Dekabrın 21-22-də Fransanın Strasburq şəhərində Dünya Mədəniyyətlərarası Dialoq Forumunun İşçi Qrupunun növbəti iclası keçirilib.
   
   İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Vasif Eyvazzadə, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Arif Məmmədov və nümayəndəliyin ikinci katibi Aqil Günəşov, eyni zamanda tərəfdaş beynəlxalq təşkilatlar olan UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin məsul şəxsləri iştirak edib. Görüş 2013-cü ilin aprelində Bakıda keçirilməsi nəzərdə tutulan növbəti Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq məqsədi daşıyır. İclasda tədbirin proqramı və müzakirə sənədləri, müvafiq beynəlxalq təşkilatların bu prosesdə rolu və vəzifələri və s. məsələlər müzakirə olunub.
   Görüş zamanı Mədəniyyətlərarası dialoq üzrə Qlobal Tədqiqat (Think-tank) Qrupunun yaradılması, onun nizamnaməsi və cəlb ediləcək dünyanın bütün qitələrindən tanınmış ekspertlərin müəyyən edilməsi ətrafında müzakirələr aparılıb.
   Qeyd edək ki, “Think-Tank” qrup tərəfindən Dünya Forumunun gündəliyində duracaq məsələlərə dair müzakirə sənədlərinin hazırlaması nəzərdə tutulur. Tədqiqat qrupunun nizamnamə layihəsi hələlik onun fəaliyyətinin ümumi çərçivəsini müəyyən edir. Sənədin təfərrüatlarının Forumun beynəlxalq tərəfdaşları ilə müzakirə olunduqdan sonra yekun variant kimi qəbul edilməsi və 2012-ci ilin aprel ayında Təsis Konfransının keçirilməsi nəzərdə tutulur.
   Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildə bir keçirilməsi barədə 2011-ci ilin 27 may tarixli fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi Forumun təşkilində əlaqələndirici qurum kimi müəyyən edilib.