Osman Albayrak: «Azərbaycanda çox seviləcək bir serial çəkəcəyik»
Son zamanlar Türkiyənin bir sıra sənətçiləri öz şəxsi, işgüzar, eləcə də incəsənət həyatlarını Azərbaycanla, Bakı ilə bağlayırlar. Məşhur «Kurtlar vadisi» serialının yaddaqalan personajlarından olan Hakan obrazının ifaçısı, tanınmış aktyor Osman Albayrak da bir müddətdir ki, Bakıda yaşayır. Azərbaycana ilk olaraq qısamüddətli səfərə gələn sənətçi sonradan burada nəinki özünə yeni iş qurub, həmçinin həyatının sevgisini tapıb, azərbaycanlı Nigar xanımla evlənib. İndi o artıq bir bakılı kimi yeni biznes planları üzərində çalışır, onların arasında kino layihələri, serial çəkilişləri də var. Həyatından da çox razıdır.
- Artıq 13-14 aydır ki, Bakıdayam. Burada tekstil biznesim var. Əslində bu mənim üçün biznesdən daha çox hobbidir. Düzü, Türkiyədə 10 il ərzində kino, serial çəkilişlərindən yorulmuşdum. Bir az dincəlmək istədim. Bakıda dostlarım var. Onları ziyarətə gəldim. Buraya gəlincə Bakını çox sevdim. Ona görə də qalmağa qərar verdim. Dedim, 4-5 ay burada istirahət edərəm. Eyni zamanda, burada biznes qurdum. Niyyətim də işi sahmana salıb, sonra geri dönmək idi. Bu arada Bakıda sevgimi tapdım, evləndikdən sonra dedim, bir az da Azərbaycanda qalım. Beləliklə, burada qalası oldum. Türkiyə üçün çox darıxıram, amma Bakıda özümü çox xoşbəxt hiss edirəm. İndi Türkiyəyə qonaq olaraq gedib-gəlirəm. Mən artıq bakılıyam.
- Bakıya ilk olaraq sadəcə gəzməyə, istirahət etməyə, yəni bir turist kimi gəlmişdiniz. Şəhərimizi necə gördünüz?
- Bakı çox gözəl şəhərdir. Buranın sakitliyi, bir hüzuru var. İnsanların istiqanlılığı, qonaqsevərliyi insana zövq verir. Bu səbəbdən də burada olmağı sevirəm. Mən artıq Bakıda yaşadığımdan turist deyiləm. Elə ilk dəfə gələndə də özümü burada yad hiss etməmişdim. Sanki Türkiyənin bir şəhərindən başqasına getmisən. Burada özünü heç də turist kimi hiss etmirsən. Amma buraya gədiyim zaman bir məqam nəzərimi çəkmişdi. O da əksər istirahət, əyləncə yerlərinin, restoranların gecələr bağlanmasıdır. İnsanlar çox fərqlidirlər. Kimsə gecə əylənmək, kimisi də gecə yemək istəyir. Yəni bu daha çox turistlərə aiddir. Amma bəlli bir saatdan sonra Bakı sanki yuxuya gedir, hamı evinə-yuvasına çəkilir. Bütün bunlarla bahəm deməliyəm ki, Bakı inanılmaz dərəcədə gözəl şəhərdir.
Məni görənlər hələ də Hakan deyə müraciət edirlər
- Bakıda hamı sizi «Kurtlar vadisi»dən Hakan kimi tanıyıb. Eşitdiyimizə görə, sizi indi də görənlər Hakan deyə çağırırlar.
- Bu əslində normal haldır, çünki mən aktyoram və burada da oynadığım obrazla tanınmışam. Əlbəttə, dost-tanışlar məni Osman Albayrak kimi tanıyır. Amma tamaşaçıların yaddaşında mən Hakan kimi qalmışam. Hətta burada məni cins paltarda görəndə təəccüblənirlər. Çünki onlar Hakanı həmişə kostyum geyən, sərt baxışlı, əzazil birisi kimi tanıyıblar. Necə deyərlər, o obrazla məni qarışdırırlar. Hətta olub ki, məni görüb tanıyır, lakin yaxınlaşmağa çəkinirlər. Yalnız mən üzlərinə güldüyüm zaman yaxınlaşırlar.
