O bizdə hələ təzə yaranır
Azərbaycan ədəbiyyatı dünya ədəbiyyatının tərkib hissəsi olaraq öz ənənələri ilə yanaşı, inteqrasiyadan irəli gələn ədəbi texnologiyaları da özündə tətbiq edir. Ədəbiyyat yalnız yaradıcılıq sahəsi deyil, həm də nəzəri bilik və tədqiqatların obyektidir. Dünya ədəbiyyat nəzəriyyəçiləri indi bu tədqiqatlarda yeni elmi texnologiyadan - müqayisəli ədəbiyyat metodundan istifadə edir. Müsahibim bu sahə üzrə mütəxəssis, Beynəlxalq Müqayisəli Ədəbiyyatşünaslar Cəmiyyətinin üzvü, Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, Belçika, İngiltərə, Hollandiya kimi bir çox ölkələrin müvafiq dairələrində məruzələrlə çıxış etmiş professor Rahilə Qeybullayevadır.
- Rahilə xanım, əvvəlcə üzvü olduğunuz Beynəlxalq Müqayisəli Ədəbiyyatşünaslar Cəmiyyəti haqqında bir qədər məlumat verərdiniz...
- Beynəlxalq Müqayisəli Ədəbiyyatşünaslar Cəmiyyəti 1954-cü ildə Böyük Britaniyanın Oksford Universitetinin nəzdində yaradıldı. Xaricdə ədəbi araşdırmalar müqayisəli ədəbiyyat anlamında qəbul edilir və bu formatda aparılır. Bizdə ədəbiyyatşünaslıq 3 hissədən ibarət olduğu kimi, orada da müqayisəli ədəbiyyata üstünlük verilir. Demək olar ki, bütün ölkələrdə sözügedən beynəlxalq elmi cəmiyyətin şöbələri mövcuddur. Postsovet məkanında Tartudan sonra 2006-cı ildə belə bir cəmiyyət bizdə də yaradıldı və qeydiyyata alındı. Yerli cəmiyyətlərin özəl iş metodu olsa da, beynəlxalq cəmiyyətdən gələn funksiyaları da yerinə yetirir. Məsələn, iki ildən bir mütləq elmi konfrans keçirilməlidir.
- Deməli, daha çox konfranslara üstünlük verirsiniz...
- Qeyd edim ki, elmi konfrans mütləq hansısa ali təhsil ocağı ilə birgə keçirilməlidir. Konfranslar yeni dərsliklər yaranana qədər elmi yeniliklərin daha sürətli çatdırılması üçün lazımdır. Elmi istiqamət, mövzu müəyyənləşir və konfrans sonrası dəyirmi masalar, müzakirələr təşkil olunur.
Ümumiyyətlə, elmdə 2 öyrənmə metodu var: müqayisəli və sistemli metod. Dünyada belə bir qayda qəbul edilib ki, tək universitet elmi konfrans keçirmir. Mütləq elmi cəmiyyət olur və o konfransın mövzusunu, formatını müəyyənləşdirir, müxtəlif universitetləri konfransa cəlb edir.
- Bir qədər aydınlaşdıraq, müqayisəli ədəbiyyat hansı anlamı verir?
