Beynəlxalq konfransda dünyanın 50-dək ölkəsindən nümayəndələr iştirak edəcək
   
   Aprelin 26-dan 29-dək Bakıda “Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun Dünya İrs Mərkəzinin (WHC) məşvərətçi orqanları olan Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) və Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), həmçinin Azərbaycan Memarlıq və İnşaat Universiteti və İtaliyanın Romualdo Del Bianko Fondunun birgə tərəfdaşlığı ilə gerçəkləşəcək.
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət Nuriyevin sözlərinə görə, konfransda dünyanın 50-dən artıq ölkəsindən mədəni irsin mühafizəsi və inkişafı sahəsində fəaliyyət göstərən nüfuzlu elm adamlarının, ekspertlərin və siyasətçilərin iştirakı nəzərdə tutulub: «Bakı konfransı tarixi şəhərlərin, xüsusilə də UNESCO-nun dünya irs siyahısına daxil edilmiş və yaxud bu qurumun tövsiyələri əsasında dünya irs obyektlərinin yerləşdiyi bəşəri irs əhəmiyyətli şəhərlərin landşaftının inkişaf meyillərini, həmçinin urbanizasiyasının şəhərlərin tarixən formalaşmış landşaftına təsirlərini araşdırmağa çalışacaq».
   Tədbirdə İCOMOS təşkilatının prezidenti Qustavo Aravoz, Romualdo del Bianko Fondunun prezidenti Paolo del Bianko, İCOMOS-un Mühafizə və bərpanın nəzəriyyə və fəlsəfəsi beynəlxalq elmi komitənin sədri Vilferd Lipp (Avstriya) iştirak edəcəklər.
   Konfransın açılışı aprelin 27-də “Exelsior-Bakı” mehmanxanasında olacaq. Tədbirin birinci hissəsi «Tarixi landşaftların perspektivləri - yeni vasitələr», ikinci hissə «Risklərin idarəedilməsi», üçüncü hissə «Təziyqlə üz-üzə», dördüncü hissə «Dünyaya baxış» adlanır.
   Bundan əlavə, aprelin 27-28-də “Exelsior-Bakı” mehmanxanasında Şuşa şəhərinin erməni qüvvələri tərəfindən işğalının 20 illiyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi «Müharibə və irs» adlı fotosərgi nümayiş olunacaq.
   
   Mehparə