İnsan xəstəlikləri, onların müxtəlif müalicə üsulları ilə sağaldılması bəşəriyyəti hər zaman düşündürüb. Sivilizasiyanın beşiyi hesab edilən Qədim Şərqdə təbiblər müxtəlif maddələrin, bitkilərin köməyi ilə bir sıra müalicəvi məlhəmlər düzəldirdilər. Bu məlhəmlər vasitəsi ilə onlar həmin dövrdə bəzi sağalmaz xəstəliklərə əlac edə biliblər. İllər keçdikcə Şərq təbabəti daha da mükəmməlləşdi. Dünya təbabəti hər zaman təkmilləşən güclü Şərq müalicə üsullarından bəhrələnmək məcburiyyətində qalıb. Bu təbabətin insan sağlamlığına yanaşma üsulu isə fərqlidir. XVII əsrə qədər Şərq təbibi İbn Sinanın təbabətə dair yazdığı kitab bütün Avropa həkimlərinin stolüstü kitabı idi. Hər zaman özünü təsdiqləyən Şərq təbabəti daim axtarışda olub. Son illər isə Qərbin Şərq təbabətinə, o cümlədən orta əsrlərdə yaşamış azərbaycanlı loğmanların reseptlərinə marağı artmaqdadır. Qeyd edək ki, tibbə dair əlyazmaların Azərbaycanda ilk araşdırmaçısı AMEA-nın Əlyazmalar İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri, Azərbaycan Tibb Tarixçiləri Birliyinin rəhbəri Fərid Ələkbərli olub. Məhz onun səyləri nəticəsində orta əsrlərdə yaşayan loğmanlarımızın reseptləri aşkar edilib və dünyaya tanıdılıb. Məlumat üçün bildirək ki, orta əsr loğmanlarının əsərlərini tərcümə edərək, müasir oxuculara kitab şəklində təqdim edən müsahibimizin məqalələri Avropa və Amerikada nəşr edilən elmi jurnallarda dərc olunub. Onunla söhbətimiz son illər qədim təbabətə marağın artması ilə bağlı oldu.
 
- Fərid müəllim, siz 20 il məhz Azərbaycanın qədim tibbi əlyazmaların araşdırılması ilə məşğul olmusunuz. Məlumdur ki, sizə qədər Azərbaycanda bu sahə ilə maraqlanan olmayıb. Qədim təbabətə dair əlyazmaları öyrənmək marağınız haradan yarandı?

- Xalqımızın tarixinə, onun mədəniyyətinə, milli dəyərlərinə həmişə marağım olub. Fikirləşmişəm ki, milli mədəniyyət çoxşaxəlidir. Tarix təkcə hansısa şahların, hansısa sülalələrin gəlib-getməsi, hansısa döyüşlərin baş verməsi demək deyil. O həm də xalqın görkəmli nümayəndələrinin, o cümlədən onun loğmanlarının, həkim və alimlərinin yaradıcılığından ibarətdir. Əgər bunlar varsa, deməli, milli mədəniyyət var və millət doğrudan da ümumdünya mədəniyyətinə hansısa bir töhfə verib. Azərbaycanda tibb elminin qədim tarixi olsa da, bu, araşdırılmayıb. Əvvəllər bunu çox səthi formada öyrəniblər. Mən 1986-cı ilin sonunda Əlyazmalar İnstitutuna gələndən tibb üzrə əlyazmaları öyrənməyə başladım. Ərəb əlifbası ilə yazılan bu əlyazmaların sayı həddindən artıq çox idi. Demək olar ki, bizim bütün yazılı irsimiz ərəb əlifbasındadır. Əlyazmaların 22-si fars dilində yazılıb. Türk dilində yazılmış kitab da var idi. Aşkar etdim ki, Azərbaycanda XI əsrdən bu yana bir çox məşhur həkimlər yaşayıb və onlar dünya tibb elminin inkişafına çox böyük töhfələr veriblər. Onlar öz əsərlərində demək olar ki, yaşadıqları dövrdə məlum olan bütün xəstəliklərin müalicəsindən xəbər verirlər.

- Maraqlıdır, onların sayı nə qədər idi?

- Orta əsrlərdə Azərbaycanda 724 dərman bitkisindən istifadə olunub. Halbuki bu gün müasir Azərbaycan xalq təbabəti ilə birlikdə elmi təbabəti cəmləşdirərək nəşr edilən kitabda onların sayı birlikdə 400-dür. Yəni dərman bitkilərinin 300-dən çoxu unudulub. Mən onların siyahısını da tərtib etmişəm və kitab şəklində həm xaricdə, həm də Azərbaycanda dərc etmişəm. Bu da ki, alimlərin marağına səbəb olub. ABŞ-ın Botanika Cəmiyyətinin jurnalı bu məqalələri dərc edib. Orda ilk dəfədir ki, azərbaycanlı müəllifin məqaləsi dərc olunur.

