Nizami Cəfərov: “Amma elə məsələlər var ki, onların qanunda təfsiri mükəmməl olmalıdır”
      
   Müsahibimiz Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovdur.
      
   - Nizami müəllim, söhbətə bir qədər ümumi sualla başlamaq istərdik. Son illər ölkəmizin mədəni həyatında baş verən prosesləri necə qiymətləndirirsiniz? Ölkəmizin mədəni mənzərəsini necə görürsünüz?
   - Bu gün ölkəmizin həyatının bütün sahələrində inkişaf, yenilənmə, canlanma göz qabağındadır. Hər il mədəniyyət sahəsinə dövlət tərəfindən böyük məbləğdə maliyyə vəsaiti ayrılır. Mədəniyyətin müxtəlif sahələrində beynəlxalq səviyyəli layihələr, böyük tədbirlər keçirilir. Məsələn, 2009-cu ildə muğam sənətinin təbliği ilə bağlı nə qədər böyük işlər görülmüşdüsə, 2010-cu ildə bir o qədər aşıq sənəti diqqət mərkəzində oldu, I Beynəlxalq Aşıq Festivalı keçirildi. İl ərzində dövlət teatr binalarının təmirini davam etdirdi, teatrların fəaliyyəti canlandı, Bakıda ilk dəfə Beynəlxalq Teatr Konfransı gerçəkləşdi. Bu sahədə işlər bu il də davam edəcək. Digər sahələrə gəlincə, il ərzində ölkə səviyyəsində çoxlu sərgilər keçirildi. Bir sıra ölkələrdə keçirilən Azərbaycan Mədəniyyəti Günləri xüsusilə qeyd olunmalıdır. Bir sözlə, il ərzində Azərbaycan mədəniyyətinin dünyada, dünya mədəniyyətinin isə Azərbaycanda təbliği prosesi uğurla davam edib. Bu proses ölkəmizin dünyada tanınması, Azərbaycanın dünyaya inteqrasiyası və Azərbaycan insanının mənəvi-mədəni inkişafı üçün çox əhəmiyyətli məsələlərdir. Biz həm maddi, həm də mənəvi mədəniyyət sahəsində böyük işlərin, hətta deyərdim inqilabi işlərin görülməsinin şahidiyik. Parlamentin Mədəniyyət Komitəsi olaraq çalışmalıyıq ki, bu işlərin qanunvericilik miqyasını daha da yüksəldək. Bu sahədə işlərimizi davam etdiririk. O cümlədən Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə «Mədəniyyət haqqında» qanunun yenilənməsi üzərində işləyirik.
   
   - Yeri gəlmişkən, bu iş nə yerdədir? Qəbul olunacaq qanun layihəsində hansı yeniliklər əksini tapacaq?
   - Biz istəyirik ki, bu qanun Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssisləri ilə birlikdə hərtərəfli işlənərək qəbul olunsun. Onsuz da hələlik mövcud qanun işləyir və bu sahədə çox tələsməyə gərək yoxdur. Amma elə məsələlər var ki, onların qanunda təfsiri mükəmməl olmalıdır. Məsələn, deyək ki, bu gün prodüser institutuna böyük ehtiyac var və bu məsələ qanunla tənzimlənməlidir. Biz dünyanın müxtəlif ölkələrinin qanunlarının təcrübəsini nəzərə alaraq orada mükəmməl bir «prodüser» anlayışı verə bilərik. Amma bu reallığa uyğun olmaya bilər. Odur ki, bizim bu cəhətdən Mədəniyyət və Turizm Nazirliyinin mütəxəssislərinin tövsiyələrinə böyük ehtiyacımız var. Yəqin ki, bu yaxınlarda biz bir yerdə görüşəcəyik və həmin məsələləri dəqiqliyi ilə qanunda təqdim etməyə çalışacağıq. Ən mühüm məsələlərdən biri yaradıcı təşkilatların maliyyələşməsi məsələsidir. Bu sahədə qanunvericilik bazası demək olar ki, yoxdur. Yaxud deyək ki, gələcəkdə də çoxlu yaradıcılıq ittifaqları yarana bilər. Bu ittifaqların hər biri yarananda onların maliyyələşmə mexanizmi olmalıdır. Bu məsələ çox böyük mübahisə törədir. Ona görə də bu məsələlər təhlil olunmalı və burda ağıllı bir miqyas götürülməlidir. Beləliklə, müxtəlif detalları diqqətdən keçirəndə, «Mədəniyyət haqqında» qanunun demək olar ki, yenidən yazılması zərurəti ortaya çıxır. Hesab edirəm ki, «Mədəniyyət haqqında» qanun üzərində işimiz bu il olmasa da, gələn il başa çatacaq.
   
