Böyük tarixi film haqqında irihəcmli müsahibə
Filmin rejissoru Rövşən Almuradlı ilə
- Rövşən müəllim,”Cavad xan” filmini təkcə kinosevərlər deyil, bütün tarixsevərlər, bütün xalqımız səbrsizliklə gözləyir. Film hazırdır, bəs ekrana nə vaxt çıxacaq?
- Tezliklə. Az-para texniki məsələləri qalıb. Fevralın ortalarında təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.
- Milli-mənəvi müstəvidə Cavad xana çox böyük məhəbbət var, bəs bu tarixi şəxsiyyətin kino portreti tamaşaçılara nə əlavələr verəcək, filmin uzunömürlü olacağı gümanındasınızmı?
- Filmin çox yaşarı olması onun bədii yükündən, sanbalından asılıdır. Mən ümid edirəm ki, bu film uzunömürlü olacaq. Yaradıcı heyət bundan ötrü bütün enerji və intellektini sərf edib. Bu fundamental ekran işinin ssenarisi Azərbaycan tarixinə yaxşı bələd olan, onun fəlsəfəsini duyan, torpağa bağlı bir insana - xalq yazıçısı Sabir Rüstəmxanlıya məxsusdur. Əsər bir neçə filmi peşəkarcasına işləmiş Kino-prodüser Mərkəzində istehsal olunub. Filmin prodüseri Heydər Dadaşov, direktoru Tofiq Musayevdir. Əlbəttə, onların ətrafında səfərbər olan bütün inzibati-təşkilati qüvvələrin zəhmətini yaddan çıxarmaq olmaz və yeri gəlmişkən, onların hamısına dərin təşəkkürümü bildirirəm. Filmdə peşəkar aktyorlar iştirak edib, yüksək səviyyəli operator işi də öz yerində. Bütün bunlar öz-özlüyündə filmin uzunömürlü olmasına zəmin yaradır. İkincisi, yaradıcı bir insanın içini dəbərtməyən, onun mənəvi dünyasından qidalanmayan bir mövzuya toxunması mümkün deyil. Bu, milli bir tələbat, ictimai bir sifariş kimi sənin içindən gəlməlidir. Bu iş, yaxşı mənada, sənin dərdin, ağrın olmalıdır. Sən mövzuya belə bir sevgi ilə, eşq ilə yanaşmalısan. Hər bir ciddi rejissor hər hansı filmi, ədəbi əsəri elə-belədən seçə bilməz, tamaşaya hazırlaya bilməz. Hər kəs hər şeyə qadir deyil. Hərənin öz qisməti, Tanrı tərəfindən verilmiş bir payı var.
- Deyirlər, aktyor seçimində də az «qastrollara» çıxmamısız?
- Öncə deyim ki, baş qəhrəmanı canlandıran - xalq artisti, deyərdim ki, bu dəqiqə çiyinlərində Azərbaycan teatrının böyük yükünü daşıyan bir aktyor - Nurəddin Mehdixanlıdır! Əlavə edim ki, Cavad xan-Nurəddin «tapışması» hər iki tərəfin xeyrinə olub. Öz ifası ilə özü haqda, istedadı, yaradıcılıq diapazonu haqda mükəmməl bir rəy yaratmış bu aktyor haqda çox sözə ehtiyac duymuram. Dərin düşüncə və təfəkkürü olan, işinə elmi-aspektual surətdə yanaşmağı bacaran, məsuliyyətli, sənətinə bütün varlığı ilə bağlı olan bir aktyorun - Sisyanov rolunun ifaçısı Ramiz Novruzun da adını xüsusi vurğulamaq istəyirəm. Bunlarla yanaşı, filmdə Azərbaycanın müxtəlif teatrlarından çox istedadlı aktyorlar da iştirak edir.
- Belə bir - yarı zarafat, yarı ciddi replika eşitmişik ki, Cavad xan döyüş üçün bütün xanları bir yerə yığa bilmədi, amma Rövşən Almuradlı bütün şəhər və əyalətlərin - Bakı, Lənkəran, Mingəçevir, Şəki, Sumqayıt və digər teatrların aktyorlarını birləşdirə bildi...
