Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi 40 il fəaliyyət göstərib. 250-dən artıq müəllim hazırlayıb. Onlar maarif, mədəniyyət və incəsənət carçıları kimi tarixdə iz qoyublar.
Səfərəli bəy Vəlibəyov Qori Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlı gəncdən biri olub. Ömrünün təxminən 20 ilini pedaqoji işə sərf edib, onlarla istedadlı gənc yetişdirib. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov kimi görkəmli şəxsiyyətlər ibtidai təhsillərini ondan alıblar.
Səfərəli bəy Şeyx Həsən oğlu Vəlibəyov 1861-ci ildə Şuşada dünyaya göz açıb. İlk təhsilini mollaxanada alıb, ərəb və fars dillərini mükəmməl öyrənib. 1875-1879-cu illərdə Şuşa dördsinifli şəhər məktəbində təhsilini davam etdirib. 1879-cu ildə Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsi açılır. Azərbaycan şöbəsinin rəhbəri, məşhur maarifpərvər Aleksey Çernyayevski tələbə toplamaq məqsədilə Şuşaya gəlir. Söhbət etdiyi gənclər arasında Səfərəli bəy Vəlibəyov diqqətini daha çox çəkir. Onun hazırlıqlı gənc olduğunu görüb sevinir. Gənc oğlanı seminariyanın ikinci sinfinə qəbul edir...
1879-1893-cü illərdə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə rəhbərlik edən A.Çernyayevski qabaqcıl fikirli, geniş dünya görüşlü müəllim kadrların hazırlanmasında böyük əmək sərf edib. Səfərəli bəy Vəlibəyov onun sevimli tələbələrindən idi. O da öz növbəsində müəlliminə bir çox işlərində yaxından köməklik göstərir. Onun “Vətən dili” (I hissə) kitabının ərsəyə gəlməsində yaxından iştirak edir.
Təhsilini (1881-1896) başa vurduqdan sonra müəllim kimi seminariyada qalır. İlk pedaqoji fəaliyyətinə burada başlayır. Eyni zamanda tələbələrin sinifdənkənar məşğələləri ilə məşğul olur. Pedaqoji fəaliyyətini yay tətilində də davam etdirirdi. Tətil zamanı Şuşaya dincəlməyə gələrkən orada uşaqlara pulsuz dərs deyir. Şuşa və ətraf kənd məktəblərində dərs deyən müəllimlərlə yaxından söhbətlər aparır, onları yeni üsul dərs metodikası ilə tanış edir.
O, seminariya daxilində gedən məfkurə mübarizəsində də fəallıq göstərir. Qafqaz təhsil orqanlarının irticaçı başçıları Azərbaycan dilini seminariyanın tədris proqramından çıxarmağa cəhd edirlər. S.Vəlibəyov müəllim həmkarları A.Çernyayevski, Ə.Axundzadə və N.Lomouri ilə birlikdə bu mürtəce siyasətə qarşı çıxır. O, müasirləri arasında bir çox fərdi keyfiyyətləri ilə diqqət çəkir. Görkəmli maarif xadimi, ustad metodist, bacarıqlı tərcüməçi və hərtərəfli biliyə malik alim kimi tanınır. Onun “Vətən dili” (II hissə, A.Çernyayevski ilə birlikdə) dərsliyi, rus dilindən etdiyi tərcümələr, “Qüdrəti-Xuda”, “Üsuli-cədid”, tarix, ədəbiyyat, coğrafiya kitabları və “Xəzineyi-əxbar” adlı ensiklopedik səciyyəli əsəri uzun illər azərbaycanlı uşaqların sevdikləri kitablar olub.
Onun maraqlı jurnalistik fəaliyyəti olub. Gənc publisist kimi “Ziyayi-Qafqaziyyə”, “Tərcüman”, “Kəşkül”, “Kafkaz”, “Novoye obozreniye”, “Kaspi” qəzetlərində çıxış edir. “Türk dili barəsində”, “Qoridən məktub”, “Təzə kitabxana və qiraətxana”, “Tiflisdən məktub” və digər məqalələrində dövrün mühüm ədəbi və ictimai hadisələrinə münasibət bildirib.
XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyalıların ana dili məktəbi yaratmaq cəhdləri get-gedə artır. Bakı, Naxçıvan, Şəki, Şamaxı və digər şəhərlərdə ayrı-ayrı şəxslər, mütərəqqi maarifçilər ibtidai təhsil verən ana dili məktəbləri açmaqda davam edirdilər. Belə məktəblərdən biri 1883-cü ildə Şuşada Səfərəli bəy Vəlibəyov tərəfindən açılır. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyub.
O dövrdə Azərbaycan dilinin tədrisinə dair müxtəlif adda xeyli kitab tərtib edilib. Azərbaycan dilində tərtib edilən oxu kitabları içərisində Səfərəli bəy Vəlibəyovun (1888) Tiflisdə “Kəşkül” qəzetinin mətbəəsində çap etdirdiyi risalə xüsusi əhəmiyyət kəsb edir. Araşdırmalarda göstərilir ki, kitabın titul səhifəsində rus dilində bu sözlər yazılıb: “Knijka dlya samostoyatelnoqo çteniya na tatarsko-azerbaydjanskom nareçii”. Azərbaycan dilində isə kitabça belə adlanır: “İbtidai məktəb şagirdlərinə məxsus və hüsnü əxlaqa dair Azərbaycan dilində oxu risaləsi”. Risaləyə “Qüdrəti-Xuda” (“Allahın qüdrəti”) sözləri epiqraf seçilib. Kitab Sankt-Peterburq şəhərindəki S.Şedrin adına Dövlət Kütləvi Kitabxanasının “SSRİ xalqlarının ədəbiyyatı” şöbəsində saxlanılır.
Səfərəli bəy Vəlibəyovun elmi-pedaqoji fəaliyyətində məşhur tatar maarifçisi İsmayıl bəy Qasprinski ilə görüşü böyük rol oynayıb. XIX əsrin 90-cı illərində o, Firidun bəy Köçərli ilə İsmayıl bəyin yaşadığı Baxçasaraya gedir. Görüş onda böyük təəssürat yaradır. Bir müddət sonra bu görüş barədə Firidun bəy Köçərli yazır: “1890-cı ildə həqir müsəlman şöbəsinin nəzdindəki ibtidai məktəbin sabiq müəllimi Səfərəli bəy Vəlibəyovla möhtərəm ustadımızı ziyarət etmək məqsədilə Baxçasaraya səfərə çıxdıq. On gündən çox İsmayıl bəy öz evində bizi qonaq saxladı. Möhtərəm həyat yoldaşı ilə bizlərə çox-çox yaxşılıqlar etdilər ki, heç vaxt o nəvazişlər unudulmaz”.
Səfərəli bəy Vəlibəyov 1896-cı ildə Qoridən Bakıya köçür. Burada bir müddət pedaqoji fəaliyyətlə məşğul olur. Sonra Bakı gömrükxanasında işə düzəlir, tərcüməçi vəzifəsində çalışır. 1902-ci il avqustun 31-də ömrünün coşqun çağında ürək xəstəliyindən vəfat edir...
Savalan Fərəcov