XX yüzilliyin əvvəlləri, bir sıra çətinliklərə baxmayaraq, Azərbaycanda qadınların mədəni mühitdə tədricən fəal rol oynamağa başladığı dövr idi. O dövrdə bir xanım soydaşımız da sənət aləminə doğru addımlayırdı və adı sonradan mədəniyyət tariximizə ilk qadın rejissor kimi düşəcəkdi. Bu, görkəmli mollanəsrəddinçi şair, publisist Əliqulu Qəmküsarın qızı Qəmər Salamzadə idi...
Qəmər Salamzadə 5 may 1908-ci ildə Naxçıvanda dünyaya göz açıb. 1912-ci ildə ailəsi Tiflis şəhərinə köçür. Atası 1919-cu ildə burada menşeviklər tərəfindən qətlə yetirilir. Qəmər əmisi Rzaqulu Nəcəfovun himayəsində qalır.
O, orta təhsilini başa vurduqdan sonra 1929-cu ildə Moskvaya gedərək Dövlət Kinematoqrafiya Texnikumuna daxil olur, kino sənətinin sirlərini dərindən öyrənir. Məşhur kinorejissor Aleksandr Dovjenkonun yanında təcrübə keçir.
Təhsilini başa vurduqdan sonra Bakıya dönən Q.Salamzadə 1931-32-ci illərdə rejissor Rza Təhmasib, rəssamlar Salam Salamzadə və Rüstəm Mustafayevlə birlikdə aspiranturada oxuyur. Bu dövrdə “Natəvan” və “Nizami” qısametrajlı filmlərinin ssenarisini yazır.
Kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə araşdırmasında yazır ki, hər dəfə hansısa filmin rejissorluğu ona tapşırılanda bir erməni, ya da bir rus peyda olub və iş ondan alınıb. Buna baxmayaraq, o, həvəsdən düşməyib, fəaliyyətini uğurla davam etdirib.
1935-ci ildə Abdulla Şaiqin "Oyunçu bağa" hekayəsi əsasında çəkilən “Rəqs edən bağalar” səssiz filmində ikinci rejissor olur. Onun ikinci rejissor Aleksandr Popovla birgə quruluş verdiyi daha bir film “Dəcəl dəstə” (1937) idi. Film Bakının beynəlmiləl orta məktəblərindən birinin şagirdlərinin gündəlik qayğılarından danışır.
Onu da qeyd edək ki, “Dəcəl dəstə” filmi 40-cı illərdə Moskvaya aparılır və Rusiya Dövlət Film Fonduna verilir. Uzun illər bu ekran əsərindən səs-soraq eşidilmir. Azərbaycan Dövlət Film Fondu əməkdaşlarının gərgin axtarışlarından sonra Rusiya Dövlət Film Fondunda aşkar edilir. 2008-ci ildə ölkəmizə gətirilərək tamaşaçılara təqdim olunur. “Dəcəl dəstə” bədii-oyun film kimi kino tariximizdə ikinci uşaq filmi hesab olunur.
1944-cü ildə kinostudiyaya yazıçı Mehdi Hüseynin rəhbərlik etdiyi dövrdə Qəmər Salamzadəyə, nəhayət, müstəqil iş tapşırılır. O, həkim Hüsniyyə Diyarova haqqında “Şəfa nəğməsi” sənədli filminin ssenari müəllifi və rejissoru olur.
İlk qadın rejissor ünvanına sahib olan Q.Salamzadənin sənət tərcümeyi-halına müstəqil rejissor kimi ancaq bir neçə film yazılıb. Rejissorluq fəaliyyətinə başladıqdan sonra o, ictimai-iqtisadi, siyasi-mədəni həyatda gedən dəyişikliklərdən bəhs edən “Qızıl kol” filminə rejissor köməkçisi təyin edilir. Müstəqil həyata başlayan gənclərdən danışan “Əlsiz adamlar” filminin (1932) rejissor assistenti olur.
Q.Salamzadə sonrakı illərdə “Səbuhi”, “Bir ailə” filmlərində rejissor assistenti olub. Tanınmış sənətkar eyni zamanda “Kiçik pəncərədən görünən dünya” kitabının müəllifidir. Qəmər Salamzadə 1994-cü ildə, 86 yaşında vəfat edib.
Savalan Fərəcov