İyunun 1-dən 5-dək Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Ukrayna Mədəniyyət və Turizm Nazirliyi arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında protokola əsasən gerçəkləşir.
   
   Mədəniyyət günləri ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə səfərdə olacaq. Səfər çərçivəsində Əbülfəs Qarayevin Ukrayna baş nazirinin humanitar məsələlər üzrə müavini, səhiyyə naziri P.B.Boqatıreva, mədəniyyət naziri M.A.Kulınyakla görüşləri nəzərdə tutulub.
   İyunun 1-də Ukraynada Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı olacaq. Bu münasibətlə Azərbaycanın mədəniyyət və incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edəcəklər.
   Mədəniyyət və turizm naziri həmçinin Taras Şevçenko adına Ukrayna Milli Opera və Balet Teatrında təşkil edilmiş “Azərbaycan: ənənə və müasirlik qovuşuğunda” adlı fotosərgidə, ölkəmizin turizm potensialının təqdimatına həsr edilmiş tədbirdə iştirak edəcək.
   İyunun 2-də rəsmi nümayəndə heyəti «ARSENALE-2012» I Kiyev Beynəlxalq Müasir İncəsənət Biennalesinə, iyunun 3-də Piroqovo Xalq Mədəniyyəti və Məişəti Muzeyinə baş çəkəcək.
   Mədəniyyət günləri çərçivəsində Ukraynanın Kiyev və Odessa şəhərlərində Azərbaycan Dövlət Rəqs Ansamblının, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, respublika və beynəlxalq muğam müsabiqələrinin gənc qaliblərinin iştirakı ilə konsertlər keçiriləcək. Bundan əlavə, Kiyev və Odessada Azərbaycan Dövlət Rus Dram Teatrının quruluşunda M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş olunacaq.
   Mədəniyyət günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdəki müsbət imicinin daha da yüksəlməsinə, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edəcək.
   
   F.Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar