Bu il 100 illik yubileyini qeyd edəcək Musiqili Komediya Teatrının müasir fəaliyyəti, repertuar seçimi, səhnə-tamaşaçı münasibətləri və s. məsələlərinə aydınlıq gətirmək üçün sənət ocağının baş rejissoru Yusif Əkbərovla söhbətləşdik. 
   
   - Günün komediyası - Musiqili Komediya Teatrında tamaşaçı bunu tapırmı?
   - Mən bu sualı cavablandırmaq üçün keçmişə qayıtmaq istərdim. Bizim teatr həyata vəsiqəni Ü.Hacıbəyovun “Ər və arvad” komediyası ilə alıb. Teatrımızın repertuarında hər zaman cəmiyyətdəki çatışmazlıqlar, qadın hüquqsuzluğuna qarşı mövzular yer almışdır. Tamaşalarımızda problemlər satira və yumorla tənqid olunur. Düşünürəm ki, qeyd olunan amillər tamaşaçı auditoriyamızın qorunmasına xidmət edir.
   Musiqili Komediya Teatrı 100 illik fəaliyyətində hər dövrə olan münasibətilə tamaşaçısını ətrafına toplaya bilmişdi. Bu gün də yaranmış problemlərə qarşı öz münasibətimizi bildirərək, tamaşaçıları mənəvi saflığa çağıraq.
   - 100 illik sənət ənənəsi olan teatrınızda bu gün nə var, nə yox?
   - Bizim nəsil üçün teatrımızın bir əsrlik yubileyini qeyd etmək böyük şərəfdir. Əvvəla, onu deyim ki, yubileyimizlə bağlı tədbirlərə hazırlıq davam etdirilir. Aprel ayının sonu, mayın əvvəlində qeyd olunması nəzərdə tutulur.
   Tamaşalarımıza gəlincə, Ü.Hacıbəyovun “O olmasın, bu olsun” və “Arşın mal alan” əsərlərini yeni quruluşda və yeni aktyorların təqdimatında səhnəyə qoyduq.
   - Üzeyir sənəti ölməzdir.Bəs nədən indiyə kimi “Ər və arvad” səhnələşdirilməyib?
    Artıq bu tamaşanın hazırlıqlarına başlamışıq. Mənə elə gəlir ki, bu əsər heç bir teatrda tamaşaya qoyulmayıb və tamaşaçılarımıza da yaddır. Yubileyimiz ərəfəsində təqdim etməyi planlaşdırmışıq. Bunlardan başqa ilk dəfə olaraq Azərbaycan truppamız Qərb operettasından Kalmanın “İddialı qaraçı” əsərini təqdim etdi. Bu əsər bir qədər əvvəl rus truppası tərəfindən səhnələşdirilmişdi.
   Bu il təhvil verilməsi nəzərdə tutulan daha bir neçə tamaşamız var. Görkəmli bəstəkarımz Arif Məlikovun “Ləpələr” əsərinə müraciət olunub. Hazırlıq işləri aparılır. Vaxtilə bu tamaşa qoyulmuşdu. Bəstəkar Ramiz Mirişlinin Marat Haqverdiyevlə birlikdə yazdıqları “Amerikalı kürəkən” əsəri üzərində işləyirik. Onun quruluşunu hazırlamaq xalq artisti Namiq Kamala tapşırılıb. Aleksandr Volodinin “Sevdiklərinizdən ayrılmayın” əsərini xalq artisti Cənnət Səlimova rus truppası ilə birlikdə hazırlayır.
   - Son zamanlar repertuarınızda yenidən klassik əsərlərə qayıdış müşahidə olunur. Bu nə ilə əlaqədardır?
   - Klassika həmişə müasirdir. Əgər klassik əsərlər bu gün də aktualdırsa, hökmən səhnələşdirilməlidir. Bir məsələ vacibdir ki, bugünkü gözlə baxasan, əlaqələndirəsən və müasirləşdirəsən.
   Klassika ona görə uzun ömürlüdür ki, bu əsərlər öz aktuallığını heç vaxt itirmir. Həmçinin burada gözəl ədəbi mətndən, musiqidən başqa, aktyorlarımız üçün də öyrəniləsi çox şey var. Elə klassik əsərlərimiz var ki, müasir həyatımızla səsləşdiyindən biz onlara mütləq müraciət etməliyik.
   - Necə hesab edirsiniz, kənardan bu, itirilmiş tamaşaçını köhnə repertuarla yenidən çağırmağa oxşamırmı?
   - Xeyr, mənə elə gəlir ki, bizim teatrımızın çox etibarlı tamaşaçıları var. Mən həmişə teatr zalına daxil olanda bir qələbəlik görürəm. Bu da 90-cı illərdə öz fəaliyyətini dayandıran, düz yeddi il sonra bərpa edən teatrımızın tamaşaçısını itirmədiyinin sübutudur.
   Düşünürəm ki, teatrımızın janrı tamaşaçıları bizdən uzaq dayanmağa imkan verməz. Onlar tamaşalara baxanda qətiyyən darıxmırlar, əksinə yaxşı əhvalda buranı tərk edirlər.