- Bax, bu qüvvələrin birgə işləməyini, o cümlədən bəstəkar Sərdar Fərəcovun, rəssamlar Rafiq Nəsirov Rafis İsmayılovun əməyini yüksək qiymətləndirmək lazımdır. Bu mövzu, əslində, hamımızın mövzusudur. Deyim ki, bu filmin xalq yaddaşından gələn güclü bir alt qatı, bazası var və bu nüvəni, bu zəmini reallaşdıra bilmiş peşəkar qüvvələr də ki, göz qabağında...
Azərbaycanda istedadlı aktyorlar, sənətçilər çoxdur. Onların yalnız bir qismi bu filmdə iştirak edib. Seçim prosesi çox ciddi keçdi. Biz heç bir məqamda güzəştə getmədik. Ətrafımıza Azərbaycan tarixinə sevgiylə yanaşan, Cavad xan ağrısını, azadlıq yanğısını bilən, duyan adamların bir çoxunu yığa bildik.
Azərbaycan tarixinin barmaqla sayılan, belə deyək, şərəfli simvollarından biri olan Cavad xan əsl milli qəhrəman obrazıdır. O, qəsbkar deyil, başqa bir torpağa göz dikən olmayıb. Cavad xanın tarixi missiyası milləti işğala qarşı mübarizəyə cəmləməkdən ibarət idi. Torpaqlarımızın 20 faizinin erməni işğalında olduğunu nəzərə alsaq, bu əsərin nə qədər aktual olduğu qənaətinə gələ bilərik.
- Belə demək olarmı ki, bütünlükdə bizim milli sənət meydanımızın ən istedadlı adamlarının, elit sənətkarların qüvvəsiylə ərsəyə gəlmiş bu film tamaşaçılardan da xüsusi bir fəhm, bir elitarlıq, bir «anlamaq dərdi» tələb edir?
- İndicə dediyim «Azərbaycanda istedadlı aktyorlar, sənətçilər çoxdur» qənaətini mən tamaşaçı qisminə də aid edirəm. Müasir sənətçilərlə tamaşaçıları, belə demək mümkünsə, «tərəf-müqabil» kimi görürəm.
- Sizcə, bu film-ocağın ətrafına toplaşanların neçə faizi Cavad xan səviyyəsinə qalxa, Cavad xan düşüncələri ilə qaynayıb-qarışa bildi?
- Qətiyyətlə bildirirəm ki, mütləq çoxluğu.
- Ümumiyyətlə, tarixi sima kimi Cavad xan obrazı filmdə özünü necə “hiss edir”, indiyə qədər xalqın düşüncələrindəki, təfəkkür meridianlarındakı Cavad xan bu filmdə uddumu, “uduzdumu”?
- Sənətçilər belə konkret suallara, adətən, “münasibəti tamaşaçı bildirməlidi” kimi şablonlarla cavab verirlər. Məncə, birinci növbədə peşəkarlar öz qiymətini bildirməlidi. Təvazökarlıqdan uzaq olsa da, bu işi bizə həvalə edən Mədəniyyət və Turizm Nazirliyi də , heç şübhəsiz, bilirdi ki, nəyi kimə etibar edir. Daha sonra filmin qəbulu da yüksək səviyyədə keçdi. Mən minnətdarlığımı bildirirəm ekspert şurasına, Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsinə. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev şəxsən özü bu filmə baxıb və dəyərləndirib.
- Çəkiliş prosesini izləyən camaatın xəlqi maraq-münasibəti haqda nə deyərdiniz? Axı, öncə bütün Gəncəbasarın, sonca bütöv Azərbaycanın qeyrət rəmzi olan bu qəhrəman son illərədək siyasət unutqanlığına düçar olunmuşdu...
- Sovet dönəmində bizim tarixin özü yox, üzü yazılmışdı. Nələri yazıblar, nələri yazmayıblar - bunu hamı bilir. Amma böyük tarixin elə tarixçələri də var ki, onlar xalqın ürəyində, ruhunda yaşayır. “Gəncə” toponimini Azərbaycanda yaşayan heç bir türk-müsəlman övladının ürəyindən heç vaxt çıxartmaq mümkün olmayıb. Zaman-zaman adını dəyişdirib «Yelizavetpol», «Kirovabad» qoysalar da, bu müqəddəs məkan ürəklərdə həmişə “Gəncə” notu ilə döyünüb.
