Azərbaycan
   
   16 noyabr 1938 - Məşhur aktyor, rejissor, Xalq artisti Abbas Mirzə Şərifzadə (12.12.1893, Şamaxı - 1938) dünyasını dəyişib. Milli teatr tarixində müstəsna xidmətlər göstərib. “Bismillah” (1925), “Hacı Qara” (1929) filmlərinin rejissoru olub. 1938-ci ildə repressiya edilib, İran dövlətinə casusluqda ittiham olunaraq güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.
   16 noyabr 1995 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941, Gəncə - 1995) vəfat edib. "Böyük dayaq" filmində (1962) yaratdığı Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, Akademik Milli Dram Teatrında çalışıb.
   
   17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür. 1988-ci il noyabrın 17-də ermənilərin Qarabağ iddialarına və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq Bakıda, Lenin (indiki Azadlıq) meydanında mitinqlər başlayıb. Dekabrın 4-dək davam edən mitinqlər Azərbaycan tarixinə milli dirçəliş aksiyaları kimi düşdü. 1992-ci ildə 17 noyabr Milli Dirçəliş Günü elan edildi.
   17 noyabr 1906 - Dünya şöhrətli xalçaçı rəssam, dekorativ sənət ustası, sənətşünas, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimov (1906 - 9.9.1991) Şuşada doğulub. "Azərbaycan xalçalarında ornament", "Azərbaycan xalçası" çoxcildliyi və s. kitabların müəllifidir. Lətif Kərimovun təşəbbüsü ilə 1972-ci ildə Bakıda xalça muzeyi təşkil olunub.
   17 noyabr 1927 - Yazıçı-jurnalist Əli İldırımoğlu (Məmişov) Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub. Kitabları: “Zorən jurnalist”, “Közərən sətirlər”, “Mənim rəncbər atam”, “Qarlı gecələr” və s.
   17 noyabr 1990 - Naxçıvan MSSR Ali Məclisinin yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. Məclisin qocaman deputatı Heydər Əliyevin sədrliyi ilə keçən iclasda tarixi qərarlar qəbul edilib: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb.
   17 noyabr 2006 - Xalq artisti, tanınmış aktrisa Gülşən Ağadadaş qızı Qurbanova (19.12.1950 - 2006) vəfat edib. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda (“Bayquş gələndə”, “Ötən ilin son gecəsi”), televiziya tamaşalarında (“Ordan-burdan”) yaddaqalan obrazlar yaradıb.
   
   18 noyabr 1997 -"Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
   18 noyabr 2000 - Görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğlu (Mahmudov; 2.11.1937 - 2000) vəfat edib. Yüzlərlə populyar mahnının müəllifidir, televiziya tamaşalarına (“Evləri köndələn yar”, “Səni axtarıram”), 40-a yaxın filmə musiqi bəstələyib: “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Onun bəlalı sevgisi”, “Ad günü”, “İstintaq”, “Həm ziyarət, həm ticarət”, “Ölsəm... bağışla” və s.
   19 noyabr 1935 - Tanınmış dilçi alim, professor Zemfira Nadir qızı Verdiyeva (1935 - 8.11.2010) anadan olub. Uzun illər Xarici Dillər İnstitutuna (hazırda universitet) rəhbərlik edib.
   
   Dünya
   
   16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür (International Day for Tolerance). 1995-ci ildə UNESCO-nun Baş konfransında qəbul olunan “Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə təsis olunub. 1997-ci ildə BMT-nin Baş Assambleyası dünya dövlətlərinə bu beynəlxalq günü qeyd etməyi tövsiyə edib.
   16 noyabr 1717 - Fransız filosofu və mütəfəkkiri, məşhur “Elm, incəsənət və peşə ensiklopediyası”nın müəlliflərindən biri Jan Leron D"Alamber (Jean Le Rond D"Alembert, 1717 - 29.10.1783) anadan olub.
   16 noyabr 1895 - Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith, 1895-28.12.1963) anadan olub.
   
   17 noyabr Beynəlxalq Tələbə Günüdür. Çex tələbələrin faşizm işğalı əleyhinə çıxışının (28 oktyabr 1938) ildönümü münasibətilə 1946-cı il noyabrın 17-də Praqada keçirilən beynəlxalq tələbə konqresində təsis edilib.
   17 noyabr 1788 - Rus aktyorluq məktəbinin banilərindən biri Mixail Semyonoviç Şepkin (1788-1863) anadan olub.
   17 noyabr 1942 - Amerika rejissoru, ssenarist və prodüser Martin Skorseze (Martin Marcantonio Luciano Scorsese) anadan olub. Filmləri: “Taksi sürücüsü”, “Pulların rəngi”, “Qəzəbli öküz”, “Satqınlar” (“Oskar” mükafatı, 2007) və s.
   17 noyabr 1966 - Fransız aktrisası Sofi Marso (Sophie Daniele Sylvie Marceau) anadan olub. Çəkildiyi filmlər: “Cəsur ürək”, “Buludların arxasında”, “Bütün dünya da azdır” (Ceyms Bond seriyasından olan filmin bir bölümü Bakıda çəkilib, 1998).
   
   18 noyabr 1786 - Alman bəstəkar və musiqişünası Karl Maria fon Veber (Carl Maria von Weber, 1786-1826) anadan olub.
   18 noyabr 1787 - Fransız rəssamı, fotoqrafiyanın yaradıcılarından biri Lui Jak Mande Dager (Louis Daguerre, 1787-1851) anadan olub.
   18 noyabr 1860 - Polyak bəstəkarı və pianoçusu İqnasi Yan Paderevski (Ignacy Padereweski; 1860-1941) anadan olub.
   18 noyabr 1927 - Görkəmli Rusiya kinorejissoru, ssenarist, dramaturq Eldar Aleksandroviç Ryazanov anadan olub. Filmləri: “Karnaval gecəsi”, “Avtomobildən qorun!”, “İtalyanların Rusiyada qeyri-adi macəraları”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “İşdə məhəbbət macərası”, “Qaraj” və s.
   
   19 noyabr 1528 - İntibah dövrünün italyan rəssamı Paolo Veroneze (Paolo Veronese-Cagliari; 1528-1588) anadan olub.
   19 noyabr 1711 - Rus alimi, şair, müasir rus ədəbi dilinin banisi Mixail Vasilyeviç Lomonosov (1711-1765) anadan olub.
   19 noyabr 1843 - İsveçrə filosofu, empiriokritisizmin banilərindən biri Rixard Avenarius (Richard Heinrich Ludwig Avenarius; 1843-1896) anadan olub.
   19 noyabr 1900 - Alman yazıçısı, incəsənət və ədəbiyyat nəzəriyyəçisi Anna Zegers (Anna Seghers - əsl adı Netty Reiling, 1900-3.6.1983) anadan olub. Əsərləri: “Fevralda yol”, “Yeddinci xaç”, “Ölmüş qızların gəzintisi”, “Dar ağacında işıq” və s.
   19 noyabr 1962 - Amerika aktrisası Codi Foster (Alicia Christian «Jodie» Foster) anadan olub. “Müttəhimlər” (1988), “Quzuların susması” (1991) filmlərində rollarına görə “Oskar” mükafatına layiq görülüb.
   19 noyabr 1993 - Məşhur rus kinorejissoru, SSRİ Xalq artisti Leonid Qayday (30.1.1923 - 1993) vəfat edib. Filmləri: “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin macəraları” “Brilyant əl” və s.
   
   Hazırladı: Vüqar Orxan