Turizm bütün dünyada müasir iqtisadiyyatın ən gəlirli sahələrindən biridir.Azərbaycan da bu baxımdan yüksək potensiallı ölkə olduğundan dövlətin adıçəkilən sahədən gözləntiləri çoxdur. Bu səbəbdən də ölkəmizdə turizm sahəsini inkişaf etdirmək üçün bir çox işlər görülür. Yeni-yeni qurumların yaradılması və onların müasir standartlara uyğun fəaliyyət göstərməsi də bu qəbildəndir. Təsis edilən qurumlardan biri də Azərbaycan hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının birgə layihəsi əsasında yaradılan Bakı Turizm İnformasiya Mərkəzidir. Mərkəz 2006-cı ilin sonlarından fəaliyyət göstərir.
Qurumun rəhbəri Əlibəndə Məmmədov bizimlə söhbətində Bakı Turizm İnformasiya Mərkəzinin gördüyü işlərdən, həyata keçirdiyi və növbəti ildə reallaşdıracağı layihələrdən danışdı:
- Mərkəzimizin fəaliyyətini gün-gündən genişləndiririk. Artıq bir neçə rayonda, o cümlədən Quba, Xaçmaz, Gəncə, Şamaxı, Şəki, Zaqatala, Naxçıvan və Lənkəranda turizm informasiya mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər vasitəsilə regionlarda turizm imkanları araşdırılır, tarixi abidələrimiz, yaşayış kompleksləri, hotellər, turbazalar, müalicəvi istirahət mərkəzləri, ov məkanları və ümumiyyətlə, turizm anlayışına daxil olan yerlər haqqında məlumatlar toplanılır. Sonra bu məlumatlar Bakı Turizm İnformasiya Mərkəzinə ötürülür və buradan da mərkəzin saytı (www.turizm.az) vasitəsilə bütün dünyaya təqdim edilir. Bundan başqa, regional turizm informasiya mərkəzlərində ekskursiya marşrutları da yaradılır. Mərkəzimizin rəhbərliyi ilə onlayn sistemi hazırlanıb, bu yaxınlarda media təmsilçilərinin də iştirakı ilə təqdimatı keçiriləcək. Bu sistem vasitəsilə Azərbaycanın turizm potensialı haqqında bilgilər dünyanın hər yerinə ötürüləcək. Bu bilgilər sırasına turizm məhsullarımız, hotellərimiz, tarixi abidələrimiz, ekskursiya marşrutlarımız və s. haqqında məlumatlar daxildir. Dünyanın istənilən ölkəsindən bu sistem vasitəsilə Azərbaycan turizmi haqqında informasiya götürmək mümkün olacaq və cəmi 3-5 dəqiqə ərzində müraciət edən şəxsə satış təşkil ediləcək. Bunun üçün də lazım olan hər şey hazırdır. Qeyd edim ki, bu sistemin tətbiq edilməsi üçün ilk növbədə mərkəzlər gərək müasir texnologiyaya cavab versin. Bu baxımdan bizdə hazırda hər cür şərait yaradılıb. Bundan başqa, hotellərlə, turoperatorlarla sıx əlaqələr qurulacaq. Gün ərzində müqavilə bağladığımız hotellərdən 3-4 dəfə onlarda nə qədər boş yerin olması və s.-lə bağlı məlumatlar həmin sistemə daxil ediləcək.
- Bəs regionlarda yerləşən turizm informasiya mərkəzlərində necə, onlayn sisteminin tətbiqi üçün imkan varmı?
- İndi bu istiqamətdə regional mərkəzlərdə də iş gedir. Amma hələlik texniki imkanlar baxımından orada istənilən nəticəni almaq mümkün deyil. Bakıda isə artıq pilot layihə kimi bu iş görülüb, 90-95 faiz hazırdır. İndi birbaşa sürətli İnternet xətləri çəkilir. İnşallah, gələn il yanvarın 15-nə qədər sistemin təqdimetmə mərasimi olacaq. Onu da deyim ki, bu sistem Azərbaycanda birinci dəfə tətbiq edilir. Buna görə də bu sahə üzrə mütəxəssislər də azdır. Bunun üçün biz Türkiyənin, Rusiyanın təcrübəsindən istifadə etmişik. Üstəlik, mütəxəssislərimiz həmin ölkələrə təcrübə məqsədilə göndərilib, onların işi ilə yaxından tanış olublar. Bu layihə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin xeyir-duası ilə həyata keçirilir.
Bundan başqa, biz hazırda daha bir proqram üzərində də işləyirik. Bildiyiniz kimi, dövlət xətti ilə Novruz bayramı ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə filmlər festivalı keçirilib. Biz isə bayram ərəfəsində Azərbaycanda "Novruz həftəliyi" adlı festival keçirəcəyik. Bunun üçün artıq tədbirlər planı hazırlanıb və bu plana uyğun olaraq bəzi işlər görülür. 10 dəqiqəlik film və reklamvari klip hazırlanır. Həmin festival onlayn sistemi vasitəsilə bunu dünyaya yayımlanacaq. Bundan əlavə, xarici ölkələrdə fəaliyyət göstərən diasporlarımızla yaxından əməkdaşlıq etmək fikrindəyik. Onlar vasitəsilə biz festival ərəfəsində Azərbaycana turist axınını gücləndirmək istəyirik.
