Hafiz Quliyev: “Premyeradan sonra Samsunda hamı tamaşadan mahnılar oxuyurdu”
   
   «İmkan olsaydı, bu tamaşanı əlimizin üzərinə götürüb heç nəyinə toxunmadan Nyu-Yorka aparardıq. Qoy orda görsünlər ki, əsl sənət necə olur». Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevə bu sözləri Bakıda «Leyli və Məcnun»a baxan bir amerikalı ailə deyib. «Üzeyir sənətinin böyüklüyünü, dahiliyini dillə ifadə etmək mümkün deyil. Dünyanın hansı ölkəsində dahi bəstəkarın əsərləri səhnələşdirilirsə, ayaq üstə alqışlanır». Bu sözlər isə Hafiz müəllimə məxsusdur. Rejissor ötən ilin noyabrında Türkiyə Cümhuriyyətinin Samsun Dövlət Opera və Balet Teatrında «Arşın mal alan»ı səhnələşdirərkən aldığı təəssüratları bizimlə bölüşür:
   
   - 2009-cu ildə Samsun Dövlət Opera və Balet Teatrının rəhbərliyinin dəvəti ilə Üzeyir Hacıbəyovun «Arşın mal alan» tamaşasını səhnələşdirmək üçün Türkiyəyə getdim. Əvvəla, bu ideyanın haradan gəlməsi ilə bağlı kiçik bir məlumat verim. Mən Üzeyir Hacıbəyovun, demək olar ki, bütün əsərlərini səhnələşdirmişəm, həm Azərbaycanda, həm də xaricdə. «Arşın mal alan»a gəldikdə isə 4 dəfə quruluş vermişəm: 1997-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında dövlət sifarişi ilə, 2002-ci ildə Ankara Dövlət Opera və Balet Teatrında, 2003-cü ildə Moskvada və 2009-cu ildə Samsun Dövlət Opera və Balet Teatrında. Göründüyü kimi, müxtəlif teatrlarda, müxtəlif aktyorlarla bu tamaşaya quruluş vermişəm. Tamaşanın Bakıdakı nümayişinə Ankara Opera Teatrının baş direktoru Rəmzi bəy də baxmışdı. Bundan sonra onlar mənə bu əsəri türk aktyorlarının ifasında Ankarada səhnələşdirməyi təklif etdilər. Təklifi qəbul etdim. Ankara Dövlət Opera və Balet Teatrının aktyorları və bolqar dirijorla tamaşanı hazırladıq.
   - Tamaşada çıxış edəcək aktyorları siz seçirdiniz?
   - Aktyorları onlar mənə təklif etdilər, söz yox ki, mənim də fikrim nəzərə alındı. Əslində mənim seçim etməyim üçün vaxt da yox idi, amma bütün rolların ifaçılarını birlikdə müəyyənləşdirdik. Biz tamaşanı Azərbaycan ləhcəsində hazırladıq. Tamaşanın rəssamı Yusif Tokar adlı türkiyəli sənətkar idi. Dekorasiyalarla bağlı mən ona təklif etdim ki, ümumi fonda Bakı, İçərişəhərdən görüntülər yer alsın. İstəyirdim ki, əsərdə baş verən hadisələr Bakıda cərəyan etdiyindən, tamaşada aktyorların geyimlərindən tutmuş, ornamentlərə qədər hər şey bir-birini tamamlasın, sırf Azərbaycan ab-havası duyulsun. Bundan sonra bu tamaşa uzun müddət Ankara teatrının repertuarında qaldı. Əsəri Türkiyənin bir neçə bölgəsində, hətta xaricdə də qastrol səfərlərində oynadılar.
   Mən bu dəfə Samsuna gedəndə orada hər kəs Ankara Opera Teatrında hazırlanan «Arşın mal alan»dan danışırdı.
   - Necə oldu ki, Samsun Opera və Balet Teatrında da bu əsəri tamaşaya qoymaq qərarına gəldilər?