   - XXI əsr Musiqili Komediya Teatrının səhnəsində görünür. Məncə, dövrün çatışamazlıqları- insan və cəmiyyət münasibətləri yetərincə tənqid obyektinə gətirilmir, ironyanın dili ilə tamaşaçıya ötürülmür. Bunun səbəbi də yəqin ki, əsər problemi ilə bağlıdır.
   - Teatrımızın repertuarında dövrün tələblərinə uyğun tamaşalar da var. Aqşin Babayevin “Əlin cibində olsun” tamaşasını göstərmək olar. Burada varlıların deputatlığa nəmizədliyini verməsindən bəhs olunur. Onlar çalışırlar ki, öz naqisliklərini gizlədərək, xalqa yaxşı görünsünlər. Bunun üçün də ətraflarına özlərinə bənzər adamlar toplayırlar. «Şeytanın yubileyi», «Qısqanc ürəklər”, «Səhnədə məhəbbət” əsərlərinin mövzuları müasir həyatdan alınıb.. Bunların hamısı XXI əsrin problemlərini özündə əks etdirən tamaşalardır. “Səhnədə məhəbbət” tamaşası iki gəncin sevgisindən bəhs edir. Amma bir problem var. Onların hər ikisi aktyordur. Qız oğlanı çox sevir. Həm də yaxşı yaşamaq istəyir. Oğlanın maaşı az olduğu üçün qız ona istədiyi həyatı verməyəcəyini düşünür. Bu qeyd etdiklərimiz müasir dövrün aktual problemidir.
   - Bəzən ənənələrə söykənən teatrınızda “Bu şəhərdə”, “Tək səbir” “Parni iz Baku” kimi məzhəkələrə, bəzən isə xalq artistinin gülüş doğuran jest və ifadələrinə rast gəlinir. Bu fikirlə razısınızmı?
   - Biz pofessional teatr tamaşaları hazırlayırıq. Onların isə fərqli yolları və üslubları var. Müəyyən cəhətdən oxşarlıqlar ola bilər. Çünki hər ikisi komediyadır. Amma onlarda hadisələr başqa cür inkişaf edir. Demək olar ki, onların stilinə rast gəlinmir. O ki qaldı onlarda belə epizodlar var. Qadın obrazlarını canlandırmaq. Bizdə buna rast gəlmək mümkündür. Bu hərəkətlərə hələ Molyerin əsərlərində, Ü.Hacıbəyovun “O olmasın, bu olsun” komediyasında da yer verilib. Və bizim yeni tamaşamız olan “Qısqanc ürəklər”də də belə bir səhnə var. Öz sevgisi uğrunda mübarizə aparan gənc, məcburdur ki, onun etimadını qazansın və sevgisindən əmin olsun. Buna görə də arvad paltarı geyinir.
   - 100 yaşlı Musiqili Komediya Teatrı bizi güldürüb düşündürəcək, yoxsa sadəcə güldürəcək?
   - Professional rejissor və aktyor birinci növbədə tamaşaçını düşündürməyi bacarmalıdır. Tamaşaçı teatra gələndə nə isə öyrənməlidir. Məqsədimiz də budur. Sadəcə ağlamaq və gülmək insanı yorur. Əgər tamaşada bir ağıllı fikir, düşüncə yoxdursa, maraqsız görünür. Biz müəyyən problemlərə komediya donu geyindirərək tamaşaçıya ötürür və güldürərək düşünməyə vadar edirik.
   Hər bir əsərin ideyasına baxılır.
   Komediyanın qarşısında ciddi problemlər durur. Ən əsası odur ki, düşündürəsən. Qoqolun “Müfəttiş” əsərində maraqlı bir məqam var. Yalançı bir müfəttişə qorxularından var-dövlətlərini verən şəhərin varlıları sonra əsl müfəttişin qarşısında gülməyə başlayırlar. O isə belə bir sual verir. “Siz, kimə gülürsüz”. Əslində onlar özlərinə gülürdülər. Bu cümlə tamaşaçıya sillə kimi dəyir. Bax, budur tamaşaçını düşündürən.
   - Necə düşünürsünüz tamaşaçı teatra gəlməlidir, yoxsa teatr tamaşaçıya tərəf getməlidir?
   - Teatr tamaşaçı üçün yaradılıb. Əgər teatra tamaşaçı gəlmirsə, deməli, onun fəaliyyəti sıfıra bərabərdir. Bunu üçün isə maraqlı tamaşalar hazırlanmalıdır. Burada ikili maraq var. Teatr tamaşaçını, tamaşaçı isə teatrı diqqətdə saxlamalıdır. Əgər bunlar bir-birini təmin edirlərsə, onda onlar arasında böyük bir ünsiyyət yaranır. Teatr cəmiyyət üçün çalışır. Teatr daim tamaşaçını maraqlandırmalıdır. Əks halda, tamaşaçı üz çevirəcək. Gərək düşündürməyi bacarasan. Onda teatrla tamaşaçının əlaqəsi kəsilməyəcək.
   
   Günel QƏHRƏMANOVA