Başdan-başa lirik şair, etik-estetik xanım Nigar Rəfibəyliyə...
Belə yazmayım, belə deməyim, - özü demişkən, - bəs “neyləyim”? Bu qəbil yazılarda özünü nə qədər ciddiyə alsan da, hərdən belə də gəlir, belə də olur, neyləyəsən? Onda qalmış, “Qərənfillər saçın yolur, neyləyim?” - deyən bir şair haqda yazasan! Sözlər içrə təzə gələn gəlin “vağzalı”sı kimi səslənən “lirika” termininə bənzər bir xanım barədə anımnaməyə başlayasan...
Biz bir işə baxaq ki, onun haqqında verilmiş ən rəsmi yazıda da dil-üslub zərifliyi sarıdan bir “qaçılmazlıq” olub. Azərbaycan Prezidenti İlham Əliyevin Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi haqqında 2013-cü il 4 mart tarixli Sərənsamını deyirəm. Sərəncamdakı cümlələrdən biri budur: “Nigar Rəfibəyli milli ədəbiyyatımızı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır”.
Hər cəhətdən xanımanə...
Duyğuanə, qayğıanə, sayğıanə, bir sözlə - hər cəhəti, təhər-tövrü ilə xanımanə Nigar Rəfibəyli!..
Bəs necə, xanımlar var ki, istedadından əvvəl “adı” çıxır, özündən-sözündən çox “sözü” yayılır. Xanımlar da olub (var və olacaq) ki, elələrilə daban-dabana, həya-həyaya, ismət-ismətə zidd. Qızlıq-qızıllıqları ən yüksək əyarlı daş-qaş qiymətində, ağır-batman xatunluqları altun dəyərində. Belə ki, belələri ancaq yaxşı işlər, gözəl əməllər peşində. Belələri ürəyiaçıq, tərəzigöz xalqın “alnı açıq, üzü ağ” meyarlı gərdişində, “aydan arı, sudan duru” işində. Yalnız əzəl gündən meyl salıb seçdikləri sənət-peşə, könül verib sevdikləri, sevildikləri ər-kişi sərkeşində. Necə ki, bu əfsanəvi sevgi və sənət cütlüyünün dünyadəyişimində (bir-birindən xəbərsiz və təxminən eyni gün, eyni saatda!) həmkarlarından biri bu folkloranə qoşalığa belə bir qoşma qoşmuşdu:
Zalım dünya öz işində,
Gəlişində, gedişində,
Gəl ağlayaq yetmişində
Sevgilitək ölənlərə...
...Hansı ki, “Rəsul-Nigar” adlı bu qoşalıq hələ də yaşamaqda! Hər gün anıla-anıla, barələrində deyilə-deyilə, yazıla-yazıla, Fəxri xiyabanda cismən uyuya-uyuya yaşamaqda. Bu dünyada da, o dünyada da qoşa...
100 yaşın o başından
Çox əzab-əziyyətlərdən, psixo-sovetoloji “ölüm”lərdən sonra sağ qalan, bəylik-bəyzadəlik namını saxlaya-saxlaya yazıb-yaradan bu xanımın “olumdan-ölümə” tərcümeyi-halını tam hala gətirmək olduqca çətin. Nədən ki, bu bir lirika-fizika “antoqonizmi”. Defis işarəsinin birinci tərəfi - həm də kübar və evdar-ailədar Azərbaycan qadınının kompleksal surətini yaşayıb-yaratmış bir canlı real bədiiyyat, ikinci tərəfi isə qondarma proletar obrazını özü yaşamadan yaratmaq istəyən qanlı, total partiya-sovetiyyat. Ancaq, hər halda, bu xanım da hər kimlik-nəçilikdən öncə, bir fərd...
1913-cü il iyulun 29-da Gəncədə doğulub. Bəyzadəlik, qənirsiz gözəllik-özəllik qismətləri “azmış” kimi, Tanrı ona özünəməxsus poetik istedad, çox az xanıma xas olan milli-mental kod da bəxş etmişdi. Hələ paytaxta gəlib, dövrün canlı seçilmiş əsərləri içərisində ən seçilmişi ilə - Rəsul Rza ilə rastlaşacağı, onunla Kür-Araz kimi birləşib, ən nümunəvi gender bərabərliyilə axıb sənət Xəzərimizə incilər bəxş edəcəyi bir yana qalsın. Amma bu mənzilə çatmaq üçün o, qısaca coğrafi cığırlar, uzunca tarixi-repressiv yollar keçməli imiş...