“Nigar xanım məni bakılı etdi”
- Burada Nigar xanımla tanış oldunuz və o sizi bakılı etdi...
- Bizi dostlarımız tanış etdi. Bəli, mən onun sayəsində bakılı oldum. Yaxın vaxtlarda qız uşağımız dünyaya gələcək. Adını Aysel qoyacağıq. Bu adı fikirləşib seçdik. Yəni istədik ki, həm türk, həm də Azərbaycan adı olsun. Hələlik Bakıda yaşayırıq, amma sabah nələr olacağını, o cümlədən uşağımızı Türkiyə və ya Azərbaycanda böyüdəcəyimizi deyə bilmərəm. Ümumiyyətlə, mən gələcək barədə düşünməyi sevmirəm, daha çox bu günlə yaşayan insanam.
- Türkiyədəki qohum və dostlarınız sizi onlardan uzaq yaşamaqda qınamırlar?
- Əlbəttə, onlar mənim üçün, mən isə onlar üçün çox darıxıram. Amma onlar buraya gəlirlər. Darıxdığım zaman mən də onlara baş çəkirəm. Çox gözəl dostlarım var. Mən artıq Azərbaycanda ev sahibiyəm və dostlarımı qonaq çağırıram.
- Azərbaycanda tekstil biznesini necə, genişləndirmək niyyətiniz var?
- Niyyətim var idi, lakin gerçəkləşmədi. Çünki bu işə çox vaxt ayıra bilmədim. Sənətçi, aktyor üçün bu peşə onun həyatıdır. Başqa bir şeyə zaman ayırmaq çətin olur. Mən də bu üzdən biznesə o qədər də vaxt ayıra bilməmişəm. Amma hər şey yolundadır.
- Eşitdiyimizə görə, Azərbaycanda ilk olaraq «Şərikli çörək» filminə baxıb çox bəyənmisiniz. Ümumiyyətlə, bizim kino, teatr barədə fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda teatr və kino sənətində çox istedadlı və qabiliyyətli sənətkarlar var. Yəni bu sarıdan problem yoxdur. Əsas məsələ bu istedadın tamaşaçıya nümayiş olunmasıdır. Türkiyədə 70 milyon insan yaşayır. Film çəkildikdən sonra 500 kinoteatrda təqdim olunur. Bu səbəbdən bir film çəkənlər ona 3-5, hətta 10 milyon dollar sərf edirlər. Çünki film gözəldirsə, insanlar onu seyr etməyə gələcək və həmin pulu çıxarmaq mümkün olacaq. Azərbaycanın 9 milyon əhalisi var, onun da 3-4 milyonu Bakıda yaşayır. Kinoteatrlar olduqca azdır. Belə olan halda kinoya qoyulan pulu çıxarmaq çox çətindir. Əsas məsələ budur. Kinonun gözəl alınması təkcə qabiliyyətli sənətçilərdən, peşəkarlardan deyil, həm də puldan asılıdır. Çəkiliş üçün ən müasir avadanlıq, kameralar, texniki heyət gətirməlisən. Burada çoxlu prodüserlərlə, digər kino işçiləri ilə tanış olmuşam. Hamısının çox əla ideyaları var, amma problem maliyyəyə bağlıdır. Bilirəm ki, Azərbaycanda dövlət kinoya pul ayırır, dəstəkləyir. Bu çox önəmlidir. Amma kinoya daha çox özəl şirkətlər maliyyə ayırmalıdırlar. Əlbəttə, burada biznes maraqları da mühümdür. Hamı fikirləşir ki, hər hansı işə 3 milyon ayırıramsa, o pul mənə geri gələcəkmi? Hər bir biznesmen istəyir ki, maliyyə yatırdığı layihə gəlir gətirsin.
