Həyatda az-az adam olar ki, musiqinin həzin ahəngindən təsirlənməsin. Çünki o susan qəlblərin dilidir. Bu dilin söylədikləri daima intizar könüllərin, sevən ürəklərin xəyal həmdəmidir. Məncə, bu dildə danışanlar bəxtiyardı. Belə səs sahiblərindən biri 2009-cu ildə keçirilən «Xalq ulduzu» müsabiqəsinin qalibi Tural Salmanov qonağımızdı:
- Qarabağın gözəl guşəsi olan Zəngilan rayonunun Alıbəyli kəndindənəm. 23 iyun 1983 -cü il təvəllüdüyəm. Atam müəllim, anam isə şəfqət bacısıdır.
- Uşaqlıq illərinin demək olar ki, çox az hissəsi doğma kəndinizdə keçib. İndi o yerləri necə xatırlayırsan. Heç kəndiniz yadına düşür?
- O gözəl yurdu tərk edəndə on yaşım vardı. Dördüncü sinifdə oxuyurdum. Müdhiş olayı yaşadığım tarix isə 1993-cü ilin bir payız günü idi... Doğrudan da, ömrümün çox az hissəsi orada keçdi. İyirmi altı illik ömrümün ən maraqlı və mənalı anlarını o illəri hesab edirəm. Deyim ki, o günləri yaxşı xatırlayıram. Həftənin şənbə və bazar günləri tamam boş-bekar olurduq. Qoyun-quzu dalınca kövşənə-örüşə gedərdik. Bəzən də səhərdən axşamacan oynardıq. Heç çörək də yeməzdik. Bilməzdik axşam necə düşdü...
- Tural, heç səcərənizdə musiqiçi olub?
- Hə, olub. Nəslimizdə səsli-avazlı şəxslər, tanınmış musiqiçilər var. Deyim ki, əmim Bahadır Salmanov Zəngilan rayonunda yaxşı səsi olan xanəndə kimi tanınıb. O səksəninci illərdə Bakıda “Oxu tar“ müsabiqəsinin , dayım Anar Ağayev isə Özbəkistanda keçirilən “Səmərqənd festivalı” nin laureatı olublar... Ümumiyyətlə, nəslimizdə musiqiyə, poeziyaya ardıcil olaraq hərtərəfli maraq özünü göstərib.
- Bəs musiqiyə gəlişiniz necə oldu?
- Dediyim kimi, biz kənddə yaşayırdıq. Ancaq ailəmizdə yaşanan mühit məndə musiqiyə maraq, həvəs yaratmışdı. Siz də yaxşı bilirsiz ki, kənd həyatı şəhər həyatından çox fərqlənir. Qarabağ yamacları da adamı ilhama gətirir. Səsi olan da, olmayan da elə oxumaq istəyir. Uşaqlarnan yamaca qalxardıq. Daşa-ağaca söykənib səhərdən axşamacan necə gəldi oxuyardıq. Belə-belə uşaqlar arasında, ailəmizdə hiss olundu ki, yaxşı səsim var.
Köçkün düşəndə Bakıya gəldik. Nərimanov rayonu ərazisində məskunlaşdıq. Günlər, aylar çox sürətlə gəlib keçdi. Vaxt gəlib məqamına çatdı. Ailəmizdə bəzi məsləhətləşmələr oldu. Belə qərara gəlindi ki, mən musiqi təhsili alım. Bir gün atamla Qara Qarayev adına 8 saylı Musiqi Məktəbinə getdik. Məktəbin muğam müəllimi,əməkdar artist Nuriyə Hüseynova ilə görüşdük. Mənimlə ətraflı söhbət etdi. Musiqi duyumum, qavrayışım xoşuna gəldi... Onu da deyim ki, müəlliməni tanıdığımızı bildirdik. O bir anlıq dayandı. Soruşdu ki, bu necə ola bilər? Atam bir daha bildirdi ki, Turalın dayısı Anar Ağayevlə “Səmərqənd festival”ında iştirak etmisiz. “Azərbaycanfilm“ 1984-cü ildə Anar haqqında sənədli film çəkib. Filmdə siz də varsınız... Çox şad oldu. Sonra bir-birini əvəz edən yeniliklər qarşımda perspektivlər açdı. 1995-ci ildə AzTV-də yaşı yeddidən 20-dək olan gənclər arasında keçirilən «Yaşıl yarpaq» müsabiqəsinə qatıldım. Sonra eşitdim ki, çıxışım respublikanın xalq artisti, mərhum İslam Rzayevin xoşuna gəlib. Mənimlə çox maraqlanır. Görüşünə getdim. Səsimi bəyəndiyini bildirdi. Bəzi məsləhətlər verdi. Məhz onun məsləhəti ilə 1996-2000-ci il tarixdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində oxudum...
