"Qalmaz belə, dünya" mahnısının müəllifi ilə müsahibəmizi belə adlandırmalı oldum
   
   Həvəskar bəstəkar Rauf Məmmədov ixtisasca jurnalist (BDU), yaşca müdrik (50), mühitcə elitar (Bakıda doğulub), zövqcə - belə demək mümkünsə, əlli-əlliyə (Motsartla Ələkbər Tağıyevi eyni məhəbbətlə sevir) və nəhayət, düşüncə-dünyabaxışı etibari ilə bu söhbətindən tanıyacağımız qədər bir ziyalıdır. Onunla bu "uzun bir mahnıyabənzər" müsahibəmizdə çox şey var; mahnılar, mübahisəli taktlar, nəqarat, təsnif (adətən buna "mahnı içində segah" deyirik), zil, bəm və s. Burda bir az da imtahan, müzakirə, respondensiya-korrespondensiya elementləri də "çalınır". Axı son vaxtlar musiqi təsərrüfatımızda professionallıq və qeyri-professionallıqla bağlı atəşin bir "nihilizm" sindromu yaşanır. Hər iki tərəf öz dəmir məntiqi ilə bir-birinə qarşı ittihamlar irəli sürür; nə öz tərəfinə tam tərəfkeşlik etmədən yanaşan var, nə qarşı tərəfin yaxşısını tam etiraf edən. Bəs nə etməli? Barışa bir yol yoxmu? Bəyəm hər iki tərəf haqlıdır (və ya haqsızdır)? İki güləşəndən birinin yıxılması aksiomdur axı. Bədbəxçilikdən (bəlkə xoşbaxtçılıqdan?!) bu sahə üzrə bir tərəzi, məhkəmə də yox ki, bu mənəvi məhsulları çəkiyə-vəznə vurdurub, müasir şou-bağırsaq kimi uzanan mübahisələri durdurasan. Professional deyir, mən ali musiqi məktəbi, akademiya bitirmişəm, qeyri-professional buyurur ki, gəl mahnılarımıza qulaq asanların sayını toplayaq, hay-harayını vuraq, çıxaq, bölək və görək...
   
   - Hə, Rauf müəllim, deyin görək onlar düz deyir, ya sizlər?
   - Əvvəla qeyd edim ki, Siz professional bəstəkarlarla qeyri-professionallar arasındakı fərqlərdə çox tünd rənglərdən istifadə etdiniz. Həyat mübarizədir, əksliklərlə doludur - indi bunu hamı bilir. Amma mən bir jurnalist kimi, çox mütaliə və müşahidə edən bir adam kimi deyim ki, bizlərə qarşı çox sərt və barışmaz mövqedə olan bəzi professionallar bu və ya başqa səbəbdən ali bəstəkarlıq təhsili almasaydılar və təsadüfdən-zərurətdən mahnı yazmalı olsaydılar, bu gün elə biz deyəni deyərdilər.…
   - Sözünüzü nəğməylə kəsirəm; bəs şəxsən Siz necə, təsadüfən BDU-nun jurnalistikasını yox, arzusu gözünüzdə qalmış konservatoriyanın bəstəkarlıq fakültəsini bitirmiş olsaydınız, bu gün "özünüzkülüyü" beləmi müdafiə edərdiniz?
   - Mən bu nüansa münasibətimi ilk sualınıza cavabımın üçüncü cümləsində bəyan etdim. Və davam edim ki, mən kim və nə haqdasa danışanda özünü onun yerinə qoymağı bacaranlardanam.
   - Sözünüzü bir daha kəsməli və deməliyəm ki, şəxsən mən Sizin mahnılarınıza bir çox başqaları qədər vurğun deyiləmsə də, bir müsahib, həmsöhbət kimi çox professional olduğunuzun fərqindəyəm.
   - (Gülümsünür). Mənsə təşəkkür və sözümü tez-tez kəsməməyinizi rica edirəm.…
   - Belə səmimi bir məqamda bir nostalji sual. Mən ana laylasından sonra gözümü musiqi dünyasına "Ay dağlar" mahnısı ilə açmışam, bəs Siz?
   - Tofiq Quliyevin "Bakı" mahnısı ilə...