- Qədim loğmanlar təbabətə aid nəyi bilirdi ki, müasir həkimlər indi onları bilmir? Ümumiyyətlə, müasir həkimlərimizin xalq təbabətini bilməsi vacibdirmi?

- Orta əsrlərdə insanların təbiətlə bağlantısı daha çox idi, nəinki indi. İndi sünilik daha çoxdur. Doğrudur, indi bizim çox güclü preparatlarımız var. Amma sizə deyim ki, biz kimyəvi dərmanlarla müalicəyə həddindən artıq çox bağlanırıq. Təbiətə qayıtmaq lazımdır. İndi Amerika və Avropada bunu başa düşürlər. Ona görə bitkilərdən dəmlənmiş təbii çaylardan daha çox istifadə edirlər. Məsələn, mən XVII əsrdə yaşamış Məhəmməd Mömin adlı loğmanın kitabından bir resept tapmışam. Həmin reseptə əsasən, dəridə olan xərçəng xəstəliyi kələm yarpağı ilə müalicə olunur. Mən onu oxuyanda inanmadım. Fikirləşdim ki, xərçəng kimi dəhşətli bir xəstəlik hara, kələm hara. Amma sonra oxudum ki, Amerika alimləri hazırda kələm suyunun xərçəngə qarşı təsirini yoxlayıblar və belə bir qərara gəliblər ki, kələm suyu dəmlənməmiş, çiy şəkildə dəri xərçənginin böyüməsinin qarşısını alır. Amma XVII əsrdə nə cihazlar, nə mikroskoblar, nə də o tədqiqat üsulları var idi. Bizim loğmanlarımız böyrək xəstəliklərinin də müalicəsini tapmışdılar. Onlar daha geniş ardıc və sərv ağacının qozalarından istifadə edirdilər. Qozaları suda qaynadıb, suyunu xəstəyə verirdilər. Mən həkimlərlə birlikdə bu reseptləri sınaqdan keçirmişəm və müasir dərmanlardan da çox güclü effekt göstərir. Adicə mixəyi götürüb çeynəyəndən sonra insan yorğunluqdan və əzginlikdən qurtulur. Çünki mixəyin tərkibində efir yağları var. Efir yağları insanın sinir sisteminə təsir edir, insana enerji verir. Ümumiyyətlə, müasir təbabətdə də bu bitkilərdən alınan efir yağlarından geniş istifadə edilir. Məsələn, dazıotu hazırda Amerikada çox məşhurdur. Amerikalılar bizim dərc etdiyimiz reseptlər əsasında belə bir fikrə gəliblər ki, doğrudan da dazı otundan müasir təbabətdə istifadə etmək olar. Amerikada səhiyyə üzərində güclü nəzarət var. Əgər bu otların xeyri olmasaydı, heç vaxt imkan verilməzdi ki, onları təbliğ etsinlər və satsınlar.

- Amma bir məsələ da var ki, bizim həkimlər xalq təbabəti ilə müalicə vasitələrinə bir qədər neytral mövqedən yanaşırlar. Sizcə, bu qeyri-müəyyən münasibət nədən irəli gəlir?

- Müasir həkimləri də qınamaq olmur. Onlar universitetdə 7 il oxuyub, müasir dərmanlar haqqında bilikləri var və bu bilikləri tətbiq etmək istəyirlər. İş orasındadır ki, müasir tibb sistemi ilə orta əsrlərdəki tibb sistemi bir-birinə ziddir. Ümumiyyətlə, orta əsrlərdə belə hesab olunurdu ki, insan kompleks şəkildə müalicə olunmalıdır. Loğmanlar hesab edirdi ki, insan sağlam həyat tərzi keçirməlidir. Bundan başqa, loğmanlar insanın yeməyinə, evlərin necə qurulmasına, evlərdə qapı-pəncərənin hansı tərəfdə quraşdırılmasına mühüm əhəmiyyət verirdilər. İnsanın nə vaxt yatması, işlə dincəlmə arasında fasilənin nə qədər olması da sağlamlıq üçün vacib faktor sayılırdı. Bədən tərbiyəsi də bu konsepsiyaya daxil edilmişdi. İndi Amerikada da buna çox fikir verirlər. Amma burada ziddiyyətli məqamlar da ortaya çıxır. Məsələn, amerikanlar hesab edirdi ki, heyvan yağları qanın yaxşı inkişafına mane olur. Lakin bizim əcdadlarımız həmişə heyvan yağları yeyiblər və 150 il də yaşayıblar. Ona görə ki, onlar göyərtidən, ədviyyatdan çox istifadə ediblər.

ZÜMRÜD