Rumıniyanın mədəniyyət və milli irs naziri Hunor Kelemenin “Mədəniyyət” qəzetinə eksklüziv müsahibəsi
   
   - Cənab Kelemen, Rumıniya 1991-ci ildə Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub. Azərbaycan da Şərqi Avropada ilk səfirliyini Buxarestdə açmaqla Rumıniya ilə əlaqələrə verdiyi önəmi təsdiqləmiş oldu. Ötən müddətdə ölkələrimiz arasında münasibətlər mühüm inkişaf yolu keçib. Azərbaycanla Rumıniya arasında mədəni əməkdaşlığa nəzər salsaq, ötən müddəti necə dəyərləndirmək olar?
   - Azərbaycanla Rumıniya arasında siyasi münasibətlər yüksək səviyyədədir. İqtisadi əlaqələrimiz də sürətlə inkişaf edir. Mədəniyyət sahəsinə gəlincə, 1995-ci ilin iyulunda Buxarestdə imzalanan «Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş», 2006-cı ilin oktyabrında isə Bakıda imzalanan «Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Rumıniya Mədəniyyət və Dini İşlər Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında» Saziş bu münasibətlərin hüquqi bazasını təşkil edir. Biz bu sənədlərdə nəzərdə tutulan müddəaları həyata keçirməyə, mədəni əlaqələrimizi daha da gücləndirməyə çalışırıq və hesab edirəm ki, bu hər iki ölkə üçün həddindən artıq vacibdir. Digər tərəfdən, mədəni əlaqələr müasir dünyada böyük rol oynayır. Mədəniyyət ölkələrarası münasibətlərdə qarşılıqlı anlaşmaya, əməkdaşlığa zəmin yaradan gözəl vasitədir.
   Bu baxımdan Azərbaycan bizim üçün mühüm tərəfdaşdır. Azərbaycanın zəngin mədəni irsi və müasir mədəniyyəti, incəsənəti bizim üçün çox maraqlıdır. Biz bu irsi Rumıniyada, eyni zamanda, Avropada nümayiş etdirmək istərdik. Ümumilikdə mədəniyyət sahəsində əlaqələrimizin inkişafı üçün geniş potensial var. Azərbaycanın mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevlə görüşümüzdə bu məsələləri müzakirə etdik. Görüşdə hər iki tərəfdən müxtəlif ideyalar irəli sürüldü. Teatr, kinematoqrafiya, müasir incəsənət, habelə ədəbi əsərlərin tərcüməsi və digər sahələrdə əməkdaşlıq imkanlarımızı nəzərdən keçirdik.
   Rumıniya və Azərbaycan müəlliflərinin əsərlərinin qarşılıqlı tərcüməsində, milli irs, abidələrin qorunmasındakı qarşılıqlı yardım, əməkdaşlıq bizim üçün vacibdir.
   Onu da qeyd edim ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə yaxşı əlaqələrimiz var. İki ölkənin nazirlikləri müxtəlif formatlarda əməkdaşlıq edir. Buna misal kimi, bu ilin aprelində Buxarestdə keçirilən Cənub-Şərqi Avropanın Mədəniyyət Nazirləri Şurasının ilk iclasında Rumıniyanın təşəbbüsü ilə Azərbaycanın mədəniyyət və turizm nazirinin iştirakını göstərmək olar.
   - Qeyd etdiyiniz kimi, ədəbi tərcümə sahəsində artıq ölkələrimiz arasında əməkdaşlıq mövcuddur. Rumın müəlliflərinin əsərləri Azərbaycan dilinə, Azərbaycan müəlliflərinin əsərləri isə rumın dilinə tərcümə olunur. Bu sahədə əməkdaşlığı genişləndirmək üçün sizcə, nələr etmək lazımdır?
   - Bəli, bu sahədə əməkdaşlığımız artıq qurulub. Məsələn, baş nazirin müavini Elçin Əfəndiyevlə görüşümüzdə o mənə "Poçt şöbəsində xəyal" adlı rumın dilində çap olunmuş kitabını hədiyyə etdi. Mən buna çox sevindim. Bilirsiniz, Rumıniyada nəşriyyatlar müstəqildir, amma biz onları həvəsləndirə, digər ölkələrin nəşriyyatları, məsələn, Azərbaycan nəşriyyatları ilə birbaşa əməkdaşlıq qurmağa yardım edə bilərik. Azərbaycan nəşriyyatlarının nümayəndələrini ölkəmizə dəvət edə bilərik. Onlar da öz kitablarını Rumıniyaya gətirib təqdim edə bilərlər. Bizim naşirlər də bunları görüb əlaqələr yaradarlar.