Bütün dönəmlərdə Azərbaycanda öz şəxsiyyəti, kişiliyi, torpağa bağlılığı ilə tanınan xanlar olub.
Quba xanı Fətəli xan da xanlıqları birləşdirmək istəyib. Xoy xanları, Hüseynqulu xan (İrəvan) və b. O dövr dünyanın ikibaşlı qartalının - şeytan imperiyasının işğal və qətl “yazı”sı Cavad xanın da taleyinə yazılmışdı. Bizim filmdə belə bir fraqment var: Gəncə şeyxi Cavad xana döyüşdən öncə xəbər gətirir ki, Ərdəbildə səni gözləyirlər - Səfəvi məmləkəti təhlükədədir - gecəykən yola düşməlisən. Amma Cavad xan səhər tezdən at üstündə ordunun qarşısında döyüşə gedir. Yəni, o öz ölümünü, övladlarının ölümünü görürdü, bilirdi. Düşünərəkdən ölümün üstünə getmək... Bu bir cəsarətdir! Həmin işğalda Gəncə on mindən artıq şəhid verdi. Səhərisi Gəncə küçələrində (Pottonun “Qafqaz müharibələri” kitabında yazdığına görə) əlləri silahlı qadın və uşaq meyitləri... Bu döyüş təkcə Cavad xanın döyüşü yox, millətin döyüşü idi - içindən kükrəyib, ayağa qalxan bir millətin. Boynuna köləlik boyunduruğu salmaq istəməyən bir xalqın döyüşü idi. Məhz buna görə, bu tarix yazılmasa da, yaddaşlarda qalmışdı.
Ötən əsrin 80-ci illərinin əvvəllərində Sabir Rüstəmxanlı “Cavad xan” şeirini, bir müddət keçmiş poemasını yazdı. Daha sonra bu mövzuya başqaları da müraciət etdilər.Yaradıcı adamlar millətin ruhunu bədii süzgəcdən keçirib yazırdılar. Cavad xan milli ruhumuzda yaşadığındandı ki, o poemalar, o şeirlər yazılırdı və nəhayət, bu film də çəkildi.
- Xarici ölkələrdə tarixi filmlərə çox böyük önəm verir, külli miqdarda maliyyə ayırır, mənəvi enerji sərf edirlər. Kütləvi səhnələrin çəkilişində nə qədər izdiham, möhtəşəmlik olur. Onlarla müqayisədə “Cavad xan”da nə görəcəyik?..
- Elə səhnələrə batal səhnələr deyirlər. Onları çəkmək çox çətindi. Təcrübə lazımdı. Güclü maddi yatırım, texniki baza gərəkdi. Amma iş yalnız pulla bitmir. Ortalıqda yaradıcı insan amili olmasa, heç bir iş alınası deyil. Məsələn, bir var - dünyanın ən gözəl rənglərini, fırçalarını verəsən ortabab düşüncəli bir rəssama, bir də var - Pikassoya, Səttara adi karandaş verəsən.
“Cavad xan” filmində böyük bir riskə getdik. O risk də ibarət olsun bundan ki, filmin bütün iştirakçıları kaskadyorlarla yanaşı «cıdıra çıxdılar», 4 ay at çapdılar. Nurəddin Mehdixanlı təkbaşına beş kaskadyorla döyüşürdü. Onu heç kim əvəz eləmədi. Qılınclaşma, əlbəyaxa döyüşlər. Bu hazırlıq prosesində isə mövzumuzun “tərcümeyi-hal tarixi” daha dərindən öyrənilirdi. Cavad xanın oğlanlarını oynayan aktyorlar - Cavidan Novruzov, İlqar Musayev, Anar Hüseynov , Cavad xanın həyat yoldaşı - bunların hamısı yüksək kaskadyor səviyyəsində hazırlaşırdılar, özləri döyüşürdülər.