   - 2009-cu ildə teatrın repertuarını müəyyənləşdirəndə qərara alıblar ki, «Arşın mal alan»ı mütləq səhnələşdirsinlər. Əsəri səhnələşdirməyi mənə təklif etdilər, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycan Opera və Balet Teatrının rəhbəri Akif Məlikov bunun üçün mənə hər cür şərait yaratdılar, gedib orada tamaşanı hazırladım. Noyabrın 15-də Türkiyəyə getdim, bir gün sonra Samsun teatrında işə başladıq. Vaxtımız az idi, hər şey sıfırdan başlanmalıydı. Ona görə çox gərgin işləyirdik. Üstəlik də hər rola iki-üç nəfər hazırlanmalıydı. Bunlar onun üçün idi ki, hər tamaşada ifaçılar dəyişdirilməliydi. Bunların hamısını hazırlayıb sonra gəlməliydim. Gündə səkkiz saat məşq prosesi gedirdi. Səkkiz saat məşq psixoloji baxımdan çox çətindir. İlk 15 gündə məşqlərdə hamı iştirak edirdi: 17-18 nəfər aktyor, baletmeyster, dirijor, kostyumçular... Eyni zamanda onlarda maraqlı bir tendensiya var ki, hamı gəlib məşqə baxır. Onlar üçün maraqlı idi ki, Azərbaycandan gəlmiş rejissor necə işləyir.
   - Türkiyəli rejissorlarla sizin iş üslubunuzda hansı fərqlər var?
   - Biz Stanislavski məktəbi ilə işləyirik, onlar Avropa, Şekspir teatrı üslubu ilə. Biz iç oyunu çox sevirik, çünki məktəbimiz bunu tələb edir. Məşq prosesində hər iki məktəbin sintezindən yararlanaraq tamaşa hazırladıq. Dekabrın 19-na premyera təyin edilmişdi. Vaxta bir neçə gün qalmış bilet satışı ilə məşğul olan adam dedi ki, tamaşanın uğuru artıq bəllidir. Çünki bir dənə də boş yer qalmayıb. Premyera həmin tarixdə oldu. Olduqca canlı bir tamaşa göstərildi. Hər frazaya, hər sözə reaksiya verilirdi.
   Üzeyir Hacıbəyov elə bir irs qoyub gedib ki, bundan sonra yüz illər də keçsə, yeni gələn nəsil həmişə bu irsdən istifadə edəcək, həm Azərbaycan mədəniyyətini, musiqisini dünyada tanıtmaq baxımından, həm də öz insanlarımızın mənəvi zövq alması baxımından. Ən əsası isə odur ki, biz bundan düzgün istifadə edək, bu irsi özümüzə və dünyaya olduğu kimi təqdim etməyi bacaraq. Üzeyir bəyin yazdığının istiqamətini dəyişsək, ola bilər ki, az bir müddət üçün tamaşaçı marağı əldə edək, amma bunun uzun müddət qalması mümkün deyil. Ona görə də mən dahi bəstəkarımızın əsərlərini harada səhnələşdirsəm, çalışıram ki, onun öz dəst-xəttini qoruyub saxlayım. Ü.Hacıbəyovun komizmini saxlamaq kifayət edir ki, həmin tamaşa uğur qazansın.
   - Türkiyədə sizdən hansı yöndə tamaşa istədilər?
   - Ankarada «Arşın mal alan»ı səhnələşdirəndə mən təklif etdim ki, bir qədər modern üslubda əlavələr edək. Qəti şərt qoydular ki, tamaşa sırf klassik formada hazırlansın. Hər şeyi Üzeyir bəyin qələmindən çıxan kimi istədilər. Biz modern tamaşalara müraciət edirik. Amma onlar bizim üçün nümunə ola bilməz. Yeri gəlmişkən, «Arşın mal alan» Ankarada da, burda da ən çox tamaşaçı toplayan əsərdir. Əslində onların təklifi mənim də ürəyimdən idi. Çünki Ü.Hacıbəyovun istər operası, istərsə də operettası olsun, bunu Üzeyir masştabında təqdim etmək lazımdır. Bununla biz dunyaya öz adət-ənənələrimizi, etik qaydalarımızı, geyim, tərtibat və musiqi mədəniyyətimizi göstəririk. Biz bunları olduğu kimi verdikdə dünya bizi təbii halda daha çox qəbul edəcək. İndiyə qədər dünyanın 70-dən çox ölkəsində bu əsər tamaşaya qoyulub və hər yerdə də sevilib.
   - Samsunda tamaşa necə qarşılandı?