- Müqayisəli ədəbiyyat, ədəbiyyatı qəbul etdiyimiz çərçivələrdən kənarda, müqayisədə öyrənir. Məsələn, Slavyan Universiteti ilə bizim təşkil etdiyimiz ilk beynəlxalq elmi konfrans «Ədəbiyyat kontekstlərdə» adlanırdı. Çünki ədəbiyyata fəlsəfi, sosioloji, tarixi kontekstdən baxmadan hərtərəfli öyrənmək mümkün deyil. Bunsuz ədəbi tədqiqat ola bilməz. Bir müqayisə aparaq. Məsələn, ədəbiyyata texniki baxış nədir? Ədəbiyyat sözü ərəb sözü olub «ədəb» anlayışı, «ədəb külliyyatı» mənalarını ifadə edir. Qərb isə bu sözü «litera» - sənət və savad anlamında qəbul edir. Bu baxışlar texniki fərqlərdir. Bu müqayisələr adi görünsə də, böyük elmi mübahisələrə yol açır. Müqayisəli ədəbiyyat ədəbiyyatı müxtəlif elmlərin kəsişməsində öyrənmə metodudur.. bir də konkret məfhumu ədəbi vasitə ilə öyrənirsən. Britaniyada bir konfransda iştirak etdim, mövzunun adı «Pul» idi. Molyerin «Xəsis», S.Rüşdinin «Ayıb», M.F.Axundovun «Hacı Qara» əsərlərində və s. ədəbiyyatlarda pul faktoru araşdırma mövzusu idi. Ədəbiyyat vasitəsi ilə pul anlamını, pulun rolunu, insanların pula baxışlarını öyrənirsən.
- Bəs siz neçə elmi konfrans keçirmisiniz?
- Azərbaycanda biz Slavyan Universitetinin dəstəyi ilə iki beynəlxalq konfrans keçirmişik. Konfransın materialları Sarbanno universitetinin xətti ilə dünyanın ədəbi-elmi mərkəzlərinə yayıldı. Son konfransımızın mövzusu «Ədəbiyyatlarda və mədəniyyətlərdə stereotiplər». Diqqət edin, biz işimizi yalnız ədəbiyyatla çərçivələmirik. Çünki mədəniyyətlərdə üzə çıxmış stereotiplər ədəbi yaradıcılıqda da əks olunmuşdur, bu stereotipləri ədəbi yönümdən də öyrənmək vacibdir.
Konfransda dinlə, genderlə, etnos və millətlə bağlı stereotiplərin ədəbiyyatda əks olunması da müzakirə mövzusu oldu.
- Konfranslararası dövrdə konkret mövzuda müzakirələr olubmu?
- Yox, biz daha geniş mövzulu konfranslara üstünlük verdik ki, müqayisəli ədəbiyyat anlamı bizim elmi dairələrə də aydınlaşsın. Sonrakı mərhələlərdə konkret mövzuları müzakirə predmetinə çevirəcəyik. Fransa nümayəndələri bizə Nansi Universiteti ilə birgə «Millətin formalaşması və milli mətbəx ədəbiyyat kontekstində» mövzusunda konfrans keçirməyi təklif ediblər.
- Belə çıxır ki, bizdə ədəbi-nəzəri baxış Qərb sistemindən fərqli olub.
- Bizim dərsliklərdə nəzəriyyə süjet, kompozisiya, mövzu, cərəyan və janr və s. sadəcə nəzəri anlayış kimi öyrənilir, Qərbdə isə nəzəriyyə sırf ədəbi cərəyanlarla bağlıdır. Özü də müasir cərəyanlar daha geniş şəkildə tədqiq və tədris olunur.
- Ədəbi cərəyanlardan söz düşmüşkən, son 10 ildə biz postmodern bumunu yaşayırıq.
- Postmodernizm yalnızca bir ədəbi cərəyan deyil, o həm də elmi biliklərə əsaslanır. Ancaq ondan şırma kimi faydalananlar da var. Özünə haqq qazandırmaq üsulu kimi.
- Biz bu şırmaya aldanırmalıyıq?
- Yox. Lakin bu da reallıqdır. Əgər ədəbi cərəyan kimi deyirsinizsə, o şırma yox, tamam başqa bir şeydir, postmodernizmin əsası dekonstruksiyadır. Əslində yaranan hər bir yeni cərəyan insan cəmiyyətindəki dəyişikliklərlə, dəyərlərin dağılıb əvəzlənməsi ilə bağlıdır. Bu əvəzlənmələri postmodernizmi ehtiva etmir. Sadəcə olaraq, dekonstruksiya konstruksiyanı, qurulanı «de» edir, dağıdır. Postmodernizmdə bu dağıtma aydın görünür, sadəcə olaraq, bu dağıtma mənəvi dəyərlərə yönəldiyi üçün ağrılı qəbul edilir.
