Yazıma başlıq kimi seçdiyim bu sözlər də Namiq müəllimə məxsusdur.
   Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Namiq Qafarov bizim son müsahibimiz oldu. Bu şəhərin 60 illiyi ilə əlaqədar «xüsusi buraxılış»ımızın ilk təşəbbüsçüsü, hərəkətvericisi, mobil təşkilatçısı, tematik «dirijor»u və son həmsöhbəti.
   Yubiley ərəfəsi Namiq müəlliimlə «qaçaraq» söhbətlərimiz olurdu ki, bunların hər birindən «xüsusi buraxılış»ımıza bir yadigar qaldı. Həmin fikir və qənaətlərlə səhifələrimizdə bilavasitə və ya bilvasitə tanış olacaqsız. Bu müsahibə zamanı mikrofonöncəsi dediyi bir fikri isə olduğu kimi təqdim edirəm: «Mənim «Dostunu mənə göstər, sənin kim olduğunu deyim» məsəlindən bir çıxarışım var: hər hansı bir xalqın mədəniyyət aləmini mənə göstər, o xalqın kim olduğunu deyim...»
   Bəli, bu fikir müsahibəmizə keçid üçün yaxşı ayaqdı...
   
    - Namiq müəllim, neçə ildi «sumqayıtlı»sız?
   
- Bu ayın 23-də 2 ilim tamam olur.
   - Söhbətlərinizdən bəlli olur ki, Sumqayıtı yaxşı tanıyırsız. Bəs sumqayıtlılar necə, Sizi hələ az tanımır ki?
   -
Şükr, çoxdandır özümü «ev yiyəsi» kimi hiss edirəm...
   - Bura gəlişinizdə hansı işgüzar problemlərlə üzləşdiniz?
   - Bütün yeni iş yerlərində olan problemlər burda da var idi. Amma deyim ki, Sumqayıt öz məxsusi ənənələri, ictimai təcrübəsi, nizam-intizamı, özünüdərk damarı olan şəhərdir. Sumqayıt Azərbaycanın yaşca və formaca gənc, xarakter və məzmunca isə qədim mədəniyyət mərkəzlərindəndir. Burada sənaye, iqtisadiyyat ilə yanaşı, mədəniyyət infrastrukturu da çox inkişaf edib. Sumqayıt Azərbaycana sayılıb-seçilən alimlər, ədiblər, bir nəsil müğənnilər bəxş edib.
   Amma, təbii, Sumqayıt yaxın keçmişdə bəzi problemlər, ötən əsrin 80-ci illərinin sonlarından həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində bir durğunluq dövrü yaşayıb. Müəssisələr bağlandıqca onların tərkibində olan mədəniyyət evləri də tənəzzülə uğradı və çox bərbad halda mədəniyyət idarəsinə verildi. 2003-cü ildə ulu öndərimiz Heydər Əliyevin Sumqayıta gəlişi bütün sahələrdə dəyişikliklərə səbəb oldu. Mərhum prezidentimiz şəhər İcra Hakimiyyətinə yeni başçı təyin etdi. Sonra bütün sahələrdə, o cümlədən daşı daş üstünə qoyulduğu gündən qaynar bir həyat tərzi keçirən bu şəhərin mədəniyyət sahəsində də canlanma başladı. 2007-ci ildə mən bura təyin olunarkən həllini gözləyən az-para problemlər də icra başçısınını köməyi ilə aradan qaldırıldı. Bizə ayrılan vəsait artırıldı. Bir çox mədəniyyət ocaqlarında bərpa işləri apardıq. Məsələn, S.Vurğun adına mərkəzi kitabxana ən müasir standartlara uyğun qaydada təmir və yeni inventarlarla təchiz olundu. Burada elektron kitabxana sistemi, kompyuter şəbəkəsi yaradıldı.
   - İcra başçısı maddi cəhətdən qayğı və yardım göstərir, bəs mənəvi cəhətdən?
   - Bu barədə bir faktı deyim. Mən 1995-ci ildən 2000-ci ilə qədər Şəki Şəhər Mədəniyyət Şöbəsinin müdiri olmuşam, Mədəniyyət və Turizm Nazirliyində müxtəlif vəzifələrdə çalışmışam. Lakin bildiyimə və eşitdiyimə görə, belə bir qayda heç yerdə yoxdur ki, 2 həftədən bir - saat 12-də cənab Vaqif Əliyev heç bir darmacallıq problemlərinə baxmadan, məni qəbul edir. Bu, rəsmi-işgüzar bir qaydadır. Mənə belə gəlir ki, Vaqif müəllim mədəniyyət sahəsinə daha çox diqqət yetirir. Əlbəttə, bu o demək deyil ki, başqa sahələr onun diqqətindən kənarda qalır, - yox. Sadəcə, Vaqif müəllim bu sahənin nə qədər həssas, ictimai-vizual bir sahə olduğunun fərqindədir.
   - Namiq müəllim, icra başçınızın bu keyfiyyəti təbii ki, bir az da onun intellekti, erudisiyası, mütaliəsi ilə əlaqədardır. Bəs bu keyfiyyəti ümumən Sumqayıta da şamil etmək olarmı? Necə bilirsiz, Sizcə, Sumqayıt oxuyur?
   - Mən deməzdim ki, Sumqayıt istənilən səviyyədə oxuyur, mütaliə edir. Amma bizim mərkəzi kitabxanamızın əsaslı təmirindən sonra oxucuların sayı yarıbayarı artıb.
   - Siz qədim Şəkidə doğulub, nəhəng Bakıda işləyib gəlmisiz bu 60 yaşlı Sumqayıta. Növbəti sualım Sizə bir məmur kimi yox, ziyalı kimi olacaq: Sumqayıt əsilli-nəsilliləşirmi, kobud desək, burada yaşayıb-yaradıb, burada ölməkdən qorxmayan alim, ziyalı varmı, sakinlər isinişirlərmi bura?
   - Bu birbaşa suala dolayı bir cavab verim. İndi mənim üçün Sumqayıtda işləmək də, yaşamaq da və... vurğuladığınız «son mənzil» də qəbuldur. Mən çox istərdim ki, Sumqayıtın əbədi sakini olam. Əlbəttə, dünyanın çox nəhəng simaları var ki, onlar öz talelərini heç də paytaxtlarla bağlamayıblar.
   - Sumqayıt və müsabiqələr, festivallar...
   - Bugünədək Sumqayıtın səsi dünyanın hər yerindən eşidilib. İndi biz yeni nailiyyətlər üzərində işləyirik. Bu 2 il ərzində keçirilən bütün musabiqələrdə iştirak etmişik. Nəticələr çox yaxşıdır. Məsələn, Bülbül adına məktəbin xor kollektivi 1-ci yerə nail olub. Astarada keçirilən muğam müsabiqəsində Sumqayıtın yetirməsi 1-ci yerə çıxıb və s. Sumqayıtda bütün mədəniyyət müəssisələri arasında «döyüşkən», amma sağlam bir rəqabət var. Biz bütün qüvvəmizlə çalışırıq ki, şəhərimizin əmək və təhsil gəncləri, bütün insanları asudə vaxtlarını səmərəli, şən, zövqəşayan keçirsinlər.
   - Sumqayıt şəhəri sürətlə böyüyür, inkişaf edir, dünyəvi qlobal mədəniyyət və iqtisadiyyat şəbəkəsinə inteqrasiya prosesindədir. Həyati səhnədə baş verən bu hallar mədəniyyət səhnələrində necə əks olunur?
   - Bildiyiniz kimi, Sumqayıtda Ərəblinski adına musiqili-dram teatrı fəaliyyət göstərir. Keçən il bu teatrın 40 illik yubileyini böyük təntənə ilə qeyd etdik. Bu teatr bütün dövrlərdə taktiki və strateji sənət ab-havası ilə nəfəs alıb. Mən bura gəlməzdən qabaq da Sumqayıt teatrını daim gündəmdə görmüşəm. Teatr truppasının üzvləri şəhər icra başçısı tərəfindən vaxtaşırı qəbul edilir, qayğı və müxtəlif nominasiyalarda mükafatlandırılır. Onlara evlər, torpaq sahələri verilir. Bu yaxında teatrın 40 il kirayədə olan binası da onların öz istifadəsinə verildi.
   - Bildiyiniz kimi, bizim nazir bütün regional iclaslarda mədəniyyət sahəsi işçilərinin ali təhsil və peşəkarlıq məsələlərini vurğulayır. Sumqayıtda vəziyyət necədir?
   - Bu məsələ ilə əlaqədar Sumqayıtda problem yoxdur. Böyuk əksəriyyət ali təhsillidi. Məşhur bir deyim var: «Teatr qarderobdan başlayır». Mən fikirləşirəm ki, böyük mədəniyyət isteddan başlayır. Hörmətli nazirimiz Ə.Qarayev tez-tez vurğulayır ki, mədəniyyət savaddan başlayır. İndi elə bir zaman yetişib ki, artıq, savadlı, istedadlı peşəkar aktyorlara çox ehtiyac var. Hörmətli nazirimiz hər çıxışında vurğulayır ki, eksperimentə getməkdən qorxmaq lazım deyil. Şablonlar sovet dövründə qaldı. Bizdə 14 klub var. Lakin onlar qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmir. Bunun üçün onların nə maddi-texniki bazası, nə kadr potensialı var. Klubların profilləşməsi, ixtisaslaşması dövrü gəlib çatıb. Klublar müxtəlif profillər üzrə formalaşdırılmaqla irəliləyişə nail olmaq mümkündür. Hər kəs özü-özünü maliyyələşdirməyin yolunu tapmalıdır. Dövlətin boynundan yük olub asılmaq olmaz.
   - Sumqayıt çox polifonik şəhərdir; musiqililiyindən tutmuş teatrallığına, ləhcələrinə qədər. Bu, imkan verir ki, yeni bir şəhər tipi yaransın...
   - Doğrudan da Sumqayıt mədəniyyəti toponomik və demoqrafik cəhətcə də çox fərqli şəhərdir. Ulu öndərimiz demişkən, «Sumqayıt kiçik bir Azərbaycandır» və əgər burada yaşayan insanların folklor və regional ənənələrini görk edən «yurd evi», ayrı-ayrı etno-spesifik ansamblları yoxdursa, bu, bizim günahımızdı.
   - Sumqayıtın təhsili ilə də maraqlanmışıq, çox qabaqcıl göstəricilərlə rastlaşmışıq. Görəsən nə məsələdi bu; bir vaxtlar təbiəti bu qədər tüstülü olan bir şəhərdə bu qədər intellektual alov?..
   - Sumqayıt o «tüstülü», o proletar dövrünü və sonrakı keçid dövrünü keçdi və intellektə, elitarlığa, kübar həyat tərzinə stimul yarandı. Sağlam rəqabət təhsildə daha məhsuldar oldu. Respublika üzrə keçirilən «ən yaxşı müəllim» müsabiqəsi qaliblərindən 10 nəfəri sumqayıtlıdır. İndi Sumqayıtın hər yerində fasiləsiz işıq, qaz, su verilir ki, bunlar da yaxşı oxumaq, yaxşı çalışmaq, yaxşı nəticələr deməkdir. Və üstəgəl təmiz hava!
   - Ofisinizin qarşısındakı lövhədə «Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsi» yazılıb. Mədəniyyətdən danışdıq, qaldı turizm. «Sumqayıt və turizm» tərkibi həmişə qəribə səslənib, bəs indi?