Azərbaycanı tanıdacaq daha çox filmlər çəkilməlidir. Çünki turizmdə kinonun rolu böyükdür. Azərbaycanı tanıdan filmlər beynəlxalq festivallarda təqdim olunduğu zaman insanlar bu ölkəni daha yaxından tanımaq istəyəcəklər. Bu bir gerçəklikdir ki, hələ də dünyada nəinki Azərbaycanı, Türkiyəni də tanımayan insanlar var. Tanımaq istəməyənlər də var. Bu səbəbdən də həvəsdən düşməmək və iş görmək lazımdır. Seriala gəlincə, onu deyim ki, Azərbaycanda serial çəkmək çox çətindir. Çünki bunun üçün peşəkar kadrlarla işləmək istəyəcəksən, bu isə maliyyə tələb edir. Türkiyədə 90-cı illərdə serial çəkmək çox çətin idi. Çünki pul yox idi. İndi isə reytinqli bir verilişdə yetərincə reklamdan pul gəlir. Burada isə hələ elə imkanlar yoxdur. 10-20 min manata necə serial çəkəsən? Amma onu da deyim ki, bu zamanla öz həllini tapacaq məsələdir. Yəni bir-iki yaxşı serial çəkiləndən sonra insanlar serialın nə qədər güclü və önəmli vasitə olduqlarını görəcəklər. Türkiyədə olduğu qədər Azərbaycanda da qabiliyyətli insanlar çoxdur. Burada çox yaxşı aktyor və aktrisalar var. Azərbaycandakı rejissorlara o kameraları, möhtəşəm texnikanı verin, onlar da çox yaxşı seriallar çəkəcəklər.
- Burada olduğunuz müddətdə film layihələrinə dəvət almısınızmı? Kino ilə bağlı nə planlarınız var?
- Bir seriala çəkilmək dəvəti aldım. Adını çəkməyəcəyəm, çünki vaxt məhdudluğuna görə təklifi qəbul etmədim. Özümün hazırladığım bir layihə var və vaxtımı buna sərf edirəm. İnşallah, gözəl bir serial layihəsini təqdim edəcəyik. Burdakı dostlarım dedilər ki, madam burdasan, niyə belə bir layihə gerçəkləşdirmirsən? Hazırda ssenarini yazırıq. Filmdə mən azərbaycanlı aktyorlarla birgə çəkiləcəyəm. Əgər alınsa, Türkiyədən aktyor və aktrisalar dəvət edəcəyik. Film azərbaycanlı bir xanımla türk kişisinin evlənməsindən bəhs edəcək. Komediya janrında olacaq. Rejissorun kim olacağını hələ müəyyənləşdirməmişik. Nümayiş üçün hələ heç bir telekanalla da görüşməmişəm. Hər şey hazır olandan sonra hansı kanalla yayımlanacağı bəlli olacaq. Bircə onu deyə bilərəm ki, bu serial Azərbaycanda çox seviləcək. Bu işin həyata keçməsində prodüser və reklam sahəsindəki bir biznesmen bizə yardımçı olur. Bizim üçün əsas odur ki, ortaya çox maraqlı bir iş çıxaraq.
- Türkiyədə «Panafilm»lə əməkdaşlığınız necə, davam edir?
- Əməkdaşlığımız davam edəcək. Hazırda «Kurtlar vadisi» və «Halil İbrahim sofrası» serialını çəkməkdə davam edirlər. Üçüncü bir layihə də hazırlayırlar. Türkiyədə artıq seriala çəkilə bilmərəm, çünki çəkilsəm, gərək ailəmlə oraya köçəm. Mənim işim aktyorluqdur. Amma Türkiyədə daha seriallara çəkilmirəm, çünki serial çox vaxt alır. Mən ailəmə, dostlarıma da çox vaxt ayırmağı sevirəm. Bu səbəbdən də Türkiyədə yalnız filmə çəkilirəm. Orada film layihələrim var və onları gerçəkləşdirəcəyəm.
Gülər Nizamiqızı