   - Dekabrın 19-da premyera, 21-də isə qala-premyera oldu. Qala-tamaşaya İstanbuldan, Ankaradan çox ünlü sənətçilər gəlmişdi. Eyni zamanda Samsun şəhərinin rəsmiləri də tamaşaçılar arasında idi. Yerli media dekabrın 10-dan tamaşanı işıqlandırmağa başlamışdı. «Arşın mal işıq saçacaq», «Şöhrətli türk rejissorunun, şöhrətli «Arşın mal alan»ın Azərbaycanı bir daha Türkiyəyə sevdirməsi» başlıqları ilə yazılar dərc edilmişdi. Çoxlu müsahibələrim oldu, həm televiziyalarda, həm də qəzetlərdə.
   - Türkiyə ictimaiyyətinin reaksiyası necə oldu?
   - 19 Mayıs Universitetində Azər Kazımlı adlı çox şöhrətli bir professorumuz çalışır. O mənə danışırdı ki, antrakt zamanı hər kəs «Arşın mal alan»ın musiqisini oxuyurdu və bu da mənə qürur verirdi. Hətta küçə ilə gedəndə də hamı tamaşanın mahnılarını ifa edirdi. Premyerada da, qala tamaşanın sonunda da məni səhnəyə dəvət etdilər. 10-15 dəqiqə dayanmadan alqışladılar. Çox qürur duyulası səhnə idi. Bu zaman yalnız bir şeyi düşünürdüm ki, nə yaxşı ki, mən azərbaycanlıyam və nə yaxşı ki, xalqımın Üzeyir bəy kimi sənətkarı var. Tamaşadan sonra danışırdılar ki, Hafiz Quliyev gəlib Samsunu azərbaycanlaşdırdı. Mənə saysız-hesabsız müraciətlər oldu ki, Azərbaycanı görmək istəyirlər. Sonda böyük bir ziyafət təşkil edildi. Həmin tədbirdə məşhur insanlar iştirak edirdilər. Onların hamısı öz çıxışlarında Üzeyir sənətinə vurğunluqlarını ifadə etdilər.
   Samsun Opera və Balet Teatrının rəhbərliyi bildirdi ki, tamaşaçılar tərəfindən onlara o qədər təpki gəldiyindən, bu əsəri uzunmüddətli repertuara salıblar. İndi ayda 2-3 dəfə «Arşın mal alan» göstərilir, yaz aylarında isə tamaşaya qastrol coğrafiyası yazıldı. Üstəlik, Ankarada və Samsunda «Arşın mal alan» adlı dərgilər buraxıldı. Bu dərgilərdə mənim buradan Ü.Hacıbəyovun həyat və yaradıcılığına dair apardığım bütün materiallar yer alıb. Dərgilər cəmi bir neçə günə satılıb qurtardığından yenidən təkrar çap edildi.
   - Tamaşanın musiqilərini kim ifa edirdi?
   - Teatrın solistləri. Samsun teatrının aktyorlarının hamısı konservatoriya təhsillidir. Çox istedadlı insanlardır. Yüksək səviyyədə də ifa edirdilər. Onlar «Arşın mal alan»ı o qədər sevirlər ki, çox böyük həvəslə bu işə girişmişdilər. Əsərə sevgi ilə yanaşanda onu oynamaq asan olur. Ankaradakı tamaşa bir qədər Azərbaycan ləhcəsi ilə hazırlanmışdı, amma Samsunda sırf Anadolu ləhcəsindən istifadə etdik. Buradakı tamaşada dirijor alman, rəssam türk, rejissor azərbaycanlı, xormeystr isə moldovan idi.
   - Sirr deyil ki, son illər Azərbaycan teatrları tamaşaçı qıtlığı yaşayır. Bu baxımdan Türkiyədə vəziyyət necədir?
   - Deməzdim ki, Azərbaycan tamaşaçısı teatrdan ayağını tamamilə kəsib. Xüsusilə axır vaxtlar bu yöndə xeyli irəliləyiş var. Hətta bizim elə tamaşalarımız olur ki, bilet tapılmır. Bizdə də premyeralarda bilet satışı yüksək olur. Türkiyədə də qala-premyeraya 3-4 gün qalmış biletlərin hamısı satılıb qurtarmışdı. Ortaq nöqtələr var. Yaxşı tamaşanın tamaşaçısı həmişə olur. Müəyyən düşüb-qalxmalar hər yerdə baş verir. Üzeyir bəyin əsərlərinə maraq isə heç zaman ölmür.
   
   Fəxriyyə ABDULLAYEVA