   - Cənab nazir, iki ölkə sənətçilərinin kino və teatr sahəsində əməkdaşlığına dair müəyyən təcrübə, bu əlaqələrin inkişafı üçün zəmin var. Məsələn, rumın dramaturqu Sebestyanın «Adsız ulduz» pyesi, Ejen İoneskonun «Kral ölür» əsəri Azərbaycanda tamaşaya qoyulub. Rumıniyanın Slatiora şəhərində keçirilən beynəlxalq kinofestivalda Azərbaycan filmləri nümayiş olunub. Gələcəkdə bu sahədə hansı yenilikləri gözləmək olar?
   - Kinematoqrafiya sahəsində ümumi əlaqələrimiz mövcuddur. Biz bu istiqamətdəki əməkdaşlığımızı animasiya filmləri və sənədli filmlər sahəsində inkişaf etdirmək niyyətindəyik. Bildiyimizə görə, Azərbaycanda kinematoqrafiyanın bu sahələrinə həmişə maraq olub. Hazırda Rumıniyada sənədli və bədii filmlərə böyük maraq var. Animasiya filmlərinə də üstünlük verilir. Ölkəmizdə hər iki janra həsr edilən festivallar keçirməyi planlaşdırırıq. Azərbaycandan olan kinematoqrafçıları, rejissorları da həmin festivallara dəvət edəcəyik. Teatr sahəsinə gəlincə, bu sahədə də mübadiləyə, qarşılıqlı səfərlərə önəm veririk. Bir-birimizə teatrlarımızı tanıtmalı, səhnə əsərlərini göstərməliyik. Azərbaycan müəlliflərinin əsərlərini rumın teatrında, rumın müəlliflərinin əsərlərini isə Azərbaycan teatrlarında tamaşaya qoymaqla bu mübadiləni genişləndirmiş olarıq.
   - Müasir dünya ölkələri bir sıra problemləri məhz mədəniyyət, mədəni dialoq vasitəsilə həll etməyə çalışır, mədəniyyətlərarası dialoqa üstünlük verirlər. Məlum olduğu kimi, bu ilin aprelində Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş və həmin tədbirdə Rumıniya da təmsil olunmuşdu. Bu barədə fikirlərinizi eşitmək istərdik.
   - Bakı Forumu mədəniyyətlərarası dialoqla bağlı nəzəri problemlərin müzakirəsi və onların həlli istiqamətində praqmatik yanaşmaya doğru böyük addım idi. Həmçinin mədəniyyətlərarası dialoq sahəsində gözəl təcrübə mübadiləsi oldu. Bu, Azərbaycan prezidentinin gözəl təşəbbüsü idi. Forumun müvəffəqiyyətlə keçməsi göstərdi ki, Azərbaycan bu sahədə təkcə regionda deyil, ümumilikdə beynəlxalq səviyyədə vacib addımlar atmaq niyyətindədir və bu vacib rolun öhdəsindən uğurla gələ bildi.
   - Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığı necə görürsünüz?
   - Turizm bilavasitə bizim nazirliyin sahəsi olmasa da, bilirəm ki, Rumıniyanın Turizm Nazirliyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə yaxın əməkdaşlıq edir. Eyni zamanda, Azərbaycanla Rumıniya arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq mövcuddur. Turizm əlaqələrinin özü də mədəni bağlantı yaradır, eyni zamanda, mədəniyyət də turizmə, mədəni turizmin inkişafına töhfə verir.
   Adətən rumıniyalı turistlər istirahət üçün Avropa ölkələrinə üz tutur. Lakin son illər Qafqaz ölkələrinə də axın müşahidə olunur və əminəm ki, bu axın ilbəil güclənəcək. Həmçinin Azərbaycanın zəngin mədəni irsi var və bu turist cəlbetmə üçün vacib göstəricilərdəndir.
   - Cənab nazir, Azərbaycanda qısa müddətdə olsanız da, yəqin ki, ölkəmiz haqqında, onun mədəni irsi ilə bağlı hansı müəyyən təəssüratınız var?
   - Bu səfərdən çox məmnunam. Azərbaycan zəngin keçmişi, mədəni irsi olan ölkədir və burada mədəni irsə göstərilən diqqət və onun qorunmasına qoyulan sərmayə məni çox təsirləndirdi. Sizin mədəniyyətiniz, milli irsiniz gələcək üçün qorunur. Buna görə də deyərdim ki, Azərbaycan təkcə Qərbə yox, bütün dünyaya nümunədir.
   
   Mehparə