Rusiyalı baletmeyster Edvard Smirnov Azərbaycan folkloru və toy adətlərindən bəhs edən yeni layihə hazırlayır
Bu günlərdə Rusiya Balet Akademiyasının professoru Edvard Smirnov şəhərimizin qonağı oldu. Onun paytaxtımıza gəlişi təsadüfi deyildi. Yanvarın 21-də Heydər Əliyev Sarayında təqdim olunan yeni layihənin - görkəmli rus bəstəkarı İqor Stravinskinin «Müqəddəs bahar» baletinin musiqisi əsasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tamaşa-baletin quruluşçu baletmeysteri məhz E.Smirnov idi. Xatırladaq ki, məşhur baletmeyster bundan öncə Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi olan «İntizar» operasının (müəllif Xalq artisti Firəngiz Əlizadə) yeni quruluşda premyerasının bədii heyətində də xoreoqraf kimi yer almışdı. Sənətçi ilə söhbət zamanı onun Azərbaycanda həyata keçirməyə hazırlaşdığı digər maraqlı layihə barədə də məlumat əldə etdik.
- Cənab Smirnov, xahiş edirik, əvvəlcə oxucularımıza özünüz haqda məlumat verəsiniz...
- Mən Sankt-Peterburqda Vaqanov adına Rusiya Balet Akademiyasını və Sankt-Peterburq Dövlət Konservatoriyasının balet rejissorluğu fakültəsini (xoreoqrafiya incəsənəti) bitirmişəm. Bir neçə il Sankt-Peterburq Dövlət Konservatoriyası teatrının balet truppası ilə işləmişəm. Hazırda konservatoriyada və eyni zamanda Rusiya Balet Akademiyasında dərs deyirəm, Xoreoqrafiya incəsənəti kafedrasının professoruyam. Moskva və Sankt-Peterburqda çoxsaylı əsərlər səhnələşdirmişəm, İtaliya, Fransa, Almaniya, İsveç, Kanada və digər ölkələrdə balet-teatrlara quruluş vermişəm. Şərq ölkələrinə gəlincə, Azərbaycan birgə layihə həyata keçirdiyim ilk ölkədir.
- Birgə layihələrdən söz düşmüşkən, yanvarın 21-də Bakıda sizin quruluş verdiyiniz «Müqəddəs bahar» baletinin premyerası oldu. Bu layihə barədə nə deyə bilərsiniz? Tamaşanın 20 Yanvar mövzusu ilə bağlılığını necə xarakterizə edərdiniz?
- Tamaşada olan bəzi məqamlar 20 Yanvar mövzusu ilə üst-üstə düşür. Əslində bu bir təsadüfdür. Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müasir teatrı gözəl qiymətləndirən bir şəxsiyyətdir. İlk dəfə o, bizim «Müqəddəs bahar» balet-tamaşasını görəndə dedi ki, bu əsəri Azərbaycanda 20 Yanvar faciəsinin ildönümündə nümayiş etdirmək mümkündür. Beləliklə, cənab nazirin təşəbbüsü ilə balet-tamaşanı yanvarın 21-də Bakıda Heydər Əliyev Sarayında nümayiş etdirdik. Amma yenə qeyd edim ki, bu əsər məxsusi olaraq hansısa tarixi günə və ya hadisəyə həsr olunmayıb.
- Maraqlıdır, bəs bu balet-tamaşanı 20 Yanvar faciəsi ilə bağlayan detallar hansılardır? Yəni Azərbaycan tamaşaçısı səhnəyə baxdıqda faciəni xatırladan hansı məqamları görə bilir?
- Mən bilirəm ki, qırmızı qərənfil Azərbaycanda 20 Yanvar faciəsinin bir rəmzidir. Həmin balet-tamaşada da iştirakçıların qolcuqları qırmızı rəngdə idi. Yəni bu detal özlüyündə bir məna daşıyırdı. Demək istərdim ki, sizin ölkənizdə baş verən bu faciə Rusiyada da əks-səda doğurub, Rusiya xalqının qəlbini də ağrıdıb. Bu səbəbdən baş vermiş hadisəyə görə biz o vaxt çox həyəcan keçirirdik və indi də bu hiss qalmaqdadır. Ümid edirəm ki, belə faciə müxtəlif ölkələrdən və müxtəlif dinlərdən olan insanlar arasında münasibətlərə təsir etməyəcək. Çünki biz insanlar qardaşıq.