On yeddi yaşında Bakı Pedaqoji Texnikumunu bitirir, 1932-1936-cı illərdə Moskva Pedaqoji İnstitutunda təhsilini davam etdirir. Bakı kinostudiyasının ssenari şöbəsində, habelə fəhlə-kəndli məktəbində çalışır. İstedadını, işgüzarlığını sezənlər, geniş dünyagörüşünü duyanlar onu daha üstün məqam-mərtəbələrə dəvət edirlər. “Azərnəşr”də mükəmməl tərcüməçi adıyla tanınır, “sözü anında, üslubu banında” tutan redaktor fəaliyyətində olur. Daha sonra “Uşaqgəncnəşr”də məsul vəzifələr. Dövrün xüsusi diqqət, maraq və məhəbbətilə qarşılanan şeirləri, kitabları ilə bərabər, ədəbi tənqid və ictimaiyyətin yüksək qiymətləndirdiyi, yenicə savadlanmaqda olan fəhlə-kəndli oxucuların “su kimi içdiyi” tərcümələrilə də məşhurlaşır. “İfigeniya” (Evripid), “Məkr və məhəbbət” (F.Şiller), “Vanya dayı” (A.P.Çexov), “Ovod” (E.L.Voyniç) kimi əbədiyyət-ədəbiyyat nümunələrini dilimizə çevirir. Puşkin, Lermontov, Şevçenko, Mitskeviç, Sereteli, Petöfi kimi ölməz klassikləri Azərbaycan dilinin bütün gözəllikləri, rəngarəng incəliklərilə oxucularımıza çatdırır.
Poeziya aləminə 16 yaşında ikən “Dan ulduzu” jurnalında çap etdirdiyi “Çadra” adlı ilk şeirilə düşən Nigar xanımın ilk kitabı 1934-cü ildə - ömrünün iyirmi birinci baharında işıq üzü görür. “Şeirlər” adlı o kitab, sonraların “ədəbi tənqid”inin əkiztayı kimi doğulan “uğurlu yol”a dönür. O, qırmızı sovetlərin “ictimai mənşəyi” adlı paraqrafına rəğmən müxtəlif baryerlərlə üzləşib, çox məşəqqətlər çəksə də, yaradıcılıq yarına olan sonsuz sevgisi onu daim sənətə - deməli, əbədi sabaha səsləyib. Həmin o sonsuz sənət-sevgi ömrün gənclik düşərgəsində elə bir insan-məhəbbətlə də çulğaşıb-birləşib ki, daha ona heç bir qurama qüvvə mane ola bilməyib. Bu məhəbbətin Məcnun tayı “Gözlərinə denən ki, yuxuma girməsinlər!” kimi əfsanəvi poetik namələr nidalayır, Leyli tayı isə “Ala gözlüm, səndən ayrı gecələr - Bir il kimi uzun olur, neyləyim?” suallayırdı. Belə məsələlərdə - poetik qəlb aləmində hər biri tam azad olan bu cütlük böyük milli amal platformasında - çəkici eyni zindana vururdu: “Mübarizə bu gün də var, yarın da, Mən də onun ən ön sıralarında!” Bu fikirlər çevrəsində isə Vətən sual-cavabları yaranırdı. Müharibələr əleyhinə, sülh, demokratiya, insanilik, azadlıq naminə düşüncə-daşıncalar doğulurdu. Ömrün sonunadək “Anaların səsi”, “Günəşin cavabı”, “İşıqlı dünyam”, “Bizə bahar yaraşır”, “Həzin bir axşamda düşsən yadıma” və daha doqquz kitab üzərinə onun imzası vurulurdu. Nə deyirdi, nə yazırdı -
O zərif imza...
Çiçəklərin çəkir gözü intizar,
Ayrılıqdan betər dünyada nə var?
Yaz axşamı səni bil ki, bu Nigar
Həzin-həzin yada salır, neyləyim?
* * *
Mən ki, doymamışdım heç vüsalından,
Mənə zülm elədi yaman ayrılıq.
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq...
* * *
Mən sizi bir daha görə bilməsəm,
Xatirəmi əziz saxlayın, dağlar.
Döşünüzdən lalə dərə bilməsəm,
Siz məni aranda yoxlayın, dağlar...
Mən ki, çox sevərdim dağ havasını,
Sevən ürəklərin xoş sevdasını,
Bir qərib gəlinin tutub yasını,
Dost üçün doyunca ağlayın, dağlar.
* * *
Qadın olmasaydım əgər,
Qazanların, qabların,
Nimçələrin, çömçələrin
aləmindən qaçardım...
...Ürəyim bu mətbəx aləmində
yaman darıxır,
Mən
Bir azca da şairəm axı...
* * *
Əlvida, otağım, mavi dənizim,
Əlvida, qumlarda görünən izim.
Yollara tökülən xəzəl, əlvida,
Soyuq təbiətli gözəl, əlvida.
Dənizdən xoş əsən həzin rüzgarım,
Sahilə düzülən qağayılarım,
Suda qanad açan yelkən, əlvida...
Sabah ayrılıram sizdən, əlvida...
Görüşə gələndə hər yay, hər payız
Sizi yenə belə xoşhal görəydim.
Dünya sevinc ilə dolaydı yalnız -
Hicran görməyəydim, vüsal görəydim.
...Dəniz də dostlaşar, çay da dostlaşar -
İnsanlar dünyada dost olsa əgər...
Bu poetik arzu-diləkdən sonra yenə həmin “dilemma”. Yəni “neyləyim”, nə deyim, nə yazım? Uzaq başı bunu demək olar ki, onun dost olmağa səslədiyi insanlar gündə bir-iki kupletlik vaxt ayırıb, bu kimi klassikləri də oxusalar əgər, cəmiyyətimizin ərlik-xanımlıq etiketləri daha yüksəkliklərə ucalar...
Tahir Abbaslı