrində “Şəhər teatrı” kimi də yazılıb. El arasında da “Şəhər teatrı” ifadəsi işlənib. Bu teatr tarixi rolunu oynayır, ancaq həyat heç də ədalətli olmur. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra 1922-ci ildə bu teatra Dadaş Bünyadzadənin adı verilir və açılış mərasiminə 84 yaşlı Hacı Zeynalabdin Tağıyev də dəvət edilir. Tağıyev həmişə əyləşdiyi lojada görünəndə bütün zal ayağa qalxır, yeni hökumət nümayəndələri belə, o dövrün təbirincə desək, milli burjuaziyanın təmsilçisini sürəkli alqışlarla qarşılamaqdan çəkinmirlər. Bu münasibətdən son dərəcə mütəəssir olan Hacı göz yaşlarını saxlaya bilmir...
   Tağıyevin 1898-ci ildə tikdirdiyi, ikimərtəbəli nəhəng bina isə Tağıyev pasajı kimi məşhurlaşıb və əsasən məktəblilər üçün dərs ləvazimatı və geyim satılan binada kiçik tamaşa salonu da olub.
   * * *
   Bakı nefti kimi, bakılı milyonçunun şöhrəti də sərhədləri aşıb çox-çox uzaqlara yayılmışdı. İti ağlı, dərin düşüncəsi və ən əsası nəfsini özünə qul etməsi Hacını həmişə yüksək mərtəbədə saxlamışdı.
   İnsanlardan fərqli olaraq, tarix heç nəyi unutmur. Hindistandan İngiltərəyə gedən bir ingilis zadəganı Bakıda olarkən, Tağıyevlə görüşür. Onun görünməmiş xeyriyyəçiliyinə, yüksək mədəniyyətinə, insanlığına valeh olan bu sərraf Hacının şəklini özü ilə Vətəninə aparır. Öz pulu ilə Edinburq şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlini ucaldır. Yeri gəlmişkən, bu, Qərbdə ucaldılan ilk azərbaycanlının heykəli olur.
   Marağayi "İbrahim bəyin səyahətnaməsi" kitabında yazır: “...Zeynalabdin Tağıyev öz dindarlığı və səxavəti ilə hamının hörmətini qazanmışdır. Allah belə müsəlmanları bizə çox görməsin".
   ...Bəli, Zeynalabdin də Tanrının adi qullarından biri idi. Həyatın şirinini də, acısını da hamı kimi dadırdı. Ucala biləcəyi mərtəbəyə kimi bütün pillələri qalxmışdı. Belə günlərin birində var-dövləti dünyaya sığmayan Hacı xətrini çox istədiyi və böyük hörmət bəslədiyi Axund Mirzə Əbu Turabla söhbət edirmiş. Söhbət əsnasında Əbu Turab deyir ki, bütün bu var-dövləti Allah verdiyi kimi günlərin birində geri də ala bilər. Onun bu sözləri Hacını təəccübləndirir. Fikirləşir ki, bu boyda neft buruqları, balıq vətəgələri, fabrikləri, zavodları, saya gəlməyən var-dövləti necə əldən çıxa bilər? Ağlına gələnləri dilinə də gətirir. Bir Allah şahiddir ki, Əbu Turab o an hansı hisləri keçirir...
   
   Hacının son vəsiyyəti
   
   ...Zaman öz axarında idi. Əbu Turab Hacıdan 14 il əvvəl, 1910-cu il sentyabrın 1-də dünyasını dəyişir. Bir müddət sonra çar Nikolay taxtdan salınır, soyuq şimal küləyi kommunist dalğalarını cənuba tərəf gətirir. Hacının səltənəti get-gedə laxlayır, var-dövləti əldən çıxır. Ömrünün son günlərində dünyagörmüş Hacı tez-tez Əbu Turabın dediyi kəlmələri xatırlayırdı. Həyatın müxtəlif məqamlarında insanlara örnək olan Hacı vəfatından öncə Əbu Turabın ayağı altında dəfn olunmasını vəsiyyət edir.
   1924-cü il sentyabrın 1-də zəmanəsinin ən qüdrətli şəxsiyyətlərindən biri sayılan Hacı Zeynalabdin Tağıyev dünyasını dəyişir. Onun vəsiyyətinə əməl olunur. Hacı Mərdəkandakı qəbiristanlıqda Əbu Turabın məzarının ayaq tərəfində dəfn olunur.
   ...Şura hökuməti Hacının səltənətini yerlə-yeksan etdi. Millət atası xalq düşməni kimi təqib olundu. Milyonlara çörək verən Hacının doğma övladları çörəksiz günlər yaşadı. Ailəsi, nəvə-nəticəsi uzun illər Vətəndən didərgin salındı. Qırmızı imperiya Hacının milyonlarını yerlə-yeksan etsə də, onun gördüyü işlərin üzərinə kölgə sala bilmədi. O, yenə millətinin fəxr edilən oğlu, dünənimizin əfsanəsi və tariximizin bir parçası olaraq yaşamaqdadır.

   Təranə Vahid