- Tamaşa Azərbaycan Dövlət Rəqs Ansamblı ilə birgə hazırlanmışdı. Birgə əməkdaşlıq istiqamətində bundan sonra hər hansı planlarınız varmı?
- Təbii ki, var. Növbəti layihəm bir qədər gülməli, bir qədər isə qüssəli tamaşa olacaq.
Tamaşa iki gəncin sevgisindən bəhs edir. Onlar müxtəlif çətinliklərdən, maneələrdən keçirlər, amma sonda məhəbbət qalib gəlir və onlar ailə qururlar. Tamaşa Azərbaycan folkloru əsasında hazırlanacaq, burada Azərbaycan musiqisindən istifadə olunacaq. Çox təsirli, şən, işıqlı bir tamaşa hazırlamaq istəyirəm.
- Maraqlıdır, Azərbaycan folkloru, toy adət-ənənələri sizə bəllidir?
- Əlbəttə, mən Azərbaycan folklorunu öyrənməklə məşğulam. Təbii ki, indi qədim toy adətlərini yeni adətlərə transformasiya edib, daha müasir toy səhnələşdirmək istəyirik. Çünki arxaik tamaşa hazırlamaq niyyətində deyilik. Sizin xalqınız gözəl xüsusiyyətlərə malikdir: xeyirxah, istiqanlısınız. Hazırlayacağım tamaşada da məhz bu keyfiyyətləri nümayiş etdirmək istəyirəm.
- Yeri gəlmişkən, siz özünüz necə, azərbaycanlıların toy mərasimində iştirak etmisiniz?
- Sonuncu dəfə Bakıya gələndə, bir toyda oldum. Orada 400-dək adam vardı. Gənclərin, gəlinlə bəyin rəqs etmələri xoşuma gəldi. Onlar gözəl rəqs edirdilər. Bilirsiniz, bunların hamısı maraqlı və gözəl detallardır. Mən də teatrlaşdırılmış toy hazırlayacağam. Burada hadisələr belə cərəyan edir. Kasıb, gənc oğlan bir qızı sevir. Valideynləri isə qızı zəngin, amma ağıldan zəif birisinə ərə vermək istəyirlər. Kasıb gənc isə həm gözəl, həm də ağıllıdır. Beləliklə, maraqlı bir tamaşa hazırlamaq niyyətindəyik.
- Azərbaycanda şəhər toyları ilə kənd toyları arasında müəyyən fərqlər var. Tamaşada hansı toy adət-ənənəsi öz əksini tapacaq?
- Təbii ki, bu barədə mənim məlumatım var. Biz tamaşada kənd toyu ilə şəhər toyunun xüsusiyyətlərini birləşdirəcəyik. Tarixin daha dərin elementlərinə toxunacağıq. Şəhərdə yaşayan insanların ulu babaları kənddən gəliblər. Deməli, bu insanların kökü onsuz da kənddə qalıb. Ona görə də, biz bütün bunlara çox incə yanaşacağıq. Əlbəttə, kənd toyu maraqlıdır. Lakin tamaşada buna elə toxunmaq lazımdır ki, arxaik olmasın.
- Nə üçün sizi məhz Azərbaycan toyu özünə cəlb etdi. Orada folklor elementləri çoxdur, yoxsa...
- Mən rus folkloru ilə bağlı bir çox məqamları öyrənmişəm. Məsələn, «Qızıl balığın nağılı» ilə yaxından maraqlananda mənə bəlli oldu ki, bu, bir çox ölkələrdə yayılmış bir nağıldır. Sonra mən Çin nağıllarını öyrəndim. Orada da, «Qızıl balığın nağılı» var idi. Qədim ispan nağıllarında da buna bənzər əhvalatlar var. Şübhə etmirəm ki, Qafqazın hansısa folklor materialını «qazsan», oradan da buna bənzər bir nağıl çıxacaq. Çünki insanlar eyni kökə malikdir, eyni ayinlər bütün xalqlarda var: insanın dünyaya gəlməsi, insanın yetkinlikdən cavanlığa adlaması (bu toydur), vəfat etməsi (yas). Toyun olması artıq insanda başqa bir məsuliyyət yaradır. Məsələn, Rusiyada belə bir adət var: qız subay vaxtı saçları açıq gəzir, amma toyu olduqdan sonra saçlarını hörürlər. Bu o deməkdir ki, artıq o, ailəli qadındır. Biz də öz tamaşamızda Azərbaycan üçün xarakterik olan belə elementlərdən istifadə edəcəyik. Yəni bu tamaşa adət-ənənələrin teatrlaşdırılması olmayacaq, burada folklor elementlərinə toxunulacaq.