- Belə bir festivalı keçirməkdə əsas məqsədiniz nədir?
- Məqsədimiz xalqımızın adət-ənənəsi, milli bayramlarımız haqqında məlumatları dünyaya yaymaqdır. Bədnam qonşularımız zaman-zaman bizim haqqımızda xoşagəlməz məlumatlar yayıblar. İstəyirik xalqımız barədə düzgün olmayan fikirlər dəyişsin. İnsanlar gəlib necə bir xalq olduğumuzu öz gözləri ilə görsünlər. Son vaxtlar Azərbaycan hökumətinin, şəxsən prezident İlham Əliyevin təşəbbüsü ilə nə qədər işlər görülür, beynəlxalq tədbirlər keçirilir. Bildiyiniz kimi, Bakı 2009-cu ildə İslam ölkələrinin mədəniyyət mərkəzi elan edildi. Bunları nəzərə alaraq, yuxarıda haqqında danışdığım festivalı gerçəkləşdirmək niyyətimiz var. Hesab edirəm ki, Novruz festivalı yalnız bu il yox, ənənə şəklini alaraq hər il keçiriləcək. Onu da qeyd edim ki, bu tədbir təkcə Bakı Turizm İnformasiya Mərkəzinin xətti ilə reallaşmayacaq. Çünki çox ağır bir tədbirdir. Bir neçə aparıcı turoperatorlar da bu işə cəlb olunacaq.
- Bugünlərdə Turizm Şirkətləri Assosiasiyasının təsis edilməsi ilə bağlı tədbir keçirildi. Necə hesab edirsiniz, belə bir qurumun yaradılmasına nə dərəcədə ehtiyac vardı?
- Bildiyiniz kimi, Mədəniyyət və Turizm Nazirliyi 2001-ci ildə yaradılıb. İndiyə qədər nazirlik xətti ilə çox işlər görülüb. Beynəlxalq səviyyəli sərgilərdə, CNN, "Euronews" kimi kanallarda Azərbaycanın turizm potensialı təbliğ edilir. Ölkə daxilində də turizm şirkətlərinin işini vahid bir mərkəzdən koordinasiya etmək üçün bir ictimai birliyin yaradılması labüd idi. Bu baxımdan Turizm Şirkətləri Assosiasiyasının təsis edilməsi vacib və əhəmiyyətli bir addımdır.
- Əlibəndə müəllim, Bakı Turizm İnformasiya Mərkəzinin normal fəaliyyət göstərməsi üçün nələri etmək lazımdır?
- Mərkəzin fəaliyyəti üçün ilk növbədə burada müasir texnologiyaya cavab verən kompyuter sistemi tətbiq edilməli, yüksək ixtisaslı kadrlar olmalıdır. Bununla bağlı son vaxtlar bizdə, doğrudan da böyük işlər görülüb. Yüksək sürətli İnternet xətti çəkilib, hər bir iş stolu son model kompyuterlərlə təmin edilib.
Mən indi nazirliyin qarşısında məsələ qaldırmışam. Bizim büdcədənkənar qazancımız olmalıdır. Bu məqsədlə sertifikat almış mərkəzlərdə bilet satışı təşkil olunacaq. "AzAL" Dövlət Konsernindən icazə almışıq, bu mərkəzlərdə dünyanın hər bir ölkəsinə aviabiletlərin satışını təşkil edəcəyik.
Onu da qeyd edim ki, təkcə bu il ərzində Bakı Turizm İnformasiya Mərkəzinə 3 min xarici vətəndaş müraciət edib. Onlar istirahət məkanlarımız, ekskursiya marşrutlarımız, turizm obyektlərimiz haqqında məlumat istəyirlər. Biz də öz növbəmizdə bu insanlara bukletlər, disklər və digər reklam-çap məhsullarını təqdim edirik, eyni zamanda mərkəzin əməkdaşları onların istədikləri sualı cavablandırır.
- Məlum olduğu kimi, hazırda Azərbaycanda turizm sahəsi üzrə ixtisaslı kadr çatışmazlığı mövcuddur. Sizdə necə, bu problem özünü göstərirmi?
- Hazırda biz kadrlar üzərində işləyirik. Bu məqsədlə regionlarda kadrların gücləndirilməsi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin göstərişi ilə turizm informasiya mərkəzlərinin əməkdaşları üçün 2009-cu ildə iki dəfə treninq-kurslar keçiriləcək. Qeyd edim ki, belə kurs 2008-ci ildə də təşkil edilmişdi. Müasir turizm texnologiyasında hər gün yeniliklər olur. Bu treninqlərlə biz yeniliklərin öyrənilib tətbiq edilməsinə nail oluruq. Kurslarda öz mütəxəssislərimizdən əlavə, Azərbaycan Turizm İnstitutundan, Bakı Dövlət Universitetindən, Elmlər Akademiyasından dəvət edilən müəllimlər də iştirak edirlər.