   - Mən bu sualı sizdən gözləyirdim və təəssüf ki, Sumqayıtda bu gün bu adı doğruldan işgüzar işlər və təbii elementlər çox azdır. Mən nazirliyimizə müraciətlə Sumqayıtda turizmin inkişaf planının hazırlanması üçün mütəxəssislərin bura ezam olunmasını xahiş etmişəm. «Məntiq» kitabında belə bir cümlə var: «Bütün gözəl şəhərlər dəniz kənarında yerləşir - Bakı dəniz kənarında yerləşir». Bəli, Sumqayıt da dəniz kənarında yerləşir; dənizi var, qumsal sahilləri var. Bundan əlavə, Sumqayıtın qədim Corat qəsəbəsi var. Orada turistləri cəlb edəsi bir neçə tarixi abidələr var ki, onların da bərpası, abadlaşdırılması turist cəlbinə çox əl verərdi. Deməli, imkanlı sumqayıtlılarımız bir az da zirək tərpənsələr, Sumqayıt da «dəniz kənarında yerləşmə» məntiqində gözəlləşər. Bildiyimə görə, burada yaşayan iş adamları turizm kompleksləri tikmək üçün dövlətdən vəsait ayrılmasını xahiş ediblər. Sumqayıt ziyalılarının, iş adamlarının sayı və milli duyğuları o dərəcədədir ki, tezliklə bu şəhərin «ticarət turizmi»ni mədəni-mənəvi turizminə çevirəcəklər.
   - 60 illiklə bağlı tədbirlər haqda...
   - Bunlar sadalamaqla qurtaran deyil. Nazirliyin dəstəyi ilə Bakıda ilk dəfə Sumqayıt rəssamlarının sərgisi keçirildi. Sumqayıtın baş memar və rəssamı Vaqif Nəzirovun sərgisini keçirmişik. Sumqayıta həsr olunmuş mahnı müsabiqəsi bu yaxınlarda yekunlaşdı və çox ciddi münsiflər heyətinin rəyi ilə Sumqayıt haqda 4 gözəl mahnı qazandıq. Ümumrespublika səviyyəsində Sumqayıta həsr edilmiş şeir müsabiqəsi təşkil etdik. Gözəl bir şeirlər kitabı nəşr etdik, təqdimat mərasimi keçirdik. 2-3 il qabaq Sumqayıtda rəqs qrupları yox idisə, indi keçirdiyimiz müsabiqələrdən 9 rəqs kollektivi üzə çıxdı.
   - Sizcə, indi əhalinin neçə faizi fəxrlə «Mən Sumqayıtlıyam!» deyər?
   - Mən çox adam tanıyıram ki, Bakıda yaşayıb-işləyərək Sumqayıtda ev alır. Bu da Sumqayıtın şəraiti, gözəlliyi ilə bağlıdır. İnsanlar Sumqayıtda daha gülərüzdülər, daha mehribandılar. Sumqayıt əhalisi dinləməyə, duymağa, qiymət verməyə hazır və layiq insanlardı. Bəzi «abrazovannılar» Sumqayıta hələ də «proletar şəhəri» deyirlər. Elələrini təkzib etmək üçün çox söz deyərdim, lakin bircə faktı xatırladım. Oktyabrın 27-də öz möhtəşəm və çox müasir orkestri ilə Sumqayıtda konsert verən Teymur Göyçayev etiraf etdi ki, klassik musiqini bu səviyyədə qavrayan və alqışlayan auditoriya ilə çox az yerdə üzləşib.
   - Sizcə, 600 ildən sonra Sumqayıt haqda, bu şəhərin qədimliyi haqda nə deyəcəklər?
   - (gülümsünür) Çox söz deyəcəklər, istərdim bunu da desinlər ki, Sumqayıt elə 60 illiyində də qədim və gözəl idi...
   
   Söhbətləşdi:
   Tahir Abbaslı