İki ölkə arasında turizm sahəsi üzrə Anlaşma Memorandumunun imzalanması müzakirə olunub
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kolumbiyanın Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin direktoru Alfons Soriya Mendosanı və Kolumbiyanın Rusiyadakı səfiri Dieqo Xose Tobonu qəbul edib. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, görüşdə turizm və mədəniyyət sahələri üzrə iki ölkə arasında münasibətlərin inkişaf etməsini təmin etmək üçün mədəniyyət və turizm nazirlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Kolumbiyada təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, 2012-ci ildə Kolumbiyada Azərbaycan Mədəniyyəti günlərinin keçirilməsi, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib.
   Əbülfəs Qarayev turizm sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək məqsədilə Kolumbiyada fəaliyyət göstərən və yeni istiqamətlər təklif etməkdə maraqlı olan turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən “Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi”ində iştiraka dəvət edib. Nazir Azərbaycanın təkcə milli səviyyədə deyil, həmçinin beynəlxalq səviyyədə də mədəniyyətlərarası dialoqun təbliği istiqamətində mühüm təşəbbüsləri həyata keçirdiyini vurğulayıb və 2011-ci ilin 7-9 aprel tarixində Bakıda yüksək səviyyədə keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumu haqda qonaqlara məlumat verib.
   Azərbaycanla tanışlığın onda xoş təəssürat oyatdığını qeyd edən Alfons Soriya Mendosa görüşün Kolumbiya ilə Azərbaycan arasında əməkdaşlığın yeni mərhələsinə qədəm qoymağa kömək edəcəyindən əminliyini bildirib. Qonaq iki ölkə arasında turizm sahəsi üzrə Anlaşma Memorandumunun imzalanmasını təklif edib.
   Görüşdə regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.