Bundan əlavə, bizdə bələdçi hazırlayan xüsusi bir müəssisə yoxdur. Nə ATİ-də belə bir ixtisas var, nə heç bir qurum indiyə qədər bu işlə məşğul olmayıb. Bu, çox böyük problemdir. Çünki bələdçi hazırlığı üçün savadlı kadrlar lazımdır. Bələdçilər həm bir neçə dil bilməlidirlər, həm də ölkənin tarixi, mədəniyyəti, adət-ənənələrimiz barədə yüksək bilgiyə malik olmalıdırlar. Üstəlik, onlar torpağını, millətini sevən insanlar olmalıdırlar. Ölkəyə ilk dəfə gələn xarici turist bələdçi danışmağa başlayan kimi, Azərbaycan xalqı haqqında düzgün təsəvvürə sahiblənməlidir. Ona görə də planlaşdırırıq ki, mərkəzimizin nəzdində 15 nəfər üçün 3 aylıq kurslar təşkil edək. Ali təhsilli mütəxəssislər, turizm sahəsində ən azı 5 il çalışan insanlar bu kurslara cəlb ediləcək. Çalışacağıq ki, heç olmasa, 7-8 nəfər ingilis dilində, 3-4 nəfər alman, fransız, ərəb dillərini yaxşı bilən kadrlarımız olsun. Təbii ki, bu yöndə işlərimizi davam etdirəcəyik.
- Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən silsilə şəkildə siti-turlar təşkil edilmişdi. Bu turların məqsədi nə idi və istədiyiniz effekti ala bildinizmi?
- Birinci turlar ölkənin bir çox ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün Ümumdünya Turizm Günü münasibətilə "Bakı - paytaxtdır" adlı layihə çərçivəsində həyata keçirildi. Bu ekskursiyada 75-dən yuxarı tələbə, həm də təkcə yerli tələbələr deyil, eyni zamanda xarici tələbələr də iştirak edirdilər. İkinci turu isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi münasibətilə təşkil etmişdik. Siti-tur “Abşeron - qədim diyar" adlanırdı. 1 ay davam edən aksiya çərçivəsində paytaxtda və ətraf rayonlarda yerləşən dövlət təminatlı internat məktəblərinin şagirdləri Qala Qoruq Kompleksinə, İçərişəhərə - Şirvanşahlar Saray Kompleksinə ekskursiya etdilər. Ümumilikdə 15 internat məktəbin 1180 nəfər şagirdi bu turlarda iştirak etdi. Bundan başqa, dövlət səviyyəli tədbirlərdə ekskursiya xidmətləri də mərkəzimiz tərəfindən həyata keçirilib. Onu da deyim ki, bu turları nazirliyin maddi dəstəyi və mərkəzimizin daxili imkanları hesabına reallaşdırdıq. Təbii ki, effekti də oldu.
- Növbəti ildə həyata keçirilməsini planlaşdırdığınız daha hansı layihələr var?
- 2009-cu il üçün planlarımız çoxdur. Bunlardan bəziləri haqqında yuxarıda məlumat verdim. Görəcəyimiz işlərin sırasına şəhər daxilində, birinci növbədə isə aeroportda, dəmir yolunda, yeni tikilən avtovağzal kompleksində elektron butiklərin qurulması da daxildir. Xarici və ölkə vətəndaşları bu elektron-butiklərdə bir düyməni basmaqla istənilən məlumatı ala biləcəklər. Məsələn, axşam hansı konsert salonunda kimin çıxışı olacaq, hansı tamaşalar göstəriləcək, turistlərə hansı marşrutlar təklif edilir, tarixi abidələrimiz haqqında bilgilər və s. Eyni zamanda böyük hotellərdə Azərbaycan turizmi haqqında ən son məlumatların toplandığı xüsusi guşələr yaradacağıq. Həmin elektron-butiklərin bu hotellərdə də yerləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, son vaxtlar yüksək səviyyəli dövlət tədbirləri tez-tez keçirilir. İstəyirəm ki, bu tədbirlərlə əlaqədar ölkəmizə gələn qonaqlar sistemli şəkildə mərkəzimizin bələdçi-kadrları vasitəsilə İçərişəhər, Qobustan, Yanardağ, Heydər Əliyev Fondunun xətti ilə yaradılmış Qala Kompleksi, Atəşgah və Azərbaycanın digər görməli-gəzməli yerləri barədə məlumatlandırılsın. Mən bununla bağlı mədəniyyət və turizm nazirinə də müraciət edəcəm.
Azərbaycan turizmi yeni-yeni inkişaf edir. İnşallah, bir neçə ildən sonra dünyanın bu sahədən yüksək gəlir götürən ölkələri sırasına qatılacağıq. Buna bizim potensialımız da var, şəraitimiz də.
Fəxriyyə ABDULLAYEVA