   - Görürsüz, hər ikisi professional bəstəkarlara məxsusdur.
   - Olsun. Amma minlərlə dinləyici var ki, onların gözləri sənət səsinə, ictimai sədaya, məhəbbət dünyasına həvəskar bəstəkar Ələkbər Tağıyevin "Qonşu qız", "Bizim Bakı gecələri", "Şikayətim var" və s. mahnıları ilə açılıb. Götürək xalq mahnılarını. O mahnıların heç birinin müəllifi heç bir məktəb oxumayıb. Lakin bu gün məktəblərdə keçilən dərslərin əsas predmeti həmin o təhsilsiz müəlliflərin "xalq" imzası ilə yaratdıqlarıdır. Bu gün tarixin gözdən saldığı Lenin yaxşı demişdir: "İncəsənət xalqa məxsusdur". Biz nə ediriksə, xalq üçün edirik. Mənim fikrimcə, o musiqi, o əsər insanın qəlbinə yol tapır ki, o, professional işdir. Çox bəstəkarlar var ki, çox savadlı, çox texnardırlar, amma xalqa yaxın düşə bilmirlər. Mən bu sözlərimlə xalqın ruhunu çalan professionalları nəzərdə tutmuram. Amma professional mahnı, əsər təkcə beyin işi deyil. Professionallıq həm də ürək, qəlb işidir.
   - Rauf müəllim, mallarını "bazar əhli" deyilən "alıcılar" üçün nəzərdə tutanlar da var axı. Hələ günü bu gün də bər-bəzəkli zümrələr var ki, "Sevilya bərbəri"ni dəllək kimi, formaca gözəllər var ki, "Yeddi gözəl"i atılıb-düşənlər kimi "səciyyə"ləndirirlər.
   - Burda bir az təbiilik də var. Çünki o əsərlər siz dediyiniz adamlardan çox yuxarıdadırlar.
   - Professionalları sevib-qiymətləndirənlər Ələkbər Tağıyevləri də öz qədərində dəyərləndirirlər. "Məsələ" burasındadır ki, yalnız Ə.Tağıyevlərin vurğunları yuxarıya boylanmırlar və qeyri-professional bəstəkarlar da elələrinin zövqünü daim təchiz etdiklərindən, onlar anlam çiyinlərini daha ağır, mənalı sənət yükü altına vermək istəmirlər. Beləliklə də illər, onillər boyu yerindəsayan nəsillər toplusu yaranır...
   - Dediklərinizlə müəyyən mənada şərikəm. Yaratmağa başladığı gündən bütün ayıq dünyaya yaxın olan Qara Qarayev bir vaxt öz xalqına çox çətinliklə yaxın düşə bilirdi. Çünki o vaxt bu xalq Qara Qarayev mərhələsində deyildi. Amma bu gün mənzərə dəyişib və hələ ondan "qorxun" ki, sabah belə dahilər bir vaxt xalqa çox yaxın olmuşları xalqdan uzaqlaşdırma "günahına" batmasınlar. Bayaq - diktofonu qoşmazdan öncə - soruşdunuz ki, professional - qeyri-professional tərəzisinin hansı gözü ağır gələr? Məncə, bu, sual-cavabsız da aydındır. Burda mənim vurğulamaq istədiyim ondan ibarətdir ki, professionallar bütün zamanlar və bütün ölkələr üçün təbii olan, yazmasalar yaşaya bilməyən qeyri-professionalların varlığına da professional yanaşmalıdırlar.
   - Bəs Siz buna necə baxırsız ki, professionalları efir-ekrana həvəskarlara nisbətdə az çağırırlar...