- Azərbaycanda hansı teatrla işləmək, birgə layihələri həyata keçirmək istərdiniz?
- Məni Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı daha çox maraqlandırır. Mənə elə gəlir ki, bu teatrla maraqlı layihə reallaşdırmaq olar. Rusiyadan olan həmkarlarım Bakıda işləyiblər. Georgi Aliksidze burada «Leyli və Məcnun» operasını səhnələşdirib. «Üns» yaradıcılıq səhnəsinin bədii rəhbəri Nərgiz Paşayevanın librettosunu yazdığı «İntizar» baletini Moskva «Helikon-Opera» teatrının bədii rəhbəri, Rusiyanın Xalq artisti Dmitri Bertmanla birlikdə işləyirdik. O zaman «Leyli və Məcnun»un muğam opera-baletini hazırlamaqla bağlı çox maraqlı layihə yarandı. Çünki hələ dünyada bu operanın muğam opera-baleti variantı hazırlanmayıb. Azərbaycanı dünyada daha çox tanıtmaq lazımdır. Sizin incəsənətiniz, teatrınız dünyanın çox regionunda tanınmağa layiqdir. Elə etməlisiniz ki, sizi dünyada çox sayda insan tanısın və bilsinlər ki, artıq Azərbaycan dünya incəsənətində bütün tərəflərdən öz yerini tutub. Sizin çox parlaq incəsənətiniz var, onu geniş təbliğ etmək lazımdır. Təbliğatdan sonra biz gənc azərbaycanlıların balet-tamaşalara gəlmələrinə nail olacağıq və bizim üçün bu maraqlıdır. Məsələn, «Müqəddəs bahar» baletinin musiqisinin müəllifi bütün dünyada tanınan İqor Stravinskidir. Ona görə də, biz onunla birlikdə bu müasir tamaşanı səhnələşdirdik.
- Bakı ilə bağlı təəssüratlarınızı da eşitmək maraqlıdır...
- Bakıya 4-cü dəfədir ki, gəlirəm. İlk dəfə ötən ilin mayında «İntizar» tamaşasını səhnələşdirmək üçün gəlmişdim. Bu şəhərin təbiətinə, insanlarına heyranam. İnsanlarınız xeyirxah, ürəyiaçıq, mehribandırlar. Bu vacib keyfiyyətlərə indi bəlkə də dünyada daha çox ehtiyac var. Sizin insanlarda Şərq və Qafqaz müdrikliyi var. Elə bu xarakter yaxınlığını özümdə hiss edib birgə iş təklifi irəli sürdüm. Sizin cənublu, mənim isə şimallı olmağıma baxmayaraq aramızda temperament yaxınlığı görürəm. İnsanlarla işləyəndə, ünsiyyətdə olanda da bu yaxınlığı hiss edirəm. Məsələn, məşq zamanı bir-birimizlə mübahisə edirik, sərt davranırıq, amma iki dəqiqə sonra yenidən barışırıq, bir-birimizi sevirik. Bunlar çox gözəldir.
- Bizim yerli kollektivlə məşq etmək sizə çətin deyil?
- Qətiyyən yox. Sözün açığı, mən gözləmirdim ki, sizin sənətçilərlə belə tez anlaşmaya nail olacağıq. Amma çox şey rəhbərlikdən asılıdır. Rəhbərliyin dəstəyi olmadan biz heç nə edə bilməzdik. Ona görə ki, teatrın iki qanadı var: biri inzibati təsərrüfat, digəri isə fantaziya və yaradıcılıq. Bu layihədə iki qanad birləşmişdi və belə şəraitdə işləmək də xoş idi.
- Toyla bağlı layihədən başqa, gələcəkdə digər birgə əməkdaşlıq imkanları barədə nə deyə bilərsiniz?
- İndi bu barədə bir şey deyə bilmərəm. Hazırda bu layihə ilə məşğulam. Amma ölkənizi yaxından öyrənməyə, tanımağa çalışacağam. Əgər gələcəkdə regionlarınıza səfər etsəm, maraqlı nələrisə tapa bilərəm.
Mehparə Sultanova