O, ixtisasca aktyor deyil. Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq əlaqələr” fakültəsini bitirib. ABŞ və Böyük Britaniya səfirliklərində çalışıb. “Niyyət” filmində baş rola təsdiqlənərkən bədii şura buna etiraz edərək rejissor Samir Kərimoğlunun böyük risk etdiyini demişdilər. Lakin qeyri-peşəkar aktyor olmasına baxmayaraq rejissor onun istedadlı olduğunu hiss etmişdi. Fuad Axundovun filmdəki uğurlu debütü bunu bir daha təsdiq etdi. “Niyyət” filmində Cahangir rolu ilə tamaşaçıların yaddaşında qalan Fuad Axundov hazırda Almaniyada aktyorluq təhsili alır.
      
   - Qeyri-peşəkar aktyorun kinoda uğur qazanması o qədər də asan deyil. Siz buna necə nail oldunuz?
   - Bəli, ixtisasca aktyor deyiləm. Lakin kinoya olan həvəsim də böyükdür. “Niyyət” filminin rejissoru Samir Kərimoğlunun bir müddət çalışdığı ofis İçərişəhərdə, mənim yaşadığım küçədə yerləşirdi. Amma nədənsə biz heç vaxt qarşılaşmamışdıq. Günlərin bir günü ortaq tanışımızın sayəsində görüşdük. Ordan-burdan söhbət etdik, filmləri müzakirə etdik. Beləcə yavaş-yavaş dostlaşdıq. Bir gün Samir dedi ki, yeni bir film çəkməyə hazırlaşır. Ssenari hazır olanda isə Samir bu filmə çəkilməyimi təklif etdi. Bu məni təəccübləndirsə də, fikirləşdim ki, yəqin epizodik rola çəkiləcəyəm. Amma o, təkidlə bildirdi ki, məni yalnız baş rola çəkmək istəyir.
   Ssenarini oxudum və çox xoşuma gəldi. Sınaq çəkilişlərindən uğurla keçdim. Lakin bədii şuranın üzvləri mənim namizədliyimi qəbul etməyib Samir Kərimoğluna etirazlarını bildirdilər. Samir isə öz sözünün üstündə durdu, ya Fuad Axundov bu filmdə çəkiləcək, ya da ki, ümumiyyətlə, belə bir çəkilişdən imtina edəcəyəm. Bu etimada görə ona hədsiz dərəcədə minnətdaram.
   - Sizə görə yaratdığınız obraz necə qəhrəmandır? Rol və siz arasında bənzər və fərqli cəhətlər varmı?
   - Filmin əsas qəhrəmanı Cahangir öz həyat cığırından çıxmış insandır. Avantüristin, fırıldaqçının biridir. İçki, qumar düşkünüdür, bu günlə yaşayan və gələcəyi əsla düşünməyən insandır. O, ətrafındakı insanları aldadır, öz maxinasiyalarına cəlb etmək istəyir. Cahangir təbiətcə heç də pis insan deyil, sadəcə, o öz yolunu azıb. İnstitutu fərqlənmə diplomu ilə bitirib, bir neçə xarici dil bilir. Onun bu yola necə düşdüyü isə tamaşaçı üçün qaranlıq qalır. Həyatda belə hallar azmı olur? Bir də görürsən ki, ziyalı ailəsindən çıxmış ağıllı bir oğlan pis işlərə qurşanır. Mənim belə pis vərdişlərim yoxdur. Amma ekstremal idman növləri ilə maraqlanıram. Paraşüt idmanı, alpinizmlə məşğul olmuşam. Bütün bunlar riskli idman növləridir. Risk etməyi sevən insanlar isə bu günlə yaşayır və inanırlar ki, onların başına heç bir hadisə gəlməyəcək. Qəhrəmanımla mənim oxşar cəhətim ancaq bundan ibarətdir. Qalan məsələlərdə elə bir oxşarlığımız yoxdur.
   - Film dini mövzudadır. Sizin bu mövzuya münasibətiniz necədir?
   - Xoşbəxtlikdən çəkilişlərlə əlaqədar Məkkədə də oldum. Bu mənim üçün böyük bir sürpriz idi. Son ana qədər ora gedəcəyimizə və orada çəkiliş aparmaq üçün icazə ala biləcəyimizə inanmırdıq. Biz filmdə İslam mövzusuna çox incə yanaşılıb. “Niyyət” filmi əsl həyat yolunu azmış və İslam dəyərlərinə söykənən insanlar arasındakı təzadlar haqqındadır.
   - Növbəti filmə dəvət alsanız, necə bir rolda oynamaq istərdiniz? Əgər yenə filmə çəkilsəniz eyni məşhurluğu qazanacağınıza inanırsınız?
   - Mən özümü dram aktyoru kimi görürəm və məmnuniyyətlə maraqlı bir dramatik filmdə çəkilmək istərdim. Gərək uğur qazanacağına inanasan. Bəxt hər kəsin üzünə gülə bilər. Amma bir dəfə ilə məsələ həll olunmur. Qələbəni əldə saxlamağı bacarmaq lazımdır. Əsas odur ki, insan öz uğuruna inansın və çəkdiyi zəhmətlə onu əlində saxlaya bilsin. Mən bu suala filmdəki qəhrəmanımın sözləri ilə cavab vermək istəyirəm: Bəxtinə inanan bəxtəvərdir! Mən öz uğuruma inanıram.
   
   Söhbətləşdi: Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar