Azərbaycan
31 yanvar 1879 - Məşhur satirik şair Səməd Mənsur (Səməd Hacı Əhməd oğlu Kazımov; 1879 - 3.1.1927) Bakının Əmircan kəndində doğulub. "Molla Nəsrəddin", "Şeypur", "Bəsirət" və s. jurnallarda şeirləri dərc edilib. Milli teatr tariximizdə xidmətlər göstərib. “Səfa” cəmiyyətinin (1907-1918) yaradıcısı olub, cəmiyyətin nəzdindəki teatr üçün pyeslər yazıb, tərcümələr edib.
31 yanvar 1884 - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (1884 - 6.3.1955, Ankara) Bakının Novxanı kəndində doğulub. 1918-ci ildə Zaqafqaziya Seymində Azərbaycan fraksiyasına rəhbərlik edib, mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib. Xalq Cümhuriyyətinin süqutundan sonra mühacirətə gedib. Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib. Dövrün mətbu orqanlarında yazılarla çıxış edib. Bakıda "Açıq söz" qəzetini, mühacirətdə "Azəri türkü", "Odlu yurd", "Qurtuluş" jurnallarını, "Bildiriş”, "İstiqlal" qəzetlərini nəşr etdirib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı", "Çağdaş Azərbaycan tarixi" və s. əsərlərin müəllifidir. Ankarada vəfat edib, Əsri qəbiristanlığında dəfn olunub.
31 yanvar 1915 - Tanınmış aktrisa, Xalq artisti Vera Karlovna Şirye (1915-2003) anadan olub. Uzun illər Azərbaycan Dövlət Rus Dram Teatrında çalışıb.
31 yanvar 1924 - Tanınmış şair, yazıçı, Əməkdar incəsənət xadimi Əli Tudə (Əli Əliqulu oğlu Cavadzadə; 1924 - 26.2.1996) Bakıda anadan olub. Əslən Ərdəbilin Çanaxbulaq kəndindəndir. Ata-anasını erkən itirib. 1938-ci ildə nənəsi ilə Cənubi Azərbaycana köçməyə məcbur olub, azadlıq hərəkatında iştirak edib. Hərəkatın süqutundan sonra 1946-cı ildə Bakıya gəlib. Kitabları: “Araz üstə palıd”, “Mənə elə baxma” (nəsr), “Təbriz yolu” və s.
31 yanvar 1963 - Görkəmli aktyor, SSRİ Xalq artisti Ələsgər Hacıağa oğlu Ələkbərov (26.3.1910 - 1963) vəfat edib. Teatr tamaşalarında (“Vaqif” - S.Vurğun, “Otello” - U.Şekspir və s.), kinoda (“Fətəli xan”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Ögey ana”, “Böyük dayaq” və s.) unudulmaz obrazlar yaradıb.
1 fevral 1949 - Türkiyənin paytaxtı Ankarada "Azərbaycan Kültür Dərnəyi" təsis edilib. Bu, dünyada azərbaycanlı diasporunun təşkilatlanması sahəsində ilk addım idi.
1 fevral 2004 - Rejissor, aktyor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (6.2.1927 - 2004) vəfat edib. 60-dan çox televiziya tamaşasına, “İtkin gəlin” teleserialına quruluş verib. “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Səhər”, “Sehrli xalat” və s. filmlərdə çəkilib.
2 fevral 1891 - İctimai xadim, jurnalist, tərcüməçi Ceyhun bəy Əbdülhüseyn oğlu Hacıbəyli (1891 - 22.10.1962) anadan olub. Dahi bəstəkar Üzeyir Hacıbəylinin kiçik qardaşıdır. Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” qəzetinin redaktoru olub. Fransaya mühacirətə gedib, orada vəfat edib. Məzarı Parisdədir.
2 fevral 1912 - Xalq artisti, rejissor Məhərrəm Kazım oğlu Haşımov (1912-2.5.1969) anadan olub. Gənc Tamaşaçılar Teatrında, Dövlət Rus Dram Teatrında baş rejissor işləyib.
2 fevral 1932 - Tanınmış dilçi alim, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Ağamusa Ağası oğlu Axundov Kürdəmirdə doğulub. AMEA-nın humanitar və ictimai elmlər bölməsinin akademik katibi, Dilçilik İnstitutunun direktoru işləyib. “Şöhrət” ordeni ilə təltif edilib.
2 fevral 1936 - Əməkdar mədəniyyət işçisi, bəstəkar Rəşid Rza oğlu Məmmədov anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında bir çox tamaşalara musiqi yazıb.
2 fevral 1996 - Azərbaycan gənclərinin ilk ümumrespublika forumu keçirilib. Forumda Prezident Heydər Əliyev iştirak edib. Prezident Heydər Əliyevin imzaladığı fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir.
3 fevral 1962 - Xalq artisti, aktyor Səməd Məmməd oğlu Möhləvi (20.2.1900 - 1962) vəfat edib.
3 fevral 1949 - Xalq rəssamı Hüseynqulu Əli oğlu Əliyev Ordubad rayonunun Bist kəndində anadan olub. 1988-ci ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamıdır.
3 fevral 1990 - Görkəmli aktyor Hamlet Xanızadə (5.6.1941 - 1990) vəfat edib. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə çəkilib. Televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb.
4 fevral 1939 - Xalq artisti, aktyor Tariyel İsgəndər oğlu Qasımov Ağstafanın Köçəsgər kəndində anadan olub. Gənc Tamaşaçılar Teatrının aktyorudur. “Axırıncı aşırım”, “Vulkana doğru”, “Doğma sahillər” və s. filmlərdə çəkilib.
4 fevral 1945 - Görkəmli müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlu anadan olub. “Qorxma, mən səninləyəm!” (baş rolun ifaçısı), “Uşaqlığın son gecəsi”, “Babək”, “Ən vacib müsahibə”, “İstintaq davam edir”, “Sevinc buxtası”, “Hökmdarın taleyi”, "Dolu" və s. filmlərə musiqi yazıb. 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri olub. 2006-cı ildən ölkəmizin Rusiyada səfiridir.
4 fevral 1956 - Xalq artisti, xanəndə Səkinə Qulu qızı İsmayılova anadan olub. Opera və Balet Teatrında Leyli ("Leyli və Məcnun", Ü.Hacıbəyli), Ərəbzəngi ("Şah İsmayıl", M.Maqomayev) və s. partiyaları uğurla ifa edib.
Dünya
31 yanvar 1715 - Fransız materialist filosofu Klod Adrian Helvetsi (Claude Adrien Helvetius; 1715-26.12.1771) anadan olub. Əsərləri: “Xoşbəxtlik”, “Ağıl haqqında” və s.
31 yanvar 1797 - Avstriya bəstəkarı Frans Şubert (Franz Peter Schubert, 1797-1828) anadan olub. Musiqidə romantizmin banilərindən biridir. “Alfonso və Estrella” operası, doqquz simfoniya, 600-dən çox mahnının müəllifidir.
31 yanvar 1921 - Amerika opera müğənnisi, aktyor Mario Lansa (Mario Lanza - əsl adı Alfredo Arnoldo Cocozza, 1921-1959) anadan olub.
31 yanvar 1924 - Gürcü kinorejissoru, SSRİ Xalq artisti Tengiz Abuladze (1924-1994) anadan olub. Filmləri: “Mən, nənəm, İiliko və İllarion”, “Yalvarış”, “Arzu ağacı”, “Tövbə” və s.
31 yanvar 1935 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1994) laureatı Kendzaburo Oe anadan olub. Əsərləri: “Şəxsi təcrübə”, “Müasirlərin oyunu”, “Həyatın qohumları”, “İkiyüzyaşlı uşaq”, Əziz keçmişə məktublar” və s.
31 yanvar 1937 - Litva aktyoru, SSRİ Xalq artisti Reqimantas Adomaytis (Regimantas Adomaitis) anadan olub. Filmləri: “Bu şirin söz - azadlıq”, “Həyat gözəldir”, “İlğım” və s.
31 yanvar 1939 - Rusiyanın Xalq artisti, tanınmış aktyor Aleksandr Poroxovşikov (1939 - 15.4.2012) anadan olub. Filmləri: “Özgələr arasında doğma, özününkülər arasında yad”, “Kapitan Nemo”, “Voroşilov nişançısı” və s.
31 yanvar 1987 - SSRİ Xalq artisti Veriko İvlianovna Ancaparidze (6.10.1900 -1987) vəfat edib. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində ana rolunda çəkilib.
1 fevral 1895 - Amerika kinorejissoru, rejissorlar arasında ən çox (4 dəfə) “Oskar” mükafatına layiq görülmüş Con Ford (John Ford - John Martin Feeney; 1895-1973) anadan olub.
1 fevral 1901 - Amerika aktyoru, “Oskar” laureatı Klark Qeybl (William Clark Gable; 1901-1960) anadan olub. «Küləklə sovrulanlar» filmində Rett Bartler rolu ilə məşhurlaşıb.
1 fevral 1942 - Rusiyanın Xalq artisti, məşhur müğənni Lev Valeryanoviç Leşşenko anadan olub.
1 fevral 1999 - Məşhur türk musiqiçisi, bəstəkar, televiziya aparıcısı Barış Manço (2.1.1943 - 1999) vəfat edib. Türkiyədə rok musiqisinin öncüllərindən biridir. Bəstələdiyi 200-dən çox mahnı ona 12 qızıl və 1 platin albom (1 milyon satış) qazandırıb. Hazırladığı televiziya proqramları ilə bir çox ölkələrdə səfərdə olub.
2 fevral 1595 - Niderland rəssamı, klassisizmin tanınmış nümayəndəsi Yakob van Kampen (Jacob van Campen, 1595-1657) anadan olub.
2 fevral 1616 - Fransız rəssamı Sebastian Burdon (Sebastien Bourdon, 1616-1671) anadan olub.
2 fevral 1700 - Alman yazıçısı və mədəniyyət xadimi Yohann Kristof Qottşed (Johann Christoph Gottsched; 1700-1766) anadan olub.
2 fevral 1873 - Avstriya bəstəkarı Leo Fall (1873-1925) anadan olub. “Madam Pompadur”, “Dollar şahzadəsi” və s. operettaların müəllifidir.
2 fevral 1875 - Avstriya əsilli Amerika bəstəkarı, skripkaçı, XX əsrin ən tanınmış ifaçılarından biri Frits Kreysler (Fritz Kreisler; 1875-1962) anadan olub.
2 fevral 1882 - İrland yazıçısı və şairi, modernizmin nümayəndəsi Ceyms Coys (James Augustine Aloysius Joyce; 1882-1941) anadan olub.
2 fevral 1883 - Rus bəstəkarı, məşhur musiqiçilər ailəsi Qnesinlərin nümayəndəsi Mixail Fabianoviç Qnesin (1883-1957) anadan olub. Onun beş bacısı da tanınmış musiqiçi olub. Qnesinlər adına Rusiya Musiqi Akademiyasının əsasını onlar qoyublar.
2 fevral 1934 - Tanınmış gürcü rejissoru Otar İoseliani anadan olub. 1984-cü ildə Fransaya mühacirət edib, 2006-da Gürcüstana qayıdıb. Filmləri: “Ayın favoritləri”, “Nəğməkar qaratoyuq vardı”, “Çoban” və s.
3 fevral 1809 - Alman bəstəkarı, dirijor Feliks Mendelson (Jakob Ludwig Felix Mendelssohn Bartholdy; 1809-4.11.1847) anadan olub. Məşhur “Toy” marşının müəllifidir.
3 fevral 1872 - Rus memarı, neoklassisizmin nümayəndəsi İvan Aleksandroviç Fomin (1872-1936) anadan olub.
3 fevral 1899 - Çin ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq Lao Şe (1899-1966) anadan olub.
4 fevral 1900 - Fransız şairi, kinossenarist Jak Prever (Jacques Prevert, 1900-1977) anadan olub.
4 fevral 1915 - İngilis aktyoru, “mister Pitkin” haqqında kinokomediyalarda baş rolun ifaçısı Norman Uizdom (Norman Joseph Wisdom, 1915-2010) anadan olub.
Hazırladı: Vüqar Orxan