- Bu cərəyanın mənəvi dəyərlərin əleyhinə olması elə postmodernizmi qəbul etməyənlərin əsas arqumentidir.
- Deyilir ki, mənim azadlığım sənin azadlığın başlayanda bitir. Əslində bu baxış bu və ya digər dərəcədə həmişə olub. Fextvangerin «İspan balladası»nda İbn Ezra surəti var. Bu surət milliyyətcə yəhudidir, Səlib yürüşlərində iştirak etməmək üçün müsəlmançılığı qəbul edib. Fakt odur ki, İbn Ezra XII əsrdə yaşamışdır və dekonstruksiyaçı olmuşdur. Fextvanger də ona haqq qazandırır.
- Sizcə, postmodernizm süni şəkildə bizim ədəbiyyata gətirilən texnologiya deyilmi?
- Texnoloji dövrdə postmodernizm gəlmədi, biz onun axınına düşdük, hazır adı götürdük. Sovet İttifaqı bir qəlib olaraq dağıldı, kommunizmə inam puç oldu. Yəni dekonsturksiya baş verdi. Bəs indi nəyə inanaq? Bu mənada postmodernizm gəlib bizdə də öz yerini tutdu. Çünki boşluq yaranmışdı. Mənəvi dəyərlərin dağılmasını sürətləndirdi. Boşluqda nə yarandı bu başqa məsələdir. Postmodernizmin gəlişinə zəmin vardı.
- Bu gün Orxan Pamuku postmodern yazıçı adlandırsalar da, o bunu qəbul etmir.
- Bu belə də olmalıdır. Bütün dövrlərdə yazıçılar öz əsərlərini yazmaqla məşğul olublar. O.Pamuk da öz dünyagörüşünü yazır. Lakin bir şey var: yazıçı yaşadığı zamanda formalaşır və yetişir.
- Azərbaycan nəsrində yeni cərəyana müraciət olunur?
- Azərbaycan nəsrinə postmodern meyillər ilə bərabər, ənənəvi yanaşmalar hələ də qalmaqdadır. Anarın «Ağ qoç, qara qoç» əsərini postmodern mətn saysalar da, belə deyil, əksinə, bu əsərdə dekonsturksiya yox, konstruksiya mövcuddur. Kamal Abdullanın «Yarımçıq əlyazma» əsərində «Kitabi-Dədə Qorqud»a yeni yanaşma var. Burada Bamsı Beyrəyə, qadın surətlərinə dekonstruktiv nəzər yetirilir. Amma bu əsərdə adi gözlə görünən dekonstruksiyadan istifadə edilib. Müəyyən mənada Ramiz Rövşənin «Daş» əsərini və İsa Hüseynovun «Tütək səsi» povestini də realist nəsrə aid edirlər. Hər iki əsərdə qadına münasibət məsələsi var. «Daş» əsərində qadına münasibətdə dekonstruksiya mövcuddur. Baxmayaraq ki, «Daş» əsərini və İsa Hüseynovun «Tütək səsi» povestini də realist nəsrə aid edirlər, hər iki əsərdə qadına fərqli münasibət var. «Daş» əsərində qadına münasibət dekonstruksiyaya meyillidir. «Tütək səsi»ndə isə qadına baxışda barışıq və humanizm önə çıxır. Etimad Başkeçidin nəsrində dekonstruksiyaya cəhd əksinə nəticələnir, nəyi isə konstruksiya etmək istəyir. Bu baxımdan var sırf postmodern çərçivədə olan mətnlər, bir də meyil və elementlər. Bizdə hələ ki, ikinci mövcuddur.
Sabutay