   - Amma nədənsə Mədəniyyət Komitəsi ötən il parlamentin müzakirəsinə heç bir qanun layihəsi təqdim etmədi...
   - Ortaya konkret olaraq qanun layihəsi çıxarılmayıbsa, bu o demək deyil ki, bizim komitədə iş getmir. Mədəniyyət Komitəsində müzakirə olunan məsələlər soyadlardan başlamış yaradıcı təşkilatlar və yaradıcı şəxslər məsələsinədək geniş spektri əhatə edir. Məsələn, yaradıcı şəxslər var ki, onlar heç bir ittifaqın üzvü deyillər. Amma Azərbaycan mədəniyyəti, incəsənətinin inkişafı üçün böyük işlər görürlər. Çünki incəsənət elə bir sahədir ki, burda bəzən qurum yox, bir şəxs böyük fəaliyyət göstərir. Ona görə də, belə yaradıcı şəxslərin dövlət tərəfindən müdafiəsi olmalıdır.
   Bundan əlavə, Mədəniyyət Komitəsinin özünəməxsus cəhətləri var. Mədəniyyət, incəsənət o qədər geniş mənəvi bir sahədir ki, burda hər münasibəti qanuniləşdirmək mümkün deyil. Burada şəxsiyyət faktoru, mənəvi amillər mövcuddur. Ona görə də Mədəniyyət Komitəsinin bir işi də əslində, cəmiyyətdə incəsənətlə, mədəniyyətlə bağlı gedən proseslərə, xüsusilə mətbuatda gedən proseslərə maraq göstərmək və o müzakirələrdə iştirak etməkdir. Mədəniyyət Komitəsinin üzvləri olaraq buna daha çox çalışırıq. Çünki elə məsələlər var ki, orada tövsiyə rol oynayır. Məsələn, deyək ki, bu gün bizim televiziya və radiolarımızda şou xarakterli verilişlərlə bağlı məsələlər diqqətimizdədir. Bu sahə ilə bağlı dəfələrlə öz fikirlərimizi demişik.    

    - Yeri gəlmişkən, bu gün telekanallarda şou-biznes xarakterli bir sıra verilişlər ictimai narazılıq, giley doğurur, onların milli-mənəvi dəyərlərə zidd məqamları vurğulanır. Bunun qarşısını necə almaq mümkündür? Burada da ictimai qınaq lazımdır, yoxsa qanunvericilik?
   - Şou-biznes elə bir hadisədir ki, onun qarşısını almaq, qadağalar qoymaq özünü doğrultmur. Amma bununla yanaşı şoularda peşəkarlığın artırılmasına, bayağılığın aradan qaldırılmasına ehtiyac var. Onu da deyə bilərəm ki, bu gün Azərbaycan televiziya və radiolarında şou verilişlərinin keyfiyyəti 10 il bundan əvvəlki kimi deyil. İrəliləyiş, janr rəngarəngliyi var, keyfiyyət, peşəkarlıq artıb. Bununla yanaşı yenə nöqsanlar mövcuddur. Teleradio Şurası bu yaxınlarda məsələ ilə bağlı televiziya və radiolara müraciət etdi. Ondan əvvəl hörmətli mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu barədə fikirlərini bildirmiş, televiziya və radio rəhbərlərini bu məsələni xüsusi diqqətdə saxlamağa çağırmışdı. Yəni bütün bunlar onu göstərir ki, mədəniyyətlə bağlı məsələlərdə bir xeyli məqamlar var ki, onlar müzakirə və görüşlər, beynəlxalq standartlara uyğun tələblər, milli dəyərlərimizə uyğun şəkildə həll olunmalıdır. Çünki bunu sadəcə qanunla tənzimləmək çox çətindir. Cəmiyyətin özü də buna hazırlanmalıdır. Hazırlıq səviyyəsi yüksək olmayan auditoriyada bu məsələləri müzakirə etmək olmur. Təsəvvür edin ki, bu gün elə bayağı şou xarakterli verilişlər var ki, onlara geniş tamaşaçı auditoriyası baxır. Gəncliyin mənəvi tərbiyəsi sahəsində isə televiziya və radiolarımız az iş görürlər, uşaq verilişlərimiz azdır. Bütün bunlar qanunla tənzimlənəcək və ya qanunla onun inkişafına təsir göstəriləcək məsələ deyil. Yenə müzakirələr, təkliflər, tövsiyələr rol oynamalıdır. Elə məsələlər var, orada söz deyəcəyik, elə məsələlər var qanun halına salacağıq. İndi Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafı üçün geniş şərait mövcuddur. Düşünürəm ki, təşkilatçılıq işinə böyük ehtiyac var. Artıq imkanlarımız var ki, uşaqlarımızı, gəncliyimizi kütləvi şəkildə mədəniyyətə, incəsənətə cəlb edək ki, gələcəkdə bayağı sənətin ardınca getməsinlər.
   Televiziya və radio ictimai həyatımızın ən mühüm tərkib hissəsidir. Ona görə də, bu sahənin inkişafına xüsusi diqqət vermək lazımdır. Bu gün ictimai müzakirədən kənar heç nə yoxdur. Hətta insanların şəxsi həyatı da ictimai müzakirənin obyektidir. Bu cür müzakirələrin fəal getdiyi yer televiziya və radiodur. Ona görə də televiziya və radio münsifliyinin mükəmməl olmasına ehtiyac var. Amma nəticə düzgün çıxarılmalıdır. Əgər düzgün çıxarılmırsa, dırnaqarası demokratiyanın əhəmiyyəti yoxdur. Gərək nəticə və təhlillər kifayət qədər obyektiv olsun.
   
   - Mədəniyyət Komitəsində müzakirə olunan məsələlərdən biri də soyadlarla bağlıdır. Bu günlərdə Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının nəzdində adlar və soyadlar üzrə komissiya Azərbaycan soyadlarının yeni seçim sisteminin təsdiq edilməsi haqqında qərar verib. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı?
   - Adlar və soyadlarla bağı cəmiyyətdə neçə illərdir ki, müzakirələr gedir. Bunu nəzərə alaraq Milli Elmlər Akademiyasında adlar və soyadlar üzrə xüsusi komissiya yaradıldı. Bu komissiya artıq bir ildən çoxdur işləyir. Ötən əsrin 20-30-cu illərində kütləvi şəkildə azərbaycanlılara qarşı bir repressiyanın nəticəsi olaraq «ov», «yev» soyad formalarını qəbul elətdiriblər. Biz əlbəttə, bununla ya razılaşmalıyıq ki, bu repressiyanı tanıyırıq, ya da bunun nəticələrini aradan qaldırmalıyıq. Artıq müstəqilliyimizin 20-ci ilidir, buna baxmayaraq əhalinin 80 faizində «ov», «yev» soyad formaları qalıb. Seçim sisteminin qanuniləşdirilməsinə gəlincə, düşünürəm ki, bu özünün hüquqi təfsirini tapmalıdır. Çünki bizim VAAQ orqanlarında bu qanun boşluğu ilə əlaqədar olaraq müəyyən maneələr yaradılır. Ona görə də, biz nəzərdə tutduq ki, qanun qəbul edildikdən sonra bu, yeni doğulan körpələr üçün məcbur olsun. Amma yaşlı nəsil üçün müəyyən qədər prosedur asanlaşdırılsın. Məsələnin çətinliyi əlbəttə, var. Yəni Azərbaycanda soyad formaları həmişə müxtəlif olub. Ona görə də biz bu müxtəlifliyi nəzərə alıb, müxtəlif variantlar təqdim etmişik.
    Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki adlar və soyadlarla bağlı xüsusi komissiyanın soyad sonluqları haqqında qərarı hələlik tövsiyə xarakteri daşıyır, bir növ akademik qərardır. Ona görə də AMEA-nın qərarında azərbaycanlıların soyad forması kimi müxtəlif variantlar təqdim olunub. Bununla bağlı Ədliyyə Nazirliyində, Prezident Administrasiyasında və Milli Məclisdə məsələnin hüquqi həlli üzərində mütəxəssislər işləyəcək. Soyad sonluqları haqqında qanun qəbul oluna və ya ölkə prezidenti bu barədə sərəncam verə bilər.
   
   - Bəs siz özünüz necə, soyadınızı dəyişməyi planlaşdırırsınızmı?
   - Mən hələ 20-25 il bundan əvvəl də soyadımı dəyişmək fikrinə düşmüşəm və soyadımı müxtəlif formalarda - Nizami Cəfərli, Nizami Cəfər də yazmışam. Lakin hər dəfə bu məsələni rəsmiləşdirmək məsələsi ortaya çıxanda, toplanacaq sənədlərə görə, məni tənbəllik basır. Ona görə də gözləyəcəyik ki, müvafiq qanun və ya sərəncam qəbul olunsun. O halda əlbəttə mən də soyadımı dəyişəcəyəm. Həm də istəyirəm ki, bu təkcə «mən soyadımı dəyişdim» kimi bir addım olmasın. Xalqım necədirsə, mən də elə olum. Bu işlərin təşkilatçılarından biri də mənəm. Amma nə zaman qanun qəbul olunsa, onda bu işin tərkib hissəsi olaram. Yəqin ki, şəkilçisiz formanı qəbul edəcəyəm.
   
   Mehparə