2001-ci ildə sənədlərimi Milli Konservatoriyaya verdim. Respublikanın görkəmli muğam ustaları Arif Babayev, İslam Rzayev, Qəzənfər Abbasov və Teymur Əmrah mənə musiqi elminin əsaslarını öyrətdi. Onlardan milli musiqimizin incəliklərini, sirlərini öyrəndim. 2005-ci ildə təhsilimi müvəffəqiyyətlə başa vurdum...
- Bildiyimə görə, xeyli vaxt Moskvada yaşamısınız. Bu, nə ilə bağlı olub?
- Milli Konservatoriyada təhsilimi başa vurdum. 2005-2006-cı il tarixdə hərbi xidmətdə oldum. Sonra respublikamızın Moskva şəhərində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətindən dəvət aldım. “Qız Qalası” şadlıq sarayında iki il altı ay çalışdım. 2009-cu ilin əvvəlində Bakıya qayıtdım...
- «Xalq ulduzu» müsabiqəsində iştirakınız necə oldu?
- Müsabiqə haqqında qabaqcadan məlumatım var idi. Sonra bu haqda mətbuatda, televiziyada ictimaiyyətə geniş məlumat verildi. Müəllimlərimdən Nuriyə Hüseynovaya və Teymur Əmraha müsabiqədə iştirak etmək istədiyimi bildirdim. Mənə uğurlar dilədilər. Bildirdilər ki, sözsüz qalib olacaqsan. Doğrudan da, onlar dediyi kimi oldu. Müsabiqənin qalibi oldum.
- Müsabiqə neçə tur oldu, bəstəkarlardan kimin əsərlərini oxudun?
- Müsabiqə 9 aprel 2009-cu il tarixdə başladı. Altı ay davam etdi və dörd tur keçirildi. Sentyabr ayında başa çatdı. Respublikanın görkəmli bəstəkarlarından Səid Rüstəmovun “Qurban adına“, Cahangir Cahangirovun “Qara gözlər”, Tofiq Quliyevin “Gül gözəl” bəstələrini və “Getdim gördüm bulaqdadı” xalq mahnısını oxudum. Onu da deyim ki, bu müsabiqə yox , həqiqətən indiyə kimi verdiyim imtahanların ən çətini oldu...
- İndi kiminlə işləyirsən? Daha doğrusu, hansı teatrda və yaxud ansamblda çalışırsan?
- Hazırda bəstəkar Tahir Əkbərlə işləyirəm. Onun əsərləri çox xoşuma gəlir. Hələ müsabiqə vaxtı onun “Qərarsız mən oldum” əsərini oxudum . O da ifamı bəyəndi... İş məsələsinə gəlincə, hələlik heç bir ansamblda çalışmıram. Ancaq bu ildən Muğam Teatrında çalışmaq üçün dəvət almışam.
- Məlumdur ki, siz muğam təhsili almısınız. Bəs necə oldu ki, birdən-birə dönüb xalq mahnısı müsabiqəsinə qatıldız?
- Düzdü, mən muğam ifaçısıyam. Ancaq Milli Konservatoriyada oxuyarkən respublikanın görkəmli sənətkarı Teymur Əmrah mənə vokal janrından dərs deyib. Ondan xalq mahnılarımızın dərin məna çalarlarını, incəliklərini öyrənmişəm. Onu da deyim ki, muğamlarımız milli musiqimizin bazisidirsə, xalq və bəstəkar mahnılarımız üstqurumudur. Bunlar heç bir halda bir-birindən ayrılmazdır.
Savalan Fərəcov