Mayın 13-dən arenada iştirakçı ölkələrin təmsilçilərinin məşqləri başlayacaq
“Eurovision - 2012” mahnı müsabiqəsinin gerçəkləşəcəyi “Baku Crystal Hall”da musiqi bayramına hazırlıq davam edir. “Eurovision” mahnı müsabiqəsinin rəhbəri Yan Ola Sand burada işlərin gedişi ilə tanış olub. Arenanı və mətbuat mərkəzini gəzən Yan Ola Sand şou hazırlıqları ilə bağlı fikirlərini eurovision.az saytına açıqlayıb.
O, işlərin yüksək səviyyədə davam etdiyini vurğulayaraq deyib: “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq işləri çox gözəl gedir. Artıq arenanın səhnə və işıq sistemləri tam hazırdır. Mən arenada səhnəarxası ərazilərdə aparılan işlərlə yaxından tanış oldum. Burada hamı öz iş cədvəlinə uyğun çalışır. Mətbuat Mərkəzi də çox gözəldir. Hesab edirəm ki, Bakıda keçiriləcək 57-ci “Eurovision” şousu çox möhtəşəm olacaq”.
May ayının 13-dən isə “Baku Crystal Hall”da müsabiqədə iştirak edəcək ölkələrin təmsilçilərinin məşqləri başlayacaq. Bu arada mahnı müsabiqəsinin açılış və interval aktlarının məşqləri başlanıb.
Səhnə dizaynı, işıq effektləri, “Green Room”u ilə fərqlənəcək “Eurovision-2012” mahnı müsabiqəsi həm də açılış şousu və interval aktları ilə bütün Avropa izləyicilərinin böyük marağına səbəb olacaq.
Müsabiqənin işçi qrupundan bildiriblər ki, yerli və xarici mütəxəssislərin cəlb olunduğu şoularda çıxış edəcək müğənnilər və qrupların məşqləri Bakının bir neçə məkanında - Heydər Əliyev adına İdman-Konsert Kompleksində, “Buta Palace”də və digər konsert saraylarında aparılır.
Ənənəyə uyğun olaraq “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi edən ölkə açılış və interval aktlarında adətən milli mədəniyyətini əks etdirən şoular göstərir. Bu baxımdan Bakı şousunda da tamaşaçılara Azərbaycanın zəngin musiqisi, mədəniyyəti ilə fərqli, milli adətlərlə müasirliyin sintezindən yaranan açılış və interval aktları təqdim olunacaq.
Müsabiqənin mayın 26-da keçiriləcək final mərhələsinin açılış və interval şousunda muğam ustadı Alim Qasımov, müğənni və bəstəkar Emin Ağalarov, “Natiq” ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı, xarici rəqs qrupları, yarımfinalların interval aktlarında isə ötən “Eurovision” yarışmasından tanıdığımız məşhur müğənnilərin çıxışları, “Eurovision” ulduzlarından ibarət qrupun, eləcə də məşhur DJ-lərin şousu təqdim ediləcək.
“Eurovision-2012” mahnı müsabiqəsinin yarımfinallarının əsas məşqləri mayın 21 və 23-də, yarımfinallar mayın 22-si və 24-də, final mərhələsinin əsas məşqi mayın 25-də, müsabiqənin finalı isə mayın 26-da olacaq.