- Rövşən müəllim, aktyorlardan söhbət düşmüşkən, filmdən fraqmentlərə baxanda Nurəddin Mehdixanlını daha çox 20-21-ci əsr adamına oxşatdıq. Fiziki baxımdan hər şey normaldı - qol, əzələ - hər şey öz yerində. Amma onun sifətində intellekt görkəm daha hakim mövqedədir... Bunun fərqindəsinizmi?
- Siz filmi tam görməmisiniz. Cavad xan həm də dövlət idarəçisi, siyasətçi idi, axı. Xarici əlaqələr strukturu vardı. Avropa ölkələri ilə, Osmanlı məmləkəti ilə əlaqələr saxlayan bir dövlət xadimi idi.
- Onları başa düşürük, amma o dövr insanlarının üz cizgiləri, baxışı xeyli dərəcədə fərqli idi. Xarici kinolarda aktyorların sir-sifətləri də qədimləşdirilir, canlandırılan əsrin “dekorasiya”sı ilə bəzədilir.
- İnsan elə eyni insandı. Elə insanlarla rastlaşırsan ki, ilk baxışdan “təzə” görsənir. Amma elə ki onu “oxuyursan”, ondakı enerjini görürsən, fikir-düşüncən dəyişir. Bu filmdəki bütün aktyorlar Cavad xan dövrünü yaşaya, o əsrin yükünü daşıya bilirlər.
- Bir az “intriqant” sual. Elə ssenarilər olur ki, rejissor traktovkasında itirir, eləsi də var ki, son dərəcə qazanır. Sizdə necədi, Sabir Rüstəmxanlı ssenarisi aparıcıdı , yoxsa Rövşən Almuradlı həlli?
- Bəzən televiziyada elan edilir ki, məsələn, Cəlil Məmmədquluzadənin “Ölülər”, yaxud Şekspirin “Hamlet” tamaşasına baxacaqsınız. Bu, düzgün yanaşma deyil. Əslində, belə deyilməlidi: «Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında hazırlanmış tamaşaya baxacaqsınız». “Ölülər” əsəri birdi, “Ölülər” tamaşası isə beşdi, ondu, yüzdü. Hər rejissor öz “Ölülər”ini yaradır.
- Bu film və bu millət...
- Bu millət oğullaryetirmə qabiliyyətinə malik millətdir. Hər əsrdə torpağını qoruyacaq sərkərdə yetirməyə qadirdir. Bu yaddaş onun içində daşınır və tarixi zərurət yarananda üzə çıxır. Nə qədər ki yanğı var, güc var, bu millətə kəc baxan, güc göstərən var - bu mövzulara müraciət olunacaq. Cavad xan mövzusuna da dəfələrlə qayıdılacaq.
- Siz bayaqdan tarixdən, yaddaşlarda yaşayan qəhrəmanlıq dastanlarından bəhs edirsiniz. Amma maraqlı deyilmi ki, biz bu söhbəti Qarabağın işğalı dövründə edirik?..
- Çox gözəl dediniz. İyirmi ildir ki, torpaqlarımız işğaldadır. Hələ də döyüş gedir, amma əsasən beyinlərdə, siyasət aləmində gedir. Elə çağda yaşayırıq ki, dünyanın o başındakı hadisədən anındaca xəbər tuturuq. Nə bilmək olar - sabah bizi Qarabağla bağlı hansı xəbərlər gözləyir? İyirmi ildir ki, Azərbaycan düşüncəsində də kəskin döyüşlər gedir. Heç kəs torpağının, babalarının qəbrinin yad əllərdə qalmasına axıradək dözəsi deyil. Sadəcə, bu dözümün proloq-epiloqu var...
- Belə bir fikir var ki, Azərbaycan xalqı tarixən döyüş meydanlarında udduqlarını siyasət stolları arxasında uduzub...
