Prezident İlham Əliyev mart ayında Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi müşavirədə şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdi. Bu tapşırıqların icrası ilə yerində tanış olmaq üçün prezident İlham Əliyev iyulun 7-də Xəzər rayonunun Buzovna qəsəbəsində görülən işlərlə tanış olub.
   Prezident magistral yolun kənarında yerləşən çoxmərtəbəli yaşayış binalarının üzlənməsinə baxıb. Bildirilib ki, zövqlə və müasir materiallarla üzlənən binalar tamamilə müasir görkəm alır və qəsəbənin ümumi mənzərəsinə yeni çalarlar əlavə edir. Binaların həyətlərindəki köhnə istirahət yerləri müasirləşdirilir, bəzi məhəllələrdə yeniləri yaradılır. Bu zaman istirahətin rəngarəngliyi də nəzərə alınır. Yeni quraşdırılan maraqlı uşaq əyləncə qurğuları, idman meydançaları balaca sakinlərin ürəyincədir. Böyüklər isə asudə vaxtlarında yeni yaradılan qurğularda idmanın müxtəlif növləri ilə məşğul ola bilirlər. Buzovna qəsəbəsində magistral yolla yaşayış binaları arasında gözəl istirahət parkı da salınıb.
   Qəsəbədə aparılan abadlıq və yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlət başçısı sakinlərlə görüşüb.