   - Bu, artıq sizin müasir həmkarlarınızın işidir. Bir vaxtlar Tofiq Quliyevlərin, Səid Rüstəmovların efir "limit"ləri dolandan sonra həvəskar bəstəkarların mahnılarına yer ayrılırdı. Hətta o vaxt bu pay azlığının özü də professional musiqiçilər tərəfindən qısqanclıqla qarşılanırdı. Bu gün isə yerindən duran mahnı yazır və belə hesab edirəm ki, təkcə savad, təhsilcə qeyri-professional yox, ümumən istedadsız, ürəksiz olanların musiqi qədər zərif bir sənətlə "məşğul" olmaları insanların zövqünü çox korlayır. Musiqi, mədəniyyət yük qatarı deyil ki, onu irəli-geri dartasan. Musiqi durna qatarıdı; o, yalnız gözəl səslərlə irəli - xalqın zövq, səviyyə zirvəsinə doğru pərvazlanmalıdır. Baxın, bir vaxtlar əsasən kiçik dairələrin, məclislərin dəbinə çevrilmiş muğamımız bu gün xalqın zövq aləmində hansı mərtəbəni tutub! Ölkə rəhbərliyinin, xüsusən Mehriban xanım Əliyevanın diqqəti, qayğısı xalqımızın bu mənəvi nemətini yenidən necə dəyərə mindirib! Azərbaycan musiqisi çox zəngin, çox universaldır. Bu xalqın problemi "nə tapım", "nə seçim"də deyil, nəyi seçimdədir. Seçim boldur. Bülbül, Rəşid Behbudov, Zeynəb Xanlarova, Flora, Alim, Azərin... Hərəsinin də öz yeri var. Azərbaycan xalqı əlini gözünün üstünə qoyub dünyəviləşmək istəyəndə bunu götürür, qanı-geni acanda onu. Bir vaxtlar səhnədəki donuqluğu Zeynəb xanım açdı, bir çevriliş elədi, ifaçılıq sənətini ətalətdən çıxartdı. Bu gün də elə yenilikçilər, inqilabçılar çıxmalıdır ki, səhnələri, ekranları, efirləri başına götürmüş xırım-xırda oxuyanlar, "üç badam, bir qoz" mahnılar, bəstəkarlar sıradan çıxsın. Bu işdə isə əsasən efirlər günahkardır. İndi müğənnilərin mərtəbələrini SMS-lər təyin edir. Bizim adlı-sanlı sənətkarlarımız isə fikirlərini konkret demirlər. Deyirlər "pisdi", amma kim pisdi - deyən yoxdur.
   - Neçə mahnınız var?
   - Yüzə yaxın.
   - Bir neçəsinin adını çəkin.
   - "Qalmaz belə, dünya", "Qarabağ", "Anam mənim", "Yol verin, əsgər gəlir", "Yaşayacaq Azərbaycan", "Yaşa, mənim xalqım", "Ağlama, Sevda", "Gilavar" və s.
   - İndi Rauf Məmmədov qeyri-professional olaraq, professionallar içində özünü necə hiss edir?
   - Səmimiyyətimə inanın; mən heç vaxt bəstəkar adı iddiasında olmamışam. Amma bayaqdan ara-sıra vurğuladığım bəzi "professionallar" içində özümü qeyri-professional hesab etmirəm. Yalnız təhsilcə professionalların qarşısında niyə deməyim ki, mən bəstəkaram! Deyim ki, bir çox müasir professional bəstəkarlar məni normal qəbul edir, mahnılarıma diqqət yetirir, xətrimi əziz tuturlar. Mənim birinci mahnımı Zeynəb Xanlarova ifa edib. Mənim mahnılarımı indi Mələkxanım, Ağadadaş, Azərin, Brilliant, Kəmalə, Bəsti, Zöhrə, Ruhəngiz, Mətanət oxuyur. Türkiyənin ünlü sənətçilərindən Zəki Müren, Bülənd Ərsoy mənim mahnılarımı ifa ediblər, Əhməd Şəfəq Bakıda mənim bir mahnımın ("Yaşa, mənim xalqım!") adı ilə xeyriyyə konserti verib. Mən çox şadam ki, 19 il öncə yazdığım mahnılar hələ də məşhur müğənnilərimizin repertuarlarındadır.
   - Rauf müəllim, professional bəstəkarların çoxusu "niyə klassiklərin şeirlərinə az müraciət edirsiz" sualından adətən çox professionallıqla yayınırlar...
   - Bu sualın cavabında mən də onların davamçısı olduğumu bildirir və ağzımdan bircə söz qaçıra bilərəm: dolanışıq.…
   
   Söhbətləşdi:
   Kəmalə Cəbrayıl