Prezident İlham Əliyev iyulun 19-da tanınmış xalçaçı rəssam Kamil Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, 2011-ci ilin oktyabr ayında müasir Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Azərbaycanın Xalq rəssamı Kamil Müseyib oğlu Əliyevin 90 illiyi tamam olur. Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Kamil Əliyevin mühüm xidmətləri var. Onun əsərləri öz orijinallığı və monumentallığı ilə səciyyələnərək mədəniyyətimizin parlaq səhifəsini təşkil edir.
Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Kamil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.