- Ümumiyyətlə, tarix də canlı insan kimidi; belə vaxtları da olur, elə vaxtları da, elə-belə vaxtları da. Müharibələr bəşəriyyətə əzab-əziyyət, ədəbiyyata, incəsənətə isə mövzular verir. İkinci Dünya müharibəsindən sonra Rusiyada yaranan əsərlər öz mövzusunu əsasən həmin savaşdan götürürdü. Bu tip əsərlərdə rusların alman faşizminə qarşı mübarizəsi öz əksini tapmışdısa, “Cavad xan”da rus faşizminə qarşı mübarizədən bəhs olunur. Balaca bir xanlıq otuz minlik qoşunla səksən minlik orduya qarşı durdu. Bu rus qoşunu Bolqarıstanı qana bulamışdı, Polşada qırğınlar törətmişdi. Amma Cavad xan bu qoşunla döyüşə çıxmaqdan qorxmadı. Başqa xanlıqlar Sisianovun çadırından Cavad xanın ruslarla döyüşünə baxırdılar; Gəncə necə yandırılır, millət necə qırılır...
- Cavad xan və Azərbaycan. Bunu tarixi kontekstdə necə görürsünüz və filmdə bunu necə həll etdiniz?
- Mənim dediyim də, hamılıqla etdiyimiz də - hamısı ekrandadır. Orda müxtəlif xətlər var: işğalçılar və işğala qarşı mübarizə aparan Cavad xan, millətin düşüncə tərzi, fəlsəfi anlamı, qədim mədəniyyəti və s. Başqa bir xətt - Şeyx xətti var. Azərbaycanda çoxlu qədim kitabxanalar vardı, eyni zamanda Gəncədə İslamdan öncəki mədəniyyəti özündə əks etdirən qədim kitabxana olub. Gəncənin sonuncu qoruyucusu Şeyx onu yandırmağa məcbur olub.
- Bilirik ki, film ekranlara çıxandan sonra müxtəlif fikirlər, rəylər yaranacaq - bu qaçılmaz bir prosesdir. Oxucularımız da müəyyən rəyə gələcəklər; elitarları da, intellektləri, ortababları, “və başqaları” da...
- ...Atabəylər dövründə satmaq üçün bazara 50 qul aparılır. Vəzir qırx qul alır, həmin qulların içindən Şəmsəddin Eldəgiz çıxır. Qalanları qul olaraq da qalırlar...
- “O olmasın, bu olsun” filmində qonaqlar “qəzetəçi Rza”nın çıxışına belə bir “məntiqlə” qulaq asmır ki, “vallah biz elə bilirdik sən nitq söyləyirsən”. Bu, o dövr xalqının nitqə qiyməti idi. İndi, lətifəsi uzaq olsun, bu dövr xalqının bir rejissoru kimi yox, bir tamaşaçısı kimi bu film haqda rəyinizi bilmək istərdik...
- Hərənin içində bir Cavad xan var. Təbii ki, hər kəs öz görmək istədiyi Cavad xanı axtaracaq. Filmin də gücü ondadır ki, çoxluğun görmək istədiyini təqdim edə bilsin. Fikrimizcə, bu istək alınıb. Nə qədər çalışsam da, rejissorluqdan ayrılıb sırf tamaşaçı ola bilməmişəm bu filmə baxanda. Bir onu bilirəm ki, hamının bu filmi sevəcəyi mümkün deyil.
Tamaşaçı da müəyyən qədər hazırlıqlı olmalıdır. Kinoya diqqətin artırılması haqqında möhtərəm prezidentimiz İlham Əliyev bir sərəncam vermişdi. Əlbəttə, hər bir millət öz tarixini, kimliyini bilməlidir. Millət öz dəyərini əsasən belə əsərlərdən anlaya bilər.
- Söhbətimizi yaxşı bir duyğu ilə tamamlayırıq. Film haqqında deyiləsi başqa bir sözünüz yoxdursa...
- Filmi insan çəkir, insanlarla çəkir, insanlar üçün çəkir. Mən bu filmdə torpağını sevən, onun tarixini duymaq, bilmək istəyən adamlarla vizual bir söhbət etmək istəmişəm...
- Bəs, film ekranlara çıxandan sonra Sizinlə yenə bir söhbət etmək istəyimizə necə baxırsınız?
- Sağlıq olsun.
Söhbətləşdi:
T. Abbaslı,
K. Cəbrayıl